Məhkəmə qərarları › İş №2-1(103)-1836/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1836/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1836/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2555 /2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı qanuni nümayəndəsi vasitəsilə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək məcburi köçkün statusunun və məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddia tələbi aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı 2 avqust 2005-ci il tarixdə, X4 isə 16 iyun 2006-cı il tarixdə doğulduqdan sonra İsmayılov Pənah evi tərk etmiş və uzun müddət ərzində Nümayəndə ondan heç bir maddi kömək ala bilməmişdir. Eyni zamanda onun harada olmasından məlumat olmamışdır. Nəhayət, 2014-cü ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuş və adları çəkilən iki uşaq üçün 206 manat məbləğində aliment təyin edilmiş, bundan dörd il sonra özünün maddi imkanı olmamasına əsas gətirərək alimentin azaldılması barədə iddia qaldırmış, alimentin məbləğini 206-dan 80 manata qədər azaldılmışdır. Demək olar ki, əvvəlki aliment borcunu da ödəyə bilməmişdir. Nümayəndə isə, onun maddi və sağllamlıq durumunu nəzərə alaraq heş vaxt tələb etməmişdir. İddiaçı məcburi köçkün statusunun verilməsi və məcburi köçkün vəsiqəsinin təqdim edilməsi ilə bağlı cavabdehə müraciət olunmuş, lakin sonuncu 30 avqust 2022-ci il tarixli 01M623 saylı cavab məktubu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxili köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1.6-cı bəndinin tələblərinə əsaslanaraq imtina etmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “İddiaçı atası X1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından – “Bakı şəhərinin Binəqədi rayonu" olduğundan, «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1.6-cı bəndinə əsasən İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməməsi qanunvericiliyə tam uyğundur.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2555/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qərar əsassızdır və heç bir etibarlı sübutla öz təsdiqini tapmır. Belə ki, İddiaçı münasibətdə yuxarıda salanan üç şərtdən ikisinin ödənilmədiyindən ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Məcburi köçkün statusuna malik olan qadın işğaldan sonra məcburi köçkün statusuna malik olmayan şəxslə nikaha daxil olmaqla və ya olmadan ailə həyatı qurduqda, qadın öz əvvəlki yaşayış yerindən qeydiyyatdan çıxmasa belə, ailə həyatı qurduğu şəxsin yaşayış yeri ailənin yaşayış yeri hesab edilir. Nəticədə, onların işğaldan sonra doğulmuş uşaqlarının yaşayış yeri işğal zonası olmadığından həmin uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir. Qeyd olunan fikirlərin məntiqi yekunu olaraq bildiririk ki, X1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından, İddiaçı Ağdam rayonundan məcburi köçkün düşə bilməzdi. Bununla yanaşı, İddiaçı atası X1 və anası Nümayəndə arasındakı faktiki nikah münasibətlərinin pozulması halı iddiaçıya münasibətdə Qaydaların 4.1,6-cı bəndinin tətbiqini aradan qaldırmır. Belə ki, qeyd olunan xüsusatlar Qaydaların 4.1,6-cı bəndinin tətbiqini istisna edən hallar kimi qanunvericilikdə müəyyən olunmamışdır...” Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, eləcə də, məhkəmə iclasına gəlmədyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunun (xx.xx.1999-cu il № 668-İQ) 1-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 23 may 2013cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları»nın 4.1.1-ci bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə və ya fərdi indentifikasiya kartına əsasən müəyyən edilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, məcburi köçkün statusu, ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir və həmin statusun verilməsi üçün digər normativ hüquqi aktın tətbiq edilməsi qanunda nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, iddiaçının anası, xx.xx.1976- cı il təvəllüdlü Nümayəndə məcburi köçkün statusuna malik olması ilə bağlı 258847 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Onun yaşayış yeri üzrə qeydiyyat ünvanı Ağdam rayonu, Abdal kəndidir, onun məcburi köçkün statusuna malik olması cavabdeh tərəfindən mübahisələndirilmir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat»a əsasən yemək xərci üçün verilən aylıq müavinət – dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. İşə əlavə olunmuş Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı məcburi köçkünlərə ödənilən vahid aylıq müavinət də alır. Sözügedən Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: (4.3) Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. İşin mübahisələndirilən hallarından isə göründüyü kimi, cavabdeh tərəfindən məcburi köçkünlərə ödənilən müavinət alan iddiaçıya məcburi köçkün statusu, yaşayış yeri üzrə qeydiyyat ünvanı Ağdam rayonu Abdal kəndi olan, anası Nümayəndə görə onun məcburi köçkün stasuna malik olması nəzərə alınmaqla, verilməsindən imtina olunur. Belə ki, cavabdeh «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində* köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1.6-cı bəndinin tələbini qeyd edərək mübahisələndirir ki, valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Komitənin özü tərəfindən təsdiq edilmiş həmin “Qaydalar”ın 4.1.6-cı bəndi hazırkı münasibətlərə tətbiq edildiyi təqdirdə, iddiaçının konstitusion hüquqları pozulmuş olar. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsin əsasən: “İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir...” Azərbaycan Respublikasının Əsas Qanunun qeyd olunan tələbləri baxımından kişi ilə qadın eyni hüquqlara malikdir. Cinsi mənsubiyyətinə görə şəxsin qadın olması hüquqların məhdudlaşdırılmasına, güzəştlərin və ya imtiyazların verilməsindən imtinaya əsas ola bilməz. Qadının da, həmçinin dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə kişi ilə bərabər hüquqları təmin edilir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən məcburi köçkün statusuna malik anasının himayəsində olan iddiaçıya məcburi köçkün statusu verilməsindən imtina olunması Konstitusiyanın qeyd olunan tələblərinə ziddir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə Konstitusiyanın qeyd olunan 25-ci maddəsinin tələbləri baxımından, cavabdehin istinad etdiyi “Qaydaları”ın sonradan qəbul edilmiş 4.1.6-cı maddəsinin tələbləri ona münasibətdə tətbiq edilməsini mümkün hesab etməmişdir (Eyni halla üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarları mövcuddur). Beləliklə də, cavabdehin apellyasiya şikayətinin – “Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə istinadən, iddiaçıya məcburi köçkün statusu verilməsini zəruri edən şərtlərin ödənilmədiyini mübahisələndirən dəlillərinin əsassız olduğu və iddiaçıya məcburi köçkün statusu verilməsindən imtinasının iddiaçının hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işin hallarına və maddi hüquq normalarına uyğun olan nəticə kimi qiymətləndirir (Hazırkı günə, iddiaçının məcburi köçkün düşdüyü və yaşayış yeri üzrə qeydiyyatda olduğu Ağdam rayonu, Abdal kəndinə sakinlərin köçürülməsi kimi dövlət tədbiri həyata keçirilmir.) Bu baxımdan da, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, etibarlı sübutla öz təsdiqini tapmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2555/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM, m. 87.6.). Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2555/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar