Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1829/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Afaq Bayram qızı Nuriyeva və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh AR Nazirlər Kabinetinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, qərarın ləğv edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5756/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin hərəkətinin qanunsuz hesab edilməsi, dərhal xüsusi rejimin ləğv edilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulması və ona mənəvi zərərin vurulmasına görə cavabdehdən 20 min manat tutularaq hesabıma köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş X1 iclas keçirilmiş, ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyəti müzakirə edilmiş, xüsusi rejim tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikasının “Sanitariya-epidemioloji sağlamlıq” haqqında Qanunun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında xx xxxx 2020ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir. O, başa düşür ki, hökumət tərəfindən belə bir qərarın verilməsi insanların sağlamlığı naminə edilmişdir. Bununla belə hesab etmişdir ki, mövcud qanunlara əsasən Baş Nazir Ə.Əsədovun ölkə üzrə karantin adı ilə insanların evdən çıxmasını qadağan etmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bu qanuna zidd qərarı 4 aydan artıqdır ki, onların həyatlarına son dərəcə mənfi təsir göstərmiş, onları ruhi sarsıntılara məruz qoymuş, fiziki və maddi imkanlarını xeyli məhdudlaşdırmışdır. Bundan başqa dünyada ikinci belə bir dövlət olmamışdır ki, bu cür sərt uzun müddətli karantin rejimi, qadağalar tətbiq etsin, insanları təmiz havadan, günəş işığından, dənizdən məhrum etsin. Hətta qadağalar başladığı ilk gündən 67 yaşdan yuxarı insanların, o cümlədən, onun evdən çölə çıxmağına belə qadağa qoyulmuşdu. Halbu ki, bu təbiətin qanunudur ki, yalnız immun sistemi güclü olan insanlar istənilən xəstəliyə qalib gələ bilərlər. Təəssüfhissi ilə onu da bildirmişdir ki, bu qadağa müddətində əksər insanlar kimi o da dövlətdən heç bir dəstək almamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsində Baş Nazirin səlahiyyətlərinin çərçivəsi dəqiq göstərilmişdir və onun ölkə üzrə karantin elan etmək səlahiyyəti yoxdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5756/2020 saylı qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5756/2020 saylı qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixili qərarı inzibati aktdır və inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5756/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1, 1.2, 2.0.2-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 120, 148-ci maddələrini, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 1.0.1-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh orqan arasında inzibati hüquq münasibəti mövcud olmadığından və hazırkı iddia inzibati icraat qaydasında baxılan iddia hesab olunmadığından, iddia mümkünsüz sayılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Baxılan iş üzrə iddiaçı qəbul olunan qərarın iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutları məhkəməyə təqdim etməmiş, apellyasiya baxışı, zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5756/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1829/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1829/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver