Məhkəmə qərarları › İş №2-1(103)-1827/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1827/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1827/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12692/2023 saylı 20 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs "xxxx" MTK-dan ünvan 3 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 8-ci binasında, 8-ci blok, 7-ci mərtəbə 4 №-li 2 otaqlı, dəyəri 122295 manat olan mənzili almışdır. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı mənzilin dəyərini tam şəkildə MTK-nın hesabına ödəmişdir. İddiaçı həmin qaydalara əsasən əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli elektron ərizə ilə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli qərarla əlavə dəyər vergisinin qaytarılmasından imtina edilmişdir. Qərarda qeyd edilmişdir ki, “...Qaydaların 5.1.2-ci bəndinə əsasən fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir”. Həmin qərardan narazı qalan İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 8-ci binasında 8-ci blok, 7-ci mərtəbə 4 №-li 2 otaqlı mənzilə görə ona qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı Şərifzadə filialı) ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, qaydalar üzrə ƏDV məbləğinin geri qaytarılması birbaşa Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin öhdəliyidir. MTK bildirir ki, ƏDV daxil 122295 manat məbləğin 18655,16 manat ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi Dövlət Vergi Xidmətinə ödənilmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Fərman xx.xx.2022-ci il tarixdə qəbul edilsə də, portalın istifadəyə verilməsi xx.xx.2022-ci il tarixdə mümkün olmuşdur. Ona görə də, müraciət etmək üçün müddətlər xx.xx.2022-ci il tarixdən nəzərə alınır. İddiaçı isə həmin vaxtdan Qaydalarda nəzərdə tutulmuş 90 günlük müddəti ötürmüşdür. İddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12692/2023 saylı 20 dekabr 2023-cü il tarixli qərarı ilə iddianın rədd olunması qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödəməlidir.” tələbi formal tələbdir. İnzibati İcraat haqqında Qanunun 15.1-ci maddəsinə görə “Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz ” və məhkəmə İnzibati İcraat qanunvericiliyini, həmçinin iddiaçı olaraq mənim təqsirim ucbatından olmamaqla, mənim iradəmdən asılı olmaması barədə məhkəmə qərarında qənatə gəlmişdir. Lakin Qaydaların 5.1-ci bəndinə istinad etməklə, qaydalarda müəyyən edilmiş xüsusi müddətin buraxılması qeyd edilmişdir. Həmin müddəti buraxmadığını məhkəmə iclas zalında sübut etməyinə baxmayaraq, məhkəmə iddiasını rədd etmişdir. Bu hissədə məhkəmə qəran tam araşdırma aparılmadığı üçün ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, Qaydanın 5.1-ci bəndinə əsasən “Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir.” "xxxx" MTK ilə xx.xx.2022-ci il tarixdə 0541 saylı Payçı müqaviləsi bağlanılmış və bu müqavilə üzrə ƏDVnin yekun məbləği daxil olmaqla, tam ödənişi nağdsız ödənilmişdir. Daha sonra "xxxx" MTK ilə bağlanmış Payçı müqaviləsi və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə” ilə xx.xx.2023-cü il tarixidə müraciət etmişdir, lakin cavabdehdən imtina qərarı almışdır. Cavabdehin imtina qərarından da görünür ki, onun 90 (doxsan) günü ötürməyi formal standart şərt qaydasında yazılmışdır, yəni müvafiq qaydada cavabdehə müraciət müddətini ötürməmişdır. Baxmayaraq ki, mənzili xx.xx.2022-ci il tarixdə almış, həmin tarixlərdə elektron kabinet yaradaraq, cavabdehə müraciət etmək texniki cəhətdən mümkünsüz idi. Guya cavabdehin xx.xx.2022-ci il tarixində HÖP sisteminə qoşulmaqla, onun elektron kabinet yaradaraq, elektron qaimə ilə müraciət imkanlarını cavabdehin təşkil etməsini ancaq və ancaq nümayəndəsi məhkəmə iclas zalında şifahi qaydada bildirmişdir. Yazılı surətdə isə hər hansı bir sübutlar təqdim edə bilməmişdir. Çünki əsl həqiqətdə HÖP sisteminə formal qoşulma xx.xx.2022-ci il tarixdə olmasına baxmayaraq, 2023-cü ilin mart ayının sonunadək bu HÖP sisteminə cavabdeh tərəfindən yaşayış binaları və mənzillər barədə texniki məlumatlar daxil edilə bilinməmiş, o səbəbdən də MTK elektron qaimə yaza bilmədiyi kimi o da elektron hesabını aktivləşdirə bilməmişdir. Buna sübut kimi qonşunun “AVANT Park” Yaşayış kompleksinə yazılı müraciətinə baxılması haqqında cavab məktubudur, (qoşmada surəti əlavə edilir) xx.xx.2023-cü il tarixli müraciətə cavabdeh tərəfindən cavab olaraq bildirilmişdir ki, “problemlə bağlı araşdırma aparılmış və texniki nasazlıq aradan qaldırılmışdır” bu HÖP sistemi üzrə texniki nasazlıq və qoşulma imkanlarının olmaması barədə cavabdeh tərəfindən yazılı etirafdır. Bu kimi hallar olduğu halda onun cavabdehə 90(doxsan) gün ərzində müraciəti, xx.xx.2022-cü il tarixdən deyil, sistemdə texniki nasazlıqların aradan qaldırıldığı xx.xx.2023-cü il tarixindən etibarən 90 (doxsan) gün müddəti nəzərə alınmalıdır. Əks halda ƏDV-nin yekun dəyəri bağladığı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə ödənildiyini nəzərə alaraq, xüsusi müraciət müddətinin xx.xx.2023-cü il tarixində bitdiyini və ötürüldüyü qeyd olunmalı olduğu halda məhkəmə qərarı texniki nasazlıq və mümkünsüzlük baxımından həmin müddəti nədənsə növbəti texniki imkansız dövrdən, yəni xx.xx.2022-ci il tarixdən hesablamışdır. Əgər HÖP sisteminə bağlantı formal olsa da, texniki nasazlıqlar xx.xx.2023-cü il tarixədək davam etmişdirsə, həmin müddətin buraxılması da xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bu əsaslarda o cavabdehə xüsusi 90 günlük müraciət müddətini ötürməmiş xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək nəinki o, "xxxx" MTK, həmçinin digər MTK-larda ƏDVnin geri alınması məqsədləri üçün HÖP sistemindən istifadə edə bilməmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, onun tərəfindən yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bu da “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasının 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. İddiaçı şikayətində Qaydaların bu bəndini formal tələb hesab etsə də, qanunvericiliyə əsaslanan əsas heç bir halda formal tələb kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişləri həyata keçirməlidirlər. Yəni, yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının ("xxxx" MTK-nın) bank hesabına, ƏDV məbləğini isə satıcının ("xxxx" MTK-nın) ƏDV depozit hesabına ödəməli olduğu halda, lakin iddiaçı tərəfindən yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Qeyd etmək zəruridir ki, eyni əsaslı anoloji iş üzrə vergi orqanının xeyrinə qəbul olunmuş bir sıra qərarlar mövcuddur. Bu qəbildən olan işlərdən biri üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-689/2024 nömrəli qərarı etiraza əlavə edilmişdir. Həmçinin fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması barədə Vergi Məcəlləsinin 165.6-cı maddəsi xx.xx.2020-ci ildən qüvvəyə minmiş, bu barədə Qayda Prezidentin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş, iddiaçı mənzilin ödənişini xx.xx.2022-ci il tarixdə ödəmiş, ƏDV-nin qaytarılması ilə bağlı portal xx.xx.2022-ci il tarixdən istifadəyə verilmiş, iddiaçı ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə xx.xx.2023cü il tarixdə müraciət etmişdir. Qaydaların 5.1-ci bəndinə əsasən qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq müraciət edilməsi nəzərdə tutulsa da, cavabdehin də bildirdiyi kimi, müraciət edilməsi ilə bağlı portal xx.xx.2022-ci il tarixdən istifadəyə verilmişdir. Ona görə də, 90 günlük müraciət müddəti də portalın istifadəyə verildiyi vaxtdan hesablanmalıdır. Lakin iddiaçı xx.xx.2023-cü il tarixdə müraciət edərək, 90 günlük müddəti ötürmüşdür. Bununla yanaşı, şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********275700 nömrəli müraciətlə bağlı vergi orqanı ilə olan yazışmaların hazırki işin halları ilə hər hansı əlaqəsi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən qəbul edilmiş qərar tam əsaslı və qanuni olduğundan qüvvədə saxlanılmalıdır. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir, iddiaçının bu iddianı qaldırmaqda subyektiv hüququ vardır, iddianı qaldırmamışdan öncə inzibati orqana həmin tələblə müraciət etmiş, imtina almış və bundan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də ödənildiyi üçün iddia mümkün iddiadır. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “ünvan 3 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 8-ci binasında 8-ci blok, 7-ci mərtəbə 4 №-li 2 otaqlı mənzilə görə ona qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı Şərifzadə filialı) ötürülməsi” barədədir. İddiaçı bu müraciətlə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbini təmin etməmişdir. Bundan narazı qaldığı üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası “xx.xx.2023-cü il tarixdə müraciət edərək 90 günlük müddəti ötürməsi”nə istinad edilərək məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 165.6-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması” Şərtləri və Qaydasının: 1.2-ci bəndinə əsasən bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3-cü bəndinə əsasən ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2-ci bəndinə əsasən alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3-cü bəndinə əsasən satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; - 2.0.4-cü bəndinə əsasən operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1.1-ci bəndinə əsasən Operator bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1-ci bəndinə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDVnin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3-cü bəndinə əsasən Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 5.4.-cü bəndinə əsasən Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5-ci bəndinə əsasən elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7-ci bəndinə əsasən müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8.-ci bəndinə əsasən Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-cı bəndinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. İddiaçı cavabdeh inzibati orqana aldığı mənzillə bağlı ödədiyi pulun 30% həcmində ƏDV-nin məbləğinin ona geri qaytarılmasına dair xx.xx.2023-cü il tarixli elektron ərizə ilə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli qərarla əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Bu imtinadan narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddətinin- 90 gün müddətinin ötürülməsi və bu müddətin bərpasının mümkünsüz olduğu səbəbindən rədd edilmişdir. Məhkəmənin hüquqi mövqeyi ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası işin mübahisəli hallarını yenidən araşdırmışdır. Həmin araşdırma çərçivəsində məhkəmə kollegiyasının verdiyi müvafiq sorğulara cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, qeyd olunan tarix aralıqlarında nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün Dövlət Vergi Xidməti tərəfindən yaradılmış portal istifadəyə verilmiş, faktiki olaraq fəaliyyət göstərmişdir. Bununla əlaqədar olaraq həmin tarix aralıqlarında müraciət etmiş və inzibati icraatı aparılmış fiziki şəxslərin siyahısı təqdim olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtlərilə Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı portal hazırlanaraq 21 noyabr 2022-ci tarixindən istifadəyə verilmişdir. Portal üzrə log məlumatları DVX-nin məlumat bazasında son 6 aylıq tarix aralığında saxlanılır. Bundan əlavə, oxşar işlər üzrə məhkəmə kollegiyasının verdiyi sorğulara cavab olaraq cavabdeh qurumun xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdu ki, ayrı-ayrı vətəndaşların əldə etdikləri daşınmaz əmlaklarla bağlı ƏDV-nin geri qaytarılması barədə müxtəlif tarixlərdə etdikləri müraciətlər cavabdeh qurum tərəfindən təsdiq olunmuşdur. Məsələn: xx.xx.2022-ci il tarixdə aparılmış alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 65784 manata görə ƏDV məbləğinin bir hissəsinin geri qaytarılması ilə bağlı vergi orqanına xx.xx.2022-ci il tarixdə edilmiş müraciət elə həmin tarixdə “ƏDV qaytarmaq ərizəsinin təsdiqi barədə” Bildiriş verilməklə təsdiq olunmuşdur; xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 73093 manata görə ƏDV məbləğinin bir hissəsinin geri qaytarılması ilə bağlı vergi orqanına xx.xx.2022-ci il tarixdə edilmiş müraciət elə həmin tarixdə “ƏDV qaytarmaq ərizəsinin təsdiqi barədə” Bildiriş verilməklə təsdiq olunmuşdur. Cavabdehin oxşar iş üzrə 25 oktyabr 2024-cü il tarixli 3-21-2-2/2-16355/2024 saylı “Məlumatın təqdim edilməsi haqqında” sorğuya cavab məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan hal üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “yaşayış və qeyri yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılıb-qaytarılmaması barədə” müraciətlərə baxılması məqsədilə vətəndaşlar üçün yaradılmış elektron portal Xidmətin bütün strukturları üzrə vahid bir sistemdir, belə ki, ayrı-ayrı vergi orqanları tərəfindən portalın yaradılması və istifadəyə verilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, X5 vergi orqanına edilmiş müraciətinə baxılmış və sorğuda qeyd olunan sənədlərin təqdim olunubolunmaması mübahisələndirilməmiş, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydalarda nəzərdə tutulmuş 90 (doxsan) günlük müraciət müddətini ötürdüyü üçün əlavə dəyər vergisinin qaytarılmasından imtina edilmişdir. Odur ki, vətəndaş tərəfindən edilmiş həmin müraciətə elektron-qaimə faktura məlumatları və əlavə dəyər vergisinin "xxxx" MMC-nin depozit hesabına ödənilməsinə dair sənədlər təqdim edilməmiş və müvafiq olaraq vergi orqanı tərəfindən qeyd olunan sənədlərin təqdim edilməsi tələb edilməmişdir. Həmçinin, vətəndaşların müraciət etməsi üçün nəzərdə tutulan elektron portalın xx.xx.2022-ci il tarixindən istifadəyə verilməsi, bu barədə ictimaiyyətə məlumat verilməsi və portalın qeyd olunan tarixdən etibarən aktiv olmasına dair sübutlar məhkəməyə təqdim edilmişdir. Bununla da cavabdeh inzibati orqanın ümumən verdiyi məlumatlardan müəyyən olunur ki, portalın istifadəyə verilməsi barədə məlumat rəsmi internet səhifəsinə ilk dəfə xx.xx.2022-ci il tarixdə yerləşdirildiyindən bu hal portalın xx.xx.2022-ci il tarixdən deyil, məhz xx.xx.2022-ci il tarixdən fəaliyyətə başlaması kimi qəbul olunur və bu fakt cavabdeh qurumun özü tərəfindən də təsdiq olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yuxarıda adı çəkidən Qaydanın qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən sonra əldə olunan əmlaklarla bağlı ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunla müəyyən edilmiş 90 günlük müddət həmin daşınmaz əmlaka dair vəsaitin tam ödənildiyi tarixdən deyil, məhz portalın istifadəyə verildiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Həmin “xx.xx.2022-ci il” tarix vergi orqanı tərəfindən də portalın aktiv olduğu tarix kimi qəbul olunduğu üçün daşınmaz əmlak əldə edən şəxslərə münasibətdə vergi orqanı tərəfindən qanunla müəyyən edilmiş 90 günlük müddətin xx.xx.2023-cü ildə bitməsi qərara alınmışdır. Bu fakt cavabdeh qurumun xx.xx.2023-cü il tarixli məktubunda da öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Qanunun: 48.1-ci maddəsinə əsasən İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 48.2-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İş materiallarında olan qəbzlərdən müəyyən olunur ki, iddiaçı mənzilin dəyərini xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə ödəməsinə və müvafiq portalın xx.xx.2023-cü il tarixdən aktiv işləməsinə baxmayaraq cavabdeh inzibati orqana elektron ərizə ilə yalnız xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Yuxarıda qeyd edilən Qaydaların 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyriyaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini portala göndərir. Qaydaların 5.3-cü bəndinə görə isə dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən (90 gündən) sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Göründüyü kimi, Qaydaların tələbinə görə, sözügedən müddətin ötürülməsi ƏDVnin qaytarılmasını birbaşa istisna edir. Belə olan halda həmin müddətin üzrlü səbəbdən ötürülüb-ötürülməməsi də əhəmiyyət kəsb etmir, çünki qeyd olunduğu kimi, Qanunla belə müddət ötürüldükdə onun bərpası mexnaizmi nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə kollegiyası həmin 90 günlük müddətin iddiaçı tərəfindən üzrlü səbəblərdən ötürülüb-ötürülməməsini araşdırmağı zəruri saymamışdır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının xx.xx.2023-cü il tarixli elektron ərizəsinə əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarda iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 90 günlük müddətin ötürülməsinə konkret olaraq istinad olunmasa da, iddia tələbinin təmin olunması üçün qanunla müəyyən edilmiş bütün tələblərə əməl olunması əsas şərt olduğu üçün məhkəmə kollegiyası bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır. Hazırki vəziyyətdə iddiaçının tələbinin təmin olunması üçün onun qanunla müəyyən edilmiş 90 günlük müddət daxilində elektron ərizə vermədiyi müəyyən olunduğundan (iddiaçı özü də ilk müraciətinin xx.xx.2023-cü il tarixdə olduğunu bildirir və bundan öncə müraciət etməsinin mümkünsüzlüyünün texniki nasazlıq məsələləri ilə əlaqədar olması iş üzrə müəyyən olunmur) və məhkəmə kollegiyası onun “öhdəliyin icrası haqqında” tələbinin təmin olunması üçün hər hansı əsasın mövcud olmadığını nəzərə alaraq ona tələbini dəqiqləşdirib, cavabdeh qurumun qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarın ləğvi tələbini qoymaqla bağlı hüquqi yardım göstərməyə zərurət görməmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçı tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmədiyi üçün birinci instansiya məhkəməsi iddianın təmin olunmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12692/2023 saylı 20 dekabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12692/2023 saylı 20 dekabr 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar