Məhkəmə qərarları › İş №2-1(103)-1832/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1832/2024

19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1832/2024 19.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qarajın ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14233/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən dəmir qarajın mərhum X3 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, imtina formal mülahizələrə istinadən verilmişdir və əsaslı dəlillərə söykənmir. Belə ki, qaraja dair texniki pasportun tərtib edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sənədləri təqdim etdiyindən, cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci və 10.2-ci maddələrinin müddəalarına, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-24-cü maddələrinin tələblərinə uyğun deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14233/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, ünvan 1 ünvanda yerləşən dəmir qarajın mərhum X3 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qeyri-yaşayış binasına (qaraj) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci və ya 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim edilmiş Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 21/4saylı, xx.xx.1991-ci il tarixli Qərarı “fərdi qarajın başqa şəxsin adına keçirilməsi” ilə bağlı olmuşdur. Əlavə olaraq bildiririk ki, sözügedən qərar mərhum X2 adına verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus daşınmaz əmlaka dair texniki pasport tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Sözügedən ünvanda yerləşən qaraj dəmir konstruksiyadan (daşınan əmlak) ibarət olmaqla binaların arasında, sıx yaşıllıq ərazidə yerləşir. Həmçinin qaraja dair təqdim olunmuş cizgidə dəqiq istinad və məsafələr göstərilməmişdir. Eyni zamanda bildiririk ki, elektron kadastr baza məlumatlarına əsasən göstərilən qaraj "xxxx" MTK tərəfindən müraciət edilmiş ümumi sahə daxilində yerləşir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apellyasiya şikayətini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, Nəsimi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 21/4 saylı qərarına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev “63 a”, 51 saylı mənzilin həyətində yerləşən fərdi qarajın X2 adına keçirilməsinə icazə verilmişdir. X4 1.10.2015-ci il tarixdə vəfat etmişdir. İddiaçı (bundan sonra – iddiaçı) vərəsəlik işinin açılması ilə əlaqədar olaraq Bakı şəhəri 13 saylı Dövlət notariat kontoruna müraciət etmiş, notarius tərəfindən vərəsəlik işi açılmış və iddiaçı Ü.Kərimovun vərəsəsi müəyyən edilmiş, göstərilən qaraja dair çıxarışın verilməsi qeydiyyat orqanından xahiş edilmişdir. xx.xx.2023-cü il tarixdə qarajın situasiya planı Bakı şəhəri 13 saylı MKİS tərəfindən tərtib edilmiş, MKİS-in rəisi və mühəndisi tərəfindən imzalanmışdır. İddiaçı həmin dəmir qaraja dair texniki pasportun tərtib edilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023cü il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...qaraj dəmir konstruksiyadan (daşınan əmlak) ibarət olmaqla binaların arxasında, sıx yaşıllıq ərazidə yerləşir. Həmçinin qaraja dair təqdim olunmuş cizgidə dəqiq istinad və məsafələr göstərilməmişdir. Bu səbəblərdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbini təmin edilməsi ilə yekunlaşan qərarının qanuni və əsaslı olmasını hesab edərək, məhkəmənin mövqeyilə razılaşır və öz mövqeyini aşağıda qeyd edilənlərlə əsaslandırır : Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a əsasən : Maddə 1.2. Bu təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Maddə 7.1. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Maddə 7.2. Müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Qeyd edilən normaların məzmunundan görünür ki, iddiaçının subyektiv hüququ mövcuddur. Yəni, hüquqların X3 mənsub olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, qeyri-yaşayış binasına (qaraj) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci və ya 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim edilmiş Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 21/4saylı, xx.xx.1991-ci il tarixli Qərarı “fərdi qarajın başqa şəxsin adına keçirilməsi” ilə bağlı olmuşdur. Əlavə olaraq bildiririk ki, sözügedən qərar mərhum X2 adına verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus daşınmaz əmlaka dair texniki pasport tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Kollegiya ilk növbədə aşağıdakı hüquq normalarına diqqət çəkir: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.1-ci maddlərinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olunur. İş materiallarında olan Nəsimi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 21/4 saylı qərarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev “63 a”, 51 saylı mənzilin həyətində yerləşən fərdi qarajın X2 adına keçirilməsinə icazə verilmişdir. 09 noyabr 1991-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Qanunun (2002-ci il 23 aprel tarixli, 311-İİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 21.1-ci maddəsinə əsasən, vətəndaşın mülkiyyətində aşağıdakılar ola bilər: (...) yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri; ... Həmin Qanunun 21.3-cü maddəsinə əsasən, mənzil, mənzil-tikinti, bağ, qaraj kooperativinin üzvü kimi onun istifadəsinə verilmiş mənzil, bağ, bağ evi, qaraj və ya başqa bina və ya tikili üçün özünün pay haqqını tamamilə verdikdən sonra bu əmlak üzərində mülkiyyət hüququ qazanır. Göründüyü kimi, sözügedən qərara və yuxarda qeyd olunan normalara əsasən iddiaçının mərhum atası mübahisələndirilən qaraja dair mülkiyyət hüququna malik olmuşdur. Lakin sonuncu həmin qaraja dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmadan vəfat etmişdir. Sözügedən qərarın mərhumun adına olmasına gəldikdə isə, bu hal mərhumun qanuni vərəsəsi olan iddiaçının mübahisəli qarajın atasının adına olması ilə bağlı arayış olmasına maneə ola bilməz. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» 22.2-ci maddəsinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Apellyasiya şikayətinin “daşınmaz əmlaka dair texniki pasport tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır” dəlili ilə bağlı Kollegiya qeyd edir ki, qanunvericilikdə hüququn ölmüş şəxsə məxsusluğu barədə qanunvericilik normalarının çıxarışla bağlı olması, texniki pasportun həmin normada qeyd edilməməsi, iddiaçının hüququnun reallaşdırılmasına mane olan hal deyildir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “...., çıxarışdan başqa sənədlə (texniki pasport, plan və ölçü sənədi və s) rəsmiləşdirilməli olan hüquq sahibi öldükdə, bu həmin hüququn vərəsəyə keçmədən itirilməsi ilə nəticələnər. Bu isə ən mühüm konstitusion hüquqlar olan mülkiyyət hüququna və vərəsəlik hüququna ziddir... Hazırkı halda qanunun analogiyası tətbiq edilməklə cavabdeh idarə hüququn ölmüş şəxsə məxsus olması barədə arayış və vərəsəliyi təsdiq edən sənədlərə əsasən sonradan isə qaraja dair texniki pasport verə bilər” Apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, qaraja dair cizgidə dəqiq istinad və məsafələr göstərilməmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlilinə münasibətdə bildirir ki, qeyd edilən hal hazırkı iddia tələbinin təmin edilməməsinə əsas ola bilməz. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 116 saylı fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.25-ci bəndinə görə inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan müvafiq texniki sənədlərin tərtib edilməsi Xidmətin vəzifələrindən biridir. Apellyasiya şikayətinin “sözügedən ünvanda yerləşən qarajın dəmir konstruksiyadan (daşınan əmlak) ibarət olmaqla binaların arasında, sıx yaşıllıq ərazidə yerləşməsi, elektron kadastr baza məlumatlarına əsasən göstərilən qarajın "xxxx" MTK tərəfindən müraciət edilmiş ümumi sahə daxilində yerləməsi” dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, qeyd edilən dəlillər formal mülahizələrdən ibarət olmaqla, əsaslı və qanuni məhkəmə qərarının ləğvi üçün əsas təşkil etmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. AR İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14233/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar