Məhkəmə qərarları › İş №2-1(103)-1836/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1836/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1836/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçının nümayəndəsi və vəkili X9, Cavabdehin nümayəndəsi X29 iştirakları ilə, İddiaçı X16 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1594/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X35 cavabdeh AR İN yanında Dövlər Vergi Xidmətinə qarşı «inzibati şikayətə baxılması barədə qərarın ləğv edilməsi, operativ vergi nəzarəti üzrə tərtib edilmiş aktların ləğv edilməsi və ya dəyişdirilməsi» barədə ərizə (inzibati şikayət) ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, 17 yanvar 2020-ci il tarixdə Vergilər Nazirliyinin (Dövlət Vergi Xidmətinin) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən təsərrüfat subyekti kimi iddiaçının sahibkarlıq fəaliyyəti həyata keçirdiyi “Arpaçay” kafesində vergi yoxlaması aparılmışdır. Yoxlama zamanı obyektin işçiləri tərəfindən müştəriyə göstərilmiş iaşə xidməti üzrə 53 manat ödənişə görə çek verilməməsi səbəbilə 17 yanvar 2020-ci il tarixli **********0116 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. 13 fevral 2020-ci il və 10 mart 2020-ci il tarixlərdə cavabdeh orqanın əməkdaşları tərəfindən həmin ictimai iaşə obyektində operativ vergi nəzarəti zamanı tərtib edilmiş 17 yanvar 2020-ci il tarixli 004679 saylı akt əsasında qəbul edilən 23 yanvar 2020- ci il tarixli **********0116 saylı qərar qanunsuz və əsassızdır. Dövlət Vergi Xidmətinin 14 may 2020-ci il tarixli **********088800 nömrəli qərar ilə onun (iddiaçının) inzibati şikayəti təmin edilməmişdir. O, 3 iyun 2020-ci il tarixdə Xidmətin Apellyasiya Şurasına şikayət etsə də, şikayətə cavab gəlməmişdir. Əsas sahəsi 100 kv.m olan ictimai iaşə obyektində 16 nəfər işçinin işləməsi, orada 3 qabyuyanın, zibildaşıyan işinin olması absurddur. İddiaçının İqtisad Universitetində oxuyan övladına əmək müqaviləsi olmadan işləyən şəxs kimi cərimə yazılacağı məntiqsizdir. Eyni zamanda, 004679 saylı akt və həmin akt əsasında 23 yanvar 2020-ci il tarixli **********0116 saylı qərarda qeyd edilən 10 nəfər işçinin əmək müqaviləsiz işləməsi tamamilə yanlışdır və iddiaçı bununla razı deyil. Bundan əvvəllər də yuxarı orqanlara müraciətlərdə bu barədə bildirilmişdir. X4 Universitetinin 4-cü kursunda əyani təhsil aldığı halda, onunla bağlı akt tərtib olunmuşdur. Həmin şəxs işçi olaraq yox, sadəcə öz atasına kömək etmək məqsədilə gəlmişdir. X5 qabyuyan olması ilə bağlı akt tərtib olunmuşdur. Lakin onun bacısı atrıq 5 – 6 ildir ki həmin obyektdə işləyir. Aidanın səhhətində problem olduğundan, Pərvanə İbrahimova bacısına həmin gün dərman gətirmişdir. X39, X17, X30 və X31 obyektin işçiləri deyil, həmin şəxslər Dövlət Vergi Xidmətində verdikləri izahatlarında da təsdiq etmişlər. Buna görə də xahiş olunmuşdur ki, 20.000 manat cərimənin 12.000 manat hissəsi silinsin. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, «İnzibati icraat haqqında» AR Qanununun 16, 19, 24, 79-c maddələrinə, İPM-in 45, 46, 70-ci maddələrinə əsaslanaraq, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 yanvar **********0116 nömrəli qərarının ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçı tərəf məhkəməyə həmçinin 23 yanvar 2020-ci il tarixli qərarın mübahisələndirilməsi üzrə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət təqdim etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh AR İİN yanında Dövlət Vergi Xidməti həmin Xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmiş, iddia dəyişdirilərək «23 yanvar 2020-ci il tarixli **********0116 nömrəli qərarın ləğv edilməsi» kimi qəbul edilmiş və iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi (vəsatəti) təmin edilərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 23 yanvar 2020-ci il tarixli **********0116 nömrəli qərarının mübahisələndirilməsi üzrə buraxılmış prosessual müddət bərpa olunmuşdur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında (21 dekabr 2020-ci il tarixli məktubunda) aşağıdakılar bildirilmişdir: - DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı X35 27 sentyabr 2012-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və onun əsas fəaliyyət növü yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi fəaliyyətidir. AR Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir. DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 17 yanvar 2020-ci il tarixli qərarına əsasən X23 məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslan 2 ünvanının yanında yerləşən “Arpaçay kafe” adlı obyektdə operativ vergi nəzarəti həyata keçirilmişdir. Qərar üzrə vergi nəzarəti 17 yanvar 2020-ci il tarixdən 15 fevral 2020-ci il tarixədək nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi, AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması məsələlərini əhatə etmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus obyektdə ofisiant, aşpaz, qabyuyan kimi çalışan 10 nəfərin AR Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq, 17 yanvar 2020-ci il tarixdə 004679 nömrəli aktla rəsmiləşdirilmiş və həmin işçilərin siyahısı akta əlavə edilmişdir. İddiaçı X35 tərəfindən yazılmış izahatdan da göründüyü kimi, o, özü də etiraf etmişdir ki, 17 yanvar 2020-ci il tarixdə 10 nəfər şəxs əmək müqaviləsi və xidməti müqavilə bağlanmadan ona məxsus obyektdə müxtəlif işlərdə işləmişlər. Həmçinin həmin şəxslərdən alınmış izahatlardan da aydın olur ki, iddiaçı X1 fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanının yanında yerləşən “Arpaçay kafe” adlı obyektdə onlarla əmək müqaviləsi və xidməti müqavilə bağlanmadan müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. AR Vergi Məcəlləsinin yuxarıda qeyd olunan norması əsas götürülərək iddiaçı X23 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, barəsində 23 yanvar 2020-ci il tarixli **********0116 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Qeyd olunanlara və AR Əmək Məcəlləsinin 12, 49-cu maddələrinə, AR Vergi Məcəlləsinin 16.1.1, 24.0.1, 94-cü maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə, İPM-in 58.7-ci maddəsinə əsaslanaraq, X23 məxsus ünvan 1 ünvanının yaxında yerləşən “Arpaçay kafe” adlı obyektdə həyata keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə əsasən qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23 yanvar 2020-ci il tarixli **********0116 nömrəli qərarla tətbiq edilmiş maliyyə sanksiyası qanuni və əsaslıdır. Göstərilənləri nəzərə alaraq, X16 iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1594/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 yanvar **********0116 nömrəli qərarı “əmək müqaviləsi olmadan işə cəlb olunmaya görə 5 nəfər şəxsə münasibətdə 10.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi” hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının apellyasiya şikayətinə yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətində əmək müqaviləsi bağlanmadan müxtəlif işlərə cəlb olunmuş şəxslərin vergi ödəyicisinin təsərrüfat subyektində işləmədiklərini bildirmişdir. Lakin operativ vergi nəzarəti zamanı izahatları alınmış 4 şəxs: X18, X24, X37 və X3 Fariz Aslan oğluna məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslan 2-nin yanı ünvanında yerləşən “Arpaçay kafe” adlı obyektdə əmək müqaviləsi bağlanmadan müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişdirlər. İzahatları alınmamış digər şəxslər isə faktiki olaraq iş yerində olmuş, sadəcə iş vaxtı bitdiyindən iş yerlərini tərk edərək izahat verməkdən imtina etmiş, qeyd edilən hal müvafiq aktla rəsmiləşdirilmişdir. İddiaçı X35 isə öz növbəsində operativ vergi nəzarətinin həyata keçirildiyi gün, yəni 17.01.2020-ci il tarixli izahatında 10 nəfər fiziki şəxsin (o cümlədən izahat verməkdən imtina etmiş şəxslərin) əmək müqaviləsi bağlanmadan müxtəlif işlərin yerinə yetirilməsinə cəlb etdiyini etiraf etmişdir. Bundan əlavə, 08.06.2020-ci İl tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış, cinayət işinin ibtidai araşdırılması zamanı iddiaçıya məxsus obyektdə əmək müqaviləsi bağlanmadan işləmiş şəxslərin ifadələri alınmış, ifadələri əks etdirən dindirmə protokolları da əlavə sübut qismində birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Həmin şəxslər (o cümlədən, operativ vergi nəzarəti zamanı izahat verməkdən imtina etmiş şəxslər) öz ifadələrində iddiaçıya məxsus obyektdə əmək müqaviləsi bağlamadan müxtəlif vəzifələrdə işlədiklərini bir daha təsdiq etmişdirlər. Göründüyü kimi iddiaçının apelyasiya şikayətində qeyd etdikləri sadəcə onun mülahizələrindən ibarətdir və təqdim olunmuş, iş materiallarında olan hər hansı mötəbər sübutla öz təsdiqini tapmamışdır. Məhkəmənin qərarından həmçinin cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti iddia tələbinə dair etiraza uyğun əsaslandırılmış və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın tam şəkildə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tərəflərindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın tam şəkildə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 23.01.2020-ci il tarixli qərarı əmək müqaviləsi olmadan işə cəlb olunmaya görə 1 nəfər şəxsə-X26 münasibətdə 2000 (iki min) manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, iddiaçı X35 27 sentyabr 2012-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və onun əsas fəaliyyət növü yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi fəaliyyətidir. DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 17 yanvar 2020-ci il tarixli qərarına əsasən X23 məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslan 2 ünvanının yanında yerləşən “Arpaçay kafe” adlı obyektdə operativ vergi nəzarəti həyata keçirilmişdir. Qərar üzrə vergi nəzarəti 17 yanvar 2020-ci il tarixdən 15 fevral 2020-ci il tarixədək nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi, AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması məsələlərini əhatə etmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus obyektdə ofisiant, aşpaz, qabyuyan kimi çalışan 10 nəfərin AR Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq, 17 yanvar 2020-ci il tarixdə 004679 nömrəli aktla rəsmiləşdirilmiş və həmin işçilərin siyahısı akta əlavə edilmişdir. Həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.01.2020-ci il tarixli **********0116 saylı qərar qəbul edilmiş və iddiaçı 20.000 manat məbləğində cərimə edilmişdir. İddiaçı həmin qərarın ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, Dövlət Vergi Xidmətinin 14.05.2020-ci il tarixli **********088800 saylı qərarı ilə şikayəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edən zaman qərarında qeyd etmişdir ki, barələrində akt tərtib olunmuş şəxslərdən X36 iddiaçının oğlu olmaqla ümumiyyətlə müəssisədə hər hansı işin görülməsinə cəlb edilməmiş, digər 4 nəfər isə ümumiyətlə həmin kafenin ərazisində olmamışdırlar. Məhkəmə kollegiyası işin hallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuş faktları və qanunvericiliyin tələblərini əsas götürərək, birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır və öz gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Birinci instansiya məhkəməsi qərarın əsası kimi izahatları alınmamış şəxslərin iddiaçıya məxsus obyektdə işləməsi yerində aşkar olunmadığını və bu cür rəsmiləşdirmənin vergi qanunvericiiyi ilə vergi nəzarətinin formalarından biri kimi müəyyən olunmuş operativ vergi nəzarətinin mahiyyətinə, o cümlədən məqsədinə və aparılma şərtinə zidd olduğunu, izahat verməmiş şəxslərin əmək müqaviləsi olmadan faktiki işləməsi sonradan verilən izahatlarla təsdiqləndiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş aktdan görünür ki, izahatları alınmamış şəxslər faktiki olaraq iş yerində olmuş, sadəcə iş vaxtı bitdiyindən iş yerlərini tərk edərək izahat verməkdən imtina etmişlər. İddiaçı X35 isə öz növbəsində operativ vergi nəzarətinin həyata keçirildiyi gün, yəni 17.01.2020-ci il tarixində verilmiş izahatında 10 nəfər fiziki şəxsin (o cümlədən izahat verməkdən imtina etmiş şəxslərin) əmək müqaviləsi bağlanmadan müxtəlif işlərin yerinə yetirilməsinə cəlb etdiyini etiraf etmişdir. Bundan əlavə, 08.06.2020-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış, cinayət işinin ibtidai araşdırılması zamanı iddiaçıya məxsus obyektdə əmək müqaviləsi bağlanmadan işləmiş şəxslərin ifadələri alınmış, ifadələri əks etdirən dindirmə protokolları da əlavə sübut qismində birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Həmin şəxslər (o cümlədən, operativ vergi nəzarəti zamanı izahat verməkdən imtina etmiş şəxslər) öz ifadələrində iddiaçıya məxsus obyektdə əmək müqaviləsi bağlamadan müxtəlif vəzifələrdə işlədiklərini bir daha təsdiq etmişdirlər. Birinci instansiya məhkəməsi isə qeyd edilən faktları ümumiyyətlə nəzərə almamışdır. Həmçinin birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdeh tərəfindən 23.01.2020-ci il tarixli **********0116 nömrəli qərar iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Məhkəmə bunu Vergi Məcəlləsinin 3.8-ci maddəsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Qeyd edilən norma Vergi Məcəlləsində nəzərdə tutulmayan vergilərin ödənilməsini qadağan edir, maliyyə sanksiyasının tətbiq edilməsi isə qanunvericilikdə nəzərdə tutulduğundan iddiaçının hər hansı hüququ pozulmamışdır. İş materiallarından ğöründüyü kimi operativ verği nəzarəti aktında qeyd olunmuş əmək müqaviləsi olmadan işə cəlb edilmiş şəxslərdən biri kafenin sahibi X16 övladı X40 olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, verği organın mubahisələndirilən qərarı iddiaçının oğluna görə maliyyə sanksiya tətbiq edilməsi hissəsində (2000 man) ləğv edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən (izahatlardan, şahidi dindirmə protokollarından və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan) müəyyən olunur ki, Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi Davud Aslan küçəsi ev 2 yanında yerləşən “Arpaçay” kafesində 9 nəfər şəxsin, yəni X14 07 yanvar 2020-ci il tarixdən, X6 01 yanvar 2018-ci il tarixdən, X19 17 yanvar 2020-ci il tarixdən, X10 01 yanvar 2020-ci il tarixdən, X27 01 oktyabr 2019-cu il tarixdən, X20 02 yanvar 2020-ci il tarixdən, X11 15 dekabr 2018-ci il tarixdən, X12 13 yanvar 2020-ci il tarixdən və X13 05 yanvar 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi tam sübuta yetirilsə də, Azərbaycan Dövlət İqtisad Universitetində əyani təhsil alan tələbə X28 atası X1 fəaliyyəti ilə məşğul olduğu ( VÖEN**********) Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi Davud Aslan küçəsi ev 2 yanında yerləşən “Arpaçay” kafesində işləməsi öz təsdiqini tapmamışdır. İş materiallarında olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında 24 dekabr 2020 tarixli qərardan da görünür ki, fiziki şəxs X16 işlətdiyi kafedə X28 əmək müqaviləsi olmadan işləməsi faktı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 23.01.2020-ci il tarixli qərarı əmək müqaviləsi olmadan işə cəlb olunmaya görə 1 nəfər şəxsə-X26 münasibətdə 2000 (iki min) manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən aşağıdakılar vergi orqanlarının hüquqlarına aiddir: (23.1.1) bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, (23.1.6) müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - (50.1.7) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddısinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, həyata keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus obyektdə ofisiant, aşpaz, qabyuyan kimi çalışan şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu madəsinin tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq 17 yanvar 2020-ci il tarixdə 004679 nömrəli aktla rəsmiləşdirilmiş və həmin işçilərin siyahısı akta əlavə edilmişdir. Habelə iddiaçı X35 da həmin vaxt yazmış olduğu izahatlarında da 17 yanvar 2020-ci i tarixdə 10 nəfər şəxsin əmək müqaviləsi və xidməti müqavilə bağlamadan ona məxsus obyektdə müxtəlif işlərdə işləməsini etiraf etmişdir. İş materiallarından göründüyü kimi operativ vergi nəzarəti zamanı izahatları alınmış 4 nəfər şəxs: X18, X15, X37 və X2 əmək müqaviləsi bağlamadan müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. İzahatları alınmamış digər şəxslər isə faktiki olaraq iş yerində olsalar da, izahat verməkdən imtina etmişdirlər. Qeyd edilən hallar müvafiq aktla rəsmiləşdirilmişdir. Bundan əlavə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə başlanmış cinayət işinin araşdırması zamanı həmin şəxslər öz ifadələrində iddiaçıya məxsus obyektdən əmək müqaviləsi bağlamadan müxtəlif işlərdə işlədiklərini bir daha təsdiq etmişdir. Birinci instansiya məhkəməsi isə qeyd edilən faktları ümumiyyətlə nəzərə almamışdır. Yuxarıda göstərilənlərdən göründüyü kimi cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər 9 nəfərə münasibətdə mövcud olmuş və sübut edilmişdir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi hallar isə məhkəmə icraatı zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh inzibati orqanın apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1594/2021 saylı, 08 aprel 2021ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. X7 (VÖEN **********) barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 yanvar 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına gorə məsuliyyətə cəlb edilməsi haqqında” **********0116 nömrəli qərarı 2000 (iki min) manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar