Məhkəmə qərarları › İş №2-1(103)-1830/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1830/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1830/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi ilə (məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh AR İN yanında ƏMDX-nin yanında DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsinə qarşı (üçüncü şəxs: Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi) “yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-2485/2021 saylı qərardadından iddiaçının nümayəndəsi, Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İİN yanında ƏMDX yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-2485/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2485/2021 saylı 26 may 2021- ci il tarixli qərardadının ləğv edilməsi və iddiaya mahiyyəti üzrə baxılması üçün işin həmin məhkəməyə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddia ərizəsində mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədin verilməsi vəzifəsinin cavabdehin özərinə qoyulmasını xahiş edib. Cavabdehin həmin əmlakın üzərinə həbs qoyulması kimi məntiqsiz cavabı iddianın mümkün sayılmaması üçün əsas ola bilməz. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Məhkəmənin gəldiyi bu nəticə təmamilə əsassız və qanunsuzdur, iddiaçının mülkiyyətində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi mövcuddur. 2005-ci il 20 Oktyabrda keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həmin daşınmaz əmlaka mülkiyyət hüququna dair reyestrdən çıxarış (qeydiyyat vəsiqəsi) qanunsuz və əsassız olaraq heç bir protokol tərtib olunmadan götürülüb. Həmin sənədlərin harada olması, iddiaçının qeyd edilən daşınmaz əmlaklara mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatının qalıbqalmaması iddiaçıya məlum deyil. Binəqədi bələdiyyəsi isə iddiaçıdan qeyd edilən daşınmaz əmlaklara görə əmlak və torpaq vergisi tələb edir. Buna görə də iddiaçı cavabdehdən qeyd olunan daşınmaz əmlakların onun mülkiyyətində olmasını təsdiq edən sənəd (arayış və sair) verilməsini xahiş edib. İddiaçının bu müraciətinin cavabdeh tərəfindən təmin olunmaması ilə iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 5.1-ci maddəsində təsbit olunmuş yazılı müraciət əsasında dövlət qeydiyyatına alınmış hüquqlarına dair dövlət reyestrindən yazılı sənəd (arayış) almaq hüququ pozulub. Cavabdeh iddiaçıya onun yazılı müraciəti əsasında dövlət qeydiyyatına alınmış hüquqlarına dair dövlət reyestrindən yazılı sənəd (arayış) vermək vəzifəsini icra etməyib. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, iddaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 2 ünvanda yerləşən yaşayış evinin və həmin evə aid torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən rəsmi sənədin verilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə müraciət edərək ünvan 2 ünvanda yerləşən yaşayış evinə və torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin 20.11.2020-ci il tarixli, **********53 saylı məktubunda ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 2 oktyabr 2020-ci il tarixli ********** nömrəli ərizəyə İdarə tərəfindən baxılmışdır. Bildirilir ki, sözügedən fərdi yaşayış evinin üzərində 29 dekabr 2005-ci il tarixli məhkəmə qərarı ilə həbs qoyulmuşdur. Həmçinin, fərdi yaşayış evinə və torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi qeyd olunmuşdur. Məhkəmə qərarında hesab etmişdir ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti və inzibati orqanın ona “imtina” cavabı məzmunca eyni məsələni əhatə etmir. Yəni iddiaçının qaldırdığı məsələ ilə bağlı inzibati icraat aparılmamış və həmin icraatın nəticəsi üzrə hər hansı (müsbət həlli və ya əksinə) qərar qəbul olunmamışdır. Məhkəmə icraatında iddiaçı tərəfin təqdim etdiyi iddia ərizəsinə və verilən izahatına əsasən inzibati orqana müraciətinin məzmununun onun məqsədi üzrə qaldırdığı məsələnin mahiyyəti ilə eynilik təşkil etmədiyi müəyyən edilmişdir. Belə ki, həmin ərizədə müvafiq fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması barədə məlumat verilməsi və ya arayış təqdim olunması konkret göstərilməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Bu səbəbdən iddia mümkün sayılmamalıdır. Göründüyü kimi, məhkəmə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində iddiaçıya yardım eməmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırki iş üzrə müəyyən edilir ki, iddiaçının yuxarıda qeyd edilən əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən müvafiq rəsmi sənədi olmuş, lakin sonradan bu sənəd itirilmişdir. İddiaçı cavabdeh inziabti orqana müraciət edərkən faktiki olaraq, həmin sənədin dublikatını istəmiş, lakin bu xahişini düzgün ifadə edə bilməmişdir. Eyni zamanda iddiaçı eyni tələblə 1-ci instansiya məhkəməsinə müraciət edərkən iddia ərizəsini qarışıq ifadələrlə izah etmişdir. Lakin məhkəmə ona yardım göstərməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-2485/2021 saylı qərardadı ləğv olunsun. İddiaçı cavabdeh AR İN yanında ƏMDX-nin yanında DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsinə qarşı (üçüncü şəxs: Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi) “yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədin verilməsi” tələbinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar