Məhkəmə qərarları › İş №2-1(103)-1829/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1829/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1829/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05.03.2021-ci il tarixli, 2-1(112)-3015/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək cavabdehin üzərinə İddiaçı güzəştli şərtlərlə 52 yaşından pensiya təyin olunması və ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05.03.2021-ci il tarixli, 2-1(112)-3015/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05.03.2021-ci il tarixli, 2-1(112)-3015/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 10 avqust 1979-cu ildə Saatlı rayonu M.Ə.Sabir adma kolxozda kolxozçu kimi başlamışdır. 01 iyun 1984-cü ilədək həmin kolxozda işləmişdir. Bu kolxozda əmək stajı 4 il 9 ay 21 gün təşkil edir. 07 avqust 1984-cü il tarixdə “Azon” zavoduna işə qəbul olunaraq 01.01.1985- ci ilədək 44 saylı sexin ölçmə sahəsində Sınaqçı vəzifısində işləmişdir. Çalışdığı vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. Belə ki, işlədiyi vəzifə Qərarın 2 nömrəli siyahısının XVİ bölməsinə, istehsalatda zərərlə işləyən sahəyə: şifr 2170100а, kod 12582-ə və hazırda Nazirlər Kabinetinin bu barədə qüvvədə olan 23.01.2007-ci il tarixli 12 saylı Qərarının 13 (a) bölməsinə aiddir. İddiaçının bu vəzifədə 4 ay 27 gün stajı var. 01.01.1985-ci ildən 01.02.1994-cü ilədək həmin 44 saylı sexdə Çeşidləyici vəzifəsində işləmişdir. İşlədiyi bu vəzifədə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. Belə ki, işlədiyi vəzifə Qərarın 2 nömrəli siyahısının XVİ bölməsinə, istehsalatda zərərlə işləyən sahəyə: şifr 2170500а, kod 18654ə və hazırda Nazirlər Kabinetinin bu barədə qüvvədə olan 23.01.2007-ci il tarixli 12 saylı Qərarının 13(a) bölməsinə aiddir. İddiaçının bu vəzifədə 9 il 1 ay stajı var. 01.02.1994-cü ildən 04.01.1998-ci ilədək “Azon” zavodunda montajçı vəzifəsində işləmişdir. Bu vəzifədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. Belə ki, işlədiyi vəzifə Qərarın 2 nömrəli siyahısının XXİX bölməsinə, istehsalatda zərərlə işləyən sahəyə: şifr 21300000а, kod 14629-ə və hazırda Nazirlər Kabinetinin bu barədə qüvvədə olan 23.01.2007-ci il tarixli 12 saylı Qərarının 30 bölməsinə aiddir. İddiaçının bu vəzifədə 3 il 11 ay 3 gün stajı var. Bundan başqa iddiaçı 13.09.2000-ci il tarixdən 17.08.2007-ci ilədək “xxxx” X1 tikişçi vəzifəsində çalışmışdır. Onun bu müəssisədə stajı 6 il 10 ay 24 gündür. İddiaçının “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minən vaxtadək, yəni 31.12.2005-ci ilədək 23 il 6 ay 9 gün ümumi stajı və 13 il 5 ay isə zərərli işə görə stajı olmuşdur. Bundan əlavə 01.10.2007-ci ilədən 03.12.2013-cü ilədək “xxxx” ASC-də tkişçi işləmişdir. Stajı 6 il 1 ay 03 gün, sonradan yenə də 01.10.2014-cü il tarixdən 21.04.2016-cı il tarixədək “xxxx” ASC-də tikişçi işləmişdir. Stajı 1 il 6 ay 21 gündür. İddiaçı 18.07.2016-cı ildən hazırki vaxta qədər yenə də “xxxx” ASC- də tikişçi işləyir. Cavabdeh təşkilata müraciət edən günə qədər, yəni 19.10.2020-ci il tarixə kimi stajı 4 il 3 ay təşkil edir. İddiaçının cavabdehə ünvanladığı ərizəyə qədər 37 il 03 ay 03 gün ümumi, 13 il, 05 ay güzəştli stajı təşkil edir. Qeyd olunan ümumi və güzəştli iş stajlarının mövcudluğu iddiaçının 52 yaşında pensiyaya çıxmaq hüququnun olmasmı təsdiq edir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 05.03.2021-ci il tarixli, 2-1(112)-3015/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 05.03.2021-ci il tarixli, 2-1(112)-3015/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan iddiaçının əmək kitabçasının surətinə əsasən o, 10.08.1979-ci ildən 01.06.1984-ci ilədək Saatlı rayonu M.Ə.Sabir adına kolxozda kolxozçu, “Azon” zavodunda 07.08.1984-ci ildən 01.01.1985-ci ilədək 44 nömrəli ölçmə sahəsində sınaqçı şagirdi, 01.01.1985-ci ildən 01.08.1988-ci ilədək cihazların, plastinlərin və kristalların 2-ci dərəcəli çeşidləyicisi işləmiş, 01.08.1988-ci ildən 01.02.1994-cü ilədək Termokompressor sahəsində məmulatların, xammalın və materialların 2-ci dərəcəli çeşidləyicisi, 01.02.1994cü ildən 04.01.1998-ci ilədək XİM sahəsində montajçı işləmişdir. “xxxx” MMC-də 13.09.2000-ci ildən 07.08.2007-ci ilədək, “xxxx” ASC-də 01.10.2007-ci ildən 03.12.2013cü ilədək, 01.10.2014-cü ildən 21.04.2016-ci ilədək tikişçi işləmişdir. 18.07.2016-cı ildən bu günə kimi tikişçi vəzifəsində işləyir. İş materiallarında olan “xxxx” MMC-nin 23.02.2021-ci il tarixli arayışında əsasən İddiaçı 07.08.1984-cü ildən 04.01.1998-ci ilədək “Azon” zavodunda işləmişdir. 07.08.1984cü ildən 01.01.1985-ci ilədək 44 nömrəli sexin ölçmə sahəsində sınaqçı vəzifəsində işləmişdir. Bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarının 2 nömrəli siyahısının XVİ bölməsinə, istehsalatda zərərli maddələrlə işləyən sahəyə: şifr 2170100a, kod 12582-ə və 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarının 13(a) bölməsinə daxildir.İddiaçı 01.01.1985-ci ildən 01.02.1994-cü ilədək 44 nömrəli sexdə çeşidləyici vəzifəsində işləmişdir. Bu vəzifə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il, tarixli 320 nömrəli qərarın 2 nömrəli siyahısının XVİ bölməsinə, şifr 2170500a, kod 18654-ə və 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 13.3(a) bölməsinə daxildir.İddiaçı 01.02.1994-cü ildən 04.01.1998-ci ilədək montajçı vəzifəsində işləmişdir. Bu işlərin icrası zamanı radioaparatların və cihazların (mikrohissəciklərin) qalaylama vasitəsi ilə montajlanması (yığılıb quraşdırılması) zamanı POS-61 qalayından, spirt, aseton, kanifoldan elektrolehimyəci ilə istifadə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarın 2 nömrəli siyahısının XXİX bölməsinə, istehsalatda zərəli maddələrlə işləyən sahəyə, şifr 23100000a, kod 14269-ə və 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 30-cu bölməsinə daxildir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 23.11.2020-ci il tarixli məktuba əsasən “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası qanununa əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşənin, vəzifənin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan sığorta olunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi filiala təqdim etdiyi əmək kitabçasından göründüyü kimi onun güzəştli iş stajı 10 ildən azdır. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının mininmum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğində az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 37200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15090,97 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 9.1-ci maddələrini, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nı tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək cavabdehin üzərinə İddiaçı güzəştli şərtlərlə 52 yaşından pensiya təyin olunması və ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması haqqında iddiası əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, İddiaçının istinad etdiyi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda nəzərdə tutulmuş “XVİ. Radio aparatlarının və elektron texnikası məmulatlarının istehsalı” sahəsində 25 kV və ondan yüksək gərginlikli stendlərdə sınaqla məşğul olan cihaz və hissələrin sınaqçıları (bölmə 2170100a—12582), mika çeşidlənməsi ilə məşğul olan xammal, məmulat və material çeşidləyiciləri (bölmə 2170500a—18654) həqiqətən də güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdir və həmin vəzifələrin güzəştli şərtlərlə pensiya hüququ verməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-da da (Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı, 13 (a) bölməsi (25 kV və ondan yüksək gərginlikli stendlərdə sınaqla məşğul olan cihaz və hissələrin sınaqçıları), 13.3 bölməsi (Radiohissələrin istehsalı mika çeşidlənməsi ilə məşğul olan xammal, məmulat və material çeşidləyiciləri) nəzərdə tutulmuşdur. Lakin həmin vəzifələrdə iddiaçının iş stajı 9 il 5 ay 25 gün təşkil edir ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin 03.05.2017-ci il tarixinə olan redaksiyasında nəzərdə tutulmuş güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajından azdır. İddiaçının 01.02.1994-cü ildən 04.01.1998-ci ilə qədər işlədiyi montajçı vəzifəsi isə iddiaçının işlədiyi istehsalat sahəsində güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə kimi yuxarıda qeyd edilən Azəraycan Respublikasının Nazirlər Kabinetinin qərarlarında öz əksini tapmamışdır. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın XXİX bölməsinə və hazırda Nazirlər Kabinetinin bu barədə qüvvədə olan 23.01.2007-ci il tarixli 12 saylı Qərarının 30 bölməsinə aid olan qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçılar vəzifəsi isə iddiaçının işlədiyi elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı sahəsinə deyil, rabitə sahəsinə aiddir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05.03.2021-ci il tarixli, 2-1(112)-3015/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar