Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1828/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı, Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evinin mülkiyyət hüququ ilə adına qeydiyyata alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair" inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10035/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəlyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək - iradsız olaraq 60 il əməli istifadəsində olan ona məxsus və 1993-cü ildə adına texniki pasport verilmiş Bakı şəhəri, 9-cu Əhmədli küçəsi, 40 ünvanında yerləşən 1542,7 kv.m. torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakının dövlət reyestrində adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi uzun illərdir ki, iradsız iddaçının ailəsi ilə birgə sərbəst istifadəsindədir. İddiaçıdan da əvvəl valideynlərinin istifadəsində olmuşdur. xx.xx.1964-cü ildə həmin evdə anadan olmuş və orada böyümüşdür. Qeyd olunan ev ailənin yeganə yaşayış sahəsidir. xx.xx.1993-cü il tarixdə Bakı Texniki İnventarlaşma İdarəsi tərəfindən həmin evə texniki pasport verilmiş və fərdi yaşayış evi daşınmaz əmlakın inventar siyahısında qeydiyyata alınmışdır. Həmin texniki pasportun qeydlərinə görə fərdi yaşayış evi bir mərtəbədən ibarətdir və 1542,7 kv.m. torpaq sahəsində yerləşir. Həmin əmlaka yaranmış hüququnun qeydə alınması üçün aidiyyəti üzrə cavabdehə müraciət etmiş, lakin sonuncu, ona ünvanladığı 07 aprel 2023-cü il tarixli **********50 nömrəli cavab məktubunda bildirmişdir ki, qanunvericiliyə uyğun sənədlər təqdim edildiyi təqdirdə ərizəyə yenidən baxılacaq. Bununla da dolayısı ilə hüququnun qeydə alınmasından imtina etmişdir. Fərdi yaşayış evi ilə bağlı mövcud sənədlər bəllidir. Əmlak 30 il bundan əvvəl iddiaçının adına Texniki İnventarlaşdırma İdarəsi tərəfindən, texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsi müəyyən edilərək, qeydiyyata alınmış və Texniki Pasport verilmişdir. Yəni əmlakın hazırda mövcud faktiki durumu və mövcud olan sənədi ortadadır. Başqa sənədin tələb edilməsi, açıq şəkildə qəsdən hüququn qeydə alınmasından əsassız imtina olunmasıdır. Bakı kəndlərində 40-50-ci illərdə tikilən evlərə sərəncam olmamışdır. Bu evlər sonradan inventar siyahısına alınıb, sahibinə texniki pasport verilmişdir. Ona görə də həmin evlərə dair hüququn qeydə alınması üçün əsas sənəd, texniki inventarlaşdırma idarəsi tərəfindən reyestrdə aparılan qeydlər və onun əsasında verilmiş texniki pasportdur. Bundan başqa, yəni mövcud olmayan sənədləri cavabdehin ondan tələb edilməsi yolverilməzdir. Üzərində yaranmış hüququn qeydə alınması üçün müraciət etdiyi Bakı şəhəri, 9-cu Əhmədli küçəsi, 40 ünvanında 1542,7 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evi arada təmir edilmiş, lakin 60 il bundan əvvəl və texniki pastort verildiyi 1993-cü ildə olduğu kimi qalmış, sahəsində hər hansı dəyişiklik edilməmişdir. Bu baxımdan da adı çəkilən fərdi yaşayış evinə dair əldə edilmiş hüququn qeydiyyatı ilə bağlı iddiaçının müraciətinin müsbət həll edilməsi və hüququn Reyestrdə qeydə alınması cavabdehin vəzifəsidir. Həmin əmlakın 60 il iradsız istifadəsində olması və ona dair adına texniki pasport verildiyini nəzərə almalı idi. Ona görə də qeyd olunan məsələnin müsbət həll edilməsi cavabdehdən tələb edilməklə, üzərinə vəzifə qoyulmalıdır...” Cavabdeh iddia ərizəsinə qarşı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçı tərəfindən sözügedən fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, Torpaq sahəsinin faktiki ölçüsü 1518 kv.m təşkil edir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10035/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: “... Məhkəmə şikayət olunan qərarı qəbul edərkən, ünvan 2 ünvanında yerləşən 1542,7 kv.m. torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə dair iddiaçının əldə etdiyi mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Məhkəmənin gəldiyi qənaət iş üzrə məhkəmənin özü tərəfindən müəyyən edilmiş dəlillərə tam şəkildə ziddir. Belə ki, ünvan 2 ünvanında yerləşən 1542,7 kv.m. torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinin 60 il iddiaçının, ondan əvvəldə valideyinlərin istifadəsində olduğu mübahisəsiz hal kimi müəyyən edilmişdir. Əmlaknın əldə edilməsi və sahiblik etdiyi müddətin 30 ildən çox hissəsi Azərbaycan Respublikasının müstəqilliyin əldə edilməsindən əvvəlki dövrləri əhatə edir. Əmlak yaşayış massivində yerləşir. Torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin istifadəsində ona keçən müddətlərdə hər hansı irad edilməmişdir. Yeganə yaşayış evidir. Bu baxımdan hər bir halda iddiaçı həmin əmlaka hüququ əldə etmiş hesab olunur və qeydiyyata alınmalıdır Burada bir məsələ açıq qalır ki, "xxxx" ASC qeyd olunan torpaq sahəsinin “Azərişıq ASCnin balansında olan 10 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşdiyini bildirməsidir. Hardasa bu məsələ mülkiyyət hüququnun əmalakın mühafizə zonasına düşən hissəyə nisbətdə məhdudlaşdıra bilərdi. Bir şərtlə ki, bu məsələ yerində faktiki və elmi normatıvə görə təsdiqini tapmış olsun. Ona görə də iş üzrə qərar qəbuledilməmişdən əvvəl, mühafizə zonasının əmlakın hansı hissəsiniəhatə etməsi, elektrik xəttinin və əmlakın mövcud olma vaxtları tam aydınlaşdırılmalı idi. Lakin məhkəmə qərar qəbuledərkən bunu aydınlaşdırmamış və məntiqi baxımdan nəzərə almamışdır. Əslində iş üzrə mövcud dəlillər və əmlakın faktiki yerləşmə vəziyyətinə müəyyən edilən hallara görə “Azərişıq ASC-nin balansında olan 10 kV-luq elektrik verilişi xətti son illərdə çəkilmişdir. Qeyd olunan torpaq sahəsi, mərz boyu hasarı, üzərindəki yaşayış evi elektrik xəttindən uzun müddət əvvəldən mövcud olmuş və iddiaçının sahibliyində olmuşdur. Faktiki yerləşmə vəziyyətinə görə adı çəkilən evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 1542,7 kv.m. təşdil edir. Elektrik xətti isə torpaq sahəsinin son küncündən 8 m. aralıdan keçir. Belə olan halda elektrik xəttinin mühafizə zolağının neçə metr təşkiletdiyi və adıçəkilən torpaq sahəsinin hansı hissəiniəhatə etdiyi müəyyən edilməli, mübahisə bu prizmadan həlledilməli idi. Aşkar məsələdir ki, torpaq sahəsi tam şəkildə telektrik xəttinin mühafizə zonasına düşməsi üçün,elektrik xətti onun ortasında keçməlidir. Bununla da görünür ki, məhkəmənin işi obyektiv həlli üçün əhəmiyyətli olan halları tam aydınlaşdırmamışdır. Bu baxımdan da qəbul edilmiş qərar, məhkəmə qərarlarının əsaslığı təsbit olunmuş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2cimaddəsinin tələblərinə ziddir, obyektiv hesab edilə bilməz...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, cavabdehin nümayəndəsi T.Yeganlı ilə onunla razılaşmamış, mübahisəli əmlakın qeydiyyatı üçün əsas olmadığını bildirərək qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçının 60 il əməli istifadəsində olan ona məxsus və 1993-cü ildə adına texniki pasport verilmiş Bakı şəhəri, 9-cu Əhmədli küçəsi, 40 ünvanında yerləşən 1542,7 kv.m. torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakının dövlət reyestrində adına qeydiyyata alınması tələbinə dair iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd olunmuşdır. Qərardan narazı qalan iddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərinin mahiyyətindən göründüyü kimi, onun gümanına görə həmin daşınmaz əmlakdan etirazsız olaraq 60 il onun özü, bundan əvvəl isə valideyinlərinin istifadə etməsi onun həmin əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas yaradır. Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı iddia ərizəsində həmin torpaq sahəsi və onun üzərində yerlşən fərdi yaşayış evinə dair onun adına mülkiyyət hüququnun qeydə alınıb çıxarış verilməsini tələb edərəkən iki əsasa istinad etmişdir. Birinci əsas kimi, məhkəməyə təqdim etdiyi - ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.1993-cü il tarixdə tərtib olunmuş texniki pasportu göstərmiş, ikinci əsas kimi isə həmin evdə qeydiyyatda olmaqla 60 il fasiləsiz və etirazsız olaraq yaşadığını qeyd etmişdir. Lakin onun istinad etdiyi hər iki əsas daşınmaz əmlaka hüququn qeydə alınması üçün qanunla müəyyən edilmiş əsaslar sırasına aid edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Konkret halda, iddiaçı tərəfindən təqdim edilən və işə əlavə olunmuş, Bakı şəhər İcra Hakimiyyəti Texniki inventarlaşdırma Bürosu tərəfindən 1993-cü ildə tərtib olunmuş Bakı şəhəri, 9-cu Əhmədli küçəsi, 40 ünvanında yerləşən fərdi yaşayış evinə dair – sözügedən Qanunun qeyd olunan 8.0.8-ci maddəsində göstərilən müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qeydiyyata əsas verən sənədlər sırasına aid edilməmişdir. Belə ki, birincisi, həmin Siyahının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar, ikincisi, həmin Siyahının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasportlar (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsas verən pasportlar hesab olunur. Digər tərəfdən, iddiaçının həmin fərdi yaşayış evindən, qeydiyyatda olmaqla, 60 il etirazsız sahiblik etməsi də onun Mülki Məcəllənin 178.6-cı maddəsində təsbit olunan mülkiyyət hüququ əldə etdiyini deməyə əsas vermir. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair” 28 yanvar 2002-ci il qərarında şərh vermişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunur. Beləliklə də mübahisəli ünvnda yerləşən torpaq sahsinə və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınması üçün qanuni əsaslar müəyyən olunmur. Avropa İnsan hüquqları Məhkəməsi “Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərarında qeyd etmişdir ki, “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” [İİ Bölmə] ərizə № 18768/05). Avropa Məhkəməsinin sözügedən qərarından təsbit olunan hüquqi mövqeyindən göründüyü kimi, mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda yalnız, “Gözlənti” qanuni sayıla bilər. Odur ki, yuxarıda qeyd olunanlar baxımından konkret halda, iddiaçının “gözləntisi” hazırkı anda qanuni hesab edilə bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, о halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İnzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansia məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10035/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10035/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1828/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1828/2024
23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver