Məhkəmə qərarları › İş №2-1(103)-1834/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1834/2021

20.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1834/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı, nümayəndəsi X1 (həyat yoldaşı) və vəkili X2 iştirakı ilə İddiаçı İddiaçı cаvаbdеh Cavabdehnə qarşı (3-cü şəxs nazirlyin Tibbi İdarəsi) “döyüş əməliyyatlarında “aldığı xəsarətin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 337/2021 saylı 07.04.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cаvаbdеh Cavabdeh Tibbi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, 14.10.1991-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidməti vəzifəsinin yerinə yetirərkən aldığı travmanın “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” kimi təyin edilməsi vəzifəsinin Daxili İşlər Nazirliyini Tibbi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “... İddiaçı 1982-1985-ci illərdə keçmiş SSRİ ordusunda həqiqi hərbi xidməti başa vuraraq ehtiyata buraxılmışdır. 1990-ci ildə Azərbaycan Ermənistan münaqişəsinin başlanılması ilə əlaqədar könüllü olaraq DİN-in tərkibində yaradılmış X5 Dəstəsində xidmətə daxil olmuş 1995-ci ilin mart ayına qədər orada xidmətdə olmuşdur. 1991-ci ilin oktyabr ayında Goranboy rayonu Todan kəndi istiqamətində gedən ağır döyüşlərdə ermənilərin odlu silahdan açılan atəş nəticəsində sağ yuxarı ətrafın çoxsaylı qəlpə yaraların, alın hissəsinin yumşaq toxumalarından dəlib keçən qəlpə yarası, sağ bazunun və biləyin yuxarı 1/3 hissəsindən çoxsaylı qəlpə yaraları diaqnozu ilə ağır bədən travması almış, döyüşçü polis yoldaşlarının tərəfindən ilkin tibbi yardım yerində göstərilmiş və oradan birbaşa Gəncə şəhər X6 Xəstəxanasına təxliyyə olunaraq stasionar şəraitdə müalicədə olunmuşdur. Müalicəsi bitdikdən sonra yenidən orqanlara qayıdaraq xidmətini davam etdirmişdir. Döyüşlərdə aldığı travmanın səbəb əlaqəsinin tibbi şəhadətləndirilməsi üçün tibbi sənədlərini DİN-in Xüsusi həkim komissiyasına təqdim etmiş, lakin həmin komissiya onubu günə kimi şəhadətləndirməmiş, səbəbini isə onunla izah etmişdir ki, döyüşlərdə yaralanması və travma alması haqqında arayışı yoxdur. Həmin dövrdə polis nəfəri olmuş və heç bir sənədləşməyə cavabdehlik daşımamışdır...” Cavabdehin birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsi iddianı qəbul etməmiş və Daxili işlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsi tərəfindən aparılan xidməti araşdırma zamanı iddiaçının daxili işlər orqanlarında döyüş bölgəsində yaralanmasına dair qeydiyyat və xidməti xasiyyətnamə aşkar edilməmiş, onun travması haqqında arayışı mövcud olmamış, bundan başqa 31.11.1991-ci il tarixli Goranboy rayon Prokurorluğu Qərarı əsasında Göranboy rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən tərtib olunan 40İ № ekspert rəyinin nəticəsinə əsasən iddiaçının bədəni üzərində aşkar edilən xəsarətlər ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddət pozan yüngül dərəcəli bədən xəsarətlərinə aid olduğunu bildirərək, qeyd etmişdir ki, bu səbəbdən iddiaçının aldığı travmanın “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” kimi təyin edilməsi üçün əsas yoxdur” Bakı İnzibati Məhkəməsinin 18.06.2020-ci il tarixli 2-1(112)-473/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Daha sonra, Cavabdeh onun müraciəti əsasında məhkəmənin 16.10.2020-ci il tarixli qərardadı ilə üçüncü şəxs qismində cəlb edilmiş, qərar ləğv edilərək iş üzrə icraat təzələnmiş, daha sonra isə iddiaçının iddianın dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən məhkəmənin 19 fevral 2021-ci il tarixli qərardadları ilə iş üzrə cavabdeh Tibb İdarəsi, əsl Cavabdeh ilə əvəz edilmiş və Tibb İdarəsi isə üçüncü şəxs prosessual vəziyyətinə keçirilmişdir. İşə yenidən mahiyyəti üzrə baxılaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)-337/2021 saylı 07.04.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və Bakı İnzibati Məhkəməsinin 18.06.2020-ci il tarixli 2-1(112)-473/2020 saylı qərarının icraya yönəldilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qərar qanunsuz və əsassızdır. Əvvəla, məhkəmə 18.06.2020-ci il tarixli qərarı ilə iddianın təmin edərək Tibb İdarəsinin üzərinə aldığı travmanın “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” kimi təyin edilməsi vəzifsini qoymuş, həmin qərar qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün göndərilmiş, lakin məhkəmənin qanuni qüvvəsini almış həmin qərarı iki ay sonra Daxili İşlər İdarəsinin nümayəndəsi Əlirza Həbilovun 05.10.2020-ci il tarixində verdiyi vəsatəti əsasında İPM-in 28-ci maddəsinin tələblərinə zidd olaraq ləğv edilmiş və iş təzələndikdən sonra iddiaçı maddi imkansızlığı üzündən peşəkar vəkillə təmin edilmədiyindən ona iddianın dəqiqləşdirilməsi barədə ərizə verməsi təklif olunmuş və müvafiq ərizəsi ilə cavabdeh Tibb İdarəsi əsl cavabdeh DİN-lə əvəz olunmuş və bu dəfə məhkəmənin 18.06.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarlarında məhkəmə “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin eyni maddələrinə əsaslanmışdır. Göründüyü kimi, məhkəmə kobud prosessual pozuntulara yol vermişdir. MPM-in 88, 106.1, 385.1.1 və 387.1-ci maddələrinə istinadən iddiaçı hesab edir ki, həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Ə.Əliyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunamasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir (İddiaçı və onun nümayəndəsi vəkilin dedikləri ilə razı olduqlarını bildirmişlər) . Məhkəmə iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ.Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ərizəsindən göründüyü kimi, iddiaçı aldığı xəsarətin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilməsinin cavabdehə həvalə edilməsini tələb etmişdir. Aşağıdakılara əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamə”nin 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun; b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun; c) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyi müəyyən edilmiş olsun, yaxud o, vəfat etsin. Əsasnamənin müəyyən etdiyi qaydalardan göründüyü kimi, hərbi-həkim komissiyası tərəfindən xəstəliyin səbəb əlaqəsinin sənədlər üzrə üç şərtin yerinə yetirildiyi halda müəyyən edilir. Konkret halda isə iddiaçıya münasibətdə qeyd olunan şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, iş materiallarına əlavə olunmuş, “MTE və PA” Birliyinin Goranboy şöbəsinin 31.10.1991-ci il tarixli 401 saylı ekspert rəyinə əsasən müəyyən olunur ki, keçmiş XTPDnin (“OMON”) əməkdaşı İddiaçı döyüş əməliyyatlarında aldığını mübahisələndirdiyi bədən xəsarətləri ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan yüngül dərəcəli bədən xəsarətilərinə aiddir. Əsasnamənin yuxarıda qeyd olunan 7.1-ci bəndinin “b” və “c” bəndlərindən isə göründüyü kimi, hərbi-həkim komissyiası tərəfindən xəsarətlərin səbəb əlaqəsi o halda müəyyən oluna bilər ki, vətəndaşın bədən zədələnmələrinin aşkar nəticələri mövcud olsun və xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində əlilliyi müəyyən edilsin. Adıçəkilən ekspert rəyindən isə görünür ki, iddiaçının aldığı xəsarət yüngül dərəcəlidir və iş materialarına əsasən TSEK tərəfindən ona hər hansı bir əlillik dərəcəsi verildiyi müəyyən olunmur. Həmçinin, sözügedən Əsasnamənin 7.3-cü bəndinin tələbinə görə hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Cavabdeh Daxili İşlər Nazirltiyinin Baş Kadrlar İdarəsinin işdə olan iddiaçıya onvanlanmış 08.11.2019-cu il tarixli və 25.09.2019-cu il tarixli məktublarından görünür ki, iddiaçının arixiv şəxsi işinə baxış keçirilən zaman döyüş bölgəsinə ezam edilməsi və travma alması barədə qeydiyyat, habelə xidməti xasiyyətnaməsi aşkar edilməmişdir. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, iddiaçının döyüş əməliyyatlarında aldğı xəsarətlərin səbəb əlaqəsinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilən faktiki şərtlər mövcud deyil. Həmin Əsasnamənin 7.2-ci bəndinin “a” bəndindən isə görünür ki, hərbi-həkim komissiyası tərəfindən vətəndaşın döyüş əməliyyatlarında aldığı xəsarətin səbəb əlaqəsi müəyən edildiyi halda yalnız «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi şəhadətləndirmə qərarı çıxarılır. Eyni zamanda, Əsasnamənin 7.4-cü bəndində hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarılması isə onunla şərtləndirilmişdir ki, vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda qəbul edilir. Konkret halda isə iddiaçının əlillik dərəcəsi mövcud olmadığı və iddiaçının aldığı xəsarət sağlamlığı qısa müddətə pozan yüngül dərəcəli bədən xəsarəti olduğu halda, Əsasnamənin qeyd olunan bəndinin müəyyən etdiyi digər qayda çərçivəsində onun xəsarətinin səbəb əlaqəsinin müəyyənləşdirilməsi istisna olunur. Beləliklə də iddiaçı tərəfindən İPM-in 14.3-cü maddəsinə müvafiq olaraq aldığı xəsarətin “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” kimi şəhadətləndirilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Əksinə, cavabdeh tərəfindən təkzib olunur. Belə olan halda, cavabdeh tərəfindən ona ünvanladığı 02.10.2019-cu il tarixli məktubu ilə imtina cavabı verilməsi qanuni və əsaslıdır. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik o halda qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi iddianı rədd edilməsini mahiyyəti üzrə işin hşallarına və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir və bu baxımdan iddiaçının apellyasyia şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası, həmçinin, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının, o cümlədən, İPM-in 28-ci maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə də razılaşmır. Belə ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi yer almamış, nazirlik özü inzibati orqan kimi təsbit olunmuşdur. Belə olan halda, hazırkı mübahisənin əsl cavabdehi də məhz nazirlikdir. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə qərarı qəbul olunub qanuni qüvvəsini aldıqdan sonra belə, nazirliyi onun müraciəti əsasında işə üçüncü şəxs qismində cəlb edib işi təzələməsi və sonradan onu əsl cavabdeh qismində Tibbi İdarəsi ilə əvəz edib sonuncunu üçüncü şəxs prosessual vəziyyətinə keçirməsi prosessual qanunvericilyin (o cümlədən, 28.1-ci və 54-cü) tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Ən azından ona görə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli qərarında hesab etmişdir ki, “...inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququ qanunvericilik qaydasında tənzimlənməlidir. Konstitusiyanın 94-cü maddəsinin İ hissəsinin 6-cı bəndində isə məhkəmə icraatı, məhkəmə qərarlarının icrası qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) səlahiyyətinə aid edilmişdir. Qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir...” Konstitusiya Məhkəməsinin qeyd olunan şərhi baxımından, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən İPM-nin 28.1-ci maddəsinin tələblərin kobud şəkildə pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-337/2021 saylı 07.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-337/2021 saylı 07.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar