Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1824/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə tələbinə dair Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)- 3355/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 07-10 iyun 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası dövlət büdcəsindən onun xeyrinə maddi 500.000 manat və mənəvi zərərə görə 1.000.000 manat kompensasiyanın tutulması, həmin məbləğin Heydər Əliyev fondunun hesabına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3,2 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirin sübut olunmadığından barəsində bəraət qərarı verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən Apelyasiya protesti verilsə də, Bakı Apelyasiya Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2016-cı il tarixli hökmü ilə ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Barəsindəki Bakı Apelyasiya Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli qərarından Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasıya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X4 tərəfindən kassasiya protesti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 mart 2017-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmişdir. Lakin bütün bunlara baxmayaraq, ibtidai-istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin 27 noyabr 2014-cü il tarixli qərarı ilə o, Azərbaycan Respublikası CM-nin 206.3.2,234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində şübhəli bilinərək, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra 29 noyabr 2014-cü il tarixdə o, İddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilərək, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bu azmış kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin vəsatəti əsasında 29 noyabr 2014cü il tarixdə Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2015-ci il tarixdə 3 ay xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdə 3 ay xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-cü tarixdə 1 ay xx.xx.2015-ci il tarixədək uzadılmışdır. Bundan sonra da o, 01 iyun 2016-cl il tarixə kimi yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qəbul edilən günə qədər həbsdə qalmışdır. Göründüyü kimi, o, faktiki olaraq əsassız 16 ay müddətində həbsdə saxlanılmış, eləcə də barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri verilmişdir. Hesab edir ki, bu dövr ərzində ona eləcə də, ailə üzvlərinə maddi və mənəvi ziyan dəymişdir. Keçirtdiyi mənəvi sarsıntıları ümumiyyətlə dilə gətirmək mümkün deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 mart 2017-ci il tarixli qərarı qəbul edilənədək Prokurorluq orqanın təhdidi (ittihamın təsdiq edilməsi, məhkəmələrdə ittihamın müdafiə edilməsi və bəraət verilməsinə baxmayaraq əsassız protestlər verilməsi) onu və yaxınlarını rahat nəfəs almağa belə imkan vermirdi. İlk olaraq onu qeyd etmək istəyir ki, iş materiallarından da aydın olduğu kimi o, biznes fəaliyyəti (idxalixrac işləri) ilə məşğul olur və həm özünü, həm də ailəsini bu fəaliyyətdə əldə etdiyi gəlirlə dolandırır. Lakin barəsində çıxarılan əsassız və qanunsuz qərar onun bu müddət ərzində biznes fəaliyyəti ilə məşğul olmaqdan məhrum etmişdir. Onu da qeyd edir ki, istər “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi” haqqında Azərbaycan Respublikasının 29 dekabr 1998-ci il Qanunda, istərsə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-cı maddəsində vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxslər təsbit olunmuşdur ki, onlardan biri də bəraət almış təqsirləndirilən şəxslərdir. CPM-nin 57-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadə nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyasi təmin edilməlidir. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi” haqqında Qanun 5-ci maddəsinə və CPM-in 58.3-cü maddəsinə əsasən aşağıdakılarda ifadə oluna bilər: 1) Məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 6) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Habelə, o, qanunsuz və əsassız olaraq həbsdə saxlanıldığına görə hələ də fiziki və psixi əzab və iztirablar çəkməkdədir. Hesab edir ki, onun qanunsuz və əsassız olaraq həbs edilməyi onun şərəf, ləyaqət və ya işgüzar nüfuzunu ləkələyən, eləcədə insanların ona olan güvənini sarsıdan bir hal kimi çıxış etmədədir və bu vəziyyət ona şəxsi həyatında, eləcə də iş həyalında hələ də problemlər yaratmaqdadır. Sonda iddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-3355/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: F.Mədətli) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, qərardadın təsviri hissəsində göstərilir, Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmənin hüquqi yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya 02 noyabr 2021-ci il tarixdə məktub ünvanlanaraq, hazırkı iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkün olan iddia növünə aid olmadığı, cinayət-prosessual fəaliyyətdən irəli gələn tələb olmaqla, mülki mühakimə icraatı qaydasında baxılmalı olduğu izah edilmiş, lakin iddiaçı tərəfindən hər hansı münasibət bildirilməmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, xx.xx.2021-ci il tarixində eyni iddia ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixində 2(004)-5371/2021 saylı mülki iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsi qəbul edilməkdən imtina edilmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə 3cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası dövlət büdcəsindən onun xeyrinə maddi 500.000 manat və mənəvi zərərə görə 1.000.000 manat kompensasiyanın tutulması, həmin məbləğin Heydər Əliyev fondunun hesabına köçürülməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən şikayətlərə məhkəmə nəzarətini həyata keçirən ümumi məhkəmələr tərəfindən baxılması nəzərdə tutulur. Bu qəbildən olan işlərə məhz cinayət prosesi icraatı qaydasında baxılacağı müəyyən olunmuşdur. İPM-in 2.1-ci maddəsinə görə isə qanunla başqa aidiyyət qaydası müəyyən edilməməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqanların qanunsuz qərarları və hərəkətlərinə dair iddialara baxılmasının qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşin hallarından müəyyən olunur ki iddiaçının tələbi cinayət prosesini həyata keçirən orqanların qanunsuz qərarları və hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi zərərlə bağlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə bu Qanun hətta inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 36-cı maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya cinayət nəticəsində zərər çəkmiş, habelə təqsirsiz məhkum olunmuş, qanunsuz həbsdə saxlanılmış, yaxud cinayət prosesi gedişində hüquqları digər formada məhdudlaşdırılmış şəxslərin hüquqları bu Məcəllə ilə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada bərpa olunur. Həmin Məcəllənin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); tutulmanı və ya tutulan şəxsin həbsdə saxlanılma yerlərində saxlanılmasını həyata keçirən şəxsin; əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; müstəntiqin; İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun; Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər; Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutulması və həbsdə saxlanılması; tutulmuş şəxsin hüquqlarının pozulması; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması; Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. Qeyd olunan normaların məzmunundan da görünür ki, cinayət təqibi üzrə araşdırmanın aparılması inzibati orqanın cinayət-prosessual fəaliyyətinə aiddir, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında həyata keçirilir. İnzibati hüquqi mübahisələr dedikdə, inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə yaranan mübahisələr başa düşülür. Hazırki iş üzrə iddiaçının tələbi inzibati orqanın cinayət-prosessual işlər üzrə fəaliyyətinə aid olduğundan, inzibati məhkəmə icraatı qaydasında baxılan məsələlər sırasına aid deyildir. Buna görə də belə mübahisəyə yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-3355/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1824/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1824/2022
10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver