Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1835/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1620/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə doğulmuş uşağının doğumunun “Muhamməd” adı ilə qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının övladının adının Muhamməd qeydə alınması barədə iddiası xx.xx.2002-ci il tarixli “Dövlət dili haqqında” AR Qanununun 8-ci maddəsinnin tələblərinə zidd olduğu üçün əsassızdır. Belə ki, vətəndaşların adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Həmçinin, Azərbaycan şəxs adlarının izahlı lüğətinin adlar siyahısında Muhamməd adı olmadığına görə Komissiya sözügedən tələbin uşağın mənafeyinə uyğun olmadığını bildirir. İmtinadan da göründüyü kimi, Azərbaycan şəxs adlarının izahlı lüğətinin adlar siyahısında Muhamməd adı qeyd edilməmiş, həmin ad lüğətdə Məhəmməd kimi qeyd olunmuşdur. Belə olan halda, inzibati orqanın həmin siyahıya da istinad etməklə imtinası qanuni və əsaslı olmuş, imtina uşağın mənafeyi əsas götürülməklə edilmişdir. Məhəmməd adının isə uşağın qanuni mənafeyinə zidd olduğunu iddiaçı sübuta yetirə bilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. İşdən müəyyən edilir ki, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli 05/Q-2704/15 nömrəli imtina məktubunda qeyd olunmuşdur: “xx.xx.2019-cu il tarixdə doğulmuş uşağınızın doğumunun qeydə alınması və uşağa “Muhəmməd” adının verilməsi barədə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə daxil olmuş xx.xx.2019-cu il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən şəxsin mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın, soyadın verilməsinə yol verilmir. Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli “Dövlət dili haqqında” qanununun 1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adı, soyadı və ata adı dövlət dilində yazılır. Göstərilənlərə əsasən, doğum qeydə alınarkən uşağa “Muhamməd” adının verilməsi tövsiyə edilmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 1.5-ci maddəsinə əsasən adın və soyadın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.” 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İİ 315363 nömrəli Nikah haqqında şəhadətnaməyə görə, İddiaçı ilə Nəfiyeva Röya Zöhrab qızı xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 4397 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Alverdiyev, arvada Nəfiyeva soyadı verilmişdir. Bakı şəhəri Baş Səhiyyə İdarəsi 14 nömrəli uşaq poliklinikasının xx.xx.2019-cu il tarixli 193 nömrəli tibbi arayışına əsasən Nəfiyeva Röya Zöhrab qızının xx.xx.2019-cu ildə doğulmuş uşağı X1 poliklinikada qeydiyyatdadır və sağlamdır. “xxxx” MMC tərəfindən verilmiş TQS 103 **********26 nömrəli xx.xx.2019-cu il tarixli Doğum haqqında tibbi şəhadətnaməyə görə, Nəfiyeva Röya Zöhrab qızından xx.xx.2019cu il tarixdə saat 18:35-də kişi cinsli uşaq doğulmuşdur, uşağın atası İddiaçıdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır; 26.5-ci maddəsinə görə, fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1-ci maddəsinə əsasən, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir; 53.3-cü maddəsinə görə, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəm kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, qanunvericiliyə əsasən hər bir uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir, valideynlər arasında mübahisə olmadıqda uşağa adın verilməsi ilə bağlı məhdudiyyət yalnız “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndində nəzərdə tutulmuş, cavabdeh də imtinasını həmin norma ilə əsaslandırmışdır. Sözügedən bəndin dispozisiya şərtlərinə görə, uşağa adın verilməsinə o halda yol verilmir ki, bu ad: 1) uşağın mənafeyinə xələl gətirə bilsin; 2) uşağın cinsinə uyğun gəlməsin və 3) ad gülünc olsun. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. “İnzibati icraat haqqında” AR Qanununun: 11.1-ci maddəsinə görə, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 17-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Qanunvericiliyin sadalanan normalarının mənasına görə, inzibati orqan olaraq qanunun tələblərinə riayət etməyə borclu olan cavabdeh yalnız qanunla nəzərdə tutulmuş hallarda iddiaçının uşağına adın verilməsindən imtina edə bilərdi. Odur ki, əgər cavabdeh imtinasının hüquqi əsası kimi “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə istinad edirsə, o halda bu adın uşağın mənafeyinə xələl gətirə biləcəyini yaxud uşağın cinsinə uyğun gəlmədiyini və ya gülünc olduğunu sübut etmək yükü də onun üzərində idi. Lakin, cavabdeh nə imtinasında, nə də apellyasiya şikayətində bu vəzifəni yerinə yetirməmişdir. Onun Muhamməd adının uşağın mənafeyinə uyğun olmadığını bildirməsi bu halı sübut etməsi sayılmır. İşdən görünən isə budur ki, Muhamməd adı gülünc deyil, kişi cinsinə uyğun gəlir, uşağın mənafeyinə xələl gətirmir, dövlət dilində yazılmışdır. Bu kontektsdə, xüsusi olaraq vurğulanmalıdır ki, dövlət orqanlarının vətəndaşlarla münasibətlərində qadağan yaxud tələb ehtiva edən hərəkət və ya qərarları konkret normativ-hüquqi akta əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin iddiaçının uşağına adın verilməsi ilə bağlı müraciətin təmin edilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), bununla bağlı cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1620/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1835/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1835/2020
02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver