Məhkəmə qərarları › İş №2-1(103)-1829/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1829/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1829/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının ştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1156/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan ona da aydın olmayan səbəblərdən təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Səbəbini aydınlaşdırmaq üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu ona ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda ona bildirmişdir ki, onun işlədiyi qəza-bərpa çilingəri vəzifəsi yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun deyil. İddiçı hesab edir ki, ona təyin edilmiş pensiyanın dayandırılması və ödənilmiş pensiyanın geri tələb edilməsi qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1156/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia edilmiş, İddiaçı təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnın ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.1986-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində müxtəlif müəssisələrdə qəzabərpa çilingəri vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Onun işlədiyi qəza-bərpa çilingəri vəzifəsi qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəzabərpa işlərinin çilingərləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2017-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi və ona xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12592,44 manat artıq pul vəsaitinin ödənildiyi aşkar olunmuş, həmin pul vəsaitinin tutulması DSMF tərəfindən Filiala tapşırılmışdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birincisi, cavabdeh tərəfindən iddiaçıya ödənilən pensiyanın dayandırılması “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1- dən dayandırılır: 37.8.1.əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2.əmək pensiyaçısının dul arvadı(əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. İddiaçının əmək pensiyasının dayandırılması üçün isə qanunvericiliyin sadalağı həmin hallardan hər hansı biri baş verməmişdir. Digər tərəfdən, iş materiallarından görünür ki, iddiaçıya ilkin pensiya təyinatı cavabdehin xx.xx.2017-ci il tarixli qərarı ilə ömürlük təyin edilsə də, sonradan pensiya ödənişi dayandırılarkən, xcavabdeh inzibati icraat haqqında hüquq normalarına riayət etməmiş, iddiaçını inzibati icraata cəlb etmədən ona təyin edilmiş pensiyanı əsassız olaraq dayandırmışdır Halbuki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqan qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərədə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Cavabdeh tərəfindən isə Qanunun qeyd olunan tələbləri kobud surətdə pozulmuşdur. Digər tərəfdən, sözügedən Qanunun 67.1-ci maddəsinə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Konkret halda, cavabdeh tərəfindən iddiaçının yaşa görə güzəştli şərtlərlə ilkin pensiya təyinatı barədə qərarı ləğv olunmamış, qüvvədədir. Konkret halda, iddiaçının etimad etdiyi həmin qərara göz yumaraq ona ödənilən pensiyasının dayandırılması, qanunvericiliyin qeyd olunan tələblərinə də ziddir. Çünki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir Konkret halda da cavabdeh, iddiaçının etimad göstərdiyi qərarı əsasında xx.xx.2017xx.xx.2021-ci illərdə ona ödənilmiş 12592,44 manat pensiya məbləğini, sonuncu xərclədiyi və hazırda aşkar ahıl dövrünü yaşadığı halda, əsassız olduğunu bəyan edərək pensiyasını dayandırması aşkar şəkildə onun ilkin pensiya təyinatına olan etimadını pozmuş olur. Qeyd olunmalıdır ki, həmin Qanunun 67.6-cı maddəsinin tələbindən görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İş materiallarına əsasən isə iddiaçı tərəfindən Qanunun 67.6-cı maddəsində göstərilən hallara yol verildiyi müəyyən olunmur. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «… etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)...” Qeyd olunanlardan göründüyü kimi, cavabdeh, inziabati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini də yerinə yetirmədyi, iddiaçının qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə də qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi və iddiaçının əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə olunması işin sübutlarla müəyyən edilən hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun olmuşdur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1156/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1156/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar