Məhkəmə qərarları › İş №2-1(103)-1822/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1822/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1822/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh AR ƏƏSMN yanında DFMF X4 Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs: “xxxx” QSC) “məcburi dövlət sosial sığorta haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 31.03.2021-ci il tarixli, 2- 1(112)-1835/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” QSC-də işlədiyi 2006-cı il yanvarın 01-dən 2018-ci il fevralın 01-dək olan dövrlər üçün əmək haqqına görə ödənilmiş olan 5.676,19 manat məcburi dövlət sosial sığorta haqqının Azərbaycan Beynəlxalq Bank ASC-də hesab nömrəsi AZ56İBAZ**********6139208, kod İBAZAZ2X, müxbir hesabı AZ03NABZ******************** olan bank hesabına köçürülməsini təmin etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 23.09.2020-ci il tarixli 2-1(112)-6656/2020 saylı qərardadı ilə “xxxx” QSC-nin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə 04.02.2021-ci il tarixdə (dəftərxana vasitəsi ilə) müraciət edərək, “xxxx” qapalı səhmdar cəmiyyətində işlədiyi 2006-cı il yanvarın 01-dən 2018-ci il fevralın 01-dək olan dövrlər üçün əmək haqqına görə ödənilmiş olan 5.676,19 manat məcburi dövlət sosial sığorta haqqının cavabdehin “X1 Sistemi”nin “Sığorta AS (hesabat) alt sistemində sığortaolunanların hesabları bölümündə olan **********414 №»-li hesabına köçürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 31.03.2021-ci il tarixdə (dəftərxana vasitəsi ilə) yenidən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələr ilə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi, daha sonra “xxxx” QSC tərəfindən 02.12.2019-cu il tarixdə “xxxx” ASC vasitəsi ilə cavabdehin hesabına köçürdüyü 5676,16 manat məbləğindən 1064,27 manat pulun məcburi dövlət sosial sığorta haqqı kimi iddiaçının fərdi şəxsi hesabına (FİN-xxxxxxx, SSN-**********414) aid edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddianın dəqiqləşdirilməsi barədə ərizələr icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 31.03.2021-ci il tarixli, 2-1(112)-1835/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin "Sığorta" (Hesabat) altsistemində “X3”-da Limanın 1 oktyabr 2018-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı üzrə 1.653.603,07 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 186.039,05 manat olmaqla ümumilikdə 1.839.642,12 manat borcu olmuşdur. Liman 30 yanvar 2020-ci il tarixli 2/02- 07/121 nömrəli məktubla Filiala müraciət edərək 2 dekabr 2019-cu il tarixli 6148 saylı ödəniş tapşırığına əsasən Dövlət Sosial Müdafiə Fonduna ödənilən 5.676,19 manat məcburi dövlət sosial sığorta haqqının İddiaçı fərdi şəxsi hesabına köçürülməsini təmin edilməsini xahiş etmişdir. İdarə tərəfindən 7 fevral 2020-ci il tarixli **********3 nömrəli məktubla bildirilmişdir ki, Liman tərəfindən 2 dekabr 2019-cu il tarixli 6148 saylı ödəniş tapşırığı ilə "xxxx" ASC-nin Səbail filialı vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə iş üzrə Departamentinin xəzinədarlıq hesabına ödənilmiş 5676,19 manat vəsait bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülmüşdür. Liman məcburi dövlət sosial sığorta haqları üzrə Dövlət Sosial Müdafiə Fonduna külli miqdarda borcunun olmasına və həmin dövrdə Limanda iyul üzrə 551, avqust üzrə 579 və sentyabr üzrə 561 nəfər işçinin çalışmasına baxmayaraq təyinatda “İddiaçı fərdi şəxsi hesabına köçürülməsi üçün məcburi dövlət sosial sığorta haqqı ödənilir”. cümləsini qeyd edərək 2 dekabr 2019-cu il tarixli 6148 saylı ödəniş tapşırığı ilə ümumi borcundan 5676,16 manat məbləğində ödəniş etmişdir. Birinci instansiya məhkəməsi isə Limanın həmin dövrdə çalışan 551 nəfər işçiyə hesablanmış əmək haqqından ödənilməmiş külli miqdarda məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olmasına baxmayaraq bir işçinin (yəni iş üzrə İddiaçı) adına ödənilmiş 5676,16 manat vəsaitin onun fərdi hesabına ödənməsini əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli 440 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatında işəgötürənlərin əməyin ödənişi fonduna hesablanan sosial ayırmaların ödənişi “121100” kodu ilə nəzərdə tutulmuşdur. Sığortaedənlər tərəfindən bu təsnifat kodu üzrə ödəniş edildikdə ödənilən həmin məbləğ proqram təminatı vasitəsilə avtomatlaşdırılmış qaydada, bütün sığortaolunanlar arasında proporsional formada bölüşdürülür. Ümumiyyətlə ödəniş tapşırığında göstərilən büdcə təsnifat kodları ödənişin təyinatını müəyyən edir, ödəniş tapşırığına fərdi qaydada əlavə olunmuş hər hansı bir qeydin hüquqi qüvvəsi yoxdur və ödəniş təyinatında nəzərə alınmır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını Bakı İnzibati Məhkəməsinin 31.03.2021-ci il tarixli, 2-1(112)-1835/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan cavabdeh inzibati orqan iddiaçının müraciətinə verilən imtina məktubunda göstərmişdir ki, Beynəlxalq Dəniz Ticarət Limanı tərəfindən ödənilmiş 5676.19 manat məcburi dövlət sosail sığorta haqqı 04 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinin xəzinə hesabına daxil olmuşdur. Ödənilmiş 5676,19 manat məcburi dövlət sosail sığorta haqlarının “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)" alt sistemində sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsi nəzərdə tutulmamaşdır. Beynəlxalq Dəniz Ticarət Limanı tərəfindən ödənilmiş 5676, 19 manat məcburi dövlət sosial sığorta haqqı "X1 Sistemi’nin "Sığorta AS (Hesabat)" alt sistemində bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürüləcəkdir. İşdə olan “xxxx” Qapalı Səhmdar Cəmiyyəti 30.01.2020-ci il tarixli №2/02-07/121 nömrəli məcburi dövlət sosial sığorta haqqının köçürülməsi barədə məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş idarəsinə müraciət edərək, 2 dekabr 2019-cu il tarixli 6148 nömrəli ödəniş tapşırığına əsasən Dövlət Sosial Müdafiə Fonduna ödənilən 5676,19 (beş min altı yüz yetmiş altı manat on altı qəpik) manat məcburi dövlət sosial sığorta haqqının İddiaçı (FİN xxxxxxx, SSN **********414) fərdi şəxsi hesabına köçürülməsinin təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan 02.12.2019-cu il tarixli 6148 nömrəli Ödəniş tapşırığından görünür ki, “xxxx” QSC tərəfindən 02.12.2019-cu il tarixdə “xxxx” ASC vasitəsi ilə İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4in Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına 5676,16 (beş min altı yüz yetmiş altı manat on altı qəpik) manat məbləğində pul köçürmüşdür. Ödənişin təyinatı və əsası kimi “İddiaçı fərdi şəxsi hesabına (FİN-xxxxxxx, SSN-**********414) köçürülməsi üçün məcburi dövlət sosial sığorta haqqı ödənilir. 2006-cı il 894.23, 2007-ci il 1262.48, 2008-ci il 1346.96, 2009-cu il 662.39, 2012-ci il 480.50, 2015-ci il 493.74, 2016-cı il 195.97, 2017-ci il 181.77, 2018-ci il 158.42” göstərilmişdir. İş materiallarına əlavə edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər İdarəsinin 12.03.2020-ci il tarixli **********4 saylı məktubundan görünür ki, Beynəlxalq Dəniz Ticarət Limanı (SUN:**********4) tərəfindən ödənilmiş 5676,19 manat məcburi dövlət sosial sığorta haqqı 04 dekabr 2019cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinin xəzinə hesabına daxil olmuşdur. Ödənilmiş 5676,19 manat məcburi dövlət sosial sığorta haqqının “X1 Sistemi”nin "Sığorta AS (Hesabat)" alt sistemində sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsi nəzərdə tutulmamışdır. Beynəlxalq Dəniz Ticarət Limanı tərəfindən ödənilmiş 5676,19 manat məcburi dövlət sosial sığorta haqqı “X1 Sistemi"nin “Sığorta AS (Hesabat)” alt sistemində bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürüləcəkdir. Müraciətdə qaldırılan məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsi tərəfindən 07.02.2020-ci il tarixli, **********3 saylı məktubla Beynəlxalq Dəniz Ticarət Limanına da məlumat verilmişdir. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, sığortaedən “xxxx” QSC tərəfindən 02.12.2019-cu il tarixdə “xxxx” ASC vasitəsi ilə 5676,16 (beş min altı yüz yetmiş altı manat on altı qəpik) manat məbləğində pulun məcburi dövlət sosial sığorta haqqı kimi İddiaçı fərdi şəxsi uçot hesabına köçürülməsi üçün İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4in Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına ödəniş etməsi iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin, sığortaedən tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülməsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığından, hazırkı iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi” Qaydasının 2-ci bəndində əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunması qaydaları nəzərdə tutulmuşdur: 2.1. Xüsusi hesaba əlavə vəsait ödəmək istəyən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminə "Elektron hökumət portalı" və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial" internet portalı vasitəsilə gücləndirilmiş elektron imza ilə daxil olaraq elektron ərizə ilə müraciət edir. Ərizənin formasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir. 2.2. Müraciət qəbul olunduqdan sonra xüsusi hesaba əlavə vəsait ödəmək istəyən şəxs “Dövlət sosial sığorta sistemində xüsusi hesabı aktivləşdir" elektron xidmətini seçir və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyənləşdirdiyi formada məlumatları dolduraraq təsdiqləyir. Göründüyü kimi, Liman tərəfindən 2 dekabr 2019-cu il tarixli 6148 saylı ödəniş tapşırığı ilə "xxxx" ASC-nin Səbail filialı vasitəsi ilə 5676,19 manat vəsait “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi” Qaydaların müvafiq qaydada deyil, Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə iş üzrə Departamentinin xəzinədarlıq hesabına ödənilmişdir. Belə olan halda İdarə haqlı olaraq ödənilmiş vəsaiti bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürmüşdür. Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsində Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi göstərilmişdir. Həmin Məcəllənin 1ci hissəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın rədd edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 31.03.2021-ci il tarixli, 2-1(112)-1835/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4in Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 31.03.2021-ci il tarixli, 2-1(112)-1835/2021 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar