Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1829/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə qarşı “icra məmurunun hərəkətlərindən şikayət, müraciətə cavab verilməmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2-1(112)-3049/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh icra şöbəsi barəsində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsi tətbiq edilərək, Nərimanov Rayon Məhkəməsinin hələ də qüvvədə olan 2(005)-4300/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının və həmin qərardad əsasında icra şöbəsi tərəfindən qəbul edilmiş qərarın qadağanedici tələblərinin növbəti dəfə "xxxx" MMC tərəfindən pozuntusu faktına dair Təbriz küçəsi, ev 34 ünvanında icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın təsdiq olunmuş nüsxəsinin onun bölgə ünvanına göndərilməsini, icra məmuru tərəfindən onun Konstitusiyanın 57-ci maddəsinin İ hissəsinin, 7.5-ci maddələrinin tələblərinin qəsdən pozuntusu faktına hüquqi qiymət verilməsi və cəzaların müəyyən edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmiş, eyni zamanda İPM-in 13-cü maddəsinin tələbinə müvafiq olaraq iddiaçıya hüquqi yardım məktubu göndərilərək iddia ərizəsindəki tələb qeyri-müəyyən olduğundan dəqiqləşdirilərək məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İddiaçı tərəfindən hüquqi yardım haqqında məktuba münasibət bildirərək cavabdehə ünvanlamış olduğu məktubların fotosunun çəkilərək mail vasitəsilə, həmçinin poçt vasitəsilə sadə çatdırma üsulu ilə, yəni qeyd olunan məktubların cavabdeh tərəfindən alınmasına dair bildiriş əlavə etmədən cavabdehə göndərildiyini qeyd etmiş, həmçinin dəqiqləşdirilmiş iddia ərizəsi təqdim etməmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim edərək etirazda bildirilmişdir ki, İddiaçı iddia ərizəsi əsassızdır. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4300/2019-049 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 118,4 kv.m olan “B” tikilisinin ətrafında, divarlarının dibində söküntü-qazıntı işləri qadağan edilməlidir. Qeyd edilən icra sənədi iddianın təmin etmə tədbiri qaydasında məhkəmənin qərardadı əsasında icra olunması üçün icra qurumuna göndərilmişdir. İcra sənədi Şöbənin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclu "xxxx" MMC-nin rəhbəri X7 tərəfindən xx.xx.2019-cu il tarixdə rəsmi qaydada qəbul edilmişdir. İcra sənədi üzrə dəfələrlə mübahisəli ünvana baxış keçirilmiş, hər dəfə borclu tərəfindən həmin ərazidə söküntü-qazıntı işlərinin aparıldığı müəyyən edilmiş və bu barədə aktlar tərtib edilərək icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Bu səbəbdən xx.xx.2020-ci il tarixdə söküntü-qazıntı işlərinin aparıldığı ərazidə yaşamaq təhlükəli olduğundan gələcəkdə baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həmin tikilinin nəzarətdə saxlanılması barədə məktublar göndərilmiş, Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məlumat xarakterli cavab məktubu ilə mübahisəli ərazidə nəzarətin saxlanılması barədə Nərimanov Rayon Polis İdarəsinə göstəriş verildiyi məlum olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən mübahisəli ərazidə hər hansı tədbirin görülməsi qurumun səlahiyyətlərinə aid deyildir. Borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin rəhbəri X7 barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət edilmiş, Nərimanov Rayon Məhkəməsinin 3(005)-387/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə inzibati xəta tərkibi mövcud olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-624/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin 3(005)-387/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və işə təkrar baxılması üçün materialların birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmış, Nərimanov Rayon Məhkəməsinin 3(005)- 986/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məlumat üçün bildirilir ki, qeyd edilən icra sənədi ilə yanaşı ünvan 2 ünvanında X2 məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (“B” tikilisi) münasibətdə ünvan 2 ünvanda “Qaya Qala" MMC tərəfindən tikinti işlərinin aparılmasının borclu "xxxx" MMC-nə qadağan edilməsi barədə iddianın təmin etmə tədbiri qaydasında başqa bir icra sənədi şöbənin icraatına daxil olmuş, həmin icra sənədi üzrə bütün zəruri icra tədbirləri həyata keçirilmiş, lakin təmin etmə tədbirinin verilməsinə əsas olmuş iddiaya mahiyyəti üzrə baxılmış və yekun qərar çıxarılmışdır. Bu səbəbdən icra hərəkətləri həmin icra sənədinə münasibətdə başa çatmışdır. Hazırkı icra sənədi də iddianın təmin etmə tədbiri qaydasında verilmişdir. İşə mahiyyəti üzrə baxılmışdır. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-66/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər "xxxx" MMC-nə, Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “dövlət reyestrndə iddiaçının adına qeydə alınmış pay mülkiyyət hüququnun, istifadə hüququnun bərpası, qanunsuz tikilmiş binanın öz hesabına sökülməsi, dəymiş maddi ziyanın ödənilməsi və Nərimanov Rayon İcra Hakimiyyətinin qəbul etdiyi sərəncamına görə məsuliyyətinin müəyyən edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10360/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-66/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-17/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10360/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, iddiaçının mülkiyyətində və istifadəsində olan daşınmaz əmlakdan istifadə hüququnun bərpası, iddiaçıya vurulan maddi ziyanın müəyyən edilərək ödənilməsi hissələrində ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Hal-hazırda həmin iddiaya Bakı Apellyasiya Məhkəməsində baxılmaqdadır. Son olaraq maddi ziyanın müəyyənləşdirilməsi və digər məsələlərin araşdırılması məqsədilə məhkəmə tərəfindən mühəndis-texniki ekspertizası təyin edilmiş və mülki iş üzrə icraat dayandırılmışdır. Göründüyü kimi iddianın yalnız iddiaçıya vurulan maddi ziyanın müəyyən edilərək ödənilməsi və daşınmaz əmlakdan istifadə hüququnun bərpası hissələrində məhkəmə çəkişməsi davam edir. Bu səbəbdən hazırkı icra sənədi üzrə tələbi hal-hazırda icra etmək mümkün deyil. Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2-1(112)-3049/2024 saylı qərardadı ilə (hakim T.Məlikov) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3049/2024 nömrəli inzibati iş üzrə xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tələbi cavabdeh qurumun icra məmuru Vüsal Şirinov tərəfindən tərtib edilən aktın bir nüsxəsinin ona təqdim edilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasına dairdir. Belə ki, qeyd olunan akt xx.xx.2022ci il tarixdə atasına məxsus, Təbriz küçəsi, ev 34 ünvanında tərtib edilmişdir. Akt tərtib edildikdən 30 dəqiqə sonra atası A.Mövlamov müəmmalı şəraitdə vəfat edib. Ölümündən 30 dəqiqə əvvəl atası ona zəng edərək, çox əsəbi şəkildə icra məmuru Vüsal Şirinovla mübahisəsinin düşdüyünü, onu mənzilindən qovduğunu bildirmişdir. Mübahisənin həmişə olduğu kimi, bu dəfə də icra məmurunun borcluya tərəfkeşlik edərək, akta borclu tərəfindən qərardadın qadağanedici tələbinin növbəti dəfə pozulması faktı barədə məlumat qeyd etməkdən vicdansızcasına imtina etməsi səbəbindən baş verdiyini bildirmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdeh tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçı və cavabdeh tərəfin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4300/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı üzrə verilmiş xx.xx.2019-cu il tarxili icra sənədinə əsasən, mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, borclu "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 118,4 kv.m olan “B” tikilisinin ətrafında, divarlarının dibində söküntü-qazıntı işləri qadağan edilməlidir. Qeyd olunan icra sənədi Nərimanov Rayon Məhkəməsi tərəfindən icra edilməsi üçün cavabdeh Nərimanov rayon icra şöbəsinə göndərilmiş və həmin qurumda müvafiq icra tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Hazırda iddiaçı tərəf olduğu həmin icra sənədinin icrası ilə bağlı cavabdeh icra şöbəsinin icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) narazılıq edərək inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında düzgün olaraq qeyd etmişdir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Belə ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. İddiaçı icra sənədi üzrə müvafiq tədbirlərin görülməsi ilə bağlı inzibati məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İcra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən hərəkət və ya hərəkətsizliyə yol verildikdə, həmçinin icra sənədi üzrə icraatın dayandırılmasına zərurət yarandıqda, onun mübahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir. Ona görə də, iddiaçı müvafiq əsasların mövcudluğuna istinad etməklə icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, hazırkı iddianı inzibati icraat qaydasında qaldırmışdır. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun: -8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. -26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. -87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Beləliklə, “İcra haqqında” Qanununda qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Qeyd olunur ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qeyd olunan əsasla mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2-1(112)-3049/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1829/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1829/2024
30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver