Məhkəmə qərarları › İş №2-1(103)-183/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-183/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-183/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1976-cı il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Bakı şəh., Qaraçuxur qəs., M.Fətəliyev küç., ev 7, mən. 6 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövr üzrə pensiya məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2-1(112)-4346/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 28.04.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1 yanvar 2007-ci il tarixdən 8 noyabr 2019-cu il tarixədək pensiya məbləğində yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, o, xx xxxxxxxx 1976-cı il tarixdə doğulmuşdur. 1993-cü ildə orta məktəbi bitirmişdir. 1995-ci ildə həqiqi hərbi xidmətə çağırılaraq Silahlı Qüvvələrdə əsgər kimi xidmətə başlamışdır. Nümunəvi xidmətinə görə hərbi hissə onun sənədlərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə göndərmişdir. 29 iyul 1995-ci il tarixdə həmin ali məktəbin mühəndis qoşunları ixtisası üzrə müvafiq fakultəsinə qəbul olmuşdur. 2000-ci ildə ali məktəbi bitirdikdən sonra ixtisası üzrə Silahlı Qüvvələrdə xidmətə başlamışdır. 2006-cı ilədək baş leytenant hərbi rütbəsinə qədər, tağım, bölük və hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini vəzifələrinə yüksəlmişdir. 2006-cı ildə keçirdiyi xəstəliyə görə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 157-ci maddəsinin “b” bəndinə əsasən (xəstəliyə görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ailəlidir, azərbaycanlıdır, məhkum olunmamışdır, 3 övladı var. O, Silahlı Qüvvələrdən ehtiyata xəstəlik səbəbindən tərxis olunmuşdur. Ona 2006-cı ildə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik verilərkən xidmət etdiyi dövrlərdə, hərbi xidmət vəzifələrinin icrası zamanı aldığı travmaya əsasən travma haqqında arayışın xəstəlik sənədlərinin içərisində olmaması səbəbindən, müvafiq qərarda ona təyin olunmuş əlilliyin səbəbi “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” deyil, “Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır” kimi göstərilmişdir. Həmin travma haqqında arayışın verilmə tarixi sübut edir ki, həqiqətən xidməti vəzifələrin icrası zamanı aldığı travma (xəstəlik) 2006-cı ildə təyinat aparılan tarixdə, yəni əlillik təyin edilərkən onda (iddiaçıda) olmuşdur. O, həmin travma haqqında arayışı əldə etdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət edərək, aldığı travmanın səbəb əlaqəsinin “hərbi xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi göstərilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası 8 may 2019-cu il tarixdə 3 saylı Qərarla düzgün olaraq, onun xidmət etdiyi dövrdə aldığı travmanın səbəb əlaqəsini “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi qiymətləndirmişdir. Həmin Qərarı əldə etdikdən sonra o, təyin edilmiş hərbi əlillik dərəcəsinin səbəbinin dəyişdirilərək “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin olunması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmişdir. Komissiya öz növbəsində düzgün qərar verərək, 8 noyabr 2019-cu il tarixdə ona 2006-cı ildə təyin olunmuş hərbi əlillik dərəcəsinin dəyişdirilməsinə qərar vermişdir. Məhz bu qərardan sonra onun hərbi pensiyasında fərq məbləği yaranmışdır. Həmin fərq məbləğinin ona birdəfəlik ödənilməsi məqsədilə 10 fevral 2020-ci il tarixdə o, hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Cavabdeh qaldırılan həmin məsələnin həllindən imtina etmişdir. Hesab olunur ki, iddia mümkün və əsaslı iddiadır. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 11.2, 12.2, 20.16, 20.16.1, 37.7-ci maddələrinə əsaslanaraq, 1 yanvar 2007-ci il tarixdən 8 noyabr 2019-cu il tarixədək pensiya məbləğində yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2-1(112)-4346/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilmiş, İddiaçı pensiya məbləğinin ödənilməsində yaranmış fərq məbləğinin 08 noyabr 2019-cu il tarixdən əvvəlki 3 illik dövr üzrə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qərarı ilə iddia tələbinin təmin edilməyən hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Qərardan narazı qalan cavabdeh 18.09.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2-1(112)-4346/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Belə ki, iddiaçıya qanunamüvafiq olaraq, “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı yenidən Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edərək əlilliyin səbəbini dəyişmiş, DSMF orqanı tərəfindən də “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə və TSEK-in təyinat tarixinə əsasən müvafiq təminat xərcliyinin 80 faizi miqdarında pensiyası yenidən hesablanmışdır. İddiaçıya həmin Qanunun 20.16.1-ci maddəsinə əsasən “xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara” müvafiq təminat xərcliyinin 80 faizi miqdarında pensiya hesablanaraq hüququ yarandığı gündən pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin tələb edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılmalıdır. İş materiallarında olan: - ZE seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx xxxxxxxx 1976-cı il tarixdə doğulmuş İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 13 dekabr 2005-ci il tarixli 0692 saylı əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə müvafiq olaraq (xəstəliyə görə) Silahlı Qüvvələrdən tərxis olunmuşdur (ehtiyata buraxılmışdır). - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon idarəsi tərəfindən verilmiş 16 noyabr 2018-ci il tarixli 457 nömrəli arayışa əsasən 1976-cı il təvəllüdlü ehtiyatda olan baş leytenant İddiaçı həqiqətən 12 fevral 1995-ci il tarixdən 4 yanvar 2006-cı il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 157-ci maddəsinin “b” bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 13 dekabr 2005-ci il tarixli 0692 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 11 oktyabr 2005-ci il tarixli 265 nömrəli şəhadətnaməyə əsasən xx xxxxxxxx 1976-cı il tarixdə doğulmuş, Hərbi Komissarlıq tərəfindən 10 fevral 1995-ci il tarixdə hərbi xidmətə çağırılmış, bölük komandirinin texniki hissə üzrə müavini, baş leytenant İddiaçı Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diqanoz və yaralanma – “Epilepsiya, tez-tez epileptik tutmalarla”. “Xəstəlik hərbi xidmət dövründə alınmışdır”. - Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyasının 08 may 2019-cu il tarixli 337 nömrəli Qərarına əsasən Hərbi Komissarlıq tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən 5 iyul N-cü il tarixdə aldığı və N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma-diaqnoz: “Baş nahiyəsinin yuxarı hissəsinin küt travması, yumşaq toxumaların əzilməsi, sağ qaşın çapılması” (AR SHXÇD Xidməti Bakı şəhəri Suraxanı Rayon İdarəsinin 16 noyabr 2018-ci il tarixli 15 nömrəli göndərişi, 16 noyabr 2018-ci il tarixli 497 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş N iyul N-cü il tarixli çıxarış epikrizi, tibbi kitabçadan çıxarışlar, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sənədi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”a əsasən xx xxxxxxxx 1976-cı il tarixdə doğulmuş İddiaçı qiymətləndirmə tarixi və təyinat tarixi 08 noyabr 2019-cu il olmaqla ikinci dərəcəli əlillik müəyyən edildi. Əlillik səbəbi – Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağdakıları qeyd edir : «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər: (11.2.1) müharibə ilə əlaqədar əlilliyi olan şəxslər – əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə, (11.2.2) hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər – əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Həmin Qanunun 12.2-ci maddəsinə görə hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Həmin Qanunun 20.16-cı maddəsinə əsasən bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (bu Qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)) əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: (20.16.1) müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin – 100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə - 80 faizi, müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxslərə – 55 faizi, (20.16.2) İ dərəcə əlilliyi olan digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin – 60 faizi, İİ dərəcə əlilliyi olan şəxslərə – 55 faizi, İİİ dərəcə əlilliyi olan şəxslərə – 5 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən əlillik dərəcəsi dəyişdikdə, əmək pensiyasının məbləği əlillik dərəcəsinin dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir. İş materiallarından müəyyən edilir ki, İddiaçı 2005-ci ildə şəhadətləndirilərkən xəstəliyin səbəb əlaqəsi – “Xəstəlik hərbi xidmət dövründə alınmışdır” olmaqla qərar qəbul edilmiş, daha sonra onun əlillik səbəbi dəyişməklə 2019-cu ildən xəsarət qismində qiymətləndirilərək, müvafiq səbəb əlaqəsi “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” müəyyənləşdirilmişdir. Nəticə olaraq, onun əlilliyə görə aldığı pensiyanın məbləğində artım olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi “xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara” müvafiq təminat xərcliyinin 80 faizi miqdarında pensiya hesablanaraq hüququ yarandığı gündən pensiya təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış” əlilliyə görə əlilliyin təyin edildiyi müddətdən pensiya aldığından, onun 01.01.2007-08.11.2019-cu il tarixdəki dövrlər ərzində müvafiq təminat xərcliyinin 80 faizi miqdarında hesablanmış pensiyanı almaq hüququ olmadığından qeyd edilən dövrlər ərzində yaranmış fərq məbləğinin ödənilməsi barədə iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2-1(112)-4346/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2-1(112)-4346/2020 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1 yanvar 2007-ci il tarixdən 8 noyabr 2019-cu il tarixədək pensiya məbləğində yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar