Məhkəmə qərarları › İş №2-1(103)-1833/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1833/2024

06.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1833/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X7” Şirkəti işə cəlb edilməklə iş üzrə QƏRARİ (Açar sözlər: « torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi, İddiaçı, 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə, 3-cü şəxs “X7” Şirkətinin nümayəndəsi X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1162/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1597 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə torpaq sahəsi təqdim olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmışdır. Sərəncama qoşma şəklində cizgi əlavə edilmişdir.

2. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli **********05 nömrəli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, təqdim etdiyi yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün sənədlə sahəni dəqiqləşdirmək mümkün olmamışdır. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərinə aid olduğu müəyyən edilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 28 aprel 2023-cü il tarixli 14-2/2-M-2xx-xx/2023-1267 nömrəli məktuba əsasən iddiaçının ərizəsində qeyd etdiyi UTM WGS 84 koordinat sistemində X 396716.65 396719.29 396734.00 396731.00 Y 4476918.74 4476959.01 4476959.00 4476917.00 koordinatlarında olan həmin 600 kv.m torpaq sahəsi birinci ərizəsinə verilmiş cavab məktubunda da, qeyd edildiyi kimi, Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 091-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respulikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X7” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna blər.

4. Məhkəmənin “iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması barədə məlumatı, alındığı təqdirdə qeydiyyata alınmaya əsas olmuş sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi barədə” sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-35152/2023 **********52 nömrəli məktubla iddiaçının qonşuluğunda yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, həmin qonşuluqda yerləşən torpaq sahəsi də, Qarabağ müharibəsi veteranı iştirakçısı kimi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli sərəncamı əsasında ayrılmış torpaq sahəsidir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində ona məxsus torpaq sahəsinə çıxarışın verilməsinin təmin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qarabağ veteranı olduğu üçün Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 1597 saylı sərəncamı ilə fərdi ev tikintisi üçün torpaq sahəsi verilmişdir. Həmin ərazidə qonşuların hamsına çıxarış verilmişdir. Torpaq sahəsi ilə bağlı hüquqlarının qeydiyyata alınması xx.xx.2021-ci ildə cavabdehə müraciət etmişdir. Ancaq cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir.

7. Məhkəmənin 2-1(112)-8736/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1597 nömrəli sərəncamı əsasında Biləcəri qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir.

8. Məhkəmənin 2-1(112)-8736/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X7” Şirkəti iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər.

9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı şəhəri İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün sənədlə sahəni dəqiqləşdirmək mümkün olmamışdır. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərinə aid olduğu müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2021-ci il tarixli **********05 nömrəli cavab məktubu ünvanlanmışdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1162/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1597 nömrəli sərəncamı əsasında Biləcəri qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının1597 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə torpaq sahəsi təqdim olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmışdır. Sərəncama qoşma şəklində cizgi əlavə edilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə sərəncamın qanuniliyi mübahisələndirilməmiş, yalnız torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması əsası ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

12. Məhkəmə cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçının qonşuluğunda yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş analoji çıxarışlara və həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, qonşuluqda yerləşən həmin torpaq sahəsi də öz ilkin mülkiyyətçisinə, iddiaçıya ayrıldığı kimi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən eyni ildə, Qarabağ müharibəsi veteranı iştirakçısı kim ayrılmışdır və həmin torpaq sahəsinə dair hüquqlar artıq daşınmaz əmlakın dövlət dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışlar verilmişdir. Belə olan təqdirdə, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyinin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1162/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli 2-1 (112)-1162/2023 saylı qərarı əsassızdır. Belə ki, cavabdehin iddiaçıya çıxarışın verilməsinə dair imtina səbəbləri iddiçının təqdim etdiyi yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün sənədlə sahəni dəqiqləşdirmək mümkün olmaması və əlavə elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərinə aid olmasıdır. Qərardan da göründüyü kimi məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi yerləşmə cizgisi ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin üstüstə düşüb-düşməməsi müəyyən edilməmiş, buna dair ekspertiza təyin edilməmiş, ümumiyyətlə heç bir araşdırma aparılmamışdır. Qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və "X7" şirkətinin istifadəsinə verilmiş istehsalat təyinatlı ərazilərə aiddir. İddiaçı iddia etdiyi torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahəsidir. Həmçinin, Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasmda Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən "X7" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. "Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxgnı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ.LTD və ARDNŞ-in X6 arasmda Sazişin" qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının 06 may 2011-ci il tarixli 105-İVQ nömrəli Qanununun 4-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlannm (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.Həmçinin, Sazişin 25.1-ci bəndi ilə tövsif olunmuşdur ki, ... bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur, (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla). SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-m Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir.İnsan Hüquqlarının və X3 haqqında Konvensiyanın 6.1-ci maddəsi hər kəsin ədalətli məhkəmə araşdırması hüququnu nəzərdə tutur. Ədalətli məhkəmə araşdırması hüququ işə həmçinin tərəflərin bərabərliyi və çəkişmə prinsipini, eləcə də hər kəsin əsaslandırılmış qərar almaq hüququnu özündə ehtiva edir. (Ruis-Mateos İspaniyaya qarşı, 23 iyun 1993, 63-cü bənd). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı (19 aprel 1993) iş üzrə qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-d bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

16. Məhkəmə Kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Verilən suallara cavabında bildirmişdir ki, iddiaçıya Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə təqdim olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün verilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2000ci il tarixli 1597 saylı sərəncamı Bakı İnzibati Məhkəməsində mübahisələndirilmişdir, lakin iddia mümkün sayılmamışdır.

17. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə istinad edərək təmin olunmasını xahiş etmişdir.

18. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxs “X7” Şirkətinin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Verilən suallara cavabında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin boşaldılması, hasarın sökülməsi kimi iddia və ya məhkəmə mübahisəsi yoxdur.İddiaçıya Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə təqdim olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün verilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2000ci il tarixli 1597 saylı sərəncamı Bakı İnzibati Məhkəməsində mübahisələndirilmişdir.

19. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi iclasda iştirak etməmişdir.Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

21. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

22. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. .... 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; .....

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

28. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

29. Belə ki, tətbiq edilən normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir.Hazırkı iş üzrə qeyd olunan hüquqmüəyyənedici sənədlər mövcuddur.

30. İşin hallarına görə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1597 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə torpaq sahəsi təqdim olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmışdır. Sərəncama qoşma şəklində cizgi əlavə edilmişdir.Torpaq sahəsi iddiaçı tərəfindən hasarlanıb, qonşularla hər hansı mübahisə mövcud deyildir.

31. İddiaçı həmin torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə sərəncamın qanuniliyi mübahisələndirilməmiş, yalnız torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması əsası ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

32. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1162/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarından cavabdeh apellyasiya şikayəti verməmişdir.

33. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1162/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən apellyasiya şikayəti verildiyindən apellyasiya baxışı həmin şikayətin dəlilləri ilə məhdudlaşır.

34. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçının qonşuluğunda yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş analoji çıxarışlara və həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, qonşuluqda yerləşən həmin torpaq sahəsi də öz ilkin mülkiyyətçisinə, iddiaçıya ayrıldığı kimi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən eyni ildə, Qarabağ müharibəsi veteranı iştirakçısı kim ayrılmışdır və həmin torpaq sahəsinə dair hüquqlar artıq daşınmaz əmlakın dövlət dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışlar verilmişdir.

35. Belə olan təqdirdə, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyinin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.

36. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.

37. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

38. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya çıxarışın verilməsinə dair imtina səbəbləri iddiçının təqdim etdiyi yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün sənədlə sahəni dəqiqləşdirmək mümkün olmaması və əlavə elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərinə aid olmasıdır. Qərardan da göründüyü kimi məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi yerləşmə cizgisi ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi müəyyən edilməmiş, buna dair ekspertiza təyin edilməmiş, ümumiyyətlə heç bir araşdırma aparılmamışdır.

39. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası diqqətə çəkir ki, hazırkı iş üzrə iddiaçının iddiası təmin olunmuş və cavabdehin imtina dəlilləri (cavabdehin iddiaçıya çıxarışın verilməsinə dair imtina səbəbləri iddiçının təqdim etdiyi yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün sənədlə sahəni dəqiqləşdirmək mümkün olmaması və əlavə elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərinə aid olması) əsassız sayılmışdır.Cavabdeh isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, apellyasiya şikayəti verməmişdir.

40. Nəzərə almaq lazımdır ki, Daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatının həyata keçirilməsi ilə bağlı torpaq sahələrinin inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin, torpaq sahələrinin planının və ölçüsünün tərtib edilməsi isə cavabdeh inzibati orqanın vəzifələrinə aiddir.

41. Bundan başqa Məhkəmə Kollegiyasının əvvəlki iclasında 3-cü şəxs “X7” Şirkətinin nümayəndəsi X5 SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərdə olan tikililərin sökülməsinə, həmçinin, vətəndaşa torpaq sahəsi ayrılmasına dair müvafiq orqanın sərəncamının etibarsız hesab olunmasına dair məhkəmə qərarları təqdim edəcəyini bildirmiş və bunla bağlı məhkəmə iclası təxirə salınmışdır.

42. “Elektron kabinet ” vasitəsilə təqdim olunmuş məhkəmə aktının hazırkı mübahisəyə aid olmaması müəyyən olunmaqla yanaşı, o da müəyyən olunmuşdur ki, təqdim olunan məhkəmə aktı xx.xx.2014-cü il tarixlidir.

43. Məhkəmə Kollegiyası vurğulayır ki, son dövrlərin mövcud məhkəmə praktikasına görə müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimləndiyindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz.

44. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

45. Odur ki, iddiaçıya Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə təqdim olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün verilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 1597 saylı sərəncamı Bakı İnzibati Məhkəməsində mübahisələndirilmişdir, lakin iddia mümkün sayılmamışdır.( Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-9455/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixdə çıxarılmış qərarın nəticəvi hissəsinə dair “AZEMİS” Elektron Məhkəmə Sistemindən çıxarış)

46. Həmçinin, mübahisə predmeti olan torpaq sahəsinin boşaldılması, hasarın sökülməsi kimi iddia və ya məhkəmə mübahisəsi yoxdur.

47. Məhkəmə Kollegiyası vurğulayır ki, mübahisəli torpaq sahəsi uzun müddətdir və halhazırda iddiaçının faktiki istifadəsindədir.Hər hansı qonşu bağ sahəsi ilə faktiki üst-üstə düşmə halı müəyyən olunmur.

48. Qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin şikayətin dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

50. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

51. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.

52. Beləliklə, 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətinin dəlilləri əsaslı olmamışdır.

53. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1162/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1162/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar