Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1823/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X4 və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (3-cü şəxs Bakı İslam Universiteti) “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7615/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı orta təhsilini tamamladıqdan sonra, 2001-ci ildə Bakı İslam Universitetinin (BİU)» İslamşünaslıq» fakültəsinə qəbul olunmuş, 2006-cü ildə təhsilini başa vurmuş, lakin cavabdeh onun diplom üzrə aldığı ixtisasını heç bir hüquqi əsas olmadan, tanımaqdan imtina edir, səbəbi barədə isə müfəssəl izahat vermir. Dəfələrlə cavabdehə müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd edilməsini xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, tələbi əsassız və qanunsuzdur. Belə ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 782 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 143 nömrəli Fərmanına və Təhsil Nazirinin xx.xx.2002ci il tarixli 1226 saylı Əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2009-cu il tarixli 1018 saylı Əmri ilə dünyəvi təhsil müəssisəsi kimi (bakalavr pilləsində dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir.Həmin vaxtdan qeyd olunan ali təhsil müəssisəsində ali təhsilin dövlət standartlarına uyğun hazırlanmış tədris planları əsasında bakalavr pilləsində dinşünaslıq”, magistr pillsində “dinlərin tarixi” və “islamşünaslıq” proqramları üzrə kadr hazırlığı aparılır. BİU yalnız 2010-cu ildən başlayaraq tələbə qəbulunu qanunvericiliyə uyğun olaraq TQDK vasitəsi ilə aparmışdır. Bu şəbədən də 2014-cü ildən etibarən TN-yi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli təhsil sənədləri verilməyə başlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7615/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, BİU-nın adı AR Ədliyyə Nazirliyi 01 mart 1994-cü il tarixli qərarı ilə «Qafqaz İslam Universiteti» adı dəyişdirilərək Nizamnaməsi qeydə alınmış, sonradan, 17 mart 1997-ci il tarixli qərarı ilə yenidən BİU kimi dövlət qeydiyyatından keçmişdir. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə AR X8 üzrə Dövlət Komitəsi yaradılmış və dini təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması səlahiyyətləri Komitəyə həvalə edildikdən sonra, həmin Komitənin 27 iyun 2002ci il tarixli 163 nömrəli sərəncamına əsasən BİU yenidən dövlət qeydiyyatına alınmış (şəhadətnamə №135) Hazırkı BİU-nın hüquqi varisi olduğu varisi olduğu Qafqaz İslam Universitetinin 01.1994-cü ildə dövlət qeydiyyatına alınmasının hüquqi əsasını «Dini etiqad azadlığı haqqında» AR Qanunu (m.m. 6, 7, 10) «Təhsil haqqında» AR Qanunu 1992- 2009-cu illərdə qüvvədə olmuşdur) və digər normativ aktlar təşkil etmişdir. 2009-cu ildən BİU-ya Təhsil Nazirliyi tərəfindən lisenziya verildikdən sonra tələbə qəbulu mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılması üçün nazirlik tərəfindən sifariş (plan yeri) əsasında aparılmışdır. Buna qədər tələbə qəbulu BİU tərəfindən dövlət qeydiyyatına alınmış nizamnaməsi əsasında daxili imtahanvermə qaydasında aparılmışdır. Odur ki, onun BİU-ə mərkəzləşdirilmiş test olmadan qəbul olunması hər hansı normativ aktı, qanunun tələbini pozmamışdır. Təhsil Nazirliyi tərəfindən plan yeri və sifariş barədə BİUya tələb irəli sürülməmiş, həmçinin, BİU-nın adı və ixtisasları keçmiş TQDK tərəfindən mərkəzləşdirilmiş test imtahanı sisteminə və tələbə qəbuluna daxil edilməmişdir. Halbuki, bütün bunlar bilavasitə o həmin qurumların vəzifələridir. Hesab edir ki, qanunvericiliyin tələbələri əsasında fəaliyyət göstərən BİU qeydiyytdan keçmiş Nizamnaməsi əsasında daxil olduğu və bitirdiyi universitetin ona verdiyi diplom Təhsil Nazirliyi tərəfindən tanımalıdır. Universitetə mərkəzləşdrilmiş test üsulu ilə 2010-cu ildə qəbul olunub 2014-cü ildə bitirən tələbələrlə, həmin Universitetdə əvvəllər təhsil alanlarla fərqləndirilməsi ayrısaçkilik və qeyri-bərabərlikdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı və onun tərəfində üçüncü şəxs (nümayəndəsi və vəkili) apellyasiya şikayətinidə göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi isə onlarla razlaşmamış, iddia ərizəsinə etirazına uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanqılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı 2001-ci ildə daxili müsabiqə yolu ilə Bakı İslam Universitetinə qəbul olunaraq orada 5 (beş) il təhsil alandan sonra 2006-cı ildə Universiteti bitirmiş və BİU tərəfindən “axund-imam, islamşünas, tərcüməçi, şəriət müəllimi” ixtisasını bitirməyi barədə ona 26 iyun 2006-cı il tarixli 1032 №-li diplom verilmişdir. İddiaçı həmin diplomun tanınması üçün cavabdehə müraciət etmiş lakin sonuncu tərəfindən həmin diplom blankı dövlət nümunəli olmadığı əsas tutularaq ona imtina cavabı vermiş, narazı qalan iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən isə onun iddiası rədd edilmişdir. İddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərinə, habelə, onun tərəfində üçüncü şəxsin məsələyə dair işə əlavə olunmuş yazılı münasibətlərinə və nümayəndəsinin izahtlarına əsasən müəyyən olunur ki, onlar aşağıdakı əsaslardan çıxış edərək hesab edirlər ki, iddia tələbi təmin olunmalıdır: « -iddiaçı 2001-2006-cı illərdə qanuni əsaslarla fəaliyyət göstərən bir təhsil müəssisəndə ali dini təhsil almış, seçdiyi ixtisasına yiyələnmişdir. Belə ki, Bakı İslam Universiteti ilk dəfə, SSRİ Nazirlər Soveti yanında X6 17 yanvar 1989-cu il tarixli 1989-cu il tarixdə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Mədrəsəsi kimi fəaliyyətə başlamış, həmin İdarənin əmri əsasında 14 yanvar 1991-ci il tarixdə Mədrəsə bazasında Bakı İslam İnstitu yaradılmış və həmin İdarənin müraciətinə əsasən 01 mart 1994-cü il tarixində adı dəyişdirilərək Qafqaz İslam Universiteti kimi dövlət qeydiyatına alınmış, daha sonra, 17 mart 1997-ci il tarixdə yenidən adı dəyişdirilərək «Bakı İslam Universiteti» kimi dövlət qeydiyyatından keçmiş, X8 üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra isə həmin Komitənin 27 iyun 2002-ci il tarixli 163 nömrəli sərəncamına əsasən yenidən dövlət qeydiyyatına alınmış və BİU-ya № 135 şəhadətnamə verilmişdir. -2009-cu ilə qədər, yəni, lisenziya alana qədər BİU-da tələbə qəbulu mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılmasa da, buna qədər tələbə qəbulu universitetin dövlət qeydiyyatına alınmış nizamnaməsi əsasında daxili intahanvermə qaydasında aparılmışdır ki, bu da bu üsulla tələbə qəbulunun həyata keçirilməsi hər hansı normativ aktın, qanunun tələbini pozmur.» Lakin məhkəmə tərəfindən aparılmış araşdırmasının nəticələrinə görə cavabdehin üzərinə qeyd olunan əsalarla dövlət nümunəli diplom blpnkının verilməsi öhdəliyin qoyulması üçün faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə ki, BİU-nun hüquqi şəxs olaraq dövlət qeydiyyatına alınması - heç də onun dövlət tərəfindən müəyyən edilən standartlara uyğun olan təhsil müəssisəsi kimi fəaliyyət göstərməsi və özünün müəyyən etdiyi ixtisaslar üzrə tələbə qəbulunu həyata keçirib tədris prosesini aparması və özü tərəfindən hazırlanmış blank formasında, məzunlara diplom vermək hüququna malik olmasını deməyə əsas vermir. Birincisi, iddiaçının təhsil aldığı təhsil müəssisəsinin (hüquq sələfi Qafqaz İslam Universitetinin) ilkin dövlət qeydiyyatı 01 mart 1994-cü il tarixdə baş vermiş, Bakı İslam Universiteti kimi isə 17 mart 1997-ci il tarixdə yenidən dövlət qeydiyyatına alınmışdır ki, bu hal həm iddiaçı həm də onun tərəfində üçüncü şəxs tərəfindən də təsdiq olunur. Başqa sözlə, Bakı İslam Universiteti adında dövlət təhsil müəssisəsi nə keçmiş SSRİ məkanında, nə də 1994-cü ilə kimi müstəqillik qazandıqdan sonra mövcud olmamışdır. İkincisi, müstəqil Azərbaycan Respublikası yarandıqdan sonra, 1992-2009-cu illərdə qüvvədə olmuş Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsi nəzərdə tuturdu ki, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Qanunun qeyd olunan tələbindən aydın görünür ki, məzunlara təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə nümunəsini hökümət tərəfindən vahid forması təsdiq edilən blank Xalq Təhsili Nazirliyi tərəfindən verilməsini nəzərdə tuturdu. Konkret halda isə iddiaçıya diplom verilərkən, təhsil aldığı BİU tərəfindən Qanunun qeyd olunan tələbinə riayət olunmamışdır ki, bu da həm iddiaçı həm də üçüncü şəxs tərəfindən mübahisələndirilmir. İddiaçının və onun tərəfindən üçüncü şəxsin «Dini etiqad azadlığı haqqında» Qanunun həmin vaxt qüvvədə olmuş normalarına istinadən, BİU tərəfindən tələbə qəbulunun mərkəzləşdirilmiş test üsulu qaydasında deyil, nizamnaməsi əsasında daxili intahanvermə qaydasında aparılmasını qanunauyğun hesab etməsinə gəldikdə, bu halda, onlar tərəfindən qanunun tələbinə düzgün təfsir verilmir. Belə ki, «Dini etiqad azadlığı haqqında» Qanunun istinad edilən həmin vaxt qüvvədəolmuş 10-cu maddəsinin 1-ci hissəsi nəzərdə tuturdu ki, «din xadimləri və dini ixtisaslar üzrə digər kadrlar hazırlanması üçün dini təhsil müəssisələri yalnız dini mərkəz və idarələr yarada bilərlər. Dini mərkəz və idarələr birdən çox ali dini təhsil müəssisəsi yarada bilməz. Dini təhsil müəssisələri ilə dini mərkəz və ya idarələr arasında münasibətlər təsis sənədləri ilə müəyyən edilir.» Qanunun qeyd olunan normasından göründüyü kimi, bu normada dini mərkəz və idarələr tərəfindən dini təhsil müəssisələrini yaratmaq hüququ təsbit olunur. Yaradılmış təhsil müəssisələri isə fəaliyyətini Azərbaycan Respublikasının təhsil qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun həyata keçirməkdən və öz lə fəaliyyəti zamanı dövlət standartlarından kənarlaşa bilməz, o cümlədən, həmin fəaliyyət növü üçün lisenziya almaq öhdəliyindən azad oluna bilməz. Belə olan halda, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalar” aşağıdakıları nəzərdə tuturdu: 1.2. Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra “ərizəçilər”) ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. 1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. «Qaydaları» qeyd olunan tələblərindən göründüyü kimi, təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə Təhsil Nazirliyindən lisenziya almadan, ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyət növünü həyata keçirməsinə icazə verilmirdi. Konkret halda iddiaçının təhsil aldığı BİU isə belə lisenziya almadan, 2009-cu ilə kimi qanunsuz olaraq fəaliyyət növü ilə məşğul olmuş, dövlət standartları ilə müəyyən olunan mərkəzləşdirilmiş test üsulu qaydalarından kənar, Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmayan ixtisaslar üzrə tələbə qəbulunu həyata keçirmiş və özünün çap etdiyi diplom blankları ilə, təhsilini bitirmiş məzunların ( o cümlədən iddiaçının) ixtisaslarını rəsmiləşdirmişdir. Halbuki, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimat aşağıdakı qaydalar müəyyən edilirdi: 1.4. təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. 2.1.tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələri üçün müvafiq təhsil sənədlərinin hazırlanması işinin təşkili yalnız Təhsil Nazirliyi tərəfindən mövcud qanunvericilik əsasında həyata keçirilir. Göründüyü kimi, məzunlara verilən diplom blanklarının təhsil müəssisələrinin sifarişinə uyğun hazırlamaq səlahiyyəti yalnız Təhsil Nazirliyinə məxsus olmuşdur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh iddiaçının müraciətinə imtina cavabı verməkdə haqlı olmuş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə üzərinə düşən öhdəliyini yerinə yetirmişdir. Qanuna uyğun imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənasından da görünür ki, o zaman məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Eyni zamanda, qeyd olunmalıdır ki, həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin, qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7615/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7615/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-1823/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1823/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver