Məhkəmə qərarları › İş №2-1(103)-1826/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1826/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1826/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya borcunun tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4554/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və onun pensiyasının əvvəlki vəziyyətinə bərpa ediməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə “Vətəndaşların pensiya təyinatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş və həmin əmək pensiyası xx.xx.2006-cı il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanununun 12-ci maddəsi tətbiq edilməklə ödənişi davam etdirilir. Bundan başqa, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək aldığı orta aylıq əmək haqqı əsasında hesablanaraq ödənişi davam etdirilmişdir. Daha sonra cavabdeh orqan tərəfindən iddiaçının pensiyasının məbləği üzrə araşdırma aparılmışdır. Həmin araşdırma zamanı “İnzibati icraat haqqında” Qanunun normalarına uyğun olaraq maraqlı şəxsin dinlənilmək hüququ təmin edilmiş və iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh qurumda dinlənilmişdir. Bundan sonra iddiaçıya cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. Həmin məktuba nəzər yetirilən zaman məlum olmuşdur ki, cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Qərara əsasən xx.xx.1998-xx.xx.2000-ci il üzrə 1731.09 manat orta aylıq əmək haqqı əsasında iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2000-ci tarixdən 2753.33 manat müəyyən edilmişdir. Daha sonrakı indeksasiyalar nəzərə alınmaqla iddiaçının pesniyasının məbləği 3656.82 manata çatdırılmışdır. Bank hesabından çıxarışdan görünür ki, iddiaçı 2023-cü il fevral ayından etibarən noyabr ayına qədər 4648,64 manat məbləğində əmək pensiyası almışdır. Cavabdeh orqanın pensiyanın yenidən hesablanması, eləcə də ilkin təyinat zamanı düzgün hesablanmamanın səbəbi aşağıdakı kimi olmuşdur. İddiaçının xx.xx.1998ci il tarixdən xx.xx.2020-ci il tarixədək orta aylıq əmək haqqı 1731.09 manat olsa da, inzibati orqan tərəfindən 1781.46 manat orta aylıq əmək haqqı əsas götürülməklə pensiya hesablanaraq ödənilmişdir. Göründüyü kimi, cavabdeh orqan 51 manatlıq fərq əsasında iddiaçının pensiyasını birdən-birə 1000 manat azaltmışdır. xx.xx.2006-cı ildən 01.01 2023cü ilə qədər mövcud olmuş illik indeksasiya faizləri nəzərə alınsa belə 51 manat fərqə görə 1000 manat pensiyanın azaldılması heç bir məntiqə uyğun deyildir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıdan artıq ödənilmiş pensiya borcunun tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi və iddiaçıdan 2024-cü ilin fevral ayında tutulmuş 409 manat məbləğində vəsaitin iddiaçıya geri ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) 2-1(112)-4554/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əmək pensiyasından tutulmaların aparılmasına dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilmiş və 2024-cü ilin fevral ayında tutulmuş 409 (dörd yüz doqquz) manat məbləğində pulun qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmiş, iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş və 2024-cü ilin fevral ayında tutulmuş 409 manat məbləğində pulun qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə işin hüquqi mahiyyətini tam araşdırmadan qeyd etmişdir ki, artıq ödənilmiş məbləğin tutulmasına dair cavabdeh tərəfindən hər hansı qərar qəbul edilməmişdir, bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdir. Lakin iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasından 2024cü ilin fevral ayında 409 manat məbləğində pul tutulmuşdur. Məhkəmə nəzərə alır ki, pensiya təyin olunarkən vətəndaşın təqsirli hərəkətlərinin olduğu cavabdeh tərəfindən iddia edilmir. Pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən səhvə yol verilməsi nəticəsində müəyyən edilmiş artıq ödənilmə ilə əlaqədar 2024-cü ilin fevral ayında birtərəfli qaydada, iddiaçı aparılmış inzibati icraata cəlb edilmədən, iddiaçının razılığı olmadan pensiyadan tutulmanın aparılması qanunsuz hesab edilməlidir. Məhkəmə bu əsaslarla iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixinə kimi qüvvədə olmuş “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uyğun olaraq xx.xx.1986-cı il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.1992-ci il tarixində qüvvəyə minmiş və xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun tələblərinə əsasən və xx.xx.2006-cı il tarixində qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsi tətbiq edilməklə adıçəkilən şəxsin əmək pensiyasının ödənişi davam etdirilir. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli xidməti yoxlamasına əsasən iddiaçının əmək pensiyası aşağıdakı qaydada hesablanmışdır: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən İİ qrup əlillərə pensiyanın məbləği pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 50 faizi məbləğində hesablanır. İ və İİ qrup əlillərin yaşa görə, o cümlədən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb edilən iş stajı olduqda əlilliyə görə pensiya müvafiq iş stajına uyğun olaraq yaşa görə pensiyanın məbləğində təyin edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən kişilər 60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, qadınlar isə 55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda yaşa görə pensiya hüququna malikdir. Sözügedən Qanunun 71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Sözügedən Qanunun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. İddiaçının təqdim etdiyi Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin xx.xx.2007-ci il tarixli arayışına əsasən xx.xx.1998-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrlər üzrə orta aylıq əmək haqqının məbləği 1731,09 manat təşkil edir. İddiaçının sığorta stajı 30 il 10 ay olmaqla qanunla tələb edilən 25 il sığorta stajından çox olduğu üçün onun əmək pensiyası yaşa görə pensiya məbləğində hesablanmış, orta aylıq əmək haqqının 60 faizi və 5 il əlavə sığorta stajına uyğun olaraq hər tam il üçün orta aylıq əmək haqqının iki faizi qədər artırılaraq (10 faiz) orta aylıq əmək haqqının 70 faizi nəzərə alınmışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. Qeyd olunan maddənin tələbinə əsasən iddiaçının əmək pensiyasının məbləği həmin dövr üzrə orta aylıq əməkhaqqının 3 mislindən artıq ola bilməz. Vətəndaşın 1998-2000-ci illər üzrə 1731,08 manat orta aylıq əmək haqqı qanunla tələb olunan orta aylıq əmək haqqının üçqat məbləğindən (36 manat) çox olduğu üçün xx.xx.2000-ci il tarixdə əmək pensiyasının məbləği Qanunun 78-ci maddəsinə əsasən müəyyən edilən orta aylıq əmək haqqı əsasında hesablanmışdır: 36x70%=25,20 manat xx.xx.2003-cü il tarixdə orta aylıq əmək haqqının məbləği 85.000 manat müəyyən edildiyindən həmin dövr üzrə orta aylıq əmək haqqının 3 misli 255.000 manat təşkil etmişdir (cari məzənnə: 255.000:5.000=51 manat). Həmin tarixdən vətəndaşın əmək pensiyası 35,70 manat hesablanmışdır (51x70%=35,70 manat). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 26.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Sözügedən maddəyə əsasən vətəndaşın 35,70 manat pensiyasından 25 manat baza hissə çıxıldıqdan sonra yerdə qalan 10,70 manat sığorta hissə hesab edilir. İddiaçının əmək pensiyasının məbləği illər üzrə indeksləşərək hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 3.188,16 manat müəyyən edilib. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 3.656,82 manata, xx.xx.2024-cü il tarixindən 4.066,38 manata çatdırılmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktuba əsasən, aparılan araşdırma zamanı əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Xidməti araşdırma zamanı müəyyən olmuşdur ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixində onun əmək pensiyası xx.xx.1998-xx.xx.2000-ci il tarixi üzrə 1731,09 manat orta aylıq əmək haqqı əsasında hesablanmalı olduğu halda, xx.xx.1998xx.xx.2000-ci il tarixi üzrə (əmək müqaviləsinə xx.xx.2000-ci il tarixində xitam verilməsinə baxmayaraq) 1781,46 manat orta aylıq əmək haqqı nəzərə alınaraq yenidən hesablanmışdır. Eyni zamanda iddiaçının pensiyasının yenidən hesablanması zamanı xx.xx.2006-cı il tarixinədək pensiya təyin olunması üçün tətbiq olunmuş orta aylıq əmək haqqı məhdudiyyəti məbləği (51 manat) çıxılmamışdır. Bu səbəbdən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əlilliyə görə əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci və 21.2-ci maddələrinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixdə dəvət məktubu göndərilmiş və xx.xx.2023cü il tarixində cavabdeh quruma gəlməyi və ya yazılı qaydada öz mülahizələrini təqdim etməyi xahiş olunmuşdur. Qeyd olunan tarixdə o, Dövlət Sosial Müdafiə Fondunda qəbulda olub. İddiaçıya ona pensiya təyin olunması üçün tətbiq olunmuş orta aylıq əmək haqqının düzgün müəyyən edilmədiyi və məhdudiyyət məbləği nəzərə alınmadığı və bu səbəbdən də ona təyin olunmuş pensiya üzrə artıqödəmə müəyyən edildiyi bildirilmişdir. Daha sonra iddiaçıya qanunvericiliyin bununla bağlı tələbləri və bu tələblərlə bağlı hansı tədbirlərin görüləcəyi ətraflı izah edilmişdir. Daha sonra, maraqlı şəxsin qeyd olunanlarla bağlı mülahizələri dinlənilmişdir. İddiaçının iştirakı ilə inzibati icraatın yuxarıdakı qaydada aparılmasını xx.xx.2023-cü il tarixli akt da təsdiq edir. Nəticədə inzibati orqan tərəfindən iddiaçının özünün iştirakı ilə inzibati icraat aparılmış və xx.xx.2023-cü il tarixli inzibati qərar qəbul olunmuşdur. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.1998xx.xx.2000-ci il tarixi üzrə 1731,09 manat orta aylıq əmək haqqı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2020-ci il tarixdən (artıq ödəmənin aşkar edildiyi tarixdən 3 il əvvələ) 2753,33 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 3067,21 manata, xx.xx.2022-ci il tarixdən 3171,50 manata çatdırılmışdır. Məhkəmənin qərarında, iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş və 2024-cü ilin fevral ayında tutulmuş 409 manat məbləğində pulun qaytarılması öhdəliyi cavabdehin üzərinə qoymuş olsa belə, iddiaçının əmək pensiyasından tutulma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı yarımbəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr əvəzləşdirilir. Əlavə olaraq, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı artıq ödəmə müəyyən edildiyindən indeksləşdirilmə ilə əlaqədar yanvar ayı üzrə ödənilməmiş fərq məbləği (409,56 manat) Nazirlər Kabinetinin sözügedən qərarı ilə təsdiq edilmiş qaydalara əsasən artıq ödəmə məbləği ilə əvəzləşdirilmişdir. Lakin məhkəmə sözügedən qərarında əvəzləşdirməyə tutulma kimi qiymət verərək, yanlış nəticəyə gəlmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 000***** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 24-cü maddəsinə əsasən Sizə xx.xx.2000-ci il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyanızın ödənişi davam etdirilir. Xidməti araşdırma zamanı müəyyən olmuşdur ki, Azərbaycan Respublikası 1 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(81)-989/2015 nömrəli qərarına əsasən xx.xx.2022-ci il tarixində əmək pensiyanız xx.xx.1998-xx.xx.2000-ci il tarixi üzrə 1731,09 manat orta aylıq əmək haqqı əsasında hesablanmalı olduğu halda, xx.xx.1998-xx.xx.2000ci il tarixi üzrə (əmək müqavilənizə xx.xx.2000-ci il tarixində xitam verilməsinə baxmayaraq) 1781,46 manat orta aylıq əmək haqqı nəzərə alınaraq yenidən hesablanmışdır. Eyni zamanda pensiyanızın yenidən hesablanması zamanı xx.xx.2006-cı il tarixinədək pensiya təyin olunması üçün tətbiq olunmuş orta aylıq əməkhaqqı məhdudiyyəti məbləği (51 manat) çıxılmamışdır. Bu səbəbdən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək əlilliyə görə əmək pensiyası üzrə artıqödəmə müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, Sizə vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün xx.xx.2023-cü il tarixində dəvət məktubu göndərilmiş və xx.xx.2023-cü il tarixində saat 11:55-də Bakı şəhəri, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 (Qəbul şöbəsinə) gəlməyiniz və ya yazılı qaydada öz mülahizələrinizi təqdim etməyiniz xahiş olunmuşdur. Yuxarıda qeyd olunan tarixdə Siz Dövlət Sosial Müdafiə Fondunda qəbulda olmusunuz. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.1998-xx.xx.2000-ci il tarixi üzrə 1731,09 manat orta aylıq əmək haqqı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanmış və xx.xx.2020-ci il tarixindən (artıq ödəmənin aşkar edildiyi tarixdən 3 il əvvələ) 2753,33 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 3067,21 manata, xx.xx.2022-ci il tarixindən 3171,50 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən Qanunun 26.4-cü maddəsinə əsasən 3188,16 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 3656,82 manata çatdırılmışdır (sonuncu yenidən hesablanmalara əsasən). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək İddiaçı əmək pensiyasının məbləğində 31831,36 manat artıq ödəmə aşkar edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2025-ci il tarixli sorğuya baxılmışdır. İddiaçı xx.xx.1992ci il tarixinə kimi qüvvədə olmuş “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uyğun olaraq xx.xx.1986-cı il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.1992-ci il tarixində qüvvəyə minmiş və xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun tələblərinə əsasən və xx.xx.2006-cı il tarixində qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə adıçəkilən şəxsin əmək pensiyasının ödənişi davam etdirilir. Məlumat üçün bildiririk ki, Mərkəzi Filialın xx.xx.2023cü il tarixli xidməti yoxlamasına əsasən iddiaçının əmək pensiyası aşağıdakı qaydada hesablanmışdır: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən İİ qrup əlillərə pensiyanın məbləği pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 50 faizi məbləğində hesablanır. İ və İİ qrup əlillərin yaşa görə, o cümlədən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb edilən iş stajı olduqda əlilliyə görə pensiya müvafiq iş stajına uyğun olaraq yaşa görə pensiyanın məbləğində təyin edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən kişilər 60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, qadınlar isə 55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda yaşa görə pensiya hüququna malikdir. Sözügedən Qanunun 71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Sözügedən Qanunun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. İddiaçı təqdim etdiyi Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin xx.xx.2007-ci il tarixli arayışına əsasən xx.xx.1998-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrlər üzrə orta aylıq əməkhaqqının məbləği 1731,09 manat təşkil edir. İddiaçının sığorta stajı 30 il 10 ay olmaqla qanunla tələb edilən 25 il sığorta stajından çox olduğu üçün onun əmək pensiyası yaşa görə pensiya məbləğində hesablanmış, orta aylıq əmək haqqının 60 faizi və 5 il əlavə sığorta stajına uyğun olaraq hər tam il üçün orta aylıq əmək haqqının iki faizi qədər artırılaraq (10 faiz) orta aylıq əmək haqqının 70 faizi nəzərə alınmışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. Qeyd olunan maddənin tələbinə əsasən iddiaçının əmək pensiyasının məbləği həmin dövr üzrə orta aylıq əməkhaqqının 3 mislindən artıq ola bilməz (cari məzənnə: 180.000:5.000=36 manat). Vətəndaşın 1998-2000-ci illər üzrə 1731,08 manat orta aylıq əmək haqqı qanunla tələb olunan orta aylıq əmək haqqının üçqat məbləğindən (36 manat) çox olduğu üçün xx.xx.2000- ci il tarixdə əmək pensiyasının məbləği Qanunun 78-ci maddəsinə əsasən müəyyən edilən orta aylıq əmək haqqı əsasında hesablanmışdır: 36x70%=25,20 manat. xx.xx.2003-cü il tarixində orta aylıq əmək haqqının məbləği 85.000 manat müəyyən edildiyindən həmin dövr üzrə orta aylıq əmək haqqının 3 misli 255.000 manat təşkil etmişdir (cari məzənnə: 255.000:5.000=51 manat). Həmin tarixdən vətəndaşın əmək pensiyası 35,70 manat hesablanmışdır (51x70%=35,70 manat). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 26.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Sözügedən maddəyə əsasən vətəndaşın 35,70 manat pensiyasından 25 manat baza hissə çıxıldıqdan sonra yerdə qalan 10,70 manat sığorta hissə hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 3.188,16 manat müəyyən edilib. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 3.656,82 manata, xx.xx.2024-cü il tarixindən 4.066,38 manata, xx.xx.2025-ci il tarixindən 4395.76 manata çatdırılmışdır. Xidməti araşdırma zamanı müəyyən olmuşdur ki, 1 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(81)-989/2015 nömrəli qərarının icrası zamanı xx.xx.2022-ci il tarixində iddiaçının əmək pensiyası xx.xx.1998-xx.xx.2000-ci il tarixi üzrə 1731,09 manat orta aylıq əmək haqqı əsasında hesablanmalı olduğu halda, həmin illər üzrə 1781,46 manat orta aylıq əmək haqqı nəzərə alınaraq yenidən hesablanmışdır. Eyni zamanda adıçəkilən şəxsin xx.xx.2008-ci il tarixində əmək pensiyasının yenidən hesablanması zamanı pensiya təyin olunması üçün tətbiq olunmuş orta aylıq əməkhaqqı məhdudiyyəti məbləği (51 manat) azaldılmamışdır. Bu səbəbdən Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə Qanunun 39.1-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək iddiaçının əmək pensiyasının məbləğində artıq ödəmə aşkar edilmişdir (Vətəndaşın razılığı olmadığından əmək pensiyasından tutulma aparılmır). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Cavabdeh tərəfindən iddiaçıya məxsus pensiya işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir və hazırda da ödənişi davam etdirilir. Lakin cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək iddiaçının əmək pensiyasının məbləğində 31.831,36 manat artıq ödəmə hesablanmışdır. Cavabdeh bunu onunla əsaslandırmışdır ki, iddiaçının əmək pensiyası xx.xx.1998-xx.xx.2000-ci il tarixi üzrə 1731,09 manat orta aylıq əmək haqqı əsasında hesablanmalı olduğu halda, xx.xx.1998-xx.xx.2000-ci il tarixi üzrə 1781,46 manat orta aylıq əmək haqqı nəzərə alınaraq yenidən hesablanmışdır, eyni zamanda iddiaçının pensiyasının yenidən hesablanması zamanı xx.xx.2006-cı il tarixinədək pensiya təyin olunması üçün tətbiq olunmuş orta aylıq əmək haqqı məhdudiyyəti məbləği (51 manat) çıxılmamışdır. Cavabdehin iddiaçının razılığı olmadığından əmək pensiyasından tutulmanın aparılmadığını bildirir. Lakin eyni zamanda cavabdehin bildirdiyinə görə iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı artıq ödəmə müəyyən edildiyindən indeksləşdirilmə ilə əlaqədar yanvar ayı üzrə ödənilməmiş fərq məbləği (409,56 manat) artıq ödəmə məbləği ilə əvəzləşdirilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ödənilməli olan məbləğin ona ödənilməyərək artıq hesablandığı hesab edilən məbləğlə əvəzləşdirilməklə büdcəyə bərpa edilməsi dolayısı ilə artıq hesablanan məbləğin tutulmasına yönəlmiş hərəkətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulmasını əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə cavabdeh tərəfindən iddiaçının əmək pensiyası məbləğinin geri qaytarılması üçün iddiaçının razılığı alınmamış, eyni zamanda bununla əlaqədar cavabdeh tərəfindən məhkəməyə də müraciət edilməmiş və məhkəmə qərarı da mövcud deyildir. Artıq ödənildiyi iddia edilən pensiya məbləğinin cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada, yəni iddiaçının razılığı ilə və ya məhkəmə qaydasında tutulduğu iş materiallar ilə öz təsdiqini tapmır. Göründüyü kimi, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün qanunvericilikdə iki mühüm şərt müəyyən edilmişdir: 1.Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir. 2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Lakin “Əmək pensiyaları haqqında” Qanunun qeyd edilən tələblərinə uyğun olaraq cavabdeh artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamış, hazırkı halda əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv təyin edilməsi (hesablanması) belə, ondan ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəməyə təqdim edilmiş sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində (hesablanması) iddiaçının təqsirli olması barədə, əmək pensiyasının səhv hesablanmasında iddiaçının hər hansı müdaxiləsinin mövcud olması barədə heç bir qeyd edilməmişdir, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir və bu hal cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Beləliklə, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyildirsə və iddiaçı etimadın qanunla qorunması hüququna malikdirsə, inzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddiaçıdan pul məbləğinin geri tələb edilməsini istisna edir. İddiaçıdan asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv hesablanması zamanı bu, ondan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Göründüyü kimi inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə və ya səhv hesablansa belə, məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4554/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar