Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1826/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Ali Məhkəməsinə qarşı kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5516/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona vurulmuş maddi, mənəvi və fiziki ziyanla əlaqədar kompensasiya qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanaraq, hər üç cavabdehdən alınaraq ödənilməsi və əmək kitabçasında göstərilən iş stajının hesablanaraq DİO-da xidmət etmiş şəxs kimi pensiya hüquqlarının və rütbə dərəcəsinin bərpa edilməsi vəzifəsinin DİN-in üzərinə qoyulması, maddi, fiziki və mənəvi ziyana görə cavabdehlərdən ümumi 300.000 manat məbləğin alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.1983-cü il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətə azadlıqdan məhrum edilmiş və ona münasibətdə həmin Məcəllənin 23-1-ci maddəsi tətbiq edilmişdir. Sonradan şərti cəza həbslə əvəz olunmuş və o, Rusiya Federasiyasının müxtəlif islah əmək müəssisələrində cəzanı çəkib qurtarmışdır. Bundan sonra, Bakı şəhəri Yasamal rayon prokurorluğunun xx.xx.1991-ci il tarixli qərarı ilə onun barəsində cinayət işinin icraatına AR Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən onun hərəkətlərində (əməllərində) cinayət tərkibi olmadığından, xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadın əsaslarına görə, “İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı iddiasında üç tələb irəli sürür: iddiaçıya vurulmuş maddi, mənəvi və fiziki ziyanla əlaqədar cavabdehlərdən kompensasiyanın tutulması; əmək kitabçasında göstərilən iş stajının hesablanaraq pensiya hüququnun bərpa olunması; iddiaçının rütbə dərəcəsinin bərpa olunması. Nəzərə alınmalıdır ki, mövcud qanunvericilik inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılmasını mümkün sayır. Lakin hazırkı iş üzrə iddiaçı cavabdehlərin hərəkətlərini qanunsuz sayaraq, ona vurulmuş ziyanın ödənilməsini tələb etsə də, bu hərəkətləri cavabdehlər inzibati icraat çərçivəsində deyil, cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətə müvafiq olaraq həyata keçirmişlər (qərar qəbul etmişlər). Qanunvericilik təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı ayrıca məhkəmə aidiyyəti müəyyən etmişdir. Bu isə o deməkdir ki, iddiaçı ilə cavabdehlər arasında iddianın həmin (kompensasiyanın ödənilməsi) hissəsində inzibati mübahisə mövcud deyil. Nəzərə alınmalıdır ki, İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İddiaçının ikinci tələbi, yəni əmək kitabçasında göstərilən iş stajının hesablanaraq pensiya hüququnun bərpa olunması ilə bağlı məhkəmə qeyd edir ki, ona əmək pensiyasının təyin edilməsi hazırkı cavabdehlərin səlahiyyətlərində deyil. Hətta vaxtilə DİO-da xidmət etdiyi nəzərə alınaraq, iddia dəyişdirilməklə (İPM-in 13 və 54.1-ci maddələrinə əsasən) aidiyyəti quruma - yəni DSMF orqanına xüsusi rütbə daşımış şəxs kimi pensiya təyinatı üçün barəsində məlumat vərəqəsinin verilməsi məsələsinə də qaldırılacaq iddianın uğurluluğu və əsaslılığından asılı olmayaraq, hazırda baxıla bilməz. Çünki, bununla bağlı iddiaçı inzibati orqan AR Daxili İşlər Nazirliyinə müraciət etməmişdir. Odur ki, iddia ikinci hissədə də mümkün sayıla bilməz. İddiaçının üçüncü tələbinə gəldikdə isə, məhkəmə vurğulayır ki, iddiaçıya vaxtilə xidməti dövründə xüsusi rütbə verilmişdirsə, bu rütbənin bərpası onun işdən xaric olunma barədə əmrinin mübahisələndirilməsi ilə əlaqədardır. Həmin əmr isə, hazırda mübahisə predmeti deyil və onun mübahisələndirilməsi üzrə iddia müddəti də uzun illər buraxılmışdır. Bu səbəbdən, iddia həmin hissədə də mümkünsüz sayılır.” Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, məhkəmə qərardadında buna əsaslanır ki, iddiaçı təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün ayrıca məhkəmə aidiyyətinə müraciət etməmişdir. Lakin o, qərardadda göstərilən aidiyyət üzrə məhkəməyə müraciət etmək üçün lazım olan sənədlərin alınması üçün müraciət etsə də, cavabdeh orqanlar müraciətinə cavab verməyərək, lazımi sənədləri belə təqdim etməmişlər. Hesab edir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiası inzibati məhkəmədə baxılmalı və müvafiq qərar qəbul edilməlidir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, hər bir inzibati iddianın mümkün sayılması üçün birinci şərt mübahisənin inzibati məhkəmələrin səlahiyyətinə aid olmasıdır (İPM-2.1, 35.1). Lakin bu şərtə iddianın kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair hissədə iş üzrə əməl olunmur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 7.2-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. İddia digər tələblərə dair hissədə də mümkün sayılmamalıdır. Belə ki, İPM-in 37-ci maddəsi ilə yalnız bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilə biləcəyi qeyd olunmuş, bir iddia ilə bir neçə cavabdehə qarşı müxtəlif tələblərin yönəldilməsi bu qanunda nəzərdə tutulmamış, məsələnin praktiki əhəmiyyəti birdən çox cavabdehə qarşı qaldırılmış inzibati iddialarda tələblərin xronoloji ardıcıllığı və mübahisələrin həll növbəliliyindən irəli gəlmiş, bu da öz növbəsində hər bir inzibati orqana yönəlmiş tələbin ayrılıqda dəqiqləşdirilməsi və müstəqil qaydada həll edilməsi zərurəti ilə şərtlənmişdir. İPM-in 30-cu maddəsi anlamında da birgə cavabdehliklə bağlı qanunvericiliyin tələbləri iş üzrə yerinə yetirilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə, onun mübahisənin bilavasitə mahiyyəti ilə bağlı olan dəlillərinin müzakirəsinə zərurət görmədən, razılaşmır. Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bununla əlaqədar, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-35, 87.6). Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5516/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1826/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1826/2020
26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver