Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1827/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, vəkil X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh AR İN yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-2499/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 11 fevral 2020-ci il tarixli **********6700 saylı qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin onun barəsində İİ rüb 2018-ci il vergi dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi hesablamasına dair 18.02.2020-ci il tarixli **********492500 saylı “Vergi hesablanması” barədə qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunmuş “18.02.2020-ci il tarixli, **********492500 saylı” sözlərinin “18.02.2019-ci il tarixli, **********492500 saylı” sözləri ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 24 noyabr 2020-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi, əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-2499/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2499/2021 saylı iş üzrə 20.04.2021-ci il tarixli qərarının ləğv edilməsi və İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyünə dair tələblərə riayət edilməmişdir. Belə ki, mübahisələndirilən 18.02.2019-cu il tarixli **********492500 nömrəli qərar həmin tarixdə vergi ödəyicisinə elektron qaydada təqdim edilmişdir. İddiaçı ilə vergi orqanı arasında 07.11.2014-cü il tarixdə “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanmışdır. İddiaçı iddia ərizəsində mübahisələndirilən qərardan xəbərdar olmadığını, yalnız vergi orqanına müraciət edərək kod, parol, şifrə əldə etdikdən sonra 24.11.2020-ci il tarixdə 18.02.2019-cü il tarixli **********492500 nömrəli qərarla tanış olduğunu bildirmişdir. Lakin, iddiaçının vergi orqanında olan iş qovluğunun araşdırılması zamanı məlum olur ki, iddiaçı 13.10.2020-ci il tarixdən başlayaraq dəfələrlə vergi orqanna müraciət edərək, hazırda mübahisələndirilən qərarın ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının 13.10.2020-ci il tarixli müraciət məktubuna Dövlət Vergi Xidmətində baxılaraq, araşdırma zamanı şikayətin verilməsi müddətinin buraxıldığı, müddətin buraxılmasının səbəbinin üzrlü olması ilə bağlı Dövlət Vergi Xidmətinə heç bir təsdiqedicı sənədin təqdim edilmədiyi barədə 20.10.2020-ci il tarixli **********928300 nömrəli məktub göndərilmişdir. Qeyd olunanlardan aydın olur ki, iddia ərizəsində qeyd edildiyi kimi iddiaçının mübahisələndirilən qərarla 24.11.2020-ci il tarixdə tanış olması həqiqəti əks etdirmir. Göründüyü kimi, iddiaçı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdən iki ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət edərək, qanunvericilikdə müəyyən edilmiş prosessual müddəti ötürmüş, birinici instansiya məhkəməsi isə əsassız olaraq iddianı mümkün saymışdır. Eyni zamanda, aparılmış araşdırmalar nəticəsində vergi ödəyicisi tərəfindən ünvan 1 ünvanda ümumi sahəsi 1798,40 kv.m. olan binanın 2018-ci ilin 2-ci rübündə fərdi yaşayış binası kimi təməlqoyma işlərinə başlamasına baxmayaraq, aparılmış müşahidə zamanı həmin binanın ümumi istifadə üçün nəzərdə tutulmuş yaşayış binası olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən, vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 16.01,2019-cu il tarixli **********677400 saylı uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən cari vergi bəyannaməsi və ya müvafiq sənədlər təqdim edilməklə ətraflı izahat məktubu vergi orqanına təqdim edilmədiyindən 18.02.2019-cu il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci ilin 2-ci rübü üzrə 123.822,00 manat analoji qaydada vergi məbləği hesablanmış və hesablama ilə bağlı vergi ödəyicisinə 18.02.2019-cu il tarixli qərar göndərilmişdir. binanın eskiz layihəsinə əsasən, tikilinin hər mərtəbəsində 4 mənzil olmaqla ümumilikdə binada 20 mənzil mövcuddur. İddiaçının fərdi yaşayış məqsədləri üçün 20 ədəd mənzil tikməsi isə ağlabatan deyildir və bu hal həmin binanın fərdi yaşayış məqsədi üçün tikilməsi ehtimalını istisna edir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2499/2021 saylı iş üzrə 20.04.2021-ci il tarixli qərarının ləğv edilməsi və İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-2499/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-2499/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu maddəsində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Baxılan iş mübahisələndirmə haqqında iddialara aiddir. İnzibati Prosessual Məcəllənin 8.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarında olan Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” 18.02.2019-cu il tarixli **********492500 saylı qərarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış araşdırma zamanı “Bina tikinti fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi” növü üzrə 2018-ci ilin İİ rübü üzrə iddiaçıya Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən 123.822,00 manat məbləğində Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında 07.11.2014-cü il tarixdə Elektron sənəd mübadiləsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 4.1.7-ci bəndinə əsasən vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan çıxarışa əsasən müəyyən olunur ki, **********492500 saylı, 18.02.2019-cu il tarixli qərar 18.02.2019-cu il tarixdə saat 18:12:38-də iddiaçıya elektron qaydada göndərilmiş, 24.11.2020-ci il tarixdə saat 12:01:10-da iddiaçı tərəfindən oxunmuşdur. İddiaçı 05.11.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual qanunvericiliyin tələblərini pozmaqla icraatına qəbul etdiyi iddia ərizəsi üzrə çıxardığı qərar qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də həmin qərar ləğv edilməklə iddia qeyrimümkün hesab edilməlidir. Belə ki, vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan çıxarışa əsasən mübahisələndirilən qərar 18.02.2019-cu il tarixdə iddiaçıya göndərilmişdir. Tərəflər arasında bağlanmış elektron sənəd mübadiləsi haqqında müqaviləyə əsasən həmin tarixdən 3 gün keçdikdən sonra sənəd iddiaçıya təqdim edilmiş sayılır. Eyni zamanda AR Vergi Məcəlləsinin 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 70.2 müvafiq olaraq vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1.3-cü maddəsinə görə, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır (bu müddəa 22 dekabr 2018-ci il tarixtqdə qanuni qüvvəsini almışdır). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Ona görə də, baxılan mübahisələndirmə haqqında iddiaya dair ərizə inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəmə təqdim olunmadığından iddia mümkün sayıla bilməzdi, lakin, 1-ci instansiya məhkəməsi məhkəməsinin qərarında bu məsələ ilə bağlı hər hansı araşdırma aparılmamışdır, ona görə də həmin məhkəmə tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. AR İPM-nin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 87, 89-90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdeh AR İN yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-2499/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh AR İN yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ““Vergilərin hesablanması barədə” 18.02.2019-cu il tarixli **********492500 saylı qərarının ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1827/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1827/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver