Məhkəmə qərarları › İş №2-1(103)-1828/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1828/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1828/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı adın dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-933/2020 saylı, 25.02.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: İddiaçı X2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı adının Saradan Saraxanıma dəyişdirilməsi vəzifəsinin icra olunmasını cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, doğum akt qeydiyyat kitabİnda adının Saradan Saraxanıma dəyişdirməklə, yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-933/2020 sayl, 11 fevral 2020-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-933/2020 saylı, 25.02.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 933/2020 saylı, 25.02.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı bildirmişdir ki, məhkəmənin qərarını gec almışdır. Belə ki, işi ilə əlaqədar əvvəlcə Gəncə şəhərində, daha sonra isə Quba-Qusar regionunda ezamiyyətdə olmuşdur. Apellyasiya şikayətinin mümkün sayılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti mümkün hesab edilməli və apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İş materiallarına əsasən müəyyən olunur ki, məhkəmənin qərarı iddiaçı tərəfindən 29.04.2020-ci il tarixdə xəbərnaməyə imza olunmaqla qəbul edilmişdir. Apellyasiya şikayəti isə 07.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclası zamanı iddiaçı məhkəmə qərarının ona təqdim olunmasına dair xəbərnamənin onun tərəfindən imzalanmadığını bildirsə də, eyni xətlə yazılmış və imzalanmış apellyasiya şikayətinin onun tərəfindən imzalandığını etiraf etməklə ziddiyyətli izahat vermişdir. Eyni zamanda ezamiyyətdə olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmənin qərarından şikayət vermək üçün qanunla nəzərdə tutulmuş 30 günlük müddət iddiaçı tərəfindən ötürülmüş, buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə şikayətə əlavə olunmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllənin 85-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Baxılan iş üzrə verilmiş apellyasiya şikayəti Məcəllədə nəzərdə tutulmuş qaydada tərtib olunmamış, şikayətin əsaslandırma hissəsi məhkəməyə də təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, şikayət mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı adın dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-933/2020 saylı, 25.02.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar