Məhkəmə qərarları › İş №2-1(103)-1821/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1821/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1821/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə İddiaçının icraçı direktoru X1, Üçüncü şəxs "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndələri X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(112)-11716/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı (üçüncü şəxs "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq sənədlərin (qərar, şəhadətnamə, əmr və s.) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(112)-11716/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi, İddiaçı MMC-nin iddiasını mümkün saymayaraq, ona əsaslanmışdır ki, hazırki iddianı irəli sürmək üçün İddiaçı MMC-nin subyektiv hüququ yoxdur. Bununla bağlı bildirmişdir ki, İddiaçı MMC hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir. Çünki, həmin çoxmənzilli yaşayış binalarında İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahələri mövcuddur. Belə olan halda, həmin əmlakların kim tərəfindən idarə edliməsi, həmin idarəçinin (Xətai-33” MMMCnin) neçə təyin edilməsi, dövlət qeydiyyatına alınması və sair hallar İddiaçı MMC-nin maraqlarına toxunur. Bu baxımdan hesab edirlər ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11716/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı qəbul edilərkən prosessual hüquq normaları pozulmuşdur. Göstərilən bu pozuntular isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə görə birinci instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 apellyasiya şikayətinə münasibət bildirməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. Qeyd olunan qərardakı hüquqi mövqeyə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. 119.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti dövlət qeydiyyatından keçdiyi andan hüquqi şəxs hesab edilir. 120.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir.Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. Məhkəmə Kollegiyası qeyd edir ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyidir. Belə olan halda iddiaçı qeyd olunan "xxxx" MMMC-nin qeydiyyatını mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. İddiaçı qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir, bu səbəbdən də iddia mümkün sayılmamalıdır. İddiaçı apellyasiya şikayətində bildirir ki, İddiaçı MMC hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir. Çünki, həmin çoxmənzilli yaşayış binalarında İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahələri mövcuddur. Belə olan halda, həmin əmlakların kim tərəfindən idarə edliməsi, həmin idarəçinin (Xətai-33” MMMC-nin) neçə təyin edilməsi, dövlət qeydiyyatına alınması və sair hallar İddiaçı MMC-nin maraqlarına toxunur. Şikayətin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, göstərilən dəlil "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin hüquqi qeydiyyatını mübahisələndirməyə əsas yaratmır. Belə ki, məhkəmə Kollegiyası bir daha qeyd edir ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyidir. "xxxx" MMMC-nin qeydiyyatında hər hansı dəyişikliyin aparılması çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilmiş qərar əsasında həyata keçirilir. O cümlədən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir.Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir.(Mənzil Məcəlləsinin 120.1-ci maddəsi) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan nzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(112)- 11716/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(112)-11716/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar