Məhkəmə qərarları › İş №2-1(103)-1831/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1831/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1831/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X6-Yusiflinin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4, 3-cü şəxs Bakı İslam Universitetinin nümayəndəsi X5, vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1301/2022 saylı 24 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Qafqaz Müsalmanları İdarəsi Bakı İslam Universiteti tərəfindən verilmiş 2633 saylı 25.06.2013-cü il tarixli diplomdan görünür ki, İddiaçı 2008-ci ildə Bakı İslam Universitetinə daxil olmuş, 2013-cü ildə Universiteti ilahiyyatçı islamşünas ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarından müəyyən olunur ki, universitet “Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında” şəhadətnaməyə əsasən 17.03.1997-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, əsas fəaliyyəti “Ali təhsil” göstərilmiş, ali dini tədris müəssisəsi kimi X13 üzrə Dövlət Komitəsində yenidən qeydə alınaraq 28 iyun 2002-ci il tarixli Şəhadətnamə verilmiş, Şəhadətnamədə əsas fəaliyyət növü “Ali ixtisas üzrə Dini təhsil vermək”, təşkilati hüquqi forması kimi “Ali Dini tədris müəssisəsi” qeyd edilmişdir. 2009-cu ildə qanunvericilik aktlarına edilən dəyişikliklərə uyğun olaraq 26 avqust 2009- cu il tarixdə Təhsil Nazirliyi tərəfindən Ali təhsilin bakalavr və magistr pilləsində əlavədə göstərilən istiqamətlər üzrə mütəxəssis hazırlığı həyata keçirməyə icazə barədə Universitetə 5 il müddətinə lisenziya verilmişdir. 17 mart 1997-ci il tarixdə qeydə alınmış Universitetin nizamnaməsində universitetin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsis edilməsi, təşkilati məsələlərdə ona tabe olması, universitetin vəzifələrindən biri kimi ali dini təhsilli mütəxəssislər hazırlamaqdan ibarət olması göstərilmişdir. Bakı İslam Universitetinin X13 üzrə Dövlət Komitəsində 27 iyun 2002-ci il tarixdə qeydiyyata alınmış Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilmiş Nizamnaməsində qeyd edilmişdir ki, universitetə qəbul QMİ-nin qanunvericiliyə uyğun təsdiq etdiyi tələbə qəbulu qaydalarına uyğun olaraq aparılır. Universitetə qəbul orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirənlər, eləcə də ali və orta ixtisas təhsili olan şəxslər arasında müsabiqə yolu ilə aparılır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı İslam Universitetinin bir qrup məzununa ünvanladığı Kol-6567/1124 saylı 24.05.2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, 2010-cu ilə qədər Bakı İslam Universitetinə və universitetin respublikanın bir neçə regionunda fəaliyyət göstərən şöbələrinə qəbul olunmuş və təhsilini başa vuraraq dövlət nümunəli olmayan diplom almış şəxslərin təhsil sənədlərinin tanınması məsələsinə hər bir halda fərdi şəkildə məhkəmənin qərarı əsasında baxılacağı qeyd edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, orta təhsilini tamamladıqdan sonra 2008ci ildə Bakı İslam Universitetinin Dinşünaslıq fakültəsinə qəbul olmuş və 2013-cü ildə təhsilini başa vurmuşdur. Lakin cavabdeh onun diplomunu heç bir hüquqi əsas olmadan tanımır və bununla müfəssəl izahat vermir ki, səbəb nədir. Dəfələrlə cavabdehə müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin 06.08.2009-cu il tarixli 143 nömrəli Fərmanına və Təhsil Nazirinin 30.12.2002-ci il tarixli 1226 saylı əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.08.2009-cu il tarixli 1018 saylı əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə dünyəvi təhsil müəssisəsi kimi (bakalavr pilləsində dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Həmin vaxtdan qeyd olunan ali təhsil müəssisəsində ali təhsilin dövlət standartlarına uyğun hazırlanmış tədris planları əsasında bakalavr pilləsində dinşünaslıq”, magistr pilləsində “dinlərin tarixi” və “islamşünaslıq” proqramları üzrə kadr hazırlığı aparılır. Bakı İslam Universiteti yalnız 2010-cu ildən başlayaraq tələbə qəbulunu qanunvericiliyə uyğun olaraq TQDK vasitəsi ilə aparmışdır. Bu səbəbdən də 2014-cü ildən etibarən Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli təhsil sənədləri verilməyə başlanmışdır. Bildirilir ki, Bakı İslam Universitetinə 5 illik lisenziya verilsə də fəaliyyət göstərdiyi müddət ərzində ali təhsil müəssisəsinin akkreditasiyası aparılmamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinə əsasən təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə (müvafiq olaraq bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdən az olmamaq şərti ilə) uzadılması üçün hüquqi təminat yaradır. Qanunun 16.4-cü maddəsinə görə Təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi ilə başa çatır. Həmin Qanunun 16.5-ci maddəsinə görə Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçının adına Bakı İslam Universiteti tərəfindən yazılmış diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. Buna da səbəb iddiaçının 2008-ci ildə daxili müsabiqə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmasıdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.1-ci bəndinə əsasən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Eyni zamanda nəzərinizə çatdırılır ki, həmin dövrdə qüvvədə olan (1992-ci il tarixli) “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə əsasən təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Lakin təqdim olunmuş iddiaçıya məxsus diplom blankının nümunəsindən görünür ki, Bakı İslam Universitetinin məzunlarına verilən diplom blanklarının nümunələri qanunvericiliyə uyğun deyildir. Belə ki, qanunvericiliyin tələbinə görə ali təhsil müəssisələrinin məzunlarına verilən diplom blankının nümunəsi hökümət tərəfindən təsdiq edildiyi halda, BİUnin məzunlarına verilən diplom blankının nümunəsi isə Bakı İslam Universiteti tərəfindən təsdiq edilmişdir. Bu da qanunvericiliyin tələbinin kobud şəkildə pozulmasıdır. BİU-nin belə bir səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Təhsil nazirinin 09.11.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş 23.11.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Təlimatın 2.1-ci bəndində qeyd edilir ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələri üçün müvafiq təhsil sənədlərinin hazırlanması işinin təşkili yalnız Təhsil Nazirliyi tərəfindən mövcud qanunvericilik əsasında həyata keçirilir. Bu normalardan göründüyü kimi, məzunlara verilən diplom blanklarının hazırlanması işi yalnız Təhsil Nazirliyinə məxsus olmuşdur. Həmin dövrdə qüvvədə olan Qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Lakin dini təhsil müəssisəsinin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməli idi. Bununla əlaqədar bildirilir ki, Bakı İslam Universiteti lisenziya almaq üçün 1998-ci ildə Təhsil Nazirliyinə müraciət edə bilərdi. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra “ərizəçilər”) ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. Qaydaların 1.3-cü bəndinə görə ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Qeyd olunan normativhüquqi aktların müddəalarından göründüyü kimi BİU-nun fəaliyyəti qanunsuz olduğundan iddiaçının adına dövlət nümunəli təhsil sənədinin verilməsinə heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi Bakı İslam Universiteti yalnız dövlət qeydiyyatına alınmaqla kifayətlənmiş, qanunvericiliyin digər tələblərinə əməl etməmişdir. Belə ki, BİU tərəfindən tələbə qəbulunun daxili müsabiqə əsasında təşkil edilməsi, tədris olunan ixtisasların AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmaması, Bakı İslam Universitetinə qəbul planının Nazirlər Kabineti tərəfindən təsdiq edilməməsi, tədris proqramının TN-yi tərəfindən təsdiq edilməməsi, buraxılış Attestasiya Komisiyyalarının sədrlərinin TN-yi tərəfindən təsdiq edilməməsi, diplom blanklarının nümunələrinin BİU tərəfindən təsdiq edilməsi, Bakı İslam Universitetinin 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərməsi, qanunsuz olaraq regionlarda Bakı İslam Universitetinin şöbələrinin yaradılması, BİU-nin hal hazıradək akkreditasiyadan keçməməsi onun verdiyi təhsil sənədinin hüquqi əsasının olmadığını bir daha təsdiq edir. Eyni zamanda bildirilir ki, Bakı İslam Universitetinin Zaqatala Filialının fəaliyyəti barədə Təhsil Nazirliyində hər hansı bir məlumat mövcud olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1301/2022 saylı 24 fevral 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin birinci instansiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təhsil Naziniyi onun 2008-də müsabiqə yolu ilə universitetə qəbul olmasını və özünün də qeyd etdiyi kimi, 2010-cu ildən Bakı İslam Uuniversitetinin TQDK vasitəsi ilə tələbə qəbulunu aparmasını əsas gətirərək onun 5 illik təhsilini təsdiqləməməsi məqsədəmüvafiq deyildir. Tələbə qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"yə əsasən komissiyanın vəzifəsidir. Buna görə də Bakı İslam Universitetində sonradan bu qaydaya uyğun imtahanın keçirilməsi artıq komissiyanın səhvidir və buna görə də Təhsil Nazirliyi bu halı nəzərə alıb onun diplomunu dövlət nümunəli diplom blankı hesab etməməkdənsə, diplomunu yenisi ilə əvəzləyə bilərdi ki, bu da Nazirliyin diskresion səlahiyyətinə daxildir. Məhkəmə isə bu haliarı nəzərə almamış, diskresion səlahiyyətlərin hədəflədiyi məqsədə uyğun olmasını qiymətləndiıməmişdir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, 2010-cu ilə kimi qanunvericilikdə Azərbaycan Rspublikası ərazisində fəaliyyət göstərən orta və ali dini ixtisas məktəblərinə lisenziyanın verilməsinin tələb olunmadığını bildirmiş, bununla bağlı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında, məhkəmə qərarının əsaslı olduğunu, həmçinin hazırki iddia ilə bağlı formalaşmış məhkəmə təcrübəsinin olmasını, iddiaçının təhsil aldığı təhsil müəssisəsinin fəaliyyətinə icazənin olmadığını, Bakı İslam Universitetinin öz nizamnaməsinə əsasən ixtisaslar formalaşdıraraq tələbə qəbulunu apardığını, 1992-ci il tarixdə qəbul edilmiş “Təhsil haqqında” Qanunun tələblərinə riayət edilmədiyini, qəbul planlarının Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyini, atesstasiya komissiyalarının Təhsil Nazirliyi tərəfindən təyin olunmadığını, Təhsil Nazrirliyi tərəfindən Bakı İslam universitetinin məzunlarına diplom blankının verilmədiyini, Universitet tərəfindən tələbə qəbulu ilə bağlı nə Nazirlər Kabinetinə nə də Təhsil Nazirliyinə müraciət edilmədiyini bildirmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxs Bakı İslam Universitetinin vəkili X2 iddiaçı ilə eyni dövrdə təhsil alan bir qrup tələbələrin diplomunun tanınması, bir qrupun diplomunun isə tanınmaması cavabdeh oqan tərəfindən bərabərlik hüququnun pozulması ilə nəticələndiyini, qəbul planının verilməsinin Bakı İslam Universitetinin deyil, Təhsil Nazirliyinin vəzifəsinin olduğunu bildirmiş, bununla bağlı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Bakı İslam Universitetinin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi 03.06.2021-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 18.06.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı tələbi “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi” ilə bağlıdır. Onun bu barədə tələbinin təmin olunmasından cavabdeh inzibati orqan imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Təhsil haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.26-cı bəndinə görə Nazirlik mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. İddiaçının BİU-na daxil olduğu 2008-ci ildə qüvvədə olan “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 21-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Həmin Qanunun 8-ci maddəsinə əsasən təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. 12.06.2018-ci ilədək qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir. Təhsil müəssisəsinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - şəhadətnamənin verilməsi ilə başa çatır. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. İddiaçının BİU-na daxil olduğu 2008-ci ildə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 112 nömrəli 19 may 1998-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (ərizəçilər) ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü lə məyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Hazırki işdən görünür ki, İddiaçı Bakı İslam Universitetinə universitetin lisenziyasının olmadığı dövrdə 2008-ci il tarixdə daxili müsabiqə yolu ilə qəbul olunmuşdur. 16 may 2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - Komissiya) müasir kompüter texnologiyalarından istifadə etməklə test üsulu ilə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 6-cı bəndinə görə Komissiyanın əsas vəzifələri aşağıdakılardır: 6.1. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi; 6.3. Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi. Həmin Əsasnamənin 7-ci bəndinə görə Komissiya ona həvalə olunmuş əsas vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 7.1. Azərbaycan Respublikasının dövlət siyasətinə uyğun olaraq tələbə qəbulu prosesini və onun strukturunu layihələşdirir, tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirir. Göründüyü kimi, 16 may 2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6-cı bəndinin tələblərinə görə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi komissiyanın əsas vəzifələrindən biri olmuşdur. Fərmanın tələblərinə görə Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu həyata keçirilir. İddiaçının təhsil aldığı Bakı İslam Universiteti də Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisəsi olmuşdur. İddiaçının Bakı İslam Universitetinə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə mərkəzləşdirilmiş qaydada test üsulu ilə həyata keçirilməmişdir. İddiaçının Bakı İslam Universitetinə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə mərkəzləşdirilmiş qaydada test üsulu ilə həyata keçirilmədiyindən, onun həmin universiteti bitirməsinə dair dövlət nümunəli diplomun verilməsindən imtina olunması barədə cavabdehin hərəkəti qanuni olmuşdur O ki qaldı iddiaçının təhsil aldığı müəssisədə bir qrup tələbələrin bu halı məhkəməyə müraciət edərək bərpa etmələrinə, qeyd olunan hal iddiaçıya dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi barədə cavabdeh inzibati orqan üçün öhdəlik yaratmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələb etdiyi dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmədiyi üçün onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1301/2022 saylı 24 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1301/2022 saylı 24 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar