Məhkəmə qərarları › İş №2-1(103)-1827/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1827/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1827/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı “əmək pensiyası məbləğinin düzgün təyin edilməsi və ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)- 2393/2017 nömrəli qərarı ilə yekunlaşmış iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(82)-2393/2017 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona xx.xx.2007ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və xx.xx.2012-ci il tarixdən yaşa görə əmək pensiyasının məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 10.2-ci bəndinə və 27-ci maddəsinin xx.xx.2006-cı il tarixdə qüvvədə olan tələblərinə əsasən (52 yaşdan, 2004- 2005-ci il tarixdən bu günə qədər təyin olunaraq ona ödənilən əmək pensiyasının məbləğinin yenidən hesablanması zamanı yaranacaq məbləğ fərqinin birdəfəyə ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-2393/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan apelyasiya şikayəti verilməmişdir. Məhkəmə qərarı qanuni qüvvəyə mindiyi üçün xx.xx.2017-ci il tarixdə icra edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə göndərilmiş və Şöbənin xx.xx.2017-ci il tarixli, 11/03-722 nömrəli məktubunda məhkəmə qərarının icra edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-2393/2017 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, pensiya işində və “Pensiyaçının uçot vərəqi”ndə olan sənədlərə əsasən məlum olmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1955-ci il təvəllüdlü İddiaçı adından yazılmış və imza olunmuş xx.xx.2012-ci il tarixli pensiya təyinatı barədə ərizəsi Fondun keçmiş Bakı şəhəri Xəzər rayon şöbəsində eyni tarixdə qeydiyyata alınmaqla həmin şöbənin Pensiya təyin edən komissiyasının xx.xx.2012ci il tarixli 359 №-li qərarı ilə xx.xx.2012-ci il tarixdən 57 yaşının tamam olduğu gündən Qanunun 9.1-ci maddəsinin şərtlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına (Güzəştli siyahı) istinad etməklə və “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin möhürü ilə təsdiq edilmiş "Sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumatı (2 nömrəli əlavə) və xx.xx.2012-ci il tarixli 28 №-li arayışı, Əzizbəyov rayon Hərbi Komissarlığının arayışı, xx.xx.2006-cı ilədək hesablanmış 33 il sosial sığorta stajı nəzərə alınmaqla İddiaçı 153,85 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, həmçinin şöbənin 31.01,2013-cü il tarixli sərəncamı ilə qanunvericiliyə uyğun olaraq 01 yanvar 2006-ci il tarixdən xx.xx.2012-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı üzrə hesablanmış 58,85 manat sığorta hissəsi nəzərə alınmaqla İddiaçı pensiyasının aylıq məbləği xx.xx.2012-ci ildən 212,70 manata çatdırılmış, xx.xx.2012-ci il tarixdən ödənişinə başlanılmışdır. Müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və baza hissəsinə artımlar nəzərə alınmaqla əmək pensiyasının aylıq məbləği qanunvericiliyə uyğun olaraq xx.xx.2013-cü il tarixdən 214,11 manat, xx.xx.2013-cü il tarixdən 229,11 manat, 01.01,2014cü il tarixdən 232,21 manat, 01.01,2015-ci il tarixdən 234,06 manat, 01.01,2016-ci il tarixdən 239,42 manat, 01,02.2016-cı il tarixdən 249,42 manat, xx.xx.2017-ci il tarixdən 266,71 manat təşkil etmiş və ödənilmişdir. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin müvafiq qurumu tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri zamanı X3 ofisindən və ya mənzilindən götürülmüş maddi sübutlar və dəlillər arasında kağız daşıyıcıda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin şöbəyə göndərilmiş məktubunun əsli və İddiaçı adına verilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının əsli aşkar edilmişdir. Araşdırma zamanı aşkar edilmişdir ki, İddiaçı pensiyasının məbləğinin artırılması ilə əlaqədar məhkəmə işlərinə pensiya təyinatından 5 il sonra, 2017-ci ildə başlanılmışdır. Belə ki, vətəndaşın “Pensiyaçının uçot vərəqi”nə tikilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)2393/2017 nömrəli qərarında qeyd olunanlardan məlum olmuşdur ki, İddiaçı cavabdeh Fondun Xəzər rayon şöbəsinə (bundan sonra-şöbə) qarşı iddia ərizəsi ilə ona “xx.xx.2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyası məbləğinin Qanunun 10-cu maddəsinin 10.2 bəndinə və 27-ci maddəsinin xx.xx.2006-cı il tarixdə qüvvədə olan tələblərinə əsasən (52 yaşdan, 2004-2005-ci illərin əmək haqqı və iş stajı nəzərə alınmaqla) yenidən hesablanması və xx.xx.2012-ci il tarixdən bu günə qədər təyin olunaraq ona ödənilən əmək pensiyasının məbləğinin yenidən hesablanması zamanı yaranacaq məbləğ fərqinin ona ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Fondun Xəzər rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2012-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş, onun əmək pensiyası almaq hüququ xx.xx.2007-ci il tarixdən yarandığı halda, təyinat aparılarkən xx.xx.2010-cu il tarixdən Qanuna edilmiş dəyişikliyin tələbləri ona münasibətdə tətbiq edilmiş, bununla da Qanunun xx.xx.2006-cı il tarixdə qüvvədə olan 10-cu maddəsinin 10.2 bəndindəki və 27-ci maddəsindəki hüquqları pozulmuşdur. Bununla əlaqədar ona pensiya təyin olunduqda və sonradan dəfələrlə şöbəyə müraciət etsə də, onlardan müsbət cavab ala bilməmişdir. Sonuncu dəfə xx.xx.2017-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək onun pensiyasının yuxarıda qeyd olunan iddia tələbinə əsasən yenidən hesablanmasını və yaranacaq məbləğ fərqinin ona ödənilməsinə dair göstəriş verilməsini bildirmişdir. Lakin şöbənin vətəndaşa ünvanlanmış xx.xx.2017-ci il tarixli 11/03- 410 №-li cavab məktubunda ona xx.xx.2012-ci il tarixdən Qanunun 9-cu maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunduğu qeyd olunmuşdur. İddiaçının pensiyasının məbləği mövcud qanunvericiliyə əsasən düzgün təyin edildiyindən iddiaçının ərizəsi təmin edilməmişdir. İddiaçı həmin imtinanı mübahisələndirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, uçot vərəqinə tikilmiş sənədlərin araşdırılması ilə məlum olmuşdur ki, İddiaçı adından yazılmış və imza edilməmiş xx.xx.2017-ci il tarixli ərizədə onun pensiyasının 52 yaşdan əmək haqqı əsasında haqq-hesab edilərək yaranacaq məbləğ fərqinin nəzərə alınmaqla ödənilməsinə razılıq verilməsi xahiş edilmiş, həmin ərizəyə xx.xx.2017-ci il tarixdə şöbə müdiri tərəfindən dərkənar qoyulmuş, lakin ərizə xx.xx.2017-ci il tarixdə şöbədə rəsmi qeydiyyata daxilolma ştampı vurulmaqla 248/02 №-si ilə alınmışdır. Şöbənin vətəndaşa ünvanladığı xx.xx.2017-ci il tarixli 11/03-410 №-li cavab məktubunda isə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 №li Siyahı üzrə kişilər 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş kişilər 57 yaşına çatdıqda, azı 25 iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğu və xx.xx.2012-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunduğu, bu səbəbdən 52 yaşdan həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən pensiyasının yenidən hesablanmasının mümkün olmadığı barədə məlumat verilmişdir. A.X5 rayon şöbəsinə qarşı qaldırdığı iddiası 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli (İş № 2-1(82)-2393/2017) qəbul etdiyi qərarı ilə təmin edilmişdir. Şöbə tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı xeyrinə qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərarına qarşı apelyasiya şikayəti verilməmişdir. "Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin möhürü və səlahiyyətli şəxslərinin imzası ilə təsdiq edilməklə təqdim olunmuş və pensiya işinə tikilmiş məlumat (2 nömrəli əlavə), habelə müvafiq idarənin möhürü ilə təsdiq edilmiş və “Pensiyaçının uçot vərəqi”nə əlavə olunmuş seriya nömrəsi olmayan əmək kitabçasının surətinə və SOCAR**********00070020B00087 №-li əmrin surətinə əsasən İddiaçı xx.xx.1972- 26.11,1973-cü il dövr ərzində Neft Sənayesi Nazirliyi X1 Xəzərneftdonanma idarəsinin Abşeron rayon idarəsinin Artyom adası təmir quraşdırma sexində elektrik qaynaqçısının şagirdi (1972), elektrik qaynaqçısı (1972-1973), xx.xx.1973-xx.xx.1974-cü il və xx.xx.1976xx.xx.1978-ci il dövr ərzində “Azərdəniznefttikinti" trestinin 6 №-li Tikinti Quraşdırma İdarəsində 2 və 3-cü dərəcəli əl ilə elektrik qaynaqçısı, xx.xx.1978-xx.xx.1979-cü il dövr ərzində Xəzər dəniz gəmiçiliyində 3-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1979-xx.xx.1981ci il dövr ərzində Qum adası dəniz qazma işləri idarəsində 3 və 4-cü dərəcəli elektrik qaynaqçı, xx.xx.1981-ci ildən xx.xx.2019 tarixədək “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sexlərində elektrik qaz qaynaqçısı (1981-1997), quyuların istismara hazırlanması və xidməti üzrə operator (1997-1999), quyuların əsaslı təmiri sexində təmirçi-çilingər (1999- 2001), quyuların yeraltı təmiri sexində operator (2001-2009), quyuların əsaslı təmiri sexində qazmaçı köməkçisi (2009- 2019) peşələrində çalışmışdır. Əzizbəyov rayon Hərbi Komissarlığı tərəfindən verilmiş və pensiya işinə tikilmiş 24.11,2009-cu il tarixli 4/358 №-li arayışında, habelə əmək kitabçasının surətində qeyd olunanlara əsasən İddiaçı xx.xx.1974xx.xx.1976-cı il dövr ərzində hərbi xidmətdə olmuşdur. Fondun Xəzər rayon şöbəsinə təqdim olunması üçün İddiaçı adına “Azneft” İstehsalat Birliyinin “Abşeronneft" Neft və Qazçıxarma idarəsi tərəfindən xx.xx.2012-ci il tarixli 28 №-li tərtib edilmiş və pensiya işinə tikilmiş (izahedici) arayışında İddiaçı xx.xx.1981-ci ildən 01,06.1997-ci ilədək "Abşeronneft” NQÇİ-nin QƏTS-də elektrik qaz qaynaqçısı, xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək “Abşeronneft” NQÇİ-nin QƏTS-də quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator, xx.xx.2001-ci ildən xx.xx.2009-cu ilədək "Abşeronneft” NQÇİ-nin QYTS-də quyuların yeraltı təmiri üzrə operator işlədiyi, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajının 24 il 14 gün olduğu, yuxarıda göstərilən peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin “Neft, qaz və qaz kondensatının hasilatı” 10.2 bölməsinə aid olduğu qeyd edilmişdir. Lakin həmin arayışda zərərli şəraitin ağırlıq dərəcəsi, istehsalat sahəsinin xarakteristikası barədə zəruri izahatlar verilməmişdir. Vətəndaşın xx.xx.1997-ci ilədək işlədiyi elektrik qaynaqçısı peşəsi Güzəştli siyahının 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilmiş, bu bölməyə istehsalatlar deyil, yalnız peşələr salınmışdır. Güzəştli siyahının 10.2 bölməsində “elektrik qaz qaynaqçısı” peşəsi nəzərdə tutulmadığı halda vətəndaşın işlədiyi müəssisə tərəfindən onun adına əsassız müvafiq arayış tərtib edilmişdir. Bununla belə, araşdırma ilə müəyyən edilmişdir ki, İddiaçı işlədiyi peşələrin Nazirlər Kabinetinin vaxtilə qüvvədə olmuş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda və Güzəştli siyahıda göstərilmiş xüsusilə zərərli və xüsusilə ağır işlərdəki peşələrə uyğunluğu barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində əsaslı sənədlər alınmadan, ağır və zərərli işlərdə işləməsi barədə zəruri tədqiqat işləri, habelə iddiaçının işlədiyi peşələrin 1 №-li və Güzəştli siyahılar üzrə hər hansı peşələrə uyğun hesab edilməsi üçün heç bir əsaslandırma və hüquqi mübahisələndirmə aparılmadan (əsaslı hüquqverici sənədlərlə sübuta yetirilmədən) iddia tələbi xeyrinə təmin edilməklə İddiaçı pensiya işi barədə qeyd edilən qərar qəbul olunmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən edilmiş “İşin araşdırılması prinsipi”nin pozulması ehtimal olunur. Həmin maddədə nəzərdə tutulmuşdur ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, habelə, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutlar toplamağa borcludur. Məhkəmə, tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmçinin, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə görə məhkəmə natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Beləliklə, araşdırma nəticəsində qüvvədə olan qanunvericiliyə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna 52 yaşından malik olmadığı, məhkəmə qərarında vətəndaşın güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi və peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında (qüvvədə olan), habelə Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 və ya 2 №-li Siyahılarında qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) (hazırda qüvvədə olmayan) uyğunluğunun əsaslandırılmadığı, vətəndaşın işlədiyi peşəsinin qüvvədə olmuş 2 №-li siyahı və Güzəştli siyahı üzrə 57 yaşından əmək pensiyası hüququ olduğu halda qüvvədə olan normativ hüquqi aktların tələblərinə zidd olaraq ümumi mülahizələr əsasında 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə müvafiq məhkəmə qərarlarının qəbul edilməsinə nail olunması müəyyən edilmişdir. Göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti ötən dövrlərdən təyin edilməklə və yenidən hesablanmaqla vətəndaşa təyin edilmiş əmək pensiyasının aylıq miqdarının yüksək məbləğə çatdırılması və ötən dövrlərdən yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Qeyd olunanlarla yanaşı, İddiaçı əmək kitabçasında qeyd olunmuş və təyinat zamanı nəzərə alınmış iş stajlarının və hesablanma zamanı əsas götürülmüş əmək haqlarının düzgünlüyünün ilkin sənədlərlə qarşılıqlı yoxlanılması həm şöbə, həm də məhkəmə tərəfindən bu işdə maraqlı olan şəxslərə görə təmin edilməmiş, pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmış 2004-2005-ci illərin əmək haqlarına görə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə Fondun müvafiq qurumlarından zəruri arayışlar alınmamışdır. Bununla belə, pensiyanın təyin edilməsi və yenidən hesablanması barədə qərarın rəsmiləşdirildiyi 2017-ci il tarixədək İddiaçı 10 il əvvəl, yəni 2007-ci ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Mövcud sənədlərə əsasən müəyyən olunmuşdur ki, məhkəmələrdə proses vətəndaşın xeyrinə başa çatdıqdan sonra İddiaçı yaşa görə təyin olunmuş əmək pensiyasının məbləği Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə bəndi üzrə yenidən hesablanmışdır. Belə ki, şöbənin xx.xx.2007-ci il tarixli sərəncamı ilə xx.xx.2007-ci il tarixdən 415,49 manat məbləğində müəyyən olunmuş pensiyanın aylıq məbləği pensiyanın baza hissəsi artırılmaqla və müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə, həmçinin uçot vərəqində qeyd edilməklə xx.xx.2008-ci il tarixdən 486,53 manat, 01,09.2008-ci il tarixdən 501,53 manat, xx.xx.2009-cu il tarixdən 590,25 manat, xx.xx.2010-cu il tarixdən 597,98 manat, xx.xx.2010-cu il tarixdən 607,88 manat, xx.xx.2011 -ci il tarixdən 637,79 manat, 01.01,2012-ci il tarixdən 681,46 manat, 01.01,2013cü il tarixdən 688,02 manat, 01,09.2013-cu il tarixdən 703,02 manat, xx.xx.2014-cü il tarixdən 717,49 manat, 01.01,2015-ci il tarixdən 726,13 manat, xx.xx.2016-cı il tarixdən 751,18 manat, xx.xx.2016-cı il tarixdən 761,18 manat, xx.xx.2017-ci il tarixdən 841,93 manat olmaqla 2017-ci ilin iyul ayından ödənişə başlanılmışdır. Əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirdiyi üçün Qanunun 37.3.1-ci maddəsinin qüvvədə olan tələblərinə əsasən 6 illik pensiya kapitalı nəzərə alınmaqla İddiaçı şöbəyə təqdim etdiyi xx.xx.2017-ci il tarixli ərizəsinə baxılaraq xx.xx.2017-ci il tarixdən pensiyasının məbləği yenidən hesablanmaqla 1246,06 manata çatdırılmış və 01.11 2017-ci il tarixdən ödənişi artırılmış məbləğlə davam etdirilmiş, pensiyanın məbləği sığorta hissənin indeksləşdirilməsi nəticəsində xx.xx.2018-ci il tarixdən 1317,09 manat, xx.xx.2019-cu il tarixdən 1356,60 manat, xx.xx.2019-cu il tarixli ərizəsi nəzərə alınmaqla fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına uyğun olaraq xx.xx.2019-cu il tarixdən işdən azad olunduğuna görə pensiyasının məbləği yenidən hesablanaraq şöbənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə vətəndaşın pensiyasının məbləğinin hesablanmasında yol verilmiş nöqsan aradan qaldırılmaqla onun aylıq pensiya məbləği xx.xx.2017-ci il tarixdən 1202,26 manat, xx.xx.2018-ci il tarixdən 1270,79 manat, xx.xx.2019-cu il tarixdən 1308,92 manat, xx.xx.2019-cu il tarixdən 1325,40 manat müəyyən edilmiş və vətəndaşın plastik kart hesabına köçürülmüşdür. Sonuncu pensiya məbləği isə avtomatlaşdırılmış qaydada indeksləşdirilməklə xx.xx.2020-ci il tarixdən 1545,42 manat məbləğinə çatdırılmış və xx.xx.2020-ci il tarixədək ödənilmişdir. Artıq ödənilmiş vəsaitin cəmi 300,0 manatının pensiyadan tutularaq bərpası şöbə tərəfindən təmin olunmuşdur. Göstərilənlərlə yanaşı, xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilədək olan dövr üzrə 65037,16 manat (ötən dövrlər üçün) fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğindən 2017-ci ilin iyul ayında 5000,0 manat, avqust ayında 5000,0 manat, sentyabr ayında 5000,0 manat, oktyabr ayında 5000,0 manat, noyabr ayında 8000,0 manat, 2018-ci ilin yanvar ayında 9000,0 manat, fevral ayında 5000,0 manat, mart ayında 7000,0 manat, aprel ayında 8000,0 manat məbləğlər birdəfəlik, xx.xx.2018-xx.xx.2018-ci il aralığı üzrə 7 ay ərzində aylıq məbləğ civarında cəmi 8037,16 manat vəsait aylıq pensiyanın üzərinə əlavə olunmaqla vətəndaşın plastik kart hesabına köçürülmüşdür. Ümumilikdə, təyin olunduğu tarixdən və məhkəmə qərarına əsasən xx.xx.2007-ci il tarixdən yenidən hesablanma ilə 01,09.2012-ci il tarixdən başlanılmaqla pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixədək vətəndaşın plastik kart hesabına faktiki köçürülmüş cəmi məbləğ 133444,42 manat təşkil etmişdir. Ehtimal olunur ki, pensiya alınması üçün istifadə olunan plastik kart müəyyən müddət ərzində İddiaçı özündə olmamış, eyni zamanda həmin plastik kart hesabına köçürülmüş külli miqdarda pul vəsaiti bu işdə maraqlı olmuş şəxslər tərəfindən mənimsənilmişdir. Vətəndaşın əmək pensiyası hüququnun müəyyən edilməsi üçün təqdim etdiyi zəruri sənədlərin, o cümlədən əmək kitabçasına əsasən əmək fəaliyyətinin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, onun faktiki ümumi sosial sığorta stajı xx.xx.2006-cı il tarixədək 33 il təşkil etmiş, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə xüsusi iş stajına (12 il 6 ay) malik olmuşdur. Qeyd olunanlar nəzərə alındıqda Qanunun 9.1-ci maddəsinə əsasən vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşından xx.xx.2012-ci il tarixdən yaranır. Vətəndaşın 22.06 2012-ci il tarixə faktiki mövcud olan sosial sığorta stajına və fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına əsasən aylıq pensiyası müvafiq dövrlər üzrə baza hissəsinin artırılması və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi nəzərə alınmaqla xx.xx.2012-ci il tarixdən 212,70 manat, xx.xx.2013-cü il tarixdən 214,11 manat, 01,09.2013cü il tarixdən 229,11 manat, 01.01,2014-cü il tarixdən 232,21 manat, xx.xx.2015-ci il tarixdən 234,06 manat, 01.01,2016-cı il tarixdən 239,42 manat, xx.xx.2016-cı il tarixdən 249,42 manat, xx.xx.2017- ci il tarixdən 226,74 manat, xx.xx.2018-ci il tarixdən 239,66 manat, əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirdiyi üçün şöbəyə ərizə ilə müraciəti və Qanunun 37.3.1-ci maddəsinin şərtləri nəzərə alınmaqla 6 illik pensiya kapitalı əsasında xx.xx.2018-ci il tarixdən pensiyasının aylıq məbləği yenidən hesablanmaqla 443,97 manat, həmin il üzrə indeksləşdirmə nəzərə alındıqda xx.xx.2019-cu il tarixdən 457,29 manat, xx.xx.2019-cu il tarixdən işdən azad olunduğuna görə xx.xx.2018xx.xx.2019-cu il dövr ərzində toplanmış pensiya kapitalı üzrə pensiyasının aylıq məbləği yenidən hesablanmaqla 492,02 manat və indeksləşdirmə nəzərə alındıqda xx.xx.2020-ci ildən 573,71 manat təşkil etməlidir. Göründüyü kimi, xx.xx.2020-ci il tarixi vəziyyətinə vətəndaşın pensiyasının aylıq məbləğinin 573,71 manata qarşı 1545,42 (2,7 dəfə, 971,71 manat artıq fərqlə) manatla təyin olunması və ödənilməsinə yol verilmişdir. Araşdırma ilə əlaqədar İddiaçı təyin olunmuş əmək pensiyasının ödənişi 01.11 2020-ci il tarixdən dayandırılmışdır. Həmin hesablamalar və dəqiqləşdirmələr nəzərə alınmaqla xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə İddiaçı qanunvericiliklə cəmi hesablanaraq ödənilməli pensiya məbləği 29476,52 manat təşkil edəcəkdir. Beləliklə, xx.xx.2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda məhkəmə qərarı nəzərə alınmaqla orta aylıq əməkhaqqı əsasında Fondun keçmiş Xəzər rayon şöbəsinin müvafiq sərəncamı ilə İddiaçı aylıq əmək pensiyasının yüksək məbləğə çatdırılmasına və xx.xx.2020-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 103 967,90 manat (133444,42-29476,52) təşkil etmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasına dair 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-2393/2017 nömrəli qərarın ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(82)-2393/2017 saylı qərardadı ilə ərizə mümkün hesab edilməmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardaddan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində yeni açılmış hallarla bağlı ərizəsində göstərdiyi dəlilləri qeyd edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və yeni açılmış hallarla bağlı ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı iddiaçının vəkili X4 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iş üzrə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2017-ci il tarixdə cavabdehə göndərilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində istinad etdiyi hallar barəsində həmin qərarları əldə edən zaman məlumatlı olsa da yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni qanunvericiliklə nəzərdə tutulmuş 3 ay müddəti ötürməklə məhkəməyə təqdim etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növüdür. Bu icraat növü apelyasiya və kassasiya qaydasında işə baxılmasından mahiyyəti üzrə fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının fərqli, lakin bir-biri ilə əlaqəli olan dörd əsasını müəyyən etmişdir: - məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; - həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinad edərək qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini güdür. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində “res judicata” (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır. Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinə gəldikdə isə qeyd edilməlidir ki, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu təminat əksər hallarda yalnız məhkəmə müdafiəsi yolu ilə həyata keçirilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(82)-2393/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar