Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1821/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2933/2022 saylı, 07 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ilin yanvar ayından könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Ağdam rayonunda yerləşən könülü hərbi hissələrinin tərkibinə qatılmışdır. Könüllü olaraq Ağdam rayonun müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş, dəfələrlə döyüşlərdə yüngül xəsarət almışdır. Özü mülki həyatda maşınların mühərrikin təmiri üzrə usta olduğu üçün ona bir gün döyüş texnikasın sıradan çıxmış hissələrinin təmiri tapşırılmış, o həmin texnikanı tam təmir etdiyi üçün onu könüllü olaraq xx.xx.1992-ci il tarixdə N nömrəli Hərbi hissənin təmir bölüyünə mexanik kimi qəbul etmişlər. İddiaçı orada döyüş texnikasının sıradan çıxmış mühəriklərinin, ötrücü qurğularının və digər vacib hissələrinin təmiri ilə məşğul olaraq texnikanı döyüşə yararlı vəziyyətə gətirirmişdir. Bununla yanaşı döyüş zamanı hücum əməliyatlarına, eləcədə müdafiə istehkamlarının hazırlanmasında əsgərlərlə birlikdə fəal içtirak etmişdir. Könüllülərin təxris edilməsi ilə bağlı hərbi hissəyə daxil olmuş göstərişə uyğun olaraq Hərbi hissənin komandirinin müvafiq əmrinə əsasən 28 yanvar 1993-cü il tarixdə ordu sıralarından təxris olunmuşdur. Bu hal N saylı hərbi hissənin qərargah rəisi tərəfindən möhür və imza ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”na müraciət edərək Müdafiə Nazirliyinin aparıtı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli 1/71-17321 nömrəli məktububda qulluq etdiyi N nömrəli hərbi hissənin Silahlı Qüvvələrinin Baş qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissənin siyahısında olmadığına görə “Müharibə vetranı” adının və vəsiqəsinin verilməsindən imtina olunduğu bildirilmişdir. Belə olan halda “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdehin imtinası qanuna zidd sayılmalı və hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Ona görə ki, N nömrəli hərbi hissə Ağdam rayonunda erməni quldurlarına qarşı fəal mübarizə aparmış, N saylı Eldar Bağırov adına Ağdam özünü müdafiə batalyonu- komandir Bağırov Allah verdi Teymur oğlu göstərdiyi şücayətə və igidliyə görə Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 02 iyul 2021-ci il tarixli arxiv arayışında və cavabdeh tərəfindən məhkəməyə təqdim edilən arxiv çıxarışlarında iddiaçının 08 iyul 1992-ci il tarixdən 28 yanvar 1993-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət keçdiyi əks edilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin Siyahısı”na əsasən N nömrəli hərbi hissə N mart 1992-ci il tarixdən 01 may 1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla da iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə iddiaçının xidmət keçdiyi dövrlərdə yəni, 08 iyul 1992-ci il tarixdən 28 yanvar 1993-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmədiyindən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya 14 sentyabr 2021-ci il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya “Müharibə” veteranı adı və vəsiqəsinin verilməsinin mümkün olmadığı qərarına gəlmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2933/2022 saylı, 07 fevral 2022-ci il tarixli qərarı ilə (hakim F.Mədətli) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, 845№-li hərbi hissənin N mart 1992-ci il tarixdən 01 may 1992-ci il- tarixədək döyüş əməliyyatlarında iştirak etməsi real həqiqəti əks etdirmir. Belə ki, rəsmi mənbələrdə, o cümlədən Müdafiə Nazirliyinin N mart 1992-ci il tarixli, 083 №-li əmrinə əsasən 1988-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlü uğrunda erməni qəsbkarları ilə döyüşən, Eldar Bağırov adına N saylı hərbi hissəyə Allahverdi Bağırov komandir təyin edilmiş, yəni həmin vaxtdan qeyd edilən hərbi hissə rəsmi olaraq Müdafiə Nazirliyinin tərkibində olmaqla döyüşlərdə iştirakını davam etdirməklə Allahverdi Bağırovun rəhbərliyi altında döyüş əməliyyatlarını davam etdirmişdir. Aşağıda qeyd edilən rəsmi sənədlərlə təsdiq olunan hallar Hərbi hissənin döyüşlərdə iştirakı ilə bağlı Silahlı Qüvvələrin Baş Qərarqah rəisi tərəfindən xx.xx.1997-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”nda N №-li Hərbi hissənin xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə Müdafiə Nazirliyi tərəfindən verilmiş arayışın real həqiqətə uyğun olmadığını subut edir. N saylı Hərbi hissənin tərkibində döyüş yolu keçmiş X2 ******* №-li Hərbi biletində həmin hərbi hissənin möhürü və qərargah rəisinin imzası ilə təsdiq edilməklə göstərilir ki o, 28 iyun 1992-ci ildən-24 dekabr 1992-ci ilə kimi Dağliq Qarabağda erməni quldurlarına qarşı döyüşlərdə iştirak etmişdir. Həmin Hərbi bilet əsasında ona Müdafiə Nazirliyindən 048831 saylı “Müharibə veteranı” vəsiqəsi verilmişdir. N saylı Hərbi hissənin tərkibində döyüş yolu keçmiş X4 ******* №-li Hərbi biletində həmin hərbi hissənin möhürü və qərarqah rəisinin imzası ilə təsdiq edilməklə göstərilir ki o, 24 mart 1992-ci ildən- 18 dekabr 1992-ci ilə kimi Dağliq Qarabağda erməni təcavüzkarlarına qarşı döyüşlərdə iştirak etmişdir. Həmin Hərbi bilet əsasında ona Müdafiə Nazirliyindən 057427 saylı “Müharibə veteranı” vəsiqəsi verilmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını, iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.Əlavə olaraq izahatında bildirdi ki, apellyasiya şikayətində iddiaçı tərəfindənm sadalanan hərbiçilər digər hərbi hissələrdəki xidmətlərinə görə və ya sözügedən hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə xidmət etmələrinə görə müharibə adı və vəqisəsini almışlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991ci il oktyabrın 9dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərlərin “müharibə veteranı” adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş üzrə araşdırılmış hallardan göründüyü kimi, iddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək N №-li hərbi hissənin tərkibində xidmət etmişdir. Belə ki, N №li hərbi hissə komandirinin 62№li Əmri üzrə 07 iyul 1992-ci il tarixli Arxiv Çıxarışından görünür ki, 12. təmir bölüyü İddiaçı ştat cədvəli üzrə mexanik vəzifəsinə bölük və tağıma qəbul edilmişdir. N №li hərbi hissə komandirinin 215№li Əmri üzrə 28 yanvar 1993-cü il tarixli Arxiv Çıxarışından görünür ki, 2. təmir bölüyü mexanik İddiaçı batalyon komandirinin göstərişlərinə əsasən hissə əsgərliyindən azad edilmişdir. Lakin məhkəmə araşdırmaları zamanı sorğulara cavab məktubundan göründüyü kimi, iddiaçının xidmət etdiyi hərbi hissə yalnız xx.xx.1992-xx.xx.1992-ci illərdə döyüş əməliyyatlarında iştirak etmişdir. Apellyasiya baxışı zamanı Məhkəmə kollegiyası tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”na baxış keçirilmişdir. Həqiqətən də N №-li hərbi hissənin yalnız xx.xx.1992-xx.xx.1992-ci illərdə döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat həmin Siyahıda öz əksini tapmışdır. Belə olan halda İddiaçı hərbi xidmətə çağırılması və hərbi xidmətdən tərxis olunması barədə müvafiq əmrlər mövcud olsa da, onun xidmət etdiyi hərbi hissənin xidmət etdiyi dövrdə döyüş əməliyyatlarında iştirak etməməsi səbəbindən cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur. İddiaçı apellyasiya şikayətində onunla eyni hərbi hissədə xidmət etmiş şəxslərin hazırda müharibə veteran adı və vəsiqəsinə sahib olduğunu qeyd etmişdir. Qeyd edilən şəxslərdən X8 barəsində məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxsin hərbi biletindən də aydın göründüyü kimi onun xidməti 1992-ci ilin mart ayında başlamışdır. Hansı ki, həmin dövrdə N №-li hərbi hissə döyüş əməliyyatlarında iştirak edirdi. Digər şəxs X3 barəsində isə qeyd edilməlidir ki, sonuncu da 1992-ci ilin iyun ayından dekabr ayınadək sözügedən hərbi hissədə xidmət etmiş, həmin dövr hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmədiyi dövr olsa da, hərbi biletindən aydın görünür ki, V.Balakişiyev daha əvvəl döyüş əməliyyatlarında iştirak edən (Siyahıda məlumat var) N №-li hərbi hissədə də xidmət etmişdir.Cavabdehin nümayəndəsi də həmin şəxsə digər hərbi hissələrdə xidməti ilə bağlı olaraq ona müharibə veteran adı və vəsiqəsinin verildiyini bildirmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh inzibati orqanın imtinasının qanuna zidd sayılmaması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2933/2022 saylı, 07 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1821/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1821/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver