Məhkəmə qərarları › İş №2-1(103)-1832/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1832/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1832/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Abbasovanın sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X8 ibarət tərkibdə, X13 qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı 3-cü şəxs X7 işə cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(112)-7393/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 1 ünvanında yerləşən 58.8 kv.m qeyri-yaşayış sahəsinin satılmasına dair hərracın nəticələrinin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yaşayır və həmin mənzil onun xüsusi mülkiyyətindədir. Ona və X4 məxsus mənzil binanın 1-ci mərtəbəsində yerləşir. T.Dadaşov özbaşına, icazəsiz, binanın zirzəmisini zəbt edərək ora mülkiyyət hüququ əldə etmiş, heç bir tikinti normasına cavab verməyən artım inşa etmişdir. Zirzəminin alt hissəsini qazmış, oradan torpaq çıxardaraq daşımış, zirzəminin alt hisəssini təxminən 3 metr dərinliyə qazaraq öz başına artımlar etmişdir. Həmin tikinti əsasında binanın təməlinə dərin izlər qoyaraq maddi ziyan vurmuş, ümumilikdə isə təhlükə yaratmışdır. Bu isə isə binanı qəzalı vəziyyətə gətirib çıxarmışdır. T.Dadaşov tərəfindən aparılmış qeyri-qanuni tikinti əsasında bina əsir, bina sakinləri rahat evdə otura bilmir. Bununla bağlı bina sakinləri tərəfindən sonuncuya narazılıqlar bildirilsə də, narazılıqlarına heç bir məhəl qoyulmamışdır. Sonuncu həmin zirzəminin ona satılmasını bildirərək, mülkiyyətində olmasını təkidlə qeyd edərək, istədiyini edə biləcəyini qeyd etmişdir. Ona dəfələrlə bunun qarşısını almasını, heç bir tikinti normasına cavab verməyən tikintinin sökülməsi təklif olunsa da, buna heç bir əhəmiyyət verilməmişdir. Qeyd edir ki, T.Dadaşov bir müddətdir ki, binanın sakinlərinin evakuasiya zamanı qoruna biləcəyi hamının ümumi istifadəsində olan yeri zəbt edərək, həmin yerə qanunsuz olaraq çıxarış əldə etmiş və orada evin zirzəmi hissəsini qazıyaraq obyekt tikmək üçün şərait yaratmışdır. O, binanın bir sakini kimi T.Dadaşov tərəfindən aparılan qanunsuz qazıntı və tikinti işlərindən çox narahatdır. Belə ki, aparılan qazıntı işləri binanın təməlinə ziyan vurmaqla qəzalı vəziyyətin yaranmasına gətirib çıxara bilər. Qeyd olunan qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X6 arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2018-ci il tarixdə onun məlumatı olmadan 10210 saylı icarə müqaviləsi bağlanmışdır. Daha sonra qeyri-yaşayış sahəsi hərrac vasitəsilə X1, xx.xx.2018-ci il tarixdə qeyd olunan qeyri-yaşayış sahəsinin alqı-satqına dair tərəflər arasında 6932 saylı müravilə bağlanmışdır.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilməsi və ünvan 2 ünvanında yerləşən 30 oktyabr 2015-ci il tarixli, 281 nömrəli sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7393/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

5. Cаvаbdеhin məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, 6 ünvanına yerləşən 58.2 kv.m olan qeyri-yaşayış sahəsi Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla dövlət mülkiyyətində olmuş və daşınmaz dövlət əmlakının registrində qeydiyyata alınmışdır. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli 273 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, 6 ünvanında yerləşən Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş, ümumi sahəsi 58.2 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Komitəsi ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 8368 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsi X3 icarəsinə verilmişdir. X6 ərizə ilə Xidmətə müraciət edərək qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, 6 ünvanına yerləşən ümumi sahəsi 58.2 kv.m olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə xx.xx.2015-ci il tarixli, 281 nömrəli sərəncam verilmiş və Komitə ilə X6 arasında bağlanmış “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə” əsasən qeyd olunan qeyri-yaşayış sahəsi sonucu tərəfindən özəlləşdirilmişdir. Həmçinin bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, 6 ünvanında yerləşən 58.8 kv.m olan qeyri-yaşayış sahəsi Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla dövlət mülkiyyətində olmuş və daşınmaz dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli 110 nömrəli sərəncamı ilə Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, 6 ünvanında yerləşən ümumi sahəsi 58.8 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə bağlanmış xx.xx.2018-ci il tarixli 10210 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsi X3 icarəsinə verilmişdir. X6 ərizə ilə Xidmətə müraciət edərək qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, 6 ünvanında yerləşən Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla dövlət mülkiyyətində olmuş ümumi sahəsi 58.8 kv.m qeyriyaşayış sahəsinin özəlləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli 136 nömrəli sərəncam verilmiş və Komitə ilə X6 arasında bağlanmış “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”nə əsasən qeyd olunan qeyri-yaşayış sahəsi sonuncu tərəfindən özəlləşdirilmişdir. Bildirirlər ki, iddiaçının hazırki iddianı qaldırmaqdda subyektiv hüququ yoxdur. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mübahisələndirilən sərəncam qəbul edilən zaman iddiaçının həmin sahə üzərində hər hansı hüququ mövcud olmamışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin ikinci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakın qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Eyni zamanda, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisəsi və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 2.3.22-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələri, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələri Əmlak Məsələləri Dövlət Xidmətinin qərarı ilə özəlləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarının birinci bəndinə əsasən bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi İİ Dövlət Proqramı”nın həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydalarını tənzimləyir. Beləliklə, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi dövlət büdcəsinin vəsaiti hesabına inşa edildiyindən həmin sahə dövlət mülkiyyətində olmuş və bu barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə uyğun olaraq dövlət əmlakının Registrində qeydiyyat aparılmışdır. İddiaçı iddia ərizəsində mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin yaşayış binasının ümumi istifadəsində olmasını iddia etsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddiaçı iddia ərizəsində mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin qazılaraq yaradılması və bu səbəbdən binanın qəzalı vəziyyətə gəlib çıxmasını qeyd etsə də, onun tərəfindən qeyri-yaşayış sahəsinin qazılaraq yaradılması və registrdə qeydiyyata alınmış qeyri-yaşayış sahəsinin binanın qəzalı vəziyyətə gətirməsini sübut edən sənəd məhkəməyə təqdim edilməmişdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bu baxımdan hesab edirlər ki, mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə Xidmət tərəfindən qəbul edilmiş sərəncamın ləğv edilməsi ilə bağlı iddiaçının istinad etdiyi qeyd olunan hallar tamamilə əsassızdır. Eyni zamanda nəzərə alınmalıdır ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair Komitə ilə Tofiq Dadaşov arasında bağlanmış alqı-satqı müqaviləsi xx.xx.2015 və xx.xx.2018-ci il tarixlərdə bağlanmış, iddiaçı tərəfindən mübahisə predmeti olan qeyriyaşayış ssahəsinə dair “sərəncamın və digər sənədlərin” barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Beləliklə, uzun müddət mübahisə predmeti olan əmlaklar cavabdehin icarəsində, daha sonra mülkiyyətində olmuş və iddiaçı bundan xəbərar olmuşdur. İddiaçı yaşadığı ünvanda yerləşən zirzəmi sahəsinin özəlləşdirilməsi ilə bağlı pozulmuş hüquqlarının bərpa edilməsinə köməklik göstərilməsi barədə xx.xx.2019-cu il tarixli, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində qeydiyyata alınmış hüquqların ləğv edilməsinə köməklik göstərilməsi barədə xx.xx.2023cü il tarixli müraciətləri Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(112)-7393/2024 saylı qərarı ilə iddia rədd edilmişdir.

7. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çoxmənzilli binanın ümumi əmlakı sayılan zirzəminin qeyri-yaşayış sahələri kimi xidmət göstərilməsi məqsədilə X4 icarəyə və mülkiyyətə verilməsi mənzil və mülki qanunvericiliyin tələblərinə ziddir. Nizami RİH başçısının xx.xx.2019-cu il tarixli məktubunu, Bakı şəhəri İH-nın Mənzil-Kommunal Təsərrüfatı Departementinin xx.xx.2019-cu il tarixli məktubunu və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubu məhkəməyə təqdim edilsə də, məhkəmə həmin sübutları tədqiq etməmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ:

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Hüsiyev apellyasiya şikayətinə etiraz edərək, təmin edilməsini və hazırkı iş üzrə iddianın mümkün sayılmamasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

12. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

13. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2- 1(112)-7393/2024 saylı qərarı ləğv edilməli, iddia mümkün hesab edilməməlidir.

14. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

15. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

16. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna əsasən 3-21-3/2-18217/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin X3 adına özəlləşdirilməsi və icarə müqaviləsinin bağlanmasına əsas olmuş sənədlər təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: - T.Dadaşov Əmlak Məsələləri Dövlət Komitəsinə xx.xx.2015-ci il tarixdə ərizə ilə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, 6 ünvanında yerləşən 5 mərtəbəli Nizami rayon MKTB-nin balansında olan binanın zirzəmisində yerləşən, sahəsi 58.2 kv.m olan qeyri-yaşayış sahəsinin xidmət məqsədi üçün icarəyə verilməsini və cizgisinin çəkilməsini xahiş etmişdir. xx.xx.2015-ci il tarixdə tərtib edilmiş “Qeyri-yaşayış sahəsinin boş və istifadəsiz olmasına dair” akta əsasən ünvan 4 saylı, Nizami rayon MKTB-nin balansında olan zirzəməsində yerləşən 58.2 kv.m qeyri-yaşayış sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsi boş və istifadəsizdir. Dövlət əmlakından səmərəli istifadə edilməsini və dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasını təmin etmək məqsədi ilə həmin qeyri-yaşayış sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər hansı bir fiziki və ya hüquqi şəxsə icarəyə verilməsi məqsədəuyğun hesab edilmişdir. Bundan sonra həmin daşınmaz əmlaka dair “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 8368 nömrəli 21 oktyabr 2015-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. - T.Dadaşov xx.xx.2015-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə ərizə ilə müraciət edərək “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30 oktyabr 2015-ci il tarixli 281 nömrəli “İcarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” sərəncam qəbul edilmişdir. Sərəncamın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli, 23 nömrəli Qərarı ilə təsdiq edilmiş (29 yanvar 2007-ci il tarixli, 192 nömrəli Qərarı ilə edilmiş dəyişiklilər nəzərə alınmaqla) “Özəlləşdirilən müəssisələrin (obyektlərin) ilkin qiymətinə tətbiq edilən əmsallar”a əsasən hesablanmış, bu sərəncama əlavədə göstərilən icarəyə verilmiş daşınmaz dövlət əmlakının qiymətləri təsdiq edilmiş (siyahıya əlavə olunmuşdur); 2-ci bəndinə əsasən Bu sərəncamın əlavəsində göstərilən icarəyə verilmiş daşınmaz dövlət əmlaklarınınn 100% dəyəri ilə icarəçilərə satın alınmaq üçün təklif edilməsi qərara alınmışdır. Sərəncama əlavə edilmiş “İcarəçilərə təklif olunan icarəyə verilmiş daşınmaz dövlət əlmakının Siyahısı”nda X3 icarəsində olan daşınmaz əmlak (qeyri-yaşayış sahəsi) 2-ci sırada qeyd edilmişdir. Bundan sonra X6 ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında həmin qeyri-yaşayış sahəsinə dair “İcarəyə verilmiş əmlakın alqı-satqı”sı barədə 6001 nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 6 ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-48650/2024 **********50 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, ünvan 4 saylı binanın zirzəmisində dövlət mənzil fondunun istifadəsi və saxlanılması hansı idarənin balansında olub-olmaması barədə məlumatların verilməsi ilə bağlı aidiyyəti üzrə müraciət edilməsi məqsədəuyğundur. Sözügedən ünvan dair daha ətraflı məlumat (sahəsi və s.) verildikdən sonra müraciətə yenidən baxıla bilər.

18. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Bakı şəhəri 11 saylı Vəkil Bürosuna ünvanlanmış 927 nömrəli, xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, 6 ünvanında yerləşən dövlət mənzil fonduna aid yaşayış binası və binanın ümumi əmlakının tərkib hissəsi olan zirzəmisi Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

19. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 6 ünvanlanmış xx.xx.2019-cu il tarixli **********75 nömrəli cavab məktubuna əsasən ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s – 117 kv.m) xx.xx.2015-ci il tarixli 6001 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə və xx.xx.2018-ci il tarixli 6932 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin bildirilmişdir ki, ünvan 7 ünvanda yerləşən qeyriyaşayış sahəsi (ü/s – 117 kv.m) dair arxiv qovluğunda aşkar olunan sənədlərdə balanssaxlayıcı Bakı şəhər İcra Hakimiyyəti, MKTD, Nizami rayon MKTB (sənəddə olduğu kimi) qeyd edilmişdir.

20. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli və xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışlara əsasən Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı, 6 ünvanında yerləşən ümumi sahəsi 117 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı, 6 ünvanında yerləşən, 16 saylı, ümumi sahəsi 60 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə X3 adına qediyyatdan keçmişdir.

21. İş materiallarına əlavə edilmiş AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2(102)-1981/2022 saylı qərarından müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-76/2021 nömrəli, 25 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) ilkin iddianın qismən təmin edilməsi, ünvan 4 saylı evin zirzəmisinin qeyri-yaşayış sahəsi kimi cavabdehlər AR Əmlak Məsələləri Dövlət Komitəsi və Tofiq Dadaşov arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6001 nömrəli və xx.xx.2018-ci il tarixli, 6932 saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri, eləcə də Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ******* nömrəli Çıxarış və 11 iyun 2018-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışın etibarsız hesab edilməsi, cavabdeh Tofiq Dadaşov tərəfindən həmin binanın zirzəmisində inşa olunmuş özbaşına artımların sökülməsi, binanın zirzəmisini əvvəlki vəziyyətinə qaytarılması və bina sakinlərinin ümumi istifadəsinə verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, həmçinin, qarşılıqlı iddianın da təmin edilməməsi qət edilmişdir. İlkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə cavabdehlər X6 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi həmin qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.Babayev - sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov) 2(103)-1097/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə cavabdehlər X6 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-76/2021 saylı işi üzrə 25 may 2021-ci il tarixli qətnaməsi “ünvan 4 saylı evin zirzəmisinin qeyri-yaşayış sahəsi kimi cavabdehlər AR Əmlak Məsələləri Dövlət Komitəsi və X6 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 8368 nömrəli və xx.xx.2018-ci il tarixli, 10210 nömrəli icarə müqavilələri, xx.xx.2015-ci il tarixli, 6001 nömrəli və xx.xx.2018-ci il tarixli, 6932 saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri, eləcə də Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ******* nömrəli Çıxarış və 11 iyun 2018-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışın etibarsız hesab edilməsi” tələblərinin təmin edilməsi ilə bağlı hissədə ləğv edilmiş və həmin hissədə icraata xitam verilmişdir. Apellyasiya məhkəməsi tərəfindən MPM-in 262.2-ci maddəsinə əsasən ilkin iddia üzrə iddiaçıya izah olunmuşdur ki, o, müvafiq qərardadda ona izah olunan hüquqdan istifadə edərsə və əgər səlahiyyətli orqan (məhkəmə) tərəfindən ünvan 4 saylı evin zirzəmisinə dair X6 ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış icarə və alqısatqı müqavilələri etibarsız hesab olunarsa, bu halda həmin iddia tələblərini yeni əsaslarla irəli sürə bilər. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2(102)-1981/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1097/2021 nömrəli, 12 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

22. İşə baxan birinci instansiya məhkəməsi öz xidməti vəzifəsinə görə ilkin olaraq iddianın mümkünlük şərtlərini yoxlamalı olduğu halda bunu etməmiş, işə mahiyyəti üzrə baxıb iddianın əsaslılığına qiymət vermişdir.

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

24. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30 oktyabr 2015-ci il tarixli 281 nömrəli “İcarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” sərəncam qəbul edilmişdir.

25. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

27. Bu zaman işə baxan birinci instansiya məhkəməsi mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişdir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

28. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. Beləliklə, iddia mübahisələndirmə haqqında iddia növü olduğuna görə iddianın mümkünlük şərtlərindən biri olan iddia müddəti yoxlanılmalıdır.

29. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə).

30. Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (həmin Məcəllə 298-ci mаddə).

31. Yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisə açdığı sərəncam 30 oktyabr 2015-ci il tarixdə qəbul edilmişdir.

32. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2(102)- 1981/2022 saylı qərarından müəyyən olunur ki, iddiaçının həmin qərar qəbul edilən zaman hazırda mübahisələndirdiyi sərəncam ona məlum idi.

33. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi.

34. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir.

35. Hazırkı iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsi məqsədəmüvafiqdir. Belə ki, iş üzrə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30 oktyabr 2015-ci il tarixli 281 nömrəli “İcarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” sərəncamın ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir.

36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21).

37. Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33).

38. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür.

39. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

40. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(112)-7393/2024 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(112)-7393/2024 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı 3-cü şəxs X7 işə cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Günel Abbasova Hakimlər Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar