Məhkəmə qərarları › İş №2-1(103)-1831/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1831/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1831/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5549/2021 saylı 27 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07-10 sentyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2-1(118)-448/2021 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, pandemiya ilə əlaqədar vətəndaşlara verilən 190 manat maddi yardımla bağlı müraciət etmiş, 15.04.2020-ci il tarixdə işsiz kimi qeydiyyata alınmış, aprel və may ayları üçün birdəfəlik ödəməni almış, lakin sonrakı aylar üçün ödəmənin verilməsindən imtina edilmişdir, imtinaya əsas olaraq bildirilmişdir ki, qeydiyyat ünvanı sərt karantin rejimi təyin olunmuş rayonlar sırasına daxil edilməmişdir. İddiaçı bildirir ki, hamıya məlum faktdır ki, Qubadlı rayonu 27 il işğal altında olmuşdur, ailəsi həmin vaxtdan məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmışdır. Həyat yoldaşı X6 18 dekabr 2017-ci il tarixdə beyin ödemi diaqnozu ilə vəfat edib (ölüm haqqında şəhadətnamə iş materiallarına əlavə olunub) və himayəsində 3 azyaşlı uşağı var: 18.11.2008-ci il təvəllüdlü X4, 23.06.2004-cü il təvəllüdlü X1, 12.11.2014-cü il təvəllüdlü X10 oğlu (doğum haqqında şəhadətnamələri iş materiallarına əlavə olunub). İddiaçı bildirir ki, Sumqayıt-Bakı marşrutunda gündəlik 15 manat müqabilində sürücü işləyirdi və 2020-ci ilin aprelində sərt karantin rejimi tətbiq edildiyi üçün müvəqqəti olaraq idarə etdiyi marşrutun hərəkət etməsinə qadağa qoyulmuşdur. Odur ki, cavabdehin imtinasını qanunsuz hesab edir və növbəti iki ay üçün nəzərdə tutulmuş ödəmənin verilməsini tələb edir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2-1(112)-5549/2021 saylı qərarı ilə iddia təmin edilərək 2020-ci ilin iyun və iyul ayları üçün 190 manat birdəfəlik ödəmənin iddiaçıya verilməsi öhdəliyinin cavabdehdən tutulması qərara alınmışdır. (hakim: G.Sevdimalıyeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı (bundan sonra -Qərar) ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası" təsdiq edilmişdir. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Qərarla təsdiq edilmiş Qaydanın 3.8-ci bəndinə əsasən birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, iqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Həmin sistemlərdən əldə olunmuş məlumatlar insan faktoru olmadan avtomatlaşdırılmış şəkildə emal olunaraq, hüququ müəyyən edilmiş şəxslərə işsiz şəxslərə birdəfəlik ödəmələr üzrə təyinatlar aparılmışdır. Qeyd olunmalıdır ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Təsadüfi deyildir ki, Qərarın 1.2-ci bəndində açıq şəkildə göstərilmişdir ki, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Nəzərə alınmalıdır ki, yuxarıda sözügedən birdəfəlik ödəmə həyata keçirilməmiş şəxs MAS-da işsiz kimi qeydiyyatda saxlanılır və bu şəxsin istəyi və müraciəti olduğu halda onun məşğulluğunun təmin olunması məsələsinə Qanuna müvafiq olaraq baxılır Qanunun 1.1.6-cı maddəsinə, habelə X2 konvensiyalarına əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub. MAS-da işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Göstərilənlərdən belə aydın olur ki, mümkün olduğu halda dayanıqlı məşğulluq tədbirlərindən imtina edən, yalnız passiv şəkildə ödəmə almaq niyyətində olan şəxs işsiz anlayışına uyğun gəlmir. Hazırda Qanuna uyğun olaraq X5 tərəfindən işsiz şəxslərə onların işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədi ilə hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən elektron sənəd olan fərdi məşğulluq proqramının tərtibi məqsədilə sms-lər göndərilir. Fərdi məşğulluq proqramını təsdiq etmiş işsiz şəxslə Məşğulluq Mərkəzi iş aparır, onun daimi işlə təmin edilməsi üçün vakansiyalara göndəriş verir və ya fərdi təsərrüfatının təşkili məqsədilə özünüməşğulluğa cəlb edir. Bundan başqa "Mediasiya haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Lakin məhkəmə qanunvericiliyin bu imkanından istifadə etməyərək, dövlətin, o cümlədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olur. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Birinci instansiya məhkəməsi isə yuxarıda göstərilən əsaslarla iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda bunu etməmiş, iş üzrə iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, beləliklə də, prosessual pozuntuya yol vermişdir. Qeyd olunan səbəblərdən qərar ləğv edilməklə iddia qeyrimümkün hesab edilməlidir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X8 iddiaçının taksi fəaliyyəti ilə məşğul olmasına dair 16.01.2007-ci il tarixdə ********** nömrəli VÖEN verilməsi barədə sığortaedənlərin reyestr məlumatını məhkəməyə təqdim edərək izahatında bildirmişdir ki, iddiaçı taksi fəaliyyəti ilə məşğul olur və onun aktiv VÖEN-i vardır. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasının 2.3.9-cü bəndinə əsasən əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) birdəfəlik ödəmə verilmir. Bu səbəbdən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmamasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı müraciətinə baxılmış və iddiaçıya aprel-may ayları üçün ödəmə verilmiş, növbəti ayların ödəməsindən qeydiyyat meyarı üzrə imtina verilmişdir. İddiaçıya işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini istisna edən digər halın mövcudluğu ilə bağlı hər hansı sübut təqdim olunmamış, dəlil bildirməmişdir. Məhkəmənin sorğusuna əsasən, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.2-ci və 2.3-cü bəndi üzrə uyğunluğuna dair aparılmış yoxlama və nəticəsi barədə məlumatın məhkəməyə təqdim etməsi tələb olunmuşdur. İnzibati orqan tərəfindən məhkəməyə təqdim edilən etirazda yalnız qeyd edilən əsas (Qubadlı rayonunda qeydiyyat) bildirilmişdir. İddia tələbində iddiaçı növbəti iki ay üçün ödəmənin verilməsini tələb edir. İddia tələbi aydındır. Cavabdeh etirazında iyun və avqust ayları üçün ödəmənin verilməsi tələbinə dair iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin dəqiqləşdiriməsinə dair hüquqi yardım göstərilməsi və bu səbəbdən icraatın uzanması həddən artıq formallıq kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə iddiaçıya həmin ödəmənin veriməsindən cavabdehin imtinası qanunazidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İddiaçının arvadı 18.12.2017-ci il tarixdə ölmüş və himayəsində 3 azyaşlı uşağı vardır (bax 2-ci bənd). Qeyd edilənlər cavabdeh qurum tərəfindən aparılmış inzibati araşdırma nəticəsində təsdiqini tapmışdır. Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər sektoru tərəfindən verilmiş 28.10.2020-ci il tarixli arayışa əsasən, Qubadlı rayonundan məcburi köçkün İddiaçı Sumqayıt şəhəri, 49-cu məhəllə, ev 186 Çerkassi küçəsində yaşayır. Məhkəmə qeyd etmişdir ki, Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli və 07 avqust 2020-ci il tarixli 283 nömrəli qərarlarında məhz qeyd edilən şəhər və rayonlarda qeydiyyatda olma əsası göstərilməmişdir (bax 14 və 15-ci bəndlər). Həmin qərarlarda sərt karantin rejiminin tətbiq olunduğu rayon (şəhər) adları sadalanaraq həmin ərazilər üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsinin birdəfəlik şəkildə həyata keçirilməsi müəyyən olunmuşdur. Digər tərəfdən sırf yaşayış yeri üzrə qeydiyyat əlaməti ilə fərqli yanaşma həmin ərazilərdə daimi yaşayan şəxslərə münasibətdə ayrı-seçkilik hesab oluna bilər. Belə ki, Nazirlər Kabinetinin qeyd edilən qərarının məqsədi sərt karantin rejiminin tətbiq olunduğu həmin ərazilərdə yaşayan şəxslərin həmin rejimin tətbiqindən irəli gələn nəticələrin aradan qaldırılması və sosial təminatının yaxşılaşdırılmasıdır. Aydındır ki, iddiaçı Qubadlı rayonundan məcburi köçkündür və faktiki olaraq Sumqayıt şəhərində məskunlaşmaqla orada yaşayır. Odur ki, iddiaçıya münasibətdə qeydiyyat əlaməti üzrə fərqli rəftarın X13 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün iddiaçının fərdi situasiyası nəzərə alınmaqla "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı tələbi “karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi” ilə bağlı olmuşdur. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs- işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə(2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə (2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara (2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). İş materiallarına əlavə edilmiş Sığortaedənlərin reyestr məlumatından müəyyən olunur ki, iddiaçıya taksi fəaliyyəti ilə məşğul olması ilə bağlı ona 16.01.2007-ci il tarixdə ********** nömrəli VÖEN verilmişdir. Göründüyü kimi, iddiaçının taksi fəaliyyəti ilə məşğul olması üçün aktiv VÖEN-i olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya müvafiq birdəfəlik ödəmənin verilməsindən sözügedən Qaydaların tələblərinə uyğun olaraq imtina etməkdə haqlı olmuşdur və iş materialları ilə cavabdehin imtinasının qanuna zidd olduğu, iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu təsdiq olunmadığı halda birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddiaçının hazırkı iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5549/2021 saylı 27 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçının iddia tələbi təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar