Məhkəmə qərarları › İş №2-1(103)-183/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-183/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-183/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1477/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.02.2011-ci il tarixdən 21.02.2018-ci il tarixə qədər həyat yoldaşının əmək pensiyasını yenidən hesablayaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.1-ci maddəsinə əsasən qalıq hissəsinin birdəfəlik ödənilməsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X5 1996-cı il tarixdən əmək pensiyası almışdır. 03 fevral 2011-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ərazi üzrə Tibbi Sosial Ekspertiza Komissiyasından müayinədən keçdikdən sonra İ qrup əlil olması qərara alınmışdır. 18 iyul 2016-cı il tarixdən qeyd olunan komissiyanın qərarı ilə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda İ qrup əlil kimi həyat yoldaşına verilmişdir. 2017-ci ilin yanvar ayından həyat yoldaşı əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh öz cavabında bildirmişdir ki, ona əmək pensiyası verilir və ona heç bir əlavə düşmür. Bu işlə bağlı həyat yoldaşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlamışdır. Lakin, cavabdeh tərəfindən qərar icra olunmamışdır. 23 fevral 2018-ci il tarixdə onun həyat yoldaşı X5 xəstəliyi ilə əlaqədar vəfat etmişdir. Ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 19.2.5-ci maddəsinə əsasən əmək pensiyasını yenidən hesablanaraq və qalıq hissəsinin verilməsi barədə sərəncam verilməsi tələbi ilə 05.11.2018-ci il tarixdə o, cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh cavab məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2.5-ci maddəsində qeyd olunan əlavənin ödənilməsinə dair İdarənin üzərinə hər hansı bir vəzifə qoyulmamışdır. Cavabdeh inzibati orqanın imtinası ilə razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2 və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təyinatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci və həmçinin 20.14-20.18-ci maddələri ilə tənzimlənir. Belə ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2.5-ci maddəsini əsas gətirərək, baza hissəsinə əlavənin faizini tələb etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2.5-ci maddəsi 01.07.2017-ci ildə Qanundan çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İİKnın 28 sentyabr 2017-ci il tarixli, 2-1(103)-1722/2017 saylı Qərarı əsasında mərhum Q.Məmmədova 18 iyul 2016-cı il tarixdən təyin edilmiş “Azərbaycan Rspublikasının müdafiəsi zamanı” əlilliyə görə pensiyasının 03 fevral 2011-ci ildən tətbiq edilməklə yenidən hesablanması və yaranan fərqin birdəfəlik ödənilməsi İdarəyə həvalə edilmişdir. İddiaçının əri vəfat etdiyinə görə hesab edir ki, 03.02.2011-ci ildən 21.02.2018-ci il tarixinədək mərhum əri Qəzənfər Məmmədovun əmək pensiyası yenidən hesablanmalı “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra ƏPQ) 19.1.7.1-ci maddəsinə əsasən qalıq hissəsi iddiaçıya ödənilməlidir. İddiaçı özü şəxsən “Əmək pensiyaları haqqında” Qanunun əvvəli 19.2.5-ci və ya hazırda qüvvədə olan 19.1.7.1-ci maddəsinə əsaslanmaqla belə bir tələb irəli sürürsə, onda iddiaçının hüququnun olmadığı aşkardır. Çünki hər iki maddə yalnız müharibə əlillərinə aiddir. İddiaçı ailə başçısını itirməyə görə pensiya alır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2ci maddəsi ailə başçısını itirməyə görə pensiyanın hesablanması qaydasını müəyyən edir. Həmin maddəyə əsasən, ailə başçısını itirməyə görə pensiya ailə başçısının təminat xərcliyindən hesablanır. İddiaçının mərhum ərinin əlil kimi aldığı pensiya məbləğinin iddiaçıya ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın miqdarının müəyyənləşdirilməsində heç bir rol oynamır. Əgər iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi əsasında mərhum Q.Məmmədova hesablanıb ödənilməli olan məbləği tələb edirsə, bu tələbə inzibati icraatda baxıla bilməz. Q.Məmmədovun tələbinin təmin olunması haqqında apellyasiya məhkəməsinin qərarı qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İddiaçı, qərarın icrası mərhələsində ərinin hüquqi varisi kimi hüquqlarının pozulduğunu iddia edirsə, onda məhz icra icraatı çərçivəsində bu məsələlərə hüquqi qiymət verilə bilər. İddiaçının bu məsələ ilə bağlı ayrıca iddia qaldırmaq hüququ yoxdur. Cavabdeh qeyd olunanları nəzərə alaraq iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1477/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək iddia ərizəsinə uyğun əsaslandırmış və məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2921/2019 nömrəli, 13.12.2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1477/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 777/2020 nömrəli, 24 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2921/2019 nömrəli, 13.12.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş materialları yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 mart tarixli 2- 1(103)-124/2021 nömrəli qərarına əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1477/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1070/2021 saylı 16.06.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 mart tarixli 2-1(103)-124/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1477/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mərhum ərinə təyin edilmiş pensiyanın növü ilə bağlı pensiya işində göstəriləndən fərqli nəticəyə gəlsə də, hansı əsasla bu nəticəyə gəldiyini öz qərarında qeyd etməmişdir. Halbuki, işə ilk dəfə kassasiya instansiyası məhkəməsində baxarkən də Ali Məhkəmə Kollegiyasının əsas göstərişi bundan ibarət olmuşdur ki, iddiaçının mərhum ərinə hansı əsasla, hansı növ pensiya təyin olunduğu dəqiq müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə prosessual hüquq normalarının tələblərini pozaraq bu məsələ ilə bağlı tam, hərtərəfli araşdırma aparmamış, iddiaçının mərhum ərinə hansı əsasla və nə vaxt pensiya təyin olunduğunu müəyyən edə bilməmişdir. Bundan başqa, iddiaçı bu mövqeyini – mərhum ərinə 1996-cı ildə yaşa görə əmək pensiyası təyin olunmasını – apellyasiya şikayətinin dəlillərində də qeyd etmişdir. Buna baxmayaraq, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin bu dəlilini qiymətləndirməmişdir. İşdə olan sənədlərdən və iddiaçıya məxsus pensiya işindən müəyyən edilir ki, iddiaçıya 01.04.2018-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Onun vəfat etmiş ərinə (X2) 03.02.2011-ci il tarixdə 2 saylı Zona TSEK-ın SER TSE- 01№121066 saylı arayışına əsasən İ dərəcə əlillik verilmişdir. Sonradan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 22 yanvar 2016-cı il tarixli, 32 saylı Hərbi Həkim Komissiyasının Qərarına əsasən X1 döyüş zonasında hərbi xidmət keçərkən 22 avqust 1992-ci il tarixdə aldığı travmanın qapalı sınığı”, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 18 iyul 2016-cı il tarixdə X1 əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1-ci qrup əlillik dərəcəsi müddətsiz verilmişdir. O, əlilliyə görə əmək pensiyası almışdır. İddiaçı hazırda 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2.5-ci və hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.1-ci maddələrinə istinad etməklə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin iddiaçıya ünvanladığı 28.12.2018-ci il tarixli **********3 saylı məktubunun surətində qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 sentyabr 2017-ci il tarixli 2-1(103)-1722/2017 nömrəli Qərarında iddiaçı, mərhum həyat yoldaşınız X3 18 iyul 2016-cı il tarixdən təyin edilmiş “Azərbaycan Respublikasının müdafiəsi zamanı” əlilliyə görə pensiyanın 03 fevral 2011-ci il tarixdən tətbiq edilməklə yenidən hesablanması və yaranan fərqin birdəfəlik ödənilməsi İdarəyə həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2.5-ci maddəsində qeyd olunan əlavənin ödənilməsinə dair isə İdarənin üzərinə hər hansı vəzifə qoyulmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il 1 iyul tarixinədək qüvvədə olan redaksiyasında 19.2.5-ci maddədə qeyd edilmişdir ki, müharibə əlillərinin (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan İ qrup əlillərin yaşa görə əmək pensiyalarına yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində əlavə hesablanır. “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 10 mart tarixli qanunla edilmiş (2017ci il 1 iyul tarixində qüvvəyə minmişdir) dəyişikliyə əsasən həmin Qanunun 19-cu maddəsi yeni redaksiyada verilmişdir. Həmin Qanunun 2017-ci il 1 iyul tarixindən 2021-ci il 1 yanvar tarixinədək qüvvədə olan 19.1.7.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərin (Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan İ dərəcə əlilliyi olan şəxslərin əmək pensiyasının sığorta hissəsinə 110 manat məbləğində əlavə hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2020-ci il 29 dekabr tarixli 240-VİQD nömrəli qanunun 1.4-cü maddəsinə əsasən 19-cu maddə ləğv edilmişdir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.16-cı maddəsinə əsasən bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə—80 faizi, müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxslərə—55 faizi. Həmin Qanunun 20.1.12-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) təyin edilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-563/2017 saylı, 27 aprel 2017-ci il tarixli qərarı ilə X2 18 iyul 2016-cı il tarixdən təyin edilmiş (səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiyanın 01 yanvar 2007-ci il tarixdən tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pensiya fərqinin birdəfəlik ödənilməsinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 sentyabr 2017-ci il tarixli, 2-1(103)-1722/2017 nömrəli qərarı ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 563/2017 saylı, 27 aprel 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, iddiaçı X2 18 iyul 2016-cı il tarixdən təyin edilmiş (səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiyanın 03 fevral 2011-ci il tarixdən tətbiq edilməklə yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi DSMFnin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə həvalə edilməsi qərara alınmışdır. Göründüyü kimi daha öncə iddiaçının mərhum həyat yoldaşı X6 hazırkı tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 sentyabr 2017-ci il tarixli, 2-1(103)-1722/2017 nömrəli qərarı ilə iddiaçı X2 18 iyul 2016-cı il tarixdən təyin edilmiş (səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiyanın 03 fevral 2011-ci il tarixdən tətbiq edilməklə yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə həvalə edilməsi müəyyən edilmişdir. Həmin qərar qüvvəyə minmişdir. Hazırda da, iddiaçı 03.02.2011-ci il tarixdən 21.02.2018-ci il tarixə qədər həyat yoldaşının əmək pensiyasını yenidən hesablayaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.1-ci maddəsinə əsasən qalıq hissəsini birdəfəlik ödənilməsini tələb edir. Qeyd edilməlidir ki, əvvəlki qərar qəbul edilən zaman, iddiaçının hazırda irəli sürdüyü tələblə bağlı hissəyə də qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, eyni tələbin yenidən məhkəmə baxışının və araşdırmasının predmeti olması yolverilməzdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlili kimi 03.02.2011-ci il tarixdən 21.02.2018-ci il tarixə qədər həyat yoldaşının əmək pensiyasını yenidən hesablayaraq 19.1.7.1-ci maddəsinə əsasən qalıq hissəsini birdəfəlik ödənilməli olduğunu göstərmişdir. Məhkəmə kollegiyası bununla bağlı izah edir ki, əgər iddiaçı mərhum həyat yoldaşı barəsində olan qərarın icrası mərhələsində ərinin hüquqi varisi kimi hüquqlarının pozulduğunu iddia edirsə, həmin məbləgin verilməsi ilə baglı tələbə inzibati icraat qaydasında deyil, icra icraatı qaydasında baxılıb qiymət verilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1477/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1477/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar