Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1825/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-220/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə cizgi aktının verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nizami rayonu ərazisində sökülmüş və tikintisi dayandırmış ticarət obyekti barədə dövlətin başçısına, dövlət strukturlarının müvafiq orqanlarına çoxsaylı müraciətlər edərək huqularının bərpası xahiş olunmuşdur. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 434 nömrəli Sərəncamı ilə Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitan vətəndaş İddiaçı Şahhüseyn oğluna Bakı-Aeroport yolu ətrafında yeni tikilmiş məktəbin şimal hissəsində ticarət obyektinin tikilməsi üçün 120 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə cizginin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir.
3. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.
4. “X3” Şirkətinin nümayəndəsi iddia tələbinə münasibətdə ərizə təqdim edərək bildirmişdir ki, DƏDKR 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubunda sözügedən torpaq sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin ARDNŞ-nin (“X3” Şirkətinin) kontrakt ərazisi olduğu bildirilmişdir. AR DƏDK və RPHŞ-in 1 saylı Bakı Əİ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş koordinatlar üzrə torpaq sahəsinin Şirkətin saziş ərazisi hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək üçün Şirkətin Geodeziya şöbəsinə elektron sorğu göndərilmişdir. Geodeziya şöbəsindən sorğuya cavab olaraq sözügedən torpaq sahəsinin Şirkətin saziş ərazisi hüdudları daxilindən kənarda, 11 km uzaqlıqda yerləşməsi bildirilmişdir. Qeyd olunanlara əsasən “X3” Şirkətinin üçüncü şəxs qismindən çıxarılması xahiş olunmuşdur.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-220/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə “X3” Şirkətinin üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-220/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 434 nömrəli Sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə olunmuşdur.
7. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu və Torpaq Məcəlləsinin 59-cu maddələrinə əsasən 01 yanvar 2001 -ci il tarixdən fərdi və kooperativ mənzil, bağ evləri, qaraj tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün torpaq sahələrinin ayrılması bələdiyyələr vasitəsi ilə həyata keçirildiyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının 10.01,2002-ci il tarixli 7-12/7 saylı məktubunda bu sahələr üzrə (torpaq sahəsinin ayrılması və ya ayrilmış torpaq sahələrinə dair sərəncamlarda dəyişiklik edilməsi) yerli icra Hakimiyyətləri tərəfindən verilən sərəncamların qeyri-qanuni olduğu bildirilsə də, iddiaçıya ticarət obyektinin tikintisi üçün torpaq sahəsi Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarxli 434 saylı sərəncamı ilə ayrılmışdır ki, bu da mövcud qanunvericiliyə əsasən tam qanunsuzdur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanTnın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
10. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.
İŞİN HALLARİ:
12. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 434 nömrəli Sərəncamı ilə Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitan vətəndaş İddiaçı Şahhüseyn oğluna Bakı-Aeroport yolu ətrafında yeni tikilmiş məktəbin şimal hissəsində ticarət obyektinin tikilməsi üçün 120 kv.m torpaq sahəsi ayrılmışdır.
13. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59cu maddəsinə və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 dekabr 2000-cı il tarixli qanununa əsasən 01 yanvar 2001-ci il tarixdən etibarən Bakı şəhərində vətəndaşlara fərdi yaşayış, bağ evləri, fərdi və kooperativ qaraj, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün torpaq sahəsinin ayrılması rayon İcra Hakimiyyətlərinin səlahiyyətləri xaricindədir.
14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli, **********12 nömrəli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, torpaq sahəsi mövcud tikilinin divarları ilə sərhədlənib. Faktiki sahəsi 920.0 kv.m təşkil edir. Torpaq sahəsində birmərtəbəli qeyri-yaşayış tikilisi (ticarət obyekti) var. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisidir (Binəqədi Oyl). Həmçinin ərazinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Eyni zamanda bazada sözügedən sahənin qeydiyyat və üst-üstə düşmə halı ilə bağlı məlumat yoxdur.
TƏTBİQ EDİLƏN HÜQUQ:
15. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96 İİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüş): Maddə 14. Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; ... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; ... 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.
16. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür): Bənd 13. İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri ... q) torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.
17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli, 695-İQ nörəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan): Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.1. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
18. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında” Əsasnamə: Bənd 2.Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır. Bənd 3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir. Bənd 4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: -qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: -mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; -mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; -məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; -torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; -istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; -torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; -torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması. -Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi; Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
23. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
25. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
26. Belə ki, iş materiallarından müəyyən olur ki, Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 434 nömrəli Sərəncamı ilə Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitan vətəndaş İddiaçı Şahhüseyn oğluna Bakı- Aeroport yolu ətrafında yeni tikilmiş məktəbin şimal hissəsində ticarət obyektinin tikilməsi üçün 120 kv.m torpaq sahəsi ayrılmışdır.
27. Qeyd etmək lazımdır ki, Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004cü il tarixli, 434 nömrəli Sərəncamı ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir.
28. Yuxarıda qeyd olunan Sərəncamı əsas götürərək iddiaçı ona ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin (plan və ölçü sxeminin) hazırlanaraq ona verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Halbuki iddiaçıya torpaq ayrılması barədə müvafiq qərar qəbul edilənədək ayrılmış torpaq sahəsinin sərhədlərini yerində və xəritədə müəyyən etmək, buna dair plan və ölçüsünün hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış plan və ölçününün təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur.
29. İşin hallarından görünür ki, yerli icra hakimiyyətinin sərəncamı əsasında torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, həm sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi verilməmiş, ticarət obyektinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə sərəncam ilə birlikdə vətəndaşa təqdim edilməmişdir.
30. Məhkəmə kllegiyası bildirir ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaqayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaqayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə təsdiqlənmiş qaydada iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Sərəncama əlavə edilmiş müvafiq sənədlərin, o cümlədən hazırkı halda torpaq aktının və torpağın yerləşmə cizgisinin lazımi qaydada təsdiqlənməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun təqsirli davranışının nəticəsi kimi qiymətləndirilə bilməz.
31. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin ayrılması barədə sərəncam ləğv edilmədiyindən, geri çağrılmadığından, dəyişdirilmədiyindən və hal-hazırda öz hüquqi qüvvəsini saxladığından, faktiki olaraq həmin sərəncam əsasında ayrılan torpaq sahəsinə dair cizgi aktının verilməsi təmin olunmalıdır.
32. Cavabdeh apellyasiya şikayətində torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsinin onun səlahiyyətlərinə aid olmadığını, qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işlərinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirildiyini bildirmişdir.
33. Apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız sayan Kollegiya bildirir ki, istər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir.
34. Cizgidən fərqli olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaq sahəsinin planı və ölçüsünün təsvirinə əsasən, həmin sənəd ciddi hesabat sənədi olmaqla torpaq sahəsinə dair müfəssəl məlumatı özündə əks etdirir (torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri).
35. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 434 nömrəli Sərəncamı qüvvədə olduğundan, torpaq sahəsi hazırda Suraxanı rayonunun inzibati ərazisində yerləşdiyindən həmin sərəncama əsasən iddiaçıya ayrılmış torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyi cavabdehin vəzifəsidir.
36. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir.
37. Eyni zamanda analoji işlər üzrə kassasiya instansiyası məhkəməsinin formalaşmış mövqeyi torpaq sahəsinin ayrılması ilə bağlı aktın qəbul edilməsi zamanı yerli icra hakimiyyətinin həyata keçirməli olduğu vəzifələri və bu prosesin vətəndaşın xeyrinə tənzimlənməsi prinsiplərinə əsaslanır. Həmin qərarlara əsasən, yerli icra hakimiyyəti tərəfindən veriləcək yerləşmə cizgisinin təmin edilməsi, məhz həmin qurumun özünün məsuliyyətində və müvafiq səlahiyyətlər çərçivəsində olmalıdır. Bu zaman, yerli icra hakimiyyətinin bu vəzifəni yerinə yetirərkən qanunvericiliyə və müvafiq hüquqi normativ aktlara uyğun olaraq hərəkət etməsi vacibdir.
38. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)- 1577/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İş üzrə müəyyən olunur ki, iddiaçı məhz Bakı şəhər İcra Hakimiyyətinin 659 saylı 02 may 1994cü il tarixli Sərəncamı və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11 yanvar 1998-ci il tarixli 13 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X1 (iddiaçının mərhum əri) ayrılmış 600 kv.m torpaq sahəsinin cizgisinin təsdiq edilməsini xahiş etmişdir. İddiaçı öz tələbində hər hansı digər (o cümlədən zəbt olunmuş) sahəyə deyil, məhz sərəncama əsasən ona verilmiş torpaq sahəsinə dair cizginin təsdiq edilməsini tələb etdiyindən məhkəmələr iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişlər.”
39. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə almaqla, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
41. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
42. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
44. Bu səbəbdən də cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-220/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.