Məhkəmə qərarları › İş №2-1(103)-1832/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1832/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1832/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Ağayev Valeh Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-in Bakı şəhər Sabunçu rayon şöbəsinə qarşı “iş stajı nəzərə alınmaqla sağlamlıq imkanları məhdud uşağı olan ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3473/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx xxx 2015-ci il tarixdən 52 yaşından yaşa görə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin xx xxx 2015-ci il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1963-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1981-ci il sentyabr ayının 01-dən 1996-cı il may ayının 05-nə qədər müxtəlif səhiyyə ocaqlarında çalışmışdır. 1996-cı il 05 may tarixində övladının xəstəliyi ilə əlaqədar olaraq işdən çıxmışdır. xx xxxx 2002-ci ildən xx xxxx 2006-cı ilə qədər Bakı şəhəri təcili tibbi yardım stansiyasında xadimə vəzifəsində çalışmışdır. 16 ilə qədər iş stajı vardır. Qızı anadan gəlmə onurğa beyninin yırtığı və hər iki pəncənin varus deformasiyası diaqnozu ilə anadan gəlmə xəstədir. O, xx xxx 2015-cı il tarixdən pensiya yaşına çatdığıma görə qızı anadan gəlmə xəstə olduğundan yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almalı idi. Ona görədə pensiya yaşına çatdığına və 16 ilə yaxın sığorta stajının olduğuna görə ona əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sabunçu rayon şöbəsinə müraciət etmişdir. Həmin şöbə **********3 saylı, xx xxxxxx 2019-cu il tarixli məktub ilə imtina edərək ona əmək pensiyası təyin etmənin mümkün olmadığını bildirmişdir. Hesab edir ki, həmin imtina əsaszızdır və onun sosial təminat hüququnu pozur. Onun hal-hazırda 57 yaşında olduğunu, anadan gəlmə sağlamlıq imkanları məhdud olan qızını tərbiyə etdiyinə görə 16 il iş stajını nəzərə alıb ona Azərbaycan Respublikasının 2015-ci ildə qüvvədə olmuş “Əmək pensiyası haqqında” Qanunu ilə nəzərdə tutulmuş qaydada xx xxx 2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. 2017-ci il iyul ayının 01-nə qədər qüvvədə olmuş “Əmək pensiyalar haqqında” Qanunun 7-ci maddəsinə əsasən 57 yaşına çatmış qadınların 10 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 8-ci maddəsinin 2-ci bəndinə əsasən Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Onun pensiya hüququ xx xxx 2015-ci ildən yaranmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3473/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin edilməməlidir. İşdə olan sənədlərin surətlərindən məlum olur ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982ci il tarixədək qarderobçu, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü ildən xx.xx.1996-cı il tarixədək şəhər poliklinikasında tibb bacısı, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında xadimə vəzifəsində işləmişdir. Onun ümumi iş stajı 18 il 2 ay 29 gün təşkil edir.iddiaçının xx.xx.1990-cı il təvəllüdlü qızı X1 anadangəlmə xəstədir və doğulduğu gündən anasının himayəsindədir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını tətbiq etməklə ona əmək pensiyasının təyin edilməsini tələb edir və tələbini əmək pensiyası hüququnun həmin tarixədək yaranması ilə əsaslandırır. Buna görə də «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı ona xx xxx 2015-ci il tarixdən 52 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Halbuki qanunvericiliyin tələblərinə əsasən 2015-ci ilin yanvar ayının 1dən qadınlar üçün müəyyən olunmuş yaş həddi 60 yaş olmuşdur. Həmin dövr qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində tələb olunan 10 il sığorta stajı olsa da, Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldıldığı halda tələb olunan yaş 55 yaş olduğundan, iddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Məhkəmə həmçinin hazırki qanunvericiliyin tələbləri üzrə də iddiaçının qadınlar üçün müəyyən edilmiş yaş həddinə çatmasını müəyyən etsə də, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranmadığını müəyyən etmişdir. xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yəni pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 2020-ci il tarixə qadınlar üçün yaş həddi 61 yaş 6 ay olduğundan, iddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaş həddi 5 il azaldıqda onun yaşa görə pensiya hüquq 56 yaş 6 aydan yaranır. İddiaçı xx xxx 1963cü il təvəllüdlü olmaqla, 57 yaşında olduğundan o, qanunvericilikdə tələb olunan yaş həddinə çatmışdır. Lakin iddiaçı göstərilən maddənin tələbləri üzrə yaşa görə pensiya təyin edilməsi üçün hazırda qüvvədə olan qanunvericliyin tələblərinə əsasən müəyyən edilmiş 25 il sığorta stajına malik deyildir. Belə ki, iş materiallarında olan əmək kitabçası əsasında iddiaçının ümumi iş stajının 18 il 2 ay 29 gün təşkil etməsi müəyyən edilmişdir. İddiaçının qanunvericiliklə müəyyən edilmiş sığorta stajı olmadığından, o müəyyən olunmuş yaş həddinə çatsa belə onun yaşa görə əmək pensiyası hüququ yaranmamışdır və cavabdeh tərəfindən iddiaçıya pensiya təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3473/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar