Məhkəmə qərarları › İş №2-1(103)-1825/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1825/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1825/2023 02.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6852/2021 nömrəli 02 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 6 nömrəli bağ sahəsi (torpaq) üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4599/2020 nömrəli 12 noyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-854/2021 nömrəli 01 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4599/2020 nömrəli 12 noyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, inzibati iş həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-6852/2021 nömrəli 02 iyul 2021-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Suraxanı rayonu Hövsan qəsəbəsinin bağ massivində yerləşən Ədliyyə Nazirliyinin Bağçılıq və Yoldaşlıq Birliyi tərəfindən iddiaçıya həmin Nazirliyin işçisi kimi 6 sot bağ evi tikmək üçün 6 nömrəli bağ sahəsi ayrılmışdır. Həmin vaxtdan indiyə kimi bağ sahəsindən istifadə edir. O, işinin gərgin olması ilə əlaqədar ilkin dövrdə ayrılmış torpaq sahəsinə hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün müvafiq sənədləri (üzvlük vəsiqəsi və protokoldan çıxarış) toplayıb aidiyyəti üzrə müraciət etməmişdir. Bundan bir müddət sonra Bağçılıq və Yoldaşlıq Birliyinin sədri Rəşid Məmmədov qəfil vəfat etmiş və bu səbəbdən Birliyin bütün sənədləri və möhürü itmiş, daha sonra isə Bağçılıq-Yoldaşlıq Birliyi tamamilə ləğv olunmuşdur. Məhz bu səbəbdən iddiaçı torpaq sahəsinin ona təhkim olunması barədə protokoldan çıxarışı və üzvlük vəsiqəsini ala bilməmişdir. Bununla belə, Ədliyyə Nazirliyinin işçilərinin Hövsan qəsəbəsində yerləşən Bağçılıq və Yoldaşlıq Birliyində torpaq sahəsi verilən üzvlərinin rəsmi siyahısında iddiaçının da adı vardır və bu siyahı Daşınmaz Əmlakın Reyestr Xidmətinə Nazirlik tərəfindən rəsmi olaraq təqdim olunmuşdur. Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci ildə iddiaçıya verdiyi arayışda Ədliyyə Nazirliyinin Bağçılıq və Yoldaşlıq Birliyi nəzdində olan 6 saylı bağ sahəsinin ona verilməsi barədə məlumatların mövcudluğu qeyd edilmişdir. Lakin buna baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən müraciətinə əsasən həmin torpaq sahəsinə qeydiyyat sənədinin verilməsindən imtina edilmişdir. Ədliyyə Nazirliyinin işçisi kimi həmin Nazirliyin Bağçılıq və Yoldaşlıq Birliyi tərəfindən ona verilən torpaq sahəsindən həmin vaxtdan indiyə kimi, yəni 37 ildir istifadə edir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən sahəsi 0,06 ha olan 6 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qərarın ləğv edilməsini və iddia tələbinin dəqiqləşdirilmiş formada təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarında olan DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda bildirilir ki, İddiaçı “Ədliyyə Nazirliyi” bağçılıqyoldaşlıq birliyi nəzdində 6 nömrəli bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. Lakin İddiaçı “Ədliyyə Nazirliyi” bağçılıq-yoldaşlıq birliyi nəzdində bağ sahəsinin ayrılmasına dair hər hansı bir sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar edilməmişdir. İş materiallarında olan DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 6 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizənizə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, bağ sahəsinin Sizin adınıza daşınmaz əmlakın hüquqi qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsillərinin (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusun məktubu) təqdim edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət resestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yanında Bağçılıq və yoldaşçılığın sədri R.H.Məmmədov tərəfindən imzalanmış və möhürlənmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hövsan qəsəbəsində yerləşən Bağçılıq və yoldaşçılığın üzvlərinə ayrılmış torpaq sahəsinin sxemi”ndə 1-dən 71-dək bağ sahələri ümumi əks olunmuşdur. Sxemdə həmin torpaq sahələrinin məxsus olduğu şəxslər barədə məlumat verilməyib. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Ədliyyə nazirliyi bağçılıq yoldaşlıq birliyinə aid sənədlərdə olan Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, №20/396 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin işçilərinin 68 nəfər bağçılıq və yoldaşçılıq üzvlərinə Hövsan qəsəbəsində torpaq sahəsi ayrılmışdır. Həmin sənədlərə əlavə edilmiş 20 iyun 1987-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin işçilərinin Hövsan qəsəbəsində yerləşən bağçılıq və yoldaşçılıq üzvlərinin siyahısından görünür ki, İddiaçı adı 30-cu sırada qeyd edilmiş və ona verilmiş torpaq sahəsinin sıra nömrəsi 6-dır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, №20/396 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin işçilərinin 68 nəfər bağçılıq və yoldaşçılıq üzvlərinə Hövsan qəsəbəsində torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin işçilərinin Hövsan qəsəbəsində yerləşən bağçılıq və yoldaşçılıq üzvlərinin siyahısında İddiaçı adı 30-cu sırada qeyd edilmiş və ona verilmiş torpaq sahəsinin sıra nömrəsi 6-dır. DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan da görünür ki, İddiaçı “Ədliyyə Nazirliyi” bağçılıq-yoldaşlıq birliyi nəzdində 6 nömrəli bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. Məhkəmə iclasında qeyd olunan bağçılıq yoldaşlıq birliyinə dair arxiv qovluğunda saxlanılan sənədlərə (xx.xx.1987-ci il tarixli qərar, üzvlərin siyahısı və s.) baxış keçirilmişdir. Cavabdeh tərəfindən də qeyd olunan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin bağ sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Göstərilənlər həmin bağ sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən həqiqətən də iddiaçıya ayrıldığını təsdiq edir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bundan başqa, birinci instansiya məhkəməsi qərarda qeyd edir ki, iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi bağ sahəsinə aid toplanmış sənədlərdə uyğunsuzluq aşkar olunmuşdur, belə ki, cavabdeh tərəfindən təqdim edilmiş “20 iyun 1987-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin işçilərinin Hövsan qəsəbəsində yerləşən bağçılıq və yoldaşçılıq üzvlərinin siyahısı”na əsasən iddiaçıya 6 nömrəli, iddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan SSR Ədliyyə Nazilriyinin xx.xx.1989-cu il tarixli arayışa isə əsasən ona 5 nömrəli torpaq sahəsi ayrılmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bağçılıq yoldaşlıq birliyinə dair cavabdehin arxivində saxlanılan sənədlərdə olan bağçılıq və yoldaşçılıq üzvlərinin siyahısında iddiaçıya ayrılmış bağ sahəsinin nömrəsinin 6 olması öz təsdiqini tapır. Həmçinin iddiaçıya həmin bağ sahəsi naturada ayrılaraq verilmişdir və bugünədək iddiaçının istifadəsindədir. Belə olan halda arayışda bağ sahəsinin nömrəsinin 5 göstərilməsi bağ sahəsinin ayrılmasına dair sənədlərdə uyğunsuzluq hesab edilmir və bu, iddianın rədd edilməsi üçün əsas kimi çıxış edə bilməz. Eyni zamanda iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona 0,06 ha torpaq sahəsinin ayrıldığını bildirmişdir. Lakin iş materialları ilə iddiaçıya ayrılmış torpaq sahəsinin 0,06 ha olması öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında iddiaçı verdiyi izahatında isə bəzi şəxslərə ayrılmış torpaq sahəsinin 0,05 ha olmasına baxmayaraq, ədliyyə işçilərinə, o cümlədən ona ayrılmış torpaq sahəsinin 0,06 ha olduğunu bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən sahəsi 0,05 ha olan 6 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6852/2021 nömrəli 02 iyul 2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən sahəsi 0,05 ha olan 6 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar