Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1823/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2-1(112)-10572/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissədə zabit kimi xidmət keçmişdir. Həmin hərbi hissədə xidmət keçərkən o, N X11 dövründə 2 dəfə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə ezamiyyətdə olmuşdur. Ezamiyyəti N X6 döyüş əməliyyatları aparan hərbi hissələrin döyüş təminatı ilə əlaqədar olmuşdur. Lakin, ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. O, bununla bağlı xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciəti cavabsız və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir və imtinanı qanunsuz və əsassız sayır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10572/2024 saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilmiş, İddiaçı müharibə veteran adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci intansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməni nəzərə almamışdır. Belə ki, iddiaçının olduğu ərazi (Beyləqan) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 420 nömrəli Qərarına əsasən döyüş əməliyyatları aparılan ərazi olmadığına və ezamiyyətin xidməti ezamiyyət olması, döyüşlərdə iştirakı əmrlərlə təsdiqlənmədiyinə görə, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Birinci instansiyası məhkəməsi iddiaçının isə Füzuli rayonuna ezam olunması barədə əmrlər olmadığı halda, iddia tələbini təmin etmişdir. Məhkəmə iclas(lar)ında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirmişdir ki, iddiaçı Beyləqan rayonuna ezam olunmuş, Beyləqan rayonu isə Nazirlər Kabinetinin 216 nömrəli qərarına əsasən döyüş əməliyyatlarında iştirak edən döyüş zonasına daxil deyil. Həmçinin Bakı İnzibati Məhkəməsi tərəfindən Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli, 420 nömrəli qərarı da nəzərə alınmamışdır. Həmin qərarda göstərilir ki, döyüş əməliyyatları zamanı verilən tapşırıqları yerinə yetirən şəxslərə o halda “Müharibə veteranı” adı verilə bilər ki, həmin şəxslər döyüş tapşırıqlarını Əsanamədə göstərilən ərazilərdə yerinə yetirsinlər. Beyləqan rayonu isə həmin Əsanamədə göstərilmir. İddiaçı 26 sentyabr 2020ci il tarixdən 28 sentyabr 2020-ci il tarixədək və 02 oktyabr 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Beyləqan rayonuna ezam olunmuşdur. Lakin iddiaçı Beyləqan rayonuna döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı ezam olunmamışdır. Belə ki, iddiaçı maliyyəçidir. O, maliyyə işləri ilə bağlı olaraq həmin əraziyə ezam olumuşdur. Döyüş əməliyyatlarında iştirak edən döyüş zonasına Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin əraziləri, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş əraziləri daxildir. Göründüyü kimi, iddiaçının ezam olunduğu Beyləqan rayonu döyüş əməliyyatlarında iştirak edən döyüş zonası kimi göstərilmir. İddiaçı maliyyəçidir və onun maliyyə işi üzrə etmiş olduqları döyüş tapşırığı sayılmır. Bu kimi hallar birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən nəzərə alınmamışdır. Məhkəmə iclas(lar)ında iştirak etmiş İddiaçı izahatında məhkəməyə bildirmişdir ki, Müdafiə Nazirliyində 32 il xidmət edib. İxtisası maliyyəçidir. Lakin ilk növbədə zabitdir. O, ezam olunduğu rayonda döyüş tapşırıqlarını yerinə yetirmişdir. 033, N kimi digər hərbi hissələrə də ezam olunmuşdur. Ezam olunduğu yerlərdə döyüş tapşırıqlarını yerinə yetirib. N və N hərbi hissələrə ezam olunmuşdur. Həmin hərbi hissələr döyüşən hərbi hissələr olmuşlar. İlkin olaraq Yevlax və Beyləqan rayonlarında yerləşsələr də, N günlük müharibə zamanı Füzulidə yerləşmişlər. O, həmin hərbi hissələrə hərbi texnika üçün ehtiyat hissələrini aparırdı. Belə ki, həmin vaxt hərbi hissədə bu funksiyaları yerinə yetirəcək başqa şəxs qalmamışdır, hamı müharibədə idi. N və N saylı hərbi hissələr döyüş əməliyyatlarında iştirak etmişdir. Sözügedən hərbi hissələrdəki digər hərbi qulluqçuların hər biri “Müharibə veteranı” adını almışdır. O, hərbi hissədən təlim-tədris mərkəzinə müəllim olaraq keçmişdi. Həmçinin döyüş zonasında maliyyəçi olaraq deyil, hərbiçi olaraq öz funksiyalarını yerinə yetirib. Döyüş zamanı N nömrəli hərbi hissə Füzulidə, sülh zamanı isə Beyləqan rayonunda yerləşirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, №3-25-2/2-Q- 72xx-xx/2024 imtina məktubunda göstərilmişdir ki, iddiaçı barəsində hərbi xidməti barədə məlumat olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli qərarını əsas tutaraq ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 260 nömrəli və xx.xx.2020-ci il tarixli, 262 nömrəli əmrlərinə əsasən mayor İddiaçı, maliyyə bölməsinin rəisi-baş mühasib, xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissəyə (Beyləqan rayonu) N gün müddətinə ezamiyyətə göndərilmiş, xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissədən (Beyləqan rayonu) ezamiyyətdən gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilmişdir. - N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 670 nömrəli və xx.xx.2020-ci il tarixli, 706 nömrəli ezamiyyə vərəqələrinə əsasən, mayor İddiaçı N nömrəli hərbi hissəyə, Beyləqan rayonuna, xidməti zərurətlə əlaqədar olaraq 26 sentyabr 2020-ci il tarixdən 28 sentyabr 2020-ci il tarixədək və 02 oktyabr 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezamiyyə olunmuşdur. Təqdim olunmuş məntəqəyə getməsi və qayıtması haqqında qeydlər aparılaraq, hərbi hissələrin möhürləri ilə təsdiq edilmişdir. - N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 782 nömrəli və xx.xx.2020-ci il tarixli, 804 nömrəli ezamiyyə vərəqələrinə əsasən, mayor İddiaçı N nömrəli hərbi hissəyə, Yevlax rayonuna, xidməti zərurətlə əlaqədar olaraq 18 oktyabr 2020-ci il tarixdən 20 oktyabr 2020-ci il tarixədək və 21 oktyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il tarixədək ezamiyyə olunmuşdur. Təqdim olunmuş məntəqəyə getməsi və qayıtması haqqında qeydlər aparılaraq, hərbi hissələrin möhürləri ilə təsdiq edilmişdir. - N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2 nömrəli arayışa əsasən, xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş polkovnik-leytenant İddiaçı həqiqətən də, 26 sentyabr 2020-ci il tarixdən 28 sentyabr 2020-ci il tarixədək və 02 oktyabr 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli və Seyidəhmədli kəndlərində döyüş əməliyyatları zamanı döyüşlərdə istismar olunan avtomobil texnikalarının sazlığının saxlanılması (bərpa olunması) və ehtiyat hissələrinin aparılması üçün həmin ərazilərə ezam olunmuşdur. - Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-25-4/2-7111/2024 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Ordusunun “Vətən Müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissənin məhkəmənin şifahi sorğusuna xx.xx.2025-ci il tarixli, 75/299 saylı cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı döyüşlərdə istismar olunan texnikaların sazlığının saxlanılması və zədəli texnikaların bərpa olunması üçün tələb olunan ehtiyat hissələrini daşıyan avtomobil texnikasında işğaldan azad olunmuş ərazilərə yalnız maşın böyüyü kimi ehtiyat hissələrinin çatdırılması qismində ezam olunmuş, onun yüklərin boşaldılması yerində heç bir səlahiyyəti, bacarığı və biliyi nəzərdə tutulmamışdır”. Göründüyü kimi, hazırkı cavab məktubunda da nə Beyləqan, nə Yevlaxdan söhbət getmir, iddiaçının “işğaldan azad olunmuş ərazilərə” ezam olunması göstərilir. Həmçinin qeyd olunmalıdır ki, iş materiallarında olan və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən polkovnik Sarı Xəlilov tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı vəsiqəsinin” verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə Arayış-Məlumatda göstərilmişdir ki, İddiaçı döyüş təminatı ilə əlaqədar Füzuli rayonuna N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Eyni zamanda İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək onunla eyni hərbi hissədə (334) xidmət keçmiş və N X11 dövründə N nömrəli hərbi hissəyə onun kimi ezam edilmiş və Müharibə veteranı adı verilmiş şəxslərin siyahısını vermiş, bunun əsasında məhkəmə tərəfindən cavabdehə sorğu verilmiş və xx.xx.2025-ci il tarixdə məhkəmə aşağıdakı məzmunda cavab daxil olmuşdur: “ ... Sizin, xx.xx.2025-ci il tarixli 4/2-4594/25 nömrəli məktuba cavab olaraq bildirirəm ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusunun (İddiaçı) icrası ilə bağlı, sorğuda adları göstərilən X4, X7, X2, X8, X5, X3 və X9 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq sənədlər Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası” tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. Təqdim olunmuş sənədlərə əsasən vətəndaşlara “Müharibə veteranı” adı verilmiş və tərəfimizdən “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq vətəndaşlara təqdim edilmişdir. ... “Müharibə veteranı” adının verilməsinə əsas olmuş sənədlər bizim ünvana geri qaytarılmır, Azərbaycan Respublikasının Nazirlər Kabinetində saxlanılır”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, qşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyasl qeyd edir ki, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Göründüyü kimi, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. Cavabdeh inzibati orqanın hal-hazırda mübahisələndirdiyi məqam N nömrəli hərbi hissənin həmin dövrdə Beyləqanda deyil, məhz Füzulidə yerləşməsidir, halbuki, cavabdeh inzibati orqanın tabeliyinda olan qurum tərəfindən tərtib olunmuş, imza və möhürlə təsdiq olunmuş arayış-məlumatda belə iddiaçının N nömrəli hərbi hissəyə Füzuliyə ezam edilməsi göstərilmiş, həmçinin iş materiallarında olan sənədlərlə N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etməsi öz təsdiqini tapmışdır. “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2 nömrəli arayışa əsasən, xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş polkovnik-leytenant İddiaçı həqiqətən də, 26 sentyabr 2020-ci il tarixdən 28 sentyabr 2020-ci il tarixədək və 02 oktyabr 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli və Seyidəhmədli kəndlərində döyüş əməliyyatları zamanı döyüşlərdə istismar olunan avtomobil texnikalarının sazlığının saxlanılması (bərpa olunması) və ehtiyat hissələrinin aparılması üçün həmin ərazilərə ezam olunmuşdur. Cavabdehə arayışda qeyd olunan (inzibati orqanın mövqeyinə görə) ziddiyyətli məqamların aradan qaldırılması ilə bağlı sorğu verilsə də, arayışda göstərilənlər hər hansı formada təkzib edilməmiş, yalnız mücərrəd ifadələrdən istifadə edilərək hərbi hissənin ümumi olaraq dinc dövrdəki dislokasiyasının Beyləqan olmasına istinad edilmişdir. Məhkəmə kollegiyası həmçinin xüsusi olaraq qeyd edir ki, cavabdehin şəxsə tələbindən imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. İnzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10572/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10572/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1823/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1823/2025
10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver