Məhkəmə qərarları › İş №2-1(103)-1834/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1834/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1834/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X4 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(112)-1667/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qeyd etdiyi hallar nəzərə alınaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsini rəhbər tutaraq, Sərəncamın məqsədlərinə uyğun olaraq, ayrılmış torpaq sahəsi ilə bağlı hüquqlarının həyata keçirilməsinə mane olan mövcud vəziyyəti nəzərə alaraq, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən xx.xx.2013-cü il tarixli 398 nömrəli sərəncamla ayrılmış torpaq sahəsinin yerinin qeyd olunduğu həddə dəyişdirilməsinə (yeni sərəncam verilməsinə) dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçının qardaşı X1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Şəhid olduğuna görə ailələrinin sosial rifahının yaxşılaşdırılması məqsədilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 22.01,1996-cı il tarixində Bakı şəhəri Xətai rayonu Q.Məmmədov küçəsində müvafiq köşkün, daha sonra isə xx.xx.2006-cı il tarixli Sərəncamla 20 kv metr sahədə məntəqənin tikilməsinə icazə verilib. Elə həmin dövrdən etibarən bir kiçik ağacı səbəb gətirməklə uzun müddət tikintiyə maneə və süründürməçilik etməklə, nəhayət ağacın diametrini 30 sm-ə çatdırıblar. Nə ağacın köçürülməsinə, nə də həmin ərazidə kifayət qədər boş yer olmasına baxmayaraq, layihənin (ayrılan torpaq sahəsinin) 30 sm sürüşdürülməsinə imkan yaratmayıblar. Qeyd edilənləri nəzərə alaraq, həmin sahədə yerləşən ağacın köçürülməsi və ya yerinin dəyişdirilməsi və ya digər analoji tədbirlərin görülməsinə dair qərar qəbul edilməsi, hər hansı səbəbdən ağacın götürülməsi məqsədəmüvafiq hesab edilmədiyi təqdirdə isə Sərəncamla ayrılmış sahənin (20 kv metr) hazırki yerləşməsindən “ağacın maneə yaratdığı həddə” (30-40 sm) yerinin dəyişdirilməsi məsələsinə baxılması ilə bağlı iddiaçı tərəfindən Xətai Rayon İcra Hakimiyyətinə və Bakı şəhəri İcra Hakimiyyətinə dəfələrlə müraciətlər edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydasının 2.2-ci bəndində göstərilən yaşıllıqların götürülməsinə əsas olan hallardan heç biri mövcud olmadığından yaşıllığın yerində saxlanmasına dair rəy (əlavə olunur) vermişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Agentliyinin 24 sentyabr 2020-ci il 22/T-399 nömrəli rəyindən də göründüyü kimi, ağacla məntəqə tikintisi üçün ayrılan torpaq sahəsi arasında minimal yerləşmə məsafəsi tələbləri gözlənilməyib. Odur ki, adıçəkilən qurum tərəfindən rəydə ağacın yerində saxlanılması, obyekt tikintisinin isə yaşıllıqdan azad sahədə yenidən qurulması irəli sürülmüşdür. XRİH torpaq sahəsi ilə bağlı sərəncam vermə səlahiyyətinin olmadığını bildirmişdir. Aşağıda qeyd olunan aktlar yerli icra hakimiyyəti orqanlarının torpaq sahəsi ilə bağlı qərarvermə səlahiyyətlərini təsbit etməklə, aidiyyəti qurumların süründürməçilik fəaliyyətini açıq şəkildə sübut edir: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.3-cü yarımbəndi: dövlət mülkiyyətində olan torpaq ehtiyatlarından səmərəli istifadə üçün tədbirlər görmək; 4.16.3-cü yarımbəndi: müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; 4.16.6-cı yarımbəndi: torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək; Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Eyni zamanda, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən, şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. Bundan başqa, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli və digər əlaqəli Sərəncamlarında Yerli icra hakimiyyəti orqanlarına şəhid ailələri və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə münasibətdə torpaq sahələrinin ayrılmasının təmin edilməsi və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırılmışdır. xx.xx.2006-cı il tarixində mövcud məntəqənin tikilməsinə icazə verilməsinə dair Sərəncama uyğun olaraq, Bakı şəhəri Xətai rayonu Q.Məmmədov küçəsində yerləşən köşkün sökülərək yerində (20 kvadrat metr ərazidə) kənd təsərrüfatı fəaliyyəti ilə əlaqəli məntəqənin tikilməsi nəzərdə tutulmuşdur ki, obyektin konstruksiyası 2013-cü ildə XRİH tərəfindən tərtib olunmuş “məntəqənin eskiz layihəsi” ilə öz təsdiqini tapır.Lakin ayrılmış və barəsində layihə tərtib edilmiş həmin torpaq sahəsində ağacın mövcudluğu tikintiyə maneə olduğundan, nəticədə şəhid ailəsinin sosial müdafiəsi məqsədilə torpaq sahəsinin ayrılması barədə XRİH-nin qeyd edilən Sərəncamı öz mahiyyətini itirir və özlüyündə etibarsızlığa səbəb olur. -Sərəncamla ayrılan torpaq sahəsindən istifadə hüququmu həyata keçirə bilmirəmsə, Sərəncamın mövcudluğu hansı əsasla şəhid ailəsinin mənafeyinə xidmət edə bilər və sərəncamın hansı hüquqi qüvvəsi qalır? -Ayrılmış torpaq sahəsinin yuxarıda qeyd olunan həddə yerinin dəyişdirilməsinə qanunvericilikdə nə maneə olur? Qeyd edilən məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti barəsində Bakı İnzibati Məhkəməsinə, iddia təmin edilmədiyindən Bakı Apellyasiya Məhkəməsinə şikayət edilmişdir. Hər iki instansiya məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.4-cü yarımbəndinə əsaslanaraq, Xətai Rayon İcra Hakimiyyətini cavabdeh kimi tanımamışdır. Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(103)-2744/2022 nömrəli Qərardadı ilə cavabdeh kimi Bakı Şəhər İcra Hakimiyyətini qeyd etmişdir. Buna uyğun olaraq, iddiaçı tərəfindən təkrar olaraq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edildikdə, adıçəkilən qurum absurd bir əsas gətirməklə-Bakı Şəhər İcra Hakimiyyətində ona aid hər hansı sənədləşmə işlərinin aparılmadığını, müraciətindən təkrar imtina etmişdir. Mövcud sənədləşmə Xətai Rayon İcra Hakimiyyətində aparılmış, lakin mövcud məsələyə dair hazırki vaxtda səlahiyyətli qurum Bakı Şəhər İcra Hakimiyyətidir. Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(112)-1667/2024 saylı qərarı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncam verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(112)-1667/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Xətai Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 32 nömrəli “Şəhid ailələrinə köşk yerləşdirilməsinə icazə verilməsi haqqında” sərəncamından görünür ki, Şəhid atası C.T.Tağıyevə Q.Məmmədov küç., 2 saylı binanın yaxınlığında (2,0x3,0) m ölçüdə köşk yerləşdirilməsinə icazə verilmişdir. - Xətai Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 476 nömrəli “Mövcud məntəqənin yenidən tikilməsinə icazə verilməsi haqqında” sərəncamından görünür ki, Xətai rayonu Q.Məmmədov küçəsi 2 saylı evin yaxınlığında şəhid ailəsinin üzvü İddiaçı adına Xətai rayon icra Hakimiyyəti Başçısının 273 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı ilə verilmiş köşkün köhnəldiyini və günün tələblərinə cavab vermədiyini nəzərə alaraq, yenidən mövcud 12,0 kv.m. ölçüdə daşla tikilməsinə icazə verilmişdir. - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 398 nömrəli sərəncamından çıxarışa əsasən Xətai Rayon İcra Hakimiyyətinə İddiaçı ərizə ilə müraciət edərək, rayon İHB-nin 476 saylı, xx.xx.2006-cı il tarixli «Mövcud məntəqənin yenidən tikilməsinə icazə verilməsi haqqında» sərəncamında göstərilən məntəqənin sahəsinin ölçüsü layihəyə uyğun olaraq «20 kv.m» əvəzinə səhvən «12 kv.m» kimi göstərildiyindən həmin səhvin düzəldilməsini xahiş edir. Araşdırma zamanı ərizədə göstərilən faktların düzgün olduğu və rayon İHB-nin sərəncamında texniki səhvə yol verildiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsaslanaraq Xətai Rayon İcra Hakimiyyəti Başçısının 476 saylı, xx.xx.2006-cı il tarixli sərəncamında göstərilən məntəqənin sahəsinin ölçüsünün 20 kv.m kimi oxunması qərara alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü tarixli, **********88 nömrəli məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, mövcud birmərtəbəli tikili metalkonstruksiyalı materialdan olmaqla 5.0 x 2.85=14.3 kv.m ölçüdə tikilmişdir. Sözügedən tikili 2 saylı yaşayış binasından 2.0-2.85 metr, 32 saylı yaşayış binasından 20 metr məsafədə, yolkənarı asfalt ərazidə yerləşir. Tikilinin arxa hissəsində 1.0 metr məsafədə irigövdəli 2 ədəd qovaq ağacı var. Vahid elektron kadastr baza məlumatlarına əsasən tikilinin altından 425 mmlik orta təzyiqli yeraltı qaz xətti keçir. Bu ərazi “yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla uqodiyası ’’yollar və küçələr’ olaraq qeyd edilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının iddiaçıya ünvanladığı xx.xx.20223-cü il tarixli 3-52/2-T-6-091/2023 nömrəli məktubunda qeyd olunur ki, qaldırdığınız məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində hər hansı sənədləşdirmə işləri aparılmadığından xahişinizin təmin edilməsi imkan xaricindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 46-cı maddəsinə əsasən

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət ehtiyat fondu torpaqları.

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. - 48-ci maddəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. - 50-ci maddəsinin aşağıdakı bəndlərinə əsasən: -1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. -2. Müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir: dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına; dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə; həmkarlar ittifaqlarına və dini təşkilatlara; dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəssisələrinə və idarələrinə; dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara; dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzil-istismar təşkilatlarına. Müstəsna hallarda, bu kimi torpaq istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla) fəaliyyət müddəti bəlli olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinə də verilə bilər. -3. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər.

4. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 6 mart 2000-ci il tarixli 291 nömrəli Fərmanın 1- ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinin beşinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə dövlət ehtiyaclarının təmin edilməsi məqsədilə geri alınması səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: -dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların (sənaye və yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə verilməsi barəsində – Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; -Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsində göstərilən digər dövlət torpaqlarının istifadəyə və icarəyə verilməsi barəsində - rayon (şəhər) icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.4-cü bəndinə əsasən dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə görə bu Əsasnamənin (.......) 4.16.4-cü bəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Hazırkı işin hallarından müəyyən edilir ki, Xətai rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 32 nömrəli sərəncamına əsasən iddiaçının şəhid atası X3 Xətai rayonu ərazisində Q.Məmmədov küçəsində 2 saylı binanın yaxınlığında (2,0x3,0) m ölçüdə köşk yerləşdirilməsinə, bundan sonra isə iddiaçının müraciətinə əsasən xx.xx.2006-cı il tarixli, 476 nömrəli digər bir sərəncamı ilə məntəqənin tikilməsinə icazə verilmiş, daha sonra Xətai rayon İcra Hakimiyyəti tərəfindən sözügedən xx.xx.2006-cı il tarixli, 476 nömrəli sərəncamda səhvin düzəldilməsi (məntəqənin sahənin ölçüsünün 20 kv.m kimi oxunması) barədə xx.xx.2013-cü il tarixli 298 saylı sərəncam qəbul edilmişdir. Hazırda iddiaçı həmin sərəncama əsaslanaraq 20kv.m torpaq sahəsində 1 ədəd qovaq ağacı bitməsi səbəbi ilə həmin ölçüdə torpaq sahəsinin yerinin dəyişdirilərək 30-40 sm qabağa sürüşdürülməsi, başqa sözlə cavabdehdən əlavə torpaq sahəsinin ayrılmasını mübahisələndirir Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi səlahiyyətləri rayon bölgüsü olan şəhərlərdə şəhər icra hakimiyyətinin başçısına aid edilmişdir. Belə olan halda müəyyən olunur ki, 06 iyun 2012-ci il tarixdən etibarən rayon bölgüsü olan Bakı şəhərində Rayon İcra Hakimiyyəti başçısının dövlət mülkiyyətində olan torpaq sahəsini istifadəyə və icarəyə vermək səlahiyyəti olmamışdır. Rayon icra hakimiyyəti başçısı yalnız bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəy verə bilər. Qeyd edilənlərdən müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu İcra hakimiyyəti başçısının iddiaçıya 20 kv.m ölçüdə torpaq sahəsi ayırmaq barədə xx.xx.2013-cü il tarixdə sərəncam vermək səlahiyyəti olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.2. etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqmüəyyənedici sənəd kimi istinad etdiyi səlahiyyətli olmayan orqan tərəfindən verilmiş sərəncam ona 20 kv.m torpaq sahəsinin yerinin hazırkı halda əliverişli faktiki vəziyyətə uyğun dəyişdirilməsini, dolayısı ilə əlavə torpaq sahəsinin ayrılmasını cavabdehdən tələb etməyə hüquqi əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(112)-1667/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(112)-1667/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar