Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1835/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «müqavilə üzrə əsas borcun və faiz borcunun bank əməliyyat sistemindən silinməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14459/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «müqavilə üzrə əsas borcun və faiz borcunun bank əməliyyat sistemindən silinməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 28 mart 2012-ci il tarixdə Cavabdeh2 ASC (hazırda ləğv prosesində olan) ilə kredit müqaviləsi bağlamış və Bank tərəfindən ona 180 ay müddətinə 126.650 manat məbləğində kredit verilmişdir. İddiaçı götürdüyü kredit məbləğini ödəniş cədvəlinə uyğun olaraq Banka ödəmiş və bu barədə X6 tərəfindən 18 mart 2015-ci il tarixli arayış verilmişdir. Arayışda qeyd olunmuşdur ki, həqiqətən o (iddiaçı), Cavabdeh2 ASC-dən 28 mart 2012-ci il tarixdə **********6030000 AZN saylı hesab üzrə götürdüyü 126.650 manat məbləğində kreditin öhdəliklərini tam yerinə yetirmişdir və onun hazırda Banka heç bir borcu yoxdur. Buna baxmayaraq, Ləğv prosesində olan (bundan sonra – LPO) Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 27 may 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, onun (iddiaçının) 7 iyun 2019-cu il tarixə bank əməliyyat sistemində 123.887,70 manat əsas borc və 39.272,41 manat faiz borcu olmaqla 163.160,11 manat borcu mövcuddur. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırmış və iddiasında 28 mart 2012-ci il tarixdə Cavabdeh2 ASC ilə arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunduğu üçün həmin müqavilənin ləğv edilərək, öhdəliklərə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2(006)-5652/2019 saylı iş üzrə 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh2 ASC ilə bağlanmış 28 mart 2012-ci il tarixli müqavilə üzrə öhdəliklər tam icra edildiyindən, həmin kredit müqaviləsinin ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona (iddiaçıya) ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1320/2020 saylı iş üzrə 23 yanvar 2020-ci il tarixli qətnaməsi ilə LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və onun (iddiaçının) LPO Cavabdeh2 ASC qarşısında borc öhdəliyinin olmamasının təsbit edilməsi qət edilmişdir. Ali Məhkəmənin 2(102)-3537/2020 saylı iş üzrə 4 avqust 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi üzrə icra vərəqəsi tərtib edilmiş və Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Buna baxmayaraq, LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 5 iyun 2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, 31 may 2023-cü il tarixə bank əməliyyat sisteminin məlumatlarına əsasən 28 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə 123.887,70 manat əsas borc və 97.176,35 manat faiz borcu olmaqla, ümumilikdə 221.064,05 manat borc mövcuddur. İddiaçı bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, borc öhdəliklərinin yerinə yetirildiyi nəzərə alınmaqla 221.064,05 manat borcun bank əməliyyat sistemindən silinməsini xahiş etmişdir. Lakin müraciətlər müsbət nəticə verməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60-cı maddələrinə, İPM-in 2.2.2, 14.1-ci maddələrinə əsaslanaraq, Cavabdeh2 ASC-dən 28 mart 2012-ci il tarixdə **********6030000 AZN saylı hesab üzrə götürülmüş 126.650 manat məbləğində kreditin öhdəlikləri tam yerinə yetirildiyindən və borc mövcud olmadığından, Cavabdeh2 ASC-yə 28 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə 123.887,70 manat əsas borc və 97.176,35 manat faiz borcu olmaqla, ümumilikdə 221.064,05 manat borcun bank əməliyyat sistemindən silinməsi öhdəliyinin hazırkı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14459/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14459/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qanunvericiliyin tələblərini nəzərə almamış iddianı qeyri-mümkün saymış və əsas kimi də qeyd etmişdir ki, cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bu mübahisədə inzibati orqan kimi yox, ləğv prosesində olan hüquqi şəxsin ləğvedicisi kimi çıxış edir və mübahisə publik deyil, mülki xarakterlidir. Baxmayaraq ki, o artıq mülki qaydada məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 14459/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası İPM-in 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Azərbaycan Respublikası MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Hazırkı iddia tələbinin məzmunundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 ASCdən 28 mart 2012-ci il tarixdə **********6030000 AZN saylı hesab üzrə götürülmüş 126.650 manat məbləğində kreditin öhdəlikləri tam yerinə yetirildiyindən və borc mövcud olmadığından, Cavabdeh2 ASC-yə 28 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə 123.887,70 manat əsas borc və 97.176,35 manat faiz borcu olmaqla, ümumilikdə 221.064,05 manat borcun bank əməliyyat sistemindən silinməsi öhdəliyinin hazırkı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondu inzibati orqan olsa da, onun leğvedicisi kimi çıxış etdiyi Cavabdeh2 ASC ilə bağlanmış müqavilə üzrə öhdəliklərinə dair qərarlar və hərəkətlər inzibati akta, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsindəki “faktiki xarakterli hərəkətlər”ə bərabər tutula bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qaldırılan iddia tələbi üzrə inzibati mübahisə mövcud olmadığından hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasına baxıla bilməz. İddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə də göstərildiyi kimi iddiaçı daha əvvəl LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ”kredit müqaviləsinin ləğv edilməsi” tələbi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmiş və həmin iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmışdır. Göstərilən dəlil hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünsüzlüyünü bir daha təsdiq edir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14459/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1835/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1835/2024
30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver