Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1835/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Həşim Rəşad Əlisahib oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9169/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********156903 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2020-ci il tarixli **********142657 saylı qərarına əsasən İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş və nəticəsi xx.xx.2022-ci il tarixli **********142726 nömrəli yoxlama aktı ilə rəsmiləşdirilmişdir. Həmin Akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156903 saylı Qərar qəbul edilmişdir. Həmin Qərarla iddiaçı barəsində 1.369.040,48 manat əlavə vergi məbləği və 914.543,57 manat maliyyə sanksiyası, ümumilikdə 2.283.584,05 manat məbləğində hesablama aparılmışdır. Yoxlama zamanı maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verildiyi üçün mübahisələndirilən qərar (inzibati akt) tamamilə qanunsuzdur və ləğv olunmalıdır. Aktın 1-ci səhifəsində yoxlamanın başlanması əsası kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad olunmuşdur. Yəni, güya vergi orqanı əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərini müəyyən edib. Halbuki, qeyd olunan mənbəyi bəlli məlumatın nədən ibarət olması aktda qeyd olunmamışdır. Aktın 1.1-ci bəndinə görə, yoxlama xx.xx.2020-ci il tarixdə başlamış, xx.xx.2022-ci il tarixdə başa çatmış, xx.xx.2022ci il tarixdə isə yoxlama aktı tərtib olunmuşdur. Yoxlama 2 dəfə ardıcıl uzadılmış, 9 dəfə isə dayandırılmışdır. Dayandırılma müddətləri istisna olmaqla, yoxlama 101 gün müddətində (xx.xx.2020 - xx.xx.2021) aparılmışdır ki, bununla Vergi Məcəlləsinin 38.2-ci maddəsinin imperativ tələbi pozulmuşdur. Həmçinin, yoxlamanın dayandırılması prosesində də nöqsanlara yol verilmişdir. Cavabdeh Aktın 1.8-ci bəndində xx.xx.2021-ci il tarixli **********4860 nömrəli və xx.xx.2021-ci il tarixli **********4867 nömrəli qərarlar əsasında operativ vergi nəzarəti tədbirinin həyata keçirildiyini və müəssisədən qara mühasibatlıq sənədlərinin götürüldüyünü qeyd etmişdir. Əlavə olunan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli **********4867 nömrəli qərar ümumiyyətlə vahid reyestrdə qeydiyyatdan keçməyib. Digər qərar isə əmək münasibətlərinin yoxlanılması çərçivəsində qəbul olunub və nəticəsi üzrə heç bir pozuntu halı aşkar olunmayıb. Cavabdeh isə reyestrdə qeydə alınmayan operativ vergi nəzarəti tədbiri ilə iddiaçının obyektindən guya onun vergi dövriyyəsinə aid qara mühasibatlıq sənədləri götürüb. Halbuki, cavabdehin istinad etdiyi excel faylların iddiaçı ilə heç bir bağlılığı yoxdur. Ümumiyyətlə, yoxlama dövründə qara mühasibatlıq termini nə mühasibat uçotu, nə də vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən elektron şəkildə götürülmüş excel faylındakı məlumatların iddiaçı ilə əlaqəsi yoxdur. Cavabdeh tərəfindən aparılan hesablamanın əsaslarına gəldikdə, cavabdeh guya iddiaçıya aid olduğunu iddia etdiyi məlumatlar əsasında ƏDV və 2018-ci il üzrə şərti rentabellik norması ilə mənfəət vergisi hesablamış, həmçinin təsisçiyə dividend ödənilməsi əsası ilə ÖMV və təqvim ayı ərzində limitdən artıq vəsaitin xərclənməsinə görə maliyyə sanksiyası tətbiq etmişdir. Bununla yanaşı, iddiaçının 2017-ci və 2019-cu illər üzrə xərclərini qəbul etməyərək şərti rentabellik norması əsasında həmin illərə də mənfəət vergisi hesablamışdır. Qeyd olunan hesablamalarla bağlı göstərilir ki, mənfəət vergisi üzrə iddiaçı 2017-ci ildə gəlirlərini 13.193.395,11 manat, xərclərini isə 12.533.725,36 manat göstərmişdir. Cavabdeh qeyd olunan xərc məbləğinin hansı hissəsinin sənədlə təsdiq olunub-olunmadığına aktda aydınlıq gətirmədən, birbaşa Nazirlər Kabinetinin 55 saylı qərarına istinad etməklə 2017-ci ilin mənfəət vergisi üzrə = 439.779,84 manat (13.193.395/6x20%) əlavə hesablama aparmışdır. İddiaçı 2018-ci üzrə gəlirlərini 14.187.109,72 manat, xərclərini isə 12.835.328,31 manat göstərmişdir. Cavabdeh OVN tədbiri zamanı götürdüyü və Cəmiyyətə heç bir bağlılığı olmayan excel faylı əsasında 2018-ci ilə süni şəkildə 16.627.734,3 manat (öz gəlirlərindən əlavə olaraq 2.440.624,58 manat) gəlir məbləği müəyyən etmiş və əvvəlki qaydada şərti rentabellik norması tətbiq etməklə 554.257,81 manat (16.627.734/6x20%) məbləğində mənfəət vergisini hesablamışdır. İddiaçı 2019-cu il üzrə 18.559.982,09 manat gəlir, 16.269.529,89 manat məbləğində xərc bəyan etmişdir. Cavabdeh qeyd olunan gəlir məbləğinə şərti rentabellik norması tətbiq edərək 618.666,07 manat mənfəət vergisi hesablamışdır. Göründüyü kimi, cavabdeh 2017-ci, 2018-ci və 2019-cu illər üzrə mənfəət vergisi hesablayarkən Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrini əsas götürərək Nazirlər Kabinetinin 55 saylı qərarı əsasında şərti rentabellik normasını tətbiq etmişdir. Cavabdeh aktda qeyd etmişdir ki, guya iddiaçı tərəfindən xərc sənədləri yoxlamaya tam təqdim edilmədiyi üçün bu üsulla mənfəət vergisini hesablamışdır. Halbuki, iddiaçının əsas xərcləri idxal etdiyi mallar üzrə çəkilən xərclərdir və cavabdeh onlayn rejimdə həmin mallar üzrə məlumatları gömrük orqanlarından əldə edə bilir. Belə olan halda cavabdeh xərc sənədlərinin təqdim olunmamasına istinad edib şərti rentabellik norması əsasında mənfəət vergisi hesablaya bilməz. ƏDV üzrə - cavabdeh mənbəyi bəlli olmayan excel faylı əsasında iddiaçıya 439.312,43 manat məbləğində (2.440.624,58x18%) ƏDV hesablamışdır. Cavabdeh qeyd olunan hesablamanı apararkən yalnız iddiaçıya aidiyyəti olmayan excel fayla istinad etmişdir ki, belə əsasla vergi hesablanması tamamilə qanunsuzdur. Belə ki, həmin cədvəl cavabdeh tərəfindən yoxlama aktında “qara mühasibatlıq” sənədi kimi qeyd olunmuşdur. Bununla bağlı bildiririk ki, Vergi Məcəlləsində “qara mühasibatlıq” sənədləri ilə hesablama aparılması nəzərdə tutulmamışdır. Həmçinin, cədvəl məlumatı ilkin uçot sənədi olmadığına görə vergitutma məqsədləri baxımından vergilərin müəyyən olunmasında istifadə oluna bilməz. Vergi orqanları yalnız mənbəyi bəlli olan rəsmi məlumatları vergilərin hesablanmasında tətbiq etmək hüququna malikdir. İndiki halda isə, qanunla nəzərdə tutulmayan və hüquqi əhəmiyyəti olmayan cədvəl məlumatı əsasında hesablama aparılmışdır, xüsusilə də həmin cədvəlin iddiaçıya bağlılığı sübuta yetirilməmişdir. Göründüyü kimi, səyyar vergi yoxlamasını aparan cavabdeh vergi orqanı Cəmiyyət tərəfindən təqdim edilmiş ilkin uçot sənədlərində, eləcə də təqdim edilmiş vergi bəyannamələrində hər hansı vergidən yayınma faktı aşkar edə bilmədiyindən, yoxlamanın keçirilməsindən 1 (bir) ilə yaxın müddət keçdikdən sonra qeyri-qanuni olaraq götürülmüş ciddi hesabat blankı və ilkin uçot sənədi sayılmayan, mənbəyi bəlli olmayan "qara mühasibatlıq" kimi təfsir olunan excel cədvəli əsasında hesablama aparmış və həmin sənədlərə əsasən iddiaçıya əlavə vergiyə cəlb edilən dövriyyə müəyyən etmişdir. Halbuki, cavabdehin hesablama zamanı istinad və sübut qismində istifadə etdiyi "qara mühasibatlıq" sənədləri iddiaçının faktiki olaraq həyata keçirdiyi əməliyyatlarını, vergitutulan dövriyyəsini, gəlir və xərclərini əks etdirən və öz fəaliyyəti ilə bağlı olan bütun əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən sənəd hesab edilə bilməz. ÖMV üzrə - cavabdeh tərəfindən iddiaçıya aidiyyəti olmayan excel faylı əsasında güya təsisçiyə 1.773.418,89 manat məbləğində dividend ödənilməsi əsası ilə 177.341,89 (1.773.418,89 x 10%) məbləğində vergi hesablanmışdır. Qeyd olunan excel fayl vergilərin hesablanması üçün əsas ola bilməz və iddiaçıya heç bir bağlılığı yoxdur. Vergi Məcəlləsinin 58.7-1 maddəsi ilə tətbiq olunan maliyyə sanksiyası üzrə cavabdeh tərəfindən yol verilən kobud qanun pozuntularından biri də excel fayl ilə güya iddiaçının 2.644.803,0 manat məbləğində sənədsiz mallar aldığı mallara “Nağdsız hesablaşmalar haqqında” Qanunla müəyyən olunmuş limitdən artıq nağd ödənişlər etdiyinə görə 230.023,3 manat (2.300.233 x 10%) məbləğində maliyyə sanksiyasının tətbiq olunmasıdır. Qeyd olunanlardan əlavə, mübahisələndirilən qərar (inzibati akt) cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Bu qərar qəbul edilərkən 2017-ci və 2018-ci illər üzrə hesablanmış mənfəət vergisinin, ƏDV üzrə isə 2019-cu ilin mart ayı daxil olmaqla olan dövr üzrə qanunla müəyyən olunmuş hesablama müddəti başa çatmışdır. Belə ki, mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir və 2017-ci ilin hesabat dövrü 31 dekabr 2017-cı ildə, 2018-ci ilin hesabat dövrü isə 31 dekabr 2018-ci il tarixdə başa çatır. ƏDV üzrə isə hesabat dövrü təqvim ayı olduğundan hər ayın başa çatmasından 3 il tamam olduqda növbəti ayın ilk günü hesablama müddəti başa çatır. Qeyd olunanlar iddiaçı barəsində aparılan yoxlama dövründə qüvvədə olan normalara əsasən tənzimlənir. İddiaçı barəsində qəbul olunmuş inzibati akt tamamilə qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, cavabdehin xx.xx.2020-ci il tarixli **********42657 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: noyabr 2017 - oktyabr 2020) təyin edilmiş, yoxlamaya xx.xx.2020-ci il tarixdə başlanılmış və xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. Aparılan səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2022-ci il tarixli **********142726 nömrəli aktla rəsmiləşdirilmişdir və səyyar vergi yoxlaması aktında qeyd edilənlər əsaslı hesab edildiyindən xx.xx.2022-ci il tarixli **********156903 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərar qəbul edilmişdir. Aşağıda qeyd edilən hallara əsasən iddia tələbi əsassızdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq alt sistemlərinin mövcud imkanlarından istifadə edilməklə aparılmış təhlillər nəticəsində vergi ödəyicisinin vergidən yayınma hallarının olması müəyyən edilmiş və təhlil zamanı vergi ödəyiciləri tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği onların fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilmədiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən vergilərin (və ya vergitutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyindən, rekvizitlərini və iqtisadi göstəricilərini əks etdirən məlumatlar göndərilərək, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən həmin vergi ödəyicisində növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi Vergi Məcəlləsinin 38.2 və 38.4-cü maddələrinin tələbləri pozulmaqla həyata keçirilmiş yoxlamanın qanunsuz olması barədə iddiası əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə müvafiq olaraq, SYV-ı 30 iş günü müddətində aparılmalıdır və müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə iş gününə qədər artırıla bilər. İddiaçının iddia ərizəsində göstərdiyi xx.xx.2021-ci il tarixli **********4867 nömrəli qərarın vahid məlumat reyestrində olmaması ilə bağlı iddiası ilə bağlı bildirilir ki, müvafiq akt operativ vergi nəzarət tədbirinin bir hissəsi olduğundan SYV ilə bağlı vahid məlumat reyestrində olmaması məntiqə uyğundur, çünki həmin qərar keçirilmiş operativ vergi nəzarət tədbiri ilə bağlı qəbul olunduğundan Ədliyyə Nazirliyinin müvafiq sisteminə işlənilmir. Həmçinin, keçirilmiş operativ vergi nəzarət tədbiri zamanı iddiaçının cavabdeh tərəfindən xx.xx.2021ci il tarixli **********4867 nömrəli qərar əsasında bir sıra sənədlərin götürülməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli DVX № 000992 Seriyalı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol ilə rəsmiləşdirilmiş götürülmə hərəkətlərində İddiaçı MMC-nin direktoru olmaqla, 2 nəfər hal şahidlərinin iştirakları ilə ümumilikdə 3 nəfər iştirak etmişlər. İddiaçıdan götürülmüş və aidliyi müəssisə tərəfindən də təsdiqlənmiş, iddiaçının özü tərəfindən hesablanmış excel cədvəllərdə yığılmış dövriyyələrə əsasən hesablanmış ƏDV və təsisçiyə “Nemat” adlı şəxsə ödənilmiş məbləğlərə əsasən hesablanmış ÖMV və tətbiq edilmiş maliyyə sanksiyası, 2018-cı il üzrə şərti rentabellik norması tətbiq edilməklə hesablanmış mənfəət vergisi tamamilə əsaslıdır və əlavə olunmuş excel cədvəlləri vasitəsilə sübuta yetirilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9169/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, İddiaçı MMC barəsində tərtib edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156903 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9169/2022 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz va əsassızdır, məhkəmə qərar verərkən işin faktiki hallarını tam araşdırmadan yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə öz qərarında cavabdeh tərəfindən MMC-də aparılan yoxlamalar zamanı qanunvericiliyin tələblərinə uyğun vergilərin hesablanmadığını, iddiaçıdan operativ vergi zamanı götürülmüş və elektron daşıyıcılarda aşkar edilmiş mənbəyi məlum olmayan “qara mühasibatlıq” sənədlərinə istinad olaraq vergilərin hesablandığını qeyd edir. Məhkəmənin bu mövqeyi iddiaçının iddia ərizəsində göstərdiklərinin təkrar şəkildə vurğulanması və açıq-aşkar vergi orqanının hüquqlarının pozulmasına yönəlmişdir. Halbuki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etirazda Vergi Məcəlləsinin 38.2-ci maddəsinə müvafiq olaraq, SYV-ı 30 iş günü müddətində aparılmalıdır və müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. SYV Aktı və KY201545369 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindəki çıxarışdan da aydın görünür ki, müvafiq müddətlər toplanılan zaman, VM-də nəzərdə tutulmuş müddətlərlə bağlı tələblər gözlənilmişdir. Uzadılmalar iş günü ilə hesablandığı halda, dayandırmalar isə təqvim günü ilə hesablanır. SYV aktına nəzər saldıqda birinci uzadılma xx.xx.2021-ci il tarixində olmuş və ondan sonra edilmiş dayandırmalar vergi ödəyicisinin müvafiq müraciətləri əsasında edilmişdir. Cədvəl üzrə birinci uzadılma əsasında iş günləri üzrə müddət hesablandıqda 5+1(31 may-1 iyun)+3+1+2+2+9+7=30 iş günü təşkil edir (dayandırıllma müddəti nəzərə alınmadan). Yoxlama 14 yanvar 2022-ci ildə yekunlaşmış və SYV Aktının tərtibi üçün əlavə müddət lazım olduğundan xx.xx.2022-ci il tarixli **********153633 nömrəli qərarla aktın tərtibi müddəti ikinci dəfə 30 iş günü uzadılmışdır. Yenidən iş günləri əsas götürülməklə müddət hesablandıqda xx.xx.2022-ci il tarixində tərtib edilmiş SYV Aktı vaxtında tərtib edilmiş olur va hətta 2 iş günü əlavə olaraq qalır. Həmçinin, xx.xx.2021-ci il tarixli, **********4867 nömrəli qərarın vahid məlumat reyestrində olmaması ilə bağlı bildirirlər ki, müvafiq akt operativ vergi nəzarət tədbirinin bir hissəsi olduğundan SYV ilə bağlı vahid məlumat reyestrində olmaması məntiqə uyğundur çünki, həmin qərar keçirilmiş operativ vergi nəzarət tədbiri ilə bağlı qəbul olunduğundan Ədliyyə Nazirliyinin müvafiq sisteminə işlənilmir. Həmçinin, keçirilmiş operativ vergi nəzarət tədbiri zamanı iddiaçının cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********4867 nömrəli qərar asasında bir sıra sənədlərin götürülməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli DVX No 000992 Seriyalı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol ilə rəsmiləşdirilmiş götürülmə hərəkətlərində İddiaçı MMC-nin direktoru X5 olmaqla, 2 nəfər hal şahidlərinin iştirakları ilə ümumilikdə 3 nəfər iştirak etmişlər. xx.xx.2021-ci il tarixli Protokol ilə həmin tarixdə götürülmüş materiallara baxış məqsədilə müəssisənin rəhbəri X3 va müəssisənin baş mühasibi X4 iştirakları Lokal Gəlirlər Baş İdarəsinin inzibati binasının 101-ci otağında vergi orqanın əməkdaşları ilə birlikdə görüş keçirilmiş va həmin görüş zamanı müəyyən edilmişdir ki, elektron daşıyıcıdaki 3 qovluq üzrə "xxxx" adlı 1-ci qovluğun içərisində 347 qovluq, 9910 fayl, "X10" adlı ikinci qovluqda 2 qovluq 734 fayl, “Masa qovluq” adlı 3-cü qovluqda 133 qovluq va 1662 fayl vardır və protokolu imzalamış şəxslər müəssisənin rəhbəri Elşad Ərəbli və baş mühasibi Aqil Həzıyev götürülmüş məlumatların müəssisəyə aid olmalarını öz imzaları ilə təsdiq etmişlər. Məhkəmənin qərarında “qara mühasibatliq” sənədlərinə istinad olunaraq mənbəyi bəlli olmayan məlumatlardan istifadə edilərək vergilərin hesablanması ilə bağlı bildirirlər ki, yuxarıda qeyd olunanlar və həmçinin, Vergi Məcəlləsinin 67.1.9-ci maddəsində göstərilən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən hayata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlardan istifadə olunmaqla vergitutma obyekti müəyyən edilə bilər. Məhz bu norma əsasında qanunverici vergi orqanına yuxarıda qeyd edilən hüququ tanımışdır. Məhkəmə qərarında istinad olaraq, ekspert tərəfinən verilmiş rəyə istinad edərək, ekspert tǝrǝfindən haqsız və əsassız hesablama ilə vergilərin azaldılmasını haqlı hesab etmiş va ekspertin səlahiyyətlərinə aid olmayaraq “maliyyə sanksiyasının düzgünlüyü müəyyən olunmur” şəklindəki rəyini olduğu kimi öz qərarına köçürmüşdür. Halbuki, maddi va prosessual hüquq normalarının düzgün tatbiq olunub-olunmamasına hüquqi qiymət verilməsi məhkəmənin səlahiyyətinə aid edilmiş məsələdir və bu hal ekspert rǝyinin əsasını təşkil edə bilməz. Qeyd olunanlara əsasən, ekspert rəyi inzibati iş üzrə mötəbər sübut kimi qəbul edilməməli idi. Ekspert rəyində və məhkəmə qərarında iddia tələbinin təmin olunmasına əsas verən hallar tam araşdırılmamışdır. Belə ki, mübahisənin ədalətli şəkildə həll olunmasına təsir edə biləcək gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapması, həmin xərc sənədlərinin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) nədən ibarət olması, həmin xərc sənədlərində hər birində əks olunmuş məbləğin ayrılıqda nə qədər olması, həmin xərc sənədlərində göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınıb-alınmaması, iddiaçının tətbiq etdiyi kassa va ya hesablama metodunun tələblərinə uyğun olubolmaması kimi suallar ekspert tərəfindən aydınlaşdırılmamış və məhkəmə tərəfindən işə hüquqi qiymət verilərkən nəzərə alınmamışdır. Vergi ödəyicisinə hesablanmış vergilərin məbləği aşağıdakı kimi olmuşdur. Mənfəət vergisi üzrə: Müəssisənin 2017, 2018 və 2019cu il üçün təqdim etdiyi mənfəət vergisi bəyannamələrində göstərilmiş gəlir və xərclərin tərkibi araşdırılarkən gəlir və xərclərin tərkibində kənarlaşmalar müəyyən olunmuşdur. Yoxlama dövründə vergi ödəyicisi metal məmulatlarının Topdan və Pərakəndə satışı fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan dövrdə (dövr: xx.xx.2017-xx.xx.2020) xərclərin xüsusilə də, malların hərəkəti, uçotu və qalıqları barədə sənədlər Cəmiyyət tərəfindən yoxlamaya tam təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq müəssisənin 2017, 2018 və 2019-cu il üzrə mənfəət Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% olmaqla əldə olunmuş gəlirlərə əsasən mənfəət vergisi hesablanmışdır. Yoxlanılan dövrdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********4860 nömrəli və xx.xx.2021-ci il tarixli **********4867 nömrəli Qərarlarına əsasən operativ vergi nəzarəti keçirilmiş və müəssisədən qara mühasibatlıq (elektron) sənədləri götürülmüşdür. Sənədlərə müəssisənin direktoru va mühasibinin iştirakı ilə baxış keçirilmiş və nəticəsi xx.xx.2021-ci il tarixli protokol ilə rəsmiləşdirilmişdir. Sənədlərə baxış zamanı qara mühasibatlıq (elektron) sanədlərinin 2018-ci ilə aid məlumatlar olduğu müəyyən edilmişdir. Odur ki, 2017 və 2019cu illər üzrə şərti rentabellik tətbiq edilən zaman vergi ödəyicisinin öz bəyannamə məlumatlarına, 2018-ci il üzrə isə vergi ödəyicisindən götürülmüş qara mühasibatlıq (elektron) sənədlərinə və vergi ödəyicisinin 2018-ci il üzrə təqdim etdiyi bəyannamə məlumatına istinad edilmişdir. Göstərilənləri nəzərə alaraq, eyni zamanda müəssisənin 2017, 2018 və 2019-cu illər üzrə xərclərini birbaşa müəyyən etmək mümkün olmadığı üçün mənfəət vergisi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablanmışdır: 2017-ci il üzrə, Vergi ödəyicisinin təqdim etdiyi bəyannaməyə əsasən 2017-ci ildə ildə müəssisənin ümumi gəlirləri 13.193.395,11 manat gəlirdən çıxılan xərcləri 12.533.725,36 manat vergiyə cəlb olunan mənfəəti 659.669,75 manat olmaqla 131.933,95 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 13.193.395,11 manat, gəlirdən çıxılan xərcləri 10.994.495,93 manat (Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən) vergiyə cəlb olunan mənfəəti 2.198.899,18 manat olmaqla 439.779,84 manat mənfəət vergisi hesablanmışdır. 2018-ci il üzrə, Vergi ödəyicisinin təqdim etdiyi bəyannaməyə əsasən 2018-ci ildə müəssisənin ümumi gəlirləri 14.187.109,72 manat, gəlirdən çıxılan xərcləri 12.835.328,31 manat vergiyə cəlb olunan mənfəəti 1.351.781,41 manat olmaqla 270.356,28 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 16.627.734,30 manat (14.187.109,72 manat Mənfəət gəlirləri və 2.440.624,58 manat yoxlama ilə kənarlaşma məbləği), gəlirdən çıxılan xərcləri 13.856.445,25 manat (Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən) vergiyə cəlb olunan mənfəəti 2.771.289,05 manat olmaqla 554.257,81 manat mənfəət vergisi hesablanmışdır. 2019-cu il üzrə, Vergi ödəyicisinin təqdim etdiyi bəyannaməyə əsasən 2019-cu ildə ildə müəssisənin Ümumi gəlirləri 18.559.982,09 manat, gəlirdən çıxılan xarcləri 16.269.529,89 manat, vergiyə cəlb olunan mənfəəti 2.290.452,20 manat olmaqla, 458.090,44 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 18.559.982,09 manat, gəlirdən çıxılan xərcləri 15.466.651,74 manat (Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən) vergiyə cəlb olunan mənfəəti 3.093.330,35 manat olmaqla 618.666,07 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlama ilə büdcəyə hesablanmalı mənfəət vergisinin 2017, 2018 və 2019-cu il üzrə ümumilikdə 1.612.703,72 manat olmuş vergi ödəyicisi tərəfindən büdcəyə hesablanmış vergisinin 860.380,67 manat olduğunu nəzərə alınsa, yoxlama ilə büdcǝyǝ hesablanmalı mənfəət vergisinin 752.323,05 manat azaldıldığı müəyyən olunmuşdur. Azaldılmış 752.323,05 manat məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50 % miqdarında yəni, 376.161,54 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ƏDV vergisi üzrə: Yoxlanılan dövrdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********4880 nömrəli və xx.xx.2021-ci il tarixli **********4867 nömrəli Qərarlarına əsasən operativ vergi nəzarəti keçirilmiş və müəssisədən qara mühasibatlıq (elektron) sənədləri götürülmüşdür. Sənədlərə müəssisənin direktoru və mühasibinin iştirakı ilə baxış keçirilmiş və nəticəsi xx.xx.2021-ci il tarixli protokol ilə rəsmiləşdirilmişdir. Yoxlama zamanı vergi ödəyicisinin metal məmulatlarının Topdan və Pərakəndə satış fəaliyyəti ilə məşğul olduğu və Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən ƏDV ödəməkdən azad olunan əməliyyatlarla məşğul olmadığı müəyyən olunmuşdur. Belə ki, yoxlama zamanı 2018-ci ildə qara mühasibatliq (elektron) sənədlərdə müəssisə tərəfindən 2.440.624,58 manat (ƏDV-siz) müxtəlif şəxslərdən vəsaitlərin daxil olduğu lakin vergi ödəyicisinin gəlirlərində və dövriyyəsində göstərilmədiyi müəyyən olunmuşdur. Beləliklə, büdcəyə hesablanmalı ƏDV-nin 439.312,43 manat azaldılması müəyyən olunmuşdur. Həmçinin, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin 308-ci "VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ sətrində 19.381,65 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğinin cəmi 19.318,53 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. Nəticədə, büdcəyə hesablanmış vergilər 63.11 manat azaldılmışdır. Beləliklə, büdcəyə hesablanmalı ƏDV 439.375,54 manat (439.312,43 manat + 63.11 manat) azaldılmışdır. Azaldılmış 439.375,54 manat məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50 faiz miqdarında, yəni 219.687,78 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan vergi: Qara mühasibatlıq (elektron) sənədlərinə əsasən vergi ödəyicisi tərəfindən təsisçiyə 1.773.418,89 manat dividend ödənildiyi müəyyən olunmuşdur. VM-nin 122-ci maddəsinə əsasən büdcəyə hesablanmalı vergi 177.341,89 manat (1.773.418,89 manat x 10%) azaldılmışdır. Azaldılmış məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında yəni, 88.670,95 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələblərinin pozulmasına görə: Qara mühasibatliq (elektron) sənədlərinə əsasən vergi ödəyicisi tərəfindən digər şəxslərdən 2.644.803,00 manatlıq sənədsiz mallar aldığı və ödəniş etdiyi müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 10% miqdarında lakin, aylar üzrə 30.000,00 manat güzəşt nəzərə alınmaqla, ödənilmiş məbləğin 2.300.233,0 manat olduğu müəyyən olunmuşdur. Həmin məbləğə 10 % miqdarında, yəni 230.023,30 manat (2.300.233,0 x 10%) maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisə barəsində Cinayət Məcəlləsinin 213.3-cü maddəsilə başlanılmış cinayət işi CPM-nin 53-cü maddəsinə müvafiq olaraq dayandırılmışdır. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Barəsində şikayət olunan Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən qanunun tələb etdiyi şəkildə araşdırmanın aparılmaması nəticədə ədalətli olmayan məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir. Ədalətlilik prinsipinin pozulması məhkəmə araşdırmasının lazımi şəkildə aparılmasını birmənalı şəkildə şübhə altına qoyur və istisna edir. Məhkəmə kollegiyasının hüquqi mövqeyi və gəldiyi qənaət işin faktiki hallarına uyğun olmadığı üçün nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən sübutların yoxlanılması ilə bağlı üzərinə düşən vəzifələri tam icra etməmiş və nəticədə birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin və iddiaya dair etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli **********142657 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. Yoxlama ilə əhatə olunan vergi dövrü: noyabr 2017 – oktyabr 2020. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156903 nömrəli qərarından görünür ki, İddiaçı MMC (VÖEN **********) üzrə keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli **********142726 nömrəli aktına və xx.xx.2022-ci il tarixli **********974900 nömrəli sənədə baxaraq İddiaçı MMC vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi qərara alınmışdır: - Mənfəət vergisi 2017-ci il üzrə azaldılmışdır 307.845,89 manat, əlavə hesablama 307.845,89 manat, maliyyə sanksiyası 153.922,95 manat; Mənfəət vergisi 2018-ci il üzrə azaldılmışdır 283.901,53 manat, əlavə hesablama 283.901,53 manat, maliyyə sanksiyası 141.950,77 manat; Mənfəət vergisi 2019-cu il üzrə azaldılmışdır 160.575,63 manat, əlavə hesablama 160.575,63 manat, maliyyə sanksiyası 80.287,82 manat; Əlavə dəyər vergisi 2018-ci il üzrə azaldılmışdır 439.312,43 manat, əlavə hesablama 439.312,43 manat, maliyyə sanksiyası 219.656,22 manat; Əlavə dəyər vergisi 2019-cu il üzrə azaldılmışdır 63,11 manat, əlavə hesablama 63,11 manat, maliyyə sanksiyası 31,56 manat; Ödəmə mənbəyində tutulan vergi 2018-ci il üzrə azaldılmışdır 177.341,89 manat, əlavə hesablama 177.341,89 manat, maliyyə sanksiyası 88.670,95 manat; 58.7-1-ci maddəsinə əsasən maliyyə sanksiyası 230.023,30 manat - Cəmi azaldılmışdır 1.369.040,48 manat, əlavə hesablama 1.369.040,48 manat, maliyyə sanksiyası 914.543,57 manat. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6296 nömrəli ekspert rəyinə əsasən İddiaçı MMC-nin yoxlama dövründə (2017-ci il, 2018-ci il, 2019-cu il) mənfəət vergisinin məbləği ümumilikdə 810.322,61 manat təşkil edir. İddiaçı MMC-nin yoxlama dövründə (noyabr/2017oktyabr/2020) ƏDV məbləği ümumilikdə 732.127,60 manat təşkil edir. İddiaçı MMC-nin yoxlama dövründə (İV rüb 2017 – İİİ rüb 2020) ödəmə mənbəyində tutulan vergilər üzrə ödəməli olduğu vergi məbləği 41.767,35 (3500,0+38267,35) manat təşkil edir. İddiaçı MMC-nin yoxlama dövrünün ayları üzrə (noyabr/2017-oktyabr/2020) “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsi ilə müəyyən olunan limit çərçivəsində digər vergi ödəyiciləri ilə hesablaşmalarının məbləği; yanvar – 29.900,0 manat, fevral – 29.000,0 manat, mart – 29.000,0 manat, aprel – 29.800,0 manat, may – 28.403,0 manat, iyun - 5267,0 manat, iyul – 29.500,0 manat, avqust - 0,0 manat, sentyabr - 0,0 manat, oktyabr – 29.901,0 manat, noyabr - 0,0 manat, dekabr -29.000,0 manat; 2018-ci il üzrə - 0,0 manat, 2019-cu ilin yanvar – 25.000,0 manat, fevral-dekabr -0,0 manat, 2020-ci ilin yanvar – 20.000,0 manat, fevral-oktyabr- 0,0 manat təşkil edir və yoxlama dövrünün aylarında limitdən artıq hesablaşmalar aparılmamışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156903 saylı Qərarla hesablanmış mənfəət vergisinin, əlavə dəyər vergisinin, ödəmə mənbəyində tutulan verginin və Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən tətbiq olunmuş maliyyə sanksiyasının düzgünlüyü müəyyən olunmur. İşin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli **********142657 nömrəli qərarına əsasən İddiaçı MMC (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. Yoxlama ilə əhatə olunan vergi dövrü: noyabr 2017 – oktyabr 2020. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156903 nömrəli qərarına əsasən İddiaçı MMC (VÖEN **********) üzrə keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli **********142726 nömrəli aktına və xx.xx.2022-ci il tarixli **********974900 nömrəli sənədə baxaraq İddiaçı MMC vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi qərara alınmış, iddiaçı barəsində 1.369.040,48 manat əlavə vergi məbləği, 914.543,57 manat maliyyə sanksiyası hesablanmışdır. Beləliklə, iş üzrə müəyyən edilir ki, cavabdeh tərəfindən MMC-də aparılan yoxlama zamanı vergi məbləği qanunvericiliyin tələbləri qaydasında hesablanmamışdır. İddiaçıdan operativ vergi nəzarəti zamanı götürülmüş elektron daşıyıcılarında aşkar edilmiş, mənbəyi məlum olmayan, “qara mühasibatlıq” sənədlərinə istinad olunmaqla vergi hesablanmışdır. Halbukı, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasında ekspert, 45-ci maddəsinə əsasən isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Hazırki mübahisə üzrə isə cavabdeh vergi məbləğinin müəyyən olunması üçün mötəbər hesab olunacaq bu qanuni üsullardan istifadə etməmiş, sona qədər aydın və təkzibolunmaz sübutlara istinad etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin İX-Xİ fəsillərinə əsasən vergi tutulan dövriyyənin və yaranan vergilərin həcminin müəyyən edilməsi qaydaları ətraflı göstərilmiş və “qara mühasibatlıq” sənədlərinə istinad edilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Belə olan halda həmin məlumatlara əsasən hesablanan istənilən vergi öhdəlikləri mötəbər və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 83.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9169/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1835/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1835/2023
12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver