Məhkəmə qərarları › İş №2-1(103)-1828/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1828/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1828/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpası” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11143/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq iddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuşdur. xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər X17 X10 Birliyində çilingər işləmiş, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Daha sonra xx.xx.1987-ci ildən xx.xx.1991-ci ilə qədər Azon zavodunda çilingər, xx.xx.1991-ci ildən 26.01,1993-cü ilə qədər Təbəssüm Kooperativində çilingər, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə qədər Bakı Rezin Texniki Məhsullar zavodunda çilingər, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə qədər X12 İşləri İdarəsində 683 saylı buruqda neft və qaz quyularının qazılması üzrə 4- cü dərəcəli qazmaçı köməkçisi, xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilə qədər Neft və Qaz quyularının qazılması üzrə 5-ci dərəcəli qazmaçı köməkçisi, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilə qədər “X4” şirkətində derrickman, xx.xx.1998-ci ildən xx.xx.2003-cü il tarixədək “Deltag” şirkətində 1-ci qazmaçı köməkçisi, xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək "Deltag” şirkətində STƏ təlimi məmuru vəzifəsində, xx.xx.2004-cü ildən xx.xx.2008-ci ilədək "xxxx" MMC-də qazma məhlulları üzrə mühəndis vəzifəsində işləmiş, xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə qədər istehsalat zərurəti ilə əlaqədar layihə mühəndisi köməkçisi vəzifəsində işləmiş, xx.xx.2008-ci ildən hazırkı vaxta qədər adıçəkilən MMC-də layihə mühəndisi vəzifəsində işləyir. Şəxsin yuxarıda sadalanan əmək fəaliyyətləri ona məxsus əmək kitabçası ilə yanaşı iş yerindən verilmiş arxiv arayışları ilə öz təsdiqini tapmışdır. Habelə adıçəkilən arayışlarda şəxsin işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr olması öz əksini tapmışdır. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə 52 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli, **********6 №-li cavab məktubu ilə iddiaçının ərizəsində qeyd etdiklərinin icrasından imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. İnzibati orqan “İnzibati icraat haqqında” AR Qanununa uyğun olaraq daxil olmuş müraciəti tam şəkildə araşdırıb və hərtərəfli əsaslandırılmış imtina verməli idi. Hazırkı mübahisə üzrə cavabdeh inzibati orqanın imtinasından görünür ki, o, yalnız ümumi iş stajını mübahisələndirmişdir. Yəni cavabdeh inzibati orqan iddiaçının minimum 10 il zərərli iş stajının olması faktını qəbul etmişdir. İddia ərizəsinə əlavə edilən əmək kitabçasının iş yerindən təsdiq edilmiş surətindən, Dövlət Neft Şirkətinin ARDNŞ tərəfindən verilmiş arxiv arayışlarından, hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 20 il 09 ay 0 gün ümumi iş stajı mövcuddur. İmtina məktubundan görünür ki, cavabdeh inzibati orqan iddiaçının “Təbəssüm” Kooperativindəki işlədiyi dövrün yalnız xx.xx.1992ci ilə qədər olan hissəsini əmək stajı kimi qəbul etmiş, yerdə qalan hissəni isə əmək stajı kimi qəbul etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın məsələyə bu cür yanaşması əsassızdır. Belə ki, bir hüquqi şəxsin heç bir səbəb olmadan və əsaslı şübhələr olmadan əmək fəaliyyətinin bir hissəsini qəbul edib, digər hissəsini qəbul etməkdən imtina edilməsi məntiqsizdir. Özəl müəssisələrin DSMF orqanı tərəfindən qarşılıqlı yoxlanılmasının mahiyyəti, həmin müəssisələr tərəfindən işçilərə görə məcburi dövlət sosial sığorta ayırmalarının həyata keçirilib-keçirilməməsindən ibarətdir. İddiaçının tələb olunan 20 il 09 ay 0 gün ümumi iş stajı mövcud olmasına baxmayaraq DSMF orqanı tərəfindən ona güzəştli şərtlərlə 52 yaşdan pensiya təyin edilməsindən imtina edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluqunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluqunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Hazırkı iş üzrə, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 7 ay 20 gün (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1991-ci il, xx.xx.1991- xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993-cü il və xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 7 ay) olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11143/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş və iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndələri X3 və X8 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11143/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. НЗ ******* nömrəli hərbi biletinin surətinə əsasən iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli güzəştli arayışına əsasən iddiaçı qeyd olunan tarixdən "xxxx"MMC-də göstərilən vəzifələrdə işləyir: 1. xx.xx.2004-xx.xx.2007 – Qazma Məhlulları üzrə mühəndis – 1100000b-22247; 2. xx.xx.2008-hal-hazıra kimi – Layihə mühəndisi. Qeyd olunan cədvəlin 1-ci bəndi üzrə iş stajı həm güzəştli əsaslarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrinin göstəricilərinin təsdiq edilməsi haqqında 1 №-li siyahısının 10-cu Qazma bölməsinin "b" bəndinə, həm də güzəştli əsaslarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin mövcud qüvvədə olan xx.xx.2007-ci il tarixli 12 saylı qərarının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısının 10-cu Qazma bölməsinin "b" bəndinə istinad edir. Güzəşt müəyyən edən şifrin açılışı aşağıdakı kimidir: - Şifr: ******* "b"-22247- bilavasitə buruqlarda məşğul olan qazma məhlulları üzrə mühəndis. İşçinin "xxxx" MMC-də güzəştli iş stajı 3 il 10 ay 14 gündən ibarətdir. - “SOCAR”ın “Kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli iş stajı haqqında arxiv arayışına əsasən iddiaçı X13 İşləri İdarəsində işləmişdir: 1. xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək X13 İşləri İdarəsinə 683 saylı buruğa neft və qaz quyularının qazılması üzrə 4-cü dərəcəli qazmaçı-köməkçisi peşəsinə qəbul edilib (Əmr № 44-k, xx.xx.1993-cü il); 2. xx.xx.1993-cü ildən xx.xx.1997- ci ilədək Neft və qaz quyularının qazılması üzrə 5-ci dərəcəli qazmaçı-köməkçisi peşəsinə keçirilib (Əmr № 67-k, xx.xx.1993-cü il); 3. xx.xx.1997-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işçi başqa işəgötürənlə ƏM-si bağladığı üçün işdən azad edilib (Əmr № 47/k, xx.xx.1997-ci il). Bu müddətdə iş stajı: 04 il, 15 gün, güzəştli iş stajı: 04 il, 15 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmişl 100000a- 11297kodu ilə qazmaçılar 04 il, 15 gün güzəştli iş stajı təşkil edir. Dənizdə Neft və X7 Birliyinin xx.xx.1996-cı il tarixli, 58 saylı əmri ilə X13 İşləri İdarəsi ləğv edilib, onun bazasında X2 Təmir idarəsi yaradılıb. Dənizdə Neft və X7 Birliyinin xx.xx.1998-ci il tarixli 11 saylı əmri ilə X2 Təmir İdarəsi ləğv edilib onun bazasında X11 İşləri İdarəsi yaradılıb. “Azneft” İstehsalat Birliyinin xx.xx.2004-cü il tarixli, 244 saylı əmri ilə X11 işləri İdarəsi qazma sexi kimi "Abşeronneft" X18 İdarəsinin tərkibinə verilmişdir. "Azneft" İstehsalat Birliyinin xx.xx.2006-cı il tarixli, 349 saylı əmrə əsasən X11 işləri İdarəsi qazma sexi kimi X14 idarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə "Kompleks qazma işləri” tresti yaradılmışdır, X14 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi trestinin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01 /SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin X14 İdarəsi ləğv olunaraq, Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri" trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, "Qaradağ-Qalmaz, "Abşeron” İstehsalat bölümləri hal-hazırda “Abşeron” İstehsalat bölümü kimi fəaliyyət göstərir - "xxxx" MMC xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək “X5” şirkətində Derrickman, xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək “Deutag” şirkətində 1-ci qazmaçı köməkçisi, xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək “Deutag” şirkətində STƏ təlimi məmuru vəzifələrində işləmişdir. 26 iyul 2018-ci il tarixində “KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq Qazma və mühəndislik sahəsində fəaliyyət göstərən "xxxx" MMC-ni təsis etmişlər. "xxxx" MMC təsis olunanadək 1995-ci ildən başlayaraq BP (British Petroleum) əməliyyat şirkətinin Xəzər dənizindəki neft-qaz buruqlarında - Çıraq, Qərbi Çıraq, Mərkəzi Azəri, Şərqi Azəri, Qərbi Azəri, Şahdəniz və X15 yataqlarında “X5”, "Deutsche Tiefbohr-AG., Baku" (“Deutag”), KCA və "Deutsche Tiefbohr-AG., Baku" birləşməsindən yaranan "KCADeutaq Caspian Limited" və "KCA Deutag Tiefbohrgesellschaft" adlanan Azərbaycan Respublikasındakı nümayəndəliyiklər qazma və mühəndislik xidmətlərini həyata keçirmişdir. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliyiklərin və şirkətlərin adlarının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların sturkturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. İşçi yuxarıda qeyd edilən əmək funksiyalarını Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. İşçinin işlədiyi Derrickman (Qazma məhlulu operatoru), Qazmaçı köməkçisi, STƏ təlimi məmuru (Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə məsləhətçi) vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun gələrək adlandırılmışdır. İddiaçı şirkətin əsas fəaliyyət sahəsi olan neft və qaz quyularının qazılması işlərində iştirak edib. Bu fəaliyyətə aid olan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli 320 saylı qərarın 1 saylı siyahısında 11000000 şifrəsi ilə göstərilən -“X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1. Qazma” siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsinin “10.1. Qazma a) fəhlə” hissəsində göstərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 20 ildən az (19 il 7 ay 20 gün (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993-cü il və xx.xx.1993xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən qeyd etmişdir ki, “iddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə güzəştli iş stajı 10 il və ümumi iş stajı 20 il olduğu üçün onun 52 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixədək 20 il ümumi və 10 il güzəştli iş stajı mövcud olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ******* nömrəli əmək kitabçasına əsasən onun xx.xx.2006-cı ilə qədər ümumi əmək stajı cəmi 20 il 8 ay 24 gün təşkil edir. Belə ki, iddiaçı xx.xx.1991-ci il tarixdə “Təbəssüm” kooperativinə Mexanika-quraşdırma işlər çilingəri kimi işə qəbul edilib, xx.xx.1992-ci il tarixdə ona mexanika-quraşdırma işlər çilingəri peşəsi üzrə 4-cü dərəcəsi verilib, xx.xx.1993-cü il tarixdə isə iddiaçı Azərbaycan Respublikası ƏHQ-nin 37-ci maddəsinə əsasən (öz istəyi ilə) işdən azad edilmişdir. Məhkəmə Kollegiyası iddiaçının əmək kitabçasında göstərilən “Təbəssüm” kooperativində xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək iddiaçının çilingər peşəsində işləməsi barədə məlumatları mötəbər hesab edir, belə ki, cavabdeh bu məlumatları təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, belə sübutların mövcud olması barədə məhkəməyə məlumat verməmişdir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçını onun güzəştli şərtlərlə pensiya almaq hüququnun olması, həmin hüququn xx.xx.2018-ci ildən yaranması barədə tələbi hissəsində haqlıdır. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçı isə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə 31 may 2022-ci ildə müraciət etdiyi üçün ona güzəştli şərtlərlə pensiya təyinatı əvvəlki 3 il üçün, 31 may 2019-cu il tarixdən ödənilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11143/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11143/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar