Məhkəmə qərarları › İş №2-1(103)-1824/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1824/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1824/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri siyahısından çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13617/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə (hazırda Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi) qarşı Cəmiyyətin riskli vergi ödəyiciləri siyahısından çıxarılması və cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********177500 saylı qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********177500 saylı qərara əsasən İddiaçı MMC riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qəbul edilmiş qərarda riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: 2.13. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla). Yuxarıda göstərilənlər barəsində tərəflərindən vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə xahiş edilmişdir. Nəzərə çatdırırlar ki, müəssisələri xx.xx.2022-ci il tarixindən əsas fəaliyyət kodu ******* (Mebellərə üzrə çəkmə, mebellərin təmiri və bərpası (ofis mebəlləri daxil olmaqla)) olmaqla fəaliyyət göstərir. Əsas fəaliyyət kodundan başqa “mebellərin topdan satışı” fəaliyyəti ilə də məşğuldurlar. Lakin, qeyd edirlər ki, mallar mal satdıqları vergi ödəyicilərinə birbaşa mal aldıqları vergi ödəyicilərinin anbarından təqdim olunur. Bu səbəbdən hazırda fəaliyyət göstərdikləri obyekt “Satış ofisi'’ kimi qeydiyyata alınmışdır. Bildirirlər ki, müəssisələri 2022-ci ilin noyabr ayında riskli vergi ödəyiciləri siyahısına (2.1.3 saylı risk meyarı) daxil edilmişdir. Vergi Məcəlləsi və digər qanunvericilik aktlarının tələbləri nəzərə alınaraq fəaliyyət sahələrinə uyğun obyekt qeydiyyata qoyulmuşdur. Qeyd edirlər ki, mikro sahibkar olaraq yeni fəaliyyətə başladıqları bir dövrdə müəssisələrinin riskli vergi ödəyicisi siyahısına salınması onların iqtisadi fəaliyyətlərinə və mebel sahəsində yeni formalaşan imiclərinə mənfi təsir göstərdi. Hesab edirlər ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərar tamamilə əsassız olduğundan ləğv edilməli və riskli vergi ödəyiciləri siyahısından çıxarılması təmin edilməlidir. Qeyd edirlər ki, riskli vergi ödəyicisi hesab edilmələri barədə qəbul edilmiş qərarda qeyd edilən əsaslar tərəflərindən aradan qaldırılmışdır. Lakin, bu kimi hallar vergi orqanı tərəfindən nəzərə alınmamış və riskli vergi ödəyicisi barədə qərar ləğv edilməmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13617/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş və İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən iddiaçının fəaliyyəti təhlil edilmişdir. Araşdırma zamanı vergi ödəyicisinin əsas fəaliyyət növünün “mebellərin topdan satışı” olaraq qeyd edildiyi müəyyən olunmuş, bu cür fəaliyyət növü obyektin olmasını tələb etsə də, təsərrüfat subyektinin (obyektinin) vergi orqanında qeydiyyata alınmadığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********172200 nömrəli “Təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınması haqqında” bildiriş-xəbərdarlıq göndərilmiş, təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınması üçün vergi orqanına müraciət etməsi bildirilmişdir. Vergi ödəyicisi tərəfindən bu məktublara hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla). Qeyd edilənləri nəzərə alaraq, həmin Meyarların 2.1.3-cü yarımbəndinə əsasən iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və barəsində xx.xx.2022-ci il tarixli **********177500 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilərək vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, iddiaçı inzibati orqana dəfələrlə ərizə ilə müraciət edərək müəssisənin əsas fəaliyyət növü (mebellərin topdan satışı) ilə qeydiyyatda olan təsərrüfat subyekti (satış ofisi) arasında uyğunsuzluq olmadığını, həmin ofisdə yalnız sifarişlərin götürüldüyünü, müəssisənin istehsal fəaliyyəti olmadığı üçün sifarişləri digər müəssisələrdən götürüb və həmin müəssisələr tərəfindən birbaşa alıcının ünvanına çatdırıldığını qeyd etsə də, cavabdeh tərəfindən qeyd olunan dəlillər nəzərə alınmayaraq müraciətin təmin edilməsindən imtina edilmişir. Qeyd olunanlara münasibətdə bildirmək istəyirik ki, məhkəmə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş bir sıra müqavilələr üzrə hər hansı tədqiqat aparmamışdır. Belə ki, həmin müqavilələr üzrə təqdim edilmiş elektron qaimə-fakturalardan görünür ki, 20 iyul 2022-ci il tarixli 16/22 nömrəli müqaviləyə əsasən "xxxx" MMC-yə 90,63 manat dəyərində “yumruboğaz qısaqol köynək”, 26 iyul 2022-ci il tarixli 16/22 nömrəli müqaviləyə əsasən "xxxx" MMC-yə 1504,03 manat dəyərində “polo qısaqol köynək”, 22 iyul 2022-ci il tarixli 17/22 nömrəli müqaviləyə əsasən "xxxx" MMC-yə 160 manat dəyərində “yağmurluq” təqdim etmiş, 09 sentyabr 2022-ci il tarixli 21/22 nömrəli müqaviləyə əsasən "xxxx" MMC-yə 3000,0 manat dəyərində “dizayn işlərinin görülməsi” üzrə xidmət göstərmişdir. Göründüyü kimi, iddiaçı özünün sahibkarlıq fəaliyyətinin yalnız “mebellərin topdan satışı” fəaliyyəti üzrə sifariş qəbul edib satışı təşkil etməkdən ibarət olduğunu bildirsə də, məhkəməyə təqdim etdiyi müqavilələr üzrə faktiki olaraq mebeldən əlavə müxtəlif geyim məhsulları üzrə satış həyata keçirdiyini, həmçinin dizayn xidməti göstərdiyini etiraf etmişdir. Lakin məhkəmə qeyd olunan məsələni ətraflı araşdırmamış, iddiaçının nümayəndəsinin məhkəmə iclasında qeyd etdiyi hallar üzrə qiymətləndirmə apararaq yanlış nəticəyə gəlmişdir. Halbuki, iddiaçı faktiki olaraq vergi orqanına bəyan etdiyi əsas və əlavə fəaliyyət növlərindən başqa, hər hansı mənbə göstərmədən müxtəlif geyimlərin satışı və dizayn xidməti göstərmişdir ki, bu da özlüyündə onun riskli əməliyyatlar həyata keçirməsini bir daha sübut edir. İddiaçının riskli vergi ödəyicisi hesab edilməsinə əsas olan “obyekt qeydiyyatının olmaması” ilə əlaqədar isə qeyd etmək istəyirik ki, xx.xx.2022-ci il tarixdə riskli vergi ödəyicisi hesab edildikdən qısa müddət sonra - xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən obyekt qeydiyyatı ilə bağlı ərizə ilə vergi orqanına müraciət edilmiş və ünvan 1 ünvanında yerləşən “satış ofisi” onun adına qeydiyyata alınmışdır. Lakin vergi orqanı tərəfindən baxış keçirilən zaman obyektin vergi ödəyicisinin əsas fəaliyyət növünün faktiki xarakterinə uyğun gəlmədiyi müəyyən edilmiş, bu səbəbdən riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır. Məhkəmə öz qərarında qeyd etmişdir ki, iddiaçı tərəfindən sonradan anbar sahəsinin icarəyə götürülməsi barədə müqavilə bağlanaraq vergi orqanına müraciət edilsə də, müxtəlif səbəblərdən müraciətin icrasından imtina edilmişdir. İddiaçı istehsal fəaliyyəti ilə məşğul olmadığını və bu səbəbdən satış ofisi qeydiyyata qoyduğunu bildirsə də, sözügedən obyektin ləğv edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə vergi orqanına ərizə ilə müraciət etmiş, həmin tarixdən obyekt ləğv edilmişdir. Nəzərə alsaq ki, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixdə qərar qəbul etmişdir, deməli həmin vaxt iddiaçının adına qeydiyyatda olan təsərrüfat subyekti mövcud olmamışdır. Bundan başqa, iddiaçı dəfələrlə istehsal fəaliyyəti ilə məşğul olmadığı üçün adına anbar qeydiyyata alınmasına zərurət olmadığı qeyd etsə də, sonradan müxtəlif tarixlərdə -xx.xx.2023-cü il, xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixlərdə vergi orqanına “anbar” qeydiyyatı ilə bağlı müraciətlər ünvanlamışdır. Lakin məhkəmə qeyd olunan məsələnin araşdırılması ilə bağlı iddiaçıdan hər hansı sübutlarına təqdim edilməsini tələb etməmiş, bu məsələni mübahisə predmetinə çevirməmişdir. Göründüyü kimi, iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi üçün kifayət qədər əsaslar olduğu halda, birinci instansiya məhkəməsi araşdırma aparmadan hər hansı risk meyarının mövcud olmadığı qənaətinə gəlmiş və iddia tələbini təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********177500 nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü yarımbəndinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur. Həmin Meyarların 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) meyarına cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Riskli vergi ödəyicisi siyahısından çıxarılmaması barədə” məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.13-cü müddəasına əsasən onun uçot-baza məlumatları araşdırılmışdır. Araşdırma zamanı tərəfindən təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı müəyyən olunmuşdur. Lakin, təsərrüfat subyektinə baxış keçirilən zaman, obyektin faktiki fəaliyyət növünə uyğun olmadığı aşkar edilmişdir. Eyni zamanda, fəaliyyət növünün “Mebellərin topdan satışı” olsa da, vergi orqanında qeydiyyatda olan anbarının olmadığı müəyyən edilmişdir. Odur ki, uçot baza məlumatları üzrə kənarlaşmalar aradan qaldırılmadığı üçün riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən həmçinin uçot baza məlumatları üzrə kənarlaşmaların aradan qaldırılmadığına istinad etmişdir ki, bu hallar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsi üçün əsas təşkil etməmiş, həmin qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraatın predmeti olmamışdır. Əgər cavabdeh həmin əsaslarda iddiaçının apardığı əməliyyatı riskli əməliyyatlara aid edirsə, onda, bununla bağlı yeni qərar qəbul etməlidir.” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apelyator tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. - 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. - 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: - 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; - 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; - 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); - 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; - 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; - 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; - 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; - 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur. - 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; - 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Hazırkı işin hallarından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli **********177500 nömrəli qərarı ilə iddiaçının Meyarların 2.1.3-cü bəndində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək Meyarların 2.1.3-cü bəndinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. İddiaçı həmin qərardan sonra cavabdeh inzibati orqana dəfələrlə ərizə ilə müraciət edərək müəssisənin əsas fəaliyyət növünün (mebellərin topdan satışı) ilə qeydiyyatda olan təsərrüfat obyekti (satış ofisi) arasında heç bir uyğunsuzluq olmadığını, müəssisənin topdan satış fəaliyyəti ilə məşğul olduğu üçün satış ofisində alıcıların sifarişlərinin götürüldüyünü və müəssisənin istehsal fəaliyyəti olmadığı üçün qeyd edilən sifarişlərin digər müəssisələrdən rəsmi şəkildə sifariş edilməsini və həmin müəssisələr tərəfindən birbaşa alıcının ünvanına çatdırılmasını bildirsə də, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Həmçinin, iddiaçı tərəfindən müraciəti təmin olunmadıqdan sonra anbar sahəsinin icarəyə götürülməsi barədə müqavilə bağlanılaraq vergi orqanına müraciət edilsə də, müxtəlif səbəblərdən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan təqdim edilmiş elektron qaimə-fakturalardan görünür ki, 20 iyul 2022-ci il tarixli 16/22 nömrəli müqaviləyə əsasən "xxxx" MMC-yə 90,63 manat dəyərində “yumruboğaz qısaqol köynək”, 26 iyul 2022-ci il tarixli 16/22 nömrəli müqaviləyə əsasən "xxxx" MMC-yə 1504,03 manat dəyərində “polo qısaqol köynək”, 22 iyul 2022-ci il tarixli 17/22 nömrəli müqaviləyə əsasən "xxxx" MMC-yə 160 manat dəyərində “yağmurluq” təqdim etmiş, 09 sentyabr 2022-ci il tarixli 21/22 nömrəli müqaviləyə əsasən "xxxx" MMCyə 3000,0 manat dəyərində “dizayn işlərinin görülməsi” üzrə xidmət göstərilmişdir. Göründüyü kimi, iddiaçı özünün sahibkarlıq fəaliyyətinin yalnız “mebellərin topdan satışı” fəaliyyəti üzrə sifariş qəbul edib satışı təşkil etməkdən ibarət olduğunu bildirsə də, təqdim edilmiş müqavilələr üzrə faktiki olaraq müxtəlif geyim məhsulları üzrə satış həyata keçirdiyini, həmçinin dizayn xidməti göstərdiyini etiraf etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilənlər işin birinci instansiya icraatı zamanı araşdırılmamışdır. Belə ki, iddiaçı faktiki olaraq vergi orqanına bəyan etdiyi əsas və əlavə fəaliyyət növlərindən başqa, hər hansı mənbə göstərmədən müxtəlif geyimlərin satışı və dizayn xidməti göstərmişdir ki, bu da özlüyündə onun riskli əməliyyatlar həyata keçirməsini bir daha sübut edir. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı ərizəsində istehsal fəaliyyəti ilə məşğul olmadığı üçün adına anbar qeydiyyata alınmasına zərurət olmadığını qeyd etsə də, sonradan müxtəlif tarixlərdə -xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə vergi orqanına “anbar” qeydiyyatı ilə bağlı müraciətlər ünvanlamışdır. Vergi orqanı isə yuxarıda qeyd olunan müraciətlərin tarixinə uyğun olaraq xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə vergi ödəyicisinə səbəbləri göstərilməklə obyekt qeydiyyatının mümkün olmaması barədə məlumat vermişdir. Lakin məhkəmə qeyd olunan məsələnin araşdırılması ilə bağlı iddiaçıdan hər hansı sübutların təqdim edilməsini tələb etməmiş, bu məsələni mübahisə predmetinə çevirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin cavab məktublarında qeyd olunan təsərrüfat subyektində boş sahənin olmaması, təqdim edilmiş icarə müqaviləsində adı qeyd olunan vergi ödəyicisi ilə ərizədə adı qeyd edilən vergi ödəyicilərinin fərqli olması, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinin tələblərinə uyğun olaraq notarial qaydada əqd bağlanmalı olduğunu vergi ödəyicisinə bildirməklə qeyd olunan nöqsanların aradan qaldırılmasından sonra yenidən müraciət edilməsini tövsiyə etmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi üçün kifayət qədər əsaslar olduğu halda, birinci instansiya məhkəməsi işin faktiki halların tam araşdırmamış, hər hansı risk meyarının mövcud olmadığı qənaətinə gəlmiş və əsassız olaraq iddia tələbini təmin etmişdir. Azərbaycan Respublikası İPM-nin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13617/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13617/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə (hazırda Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi) qarşı “İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar