Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1831/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlilliyinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2167/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2-ci qrup əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdein üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2011-ci il tarixdə əlillik dərəcəsi təyin edilmişdir. Qeyd edilən tarixdən ona əlilliyə görə pensiya ödənilmişdir. Sonuncu dəfə o, xx.xx.2021-ci il tarixdə təkrar olaraq komissiyada müayinə edilmiş və ona müddətsiz 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Lakin 2 ildən sonra ona verilən pensiya birdən-birə dayandırılmışdır. İddiaçı bunun səbəblərini öyrənmək məqsədilə 5 saylı Bakı DOST Mərkəzinə müraciət etmiş, məlum olmuşdur ki, ona əlillik təyin edilsə də sonradan, yəni, xx.xx.2023-cü il tarixdə bu qərar dəyişdirilmiş və əsassız olaraq iddiaçıya təyin edilən əlillik ləğv edilmiş və pensiya təyinatı dayandırılmışdır. İddiaçı barəsində qəbul edilən qərarın qanunsuz olduğunu bildirirək pozulmuş hüquqlarının bərpası üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2167/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərardadı ilə (hakim E.Abdullayev) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianı araşdırılması üçün aidiyyəti üzrə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin, onlar məhkəmənin bu mövqeyi ilə razı deyillər, düşünürlər ki, məhkəmə iddiaçının təmsil olunması ilə bağlı qeyd edərkən iş materiallarında olan vəkil müraciətini nəzərə almamışdır. Belə ki, tərəfindən məhkəməyə vəkil müraciəti təqdim edilmiş və məhkəmədən iş materialları ilə tanış olmaq və zəruri tədbirlərin görülməsi üçün vaxt istənilsə də, təəssüflər olsun ki, məhkəmə onun bu müraciətini nəzərə almamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırda 2-ci qrup əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. İşdən göründüyü kimi, iddiaçı tibb müəssisəsinin müvafiq göndərişi əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsində əyani müayinədən keçirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin 3-17-4/3-1- 24365/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarı ilə iddiaçı barəsində əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Göründüyü kimi əlilliyin qiymətləndirilməsi məsələləri, hazırkı mübahisəyə münasibətdə isə iddiaçının əlillik dərəcəsinin bərpa edilməsi cavabdehin səlahiyyətlərinə deyil, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətlərinə aiddir. Yəni, hazırkı iş üzrə cavabdeh iddiaya cavab verməli orqan deyildir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya xx.xx.2024-cü il tarixində hüquqi yardım məktubu göndərərək iddia tələbinin əsl cavabdehə qarşı yönəltməsi, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müracətini təsdiq edən sənədləri məhkəməyə təqdim etməsini təklif etmişdir. Həmin məktub xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən poçt xəbərnaməsinə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Lakin iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilmiş formada ərizəsi, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizəsi təqdim edilməmişdir. Təkrarən iddiaçının iştirakının təmin edilməsi, həmçinin onun tərəfindən dəqiqləşdirilmiş iddia ərizəsinin təqdim edilməsi məqsədilə xx.xx.2024-cü il tarixli məhkəmə iclası təxirə salınaraq yenidən hüquqi yardım məktubu göndərilmiş və həmin hüquqi yardım məktubu iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində poçt xəbərnaməsinə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Növbəti məhkəmə iclası xx.xx.2024-cü il tarixinə təyin edilmiş, lakin məhkəmə tərəfindən dəfələrlə göstərilən hüquqi yardıma müvafiq olaraq iddia tələbinin dəqiqləşdirilmiş formada ərizəsi, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizəsi təqdim edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətində “məhkəmədən iş materialları ilə tanış olmaq və zəruri tədbirlərin görülməsi üçün vaxt istənilsə də, təəssüflər olsun ki, məhkəmə onun bu müraciətini nəzərə almamışdır” qeyd etsə də iş materiallarında olan elektron qaydada məhkəməyə ünvanlanmış vəkil ərizəsindən görünür ki, iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi başqa məzmunda olmuş, vəkil kimi işə əlavə edilməsini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Göründüyü kimi , iddiaçı (onun nümayəndəsi və vəkili) tərəfindən hazırki vaxtadək də hər hansı bir formada dəqiqləşdirilmiş (cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair) ərizə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2167/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki məhkəmə aktı iddiaçının düzgün cavabdehə qarşı müraciət edərək, məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2167/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1831/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1831/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver