Məhkəmə qərarları › İş №2-1(103)-1831/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1831/2020

26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1831/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X3 iştirakı ilə mənzil verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4266/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona üç otaqlı mənzil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, məhkəmə qərardadında bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 1077 saylı xx.xx.2020-ci il Fərmanına əsasən Dövlət Sosial X1 əks olunmuş və bu səlahiyyətlər sırasına əhalinin, o cümlədən əlil və digər şəxslərin hər hansı meyarlarla mənzillə təmin olunması məsələləri nəzərdə tutulmamışdır. Nəzərə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasınının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin 3.1.26 maddəsində göstərilir ki, əlillərin mənzil problemlərinin həllinə köməklik göstərilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsilə bağlı müvafiq tədbirlər görmək lazımdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayətə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsaslıdır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “Göründüyü kimi, şəxslərin, ƏƏSM Nazirliyi yanında Dövlət Sosial X1 əks olunmuş və bu səlahiyyətlər sırasına əhalinin, o cümlədən əlil və digər şəxslərin hər hansı meyarlarla mənzillə təmin olunması məsələləri nəzərdə tutulmamışdır. İddiaçının qaldırdığı məsələ üzrə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özü tərəfindən inzibati araşdırma aparılmadığından və imtina cavabı verilmədiyindən (iş materiallarına əsasən), məhkəmə İPM-in 13-cü maddəsinin tələblərini rəhbər tutub cavabdehin dəyişdirilməsinin təklif olunmasını məğbul qiymətləndirməmişdir. Beləliklə məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz.” Məhkəmə kollegiyası qərardadın əsasları ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 3.1.26-cı bəndi ilə əlillərin mənzil problemlərinin həllinə köməklik göstərilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 1.2-ci bəndinə əsasən Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir, 3.1.16-cı bəndinə görə isə dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrinə daxil edilmişdir. Göründüyü kimi, iddiaçının cavabdehə müraciətlər etdiyi, sonuncunun bu müraciətlərin icrasından imtina etdiyi və iddiaçının iddia ərizəsini birinci instansiya məhkəməsinə təqdim etdiyi tarixlərdə əlillərin mənzil problemlərinin həllinə köməklik göstərilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görmək Fondun vəzifələrinə aid idi. Lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 976 nömrəli Fərmanının xx.xx.2020-ci il tarixdə qüvvəyə minməsi ilə, yəni iddia məhkəmənin icraatında olduğu dövrdə, sözügedən səlahiyyətlər Sosial Xidmətlər Agentliyinin səlahiyyətlərinə daxil edilmişdir ki, bu məsələlərə qərardadda hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən məsələlər müzakirə edilməyən iddianın mümkün sayılmaması haqqında qərardad əsaslandırılmış sayıla bilməz. Belə ki, İPM-in: 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır; 80.3-cü maddəsinə əsasən, bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. İşin bu halı, həmçinin, birinci instansiya məhkəməsi tərəfindən İPM-in 13-cü maddəsi ilə nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsinin yerinə yetirilməməsi deməkdir ki, həmin normaya görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bundan əlavə, “iddiaçının ... hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyinin öz təsdiqini tapmaması” iddianın mümkünlüyü ilə yox, mahiyyəti ilə bağlı məsələdir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyi qərardad ləğv edilməli, inzibati iş həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4266/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020ci il tarixli qərardadı ləğv edilsin, inzibati iş həmin məhkəməyə göndərilsin. İddiaçı apellyasiya şikayəti təmin edilsin. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar