Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1837/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Bakı şəhər Nəsimi rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hesablanmasında 1989-cu ildən 2002-ci ilə qədər əmək stajının nəzərə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(103)-2341/2020 saylı iş üzrə qəbul etdiyi 11 avqust 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2341/2019 saylı, 11 avqust 2021-ci il tarixli qərarı ilə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hesablanmasında əlilliyə görə əmək pensiyasının 1989-2002-ci illərdə iş stajının nəzərə alınması öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nəsimi rayon şöbəsinin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında işləməyi haqqında qeydlər aparılmışdır. Şəki rayon Turan bələdiyyəsinin 118 saylı, yanvar 2007-ci il tarixli arayışına, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Şəki Yanğın Təhlükəsizliyi idarəsinin 261 saylı 29.09.2006-cı il arayışlarına əsasən Turan Bələdiyyəsinin yerləşdiyi idarə binası 16.05.2006-cı il tarixdə yanmışdır. İdarə binası yanan zaman S.Orconikidze adına taxılçıliq savxozunun həmin binada mühafizə olunan əmr sənədləri və əmək haqqı cədvəlləri yanıb məhv olmuşdur. Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsinin Şəki filialına təhvil verilməmişdir. Bu göstərilən səbəblər nəzərə alınmadan onun 1989-2002-ci illərdəki stajı nəzərə alınmamışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1803/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilərək, Qasımova Təranə Arif qızına əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hesablanmasında 1989-cu ildən 2002-ci ilə qədər əmək stajının nəzərə alınması vəzifəsi cavabdeh orqanın üzərinə qoyulmuşdur. Qərardan cavabdeh kassasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 28.04.2021-ci il tarixli, 2-1(102)- 687/2021 saylı qərar qəbul edilərək, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2020-ci il tarixli 2-1(103)- 1803/2020 nömrəli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, qərarın ləğv edilərək, iddianın təmin olunmasını xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, iddianın rədd olunmasını, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müyyən edilir ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. Ona 25.06.2012-ci ildə ümumi xəstəliklə əlaqədar 01.07.2013-cü ilə qədər ikinci qrup əlillik verilmişdir. Bundan sonra, hər dəfə bir il müddətinə ikinci qrup əlillik təyin edilməklə, 30.09.2016-cı ildə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir, İş materiallarına əlavə edilmiş: İT-İ seriyalı ******* nömrəli, X2 adına açılmış əmək kitabçasına əsasən iddiaçı 25.10.1978-ci ildən 03.05.1989-cu ilədək Əhaliyə məişət xidməti idarəsində dərzi, 05.05.1989-cu ildən 22.12.2002-ci ilədək Taxılçılıq sovxozunun kommunal təsərrüfatı briqadasında xadimə işində işləmişdir. İddiaçının müraciəti əsasında, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin **********2 №-li, 17.12.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, 01.01.2006-cı il tarixindən Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının qanununun 12.1-ci maddəsinə əsasən, İ qrup əlilliyə görə əmək pensiyası ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabliyyəti yaş dövrünün hər tam iş stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən staj olduqda təyin edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Şəki rayon şöbəsinin 06.02.2013-cü il tarixli məktubuna əsasən iddiaçının 25.10.1978-ci ildən 22.12.2002-ci ilə qədər Şəki Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsində işləməsi faktı yoxlanılaraq akt tərtib edilmiş, lakin 1989-cu ildən C.Orconikidze adına taxılçılıq sovxozunun sənədləri yandığı üçün yoxlama aparmaq mümkün olmamışdır. Şəki rayon Turan Bələdiyyəsinin 118 nömrəli, yanvar 2007-ci il tarixli arayışına və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Şəki Yanğın Təhlükəsizliyi İdarəsinin 261 №li, 29.09.2006-cı il tarixli arayışına əsasən Turan Bələdiyyəsinin yerləşdiyi idarə binası 16.05.2006-cı ildə yanmışdır. İdarə binası yanan zaman C.Orconikidze adına taxılçılıq sovxozunun həmin binada mühafizə olunan əmr sənədləri və əmək haqqı cədvəlləri də yanıb məhv olmuşdur. Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsinin Respublika Dövlət Arxivinin Şəki filialının 19.01.2007-ci il tarixli, 06 №-li arayışına əsasən Şəki rayonu Orconikidze adına taxılçılıq sovxozunun əmr dəftərləri və əmək haqqı cədvəlləri mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialına təhvil verilməmişdir. 29.01.2013-cü il tarixli akta əsasən idarənin 25.10.1978-ci il tarixli, 209 saylı əmri ilə iddiaçı dərzi şagirdi qəbul edilmiş, 08.12.1979-cu il tarixli, 230 saylı əmrlə ixtisas protokoluna əsasən İ dərəcəli dərzi ustası hesab edilmişdir. 1989-cu ilin əmr dəftərləri arxivə təhvil verilmədiyindən işdən çıxma əmrini yoxlamaq mümkün olmamış, lakin əmək haqqı cədvəlləri üzləşdirildikdə 1989-cu ilin may ayında axırıncı haqq hesabı verilməklə iş stajı təsdiqlənmişdir. Azərbayca Respubikasının Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının məhkəməyə ünvanlanmış 48 №-li, 19.03.2020-ci il tarixli məktubuna əsasən Şəki rayonu Orconikidze adına Taxılçılıq sovxozunun işçi və qulluqçularının əmr kitabları və zəhmət haqqı cədvəlləri 1991-ci ilin dekabr ayına kimi Azərbaycan Respublikası Dövlət Arxivi Şəki filialına təhvil verilməmişdir. Mübahisə birinci instansiya və apelyasiya instansiyası məhkəmələri tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası işin araşdırılan hallarını, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq, hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Kollegiya aşağıdakılara əsasən bu nəticəyə gəlir: AR İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. «Əmək pensiyaları haqqında» Qanun: Maddə 1. Əsas anlayışlar. 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; M a d d ə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. M a d d ə 11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qruplar, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Hazırki iş üzrə İddiaçı 1989-2002-ci illərdə Şəki şəhəri Turan sovxozunda işlədiyini iddia etdiyi müddətin əmək stajı kimi nəzərə alınaraq, ona əlilliyə görə əmək pensiyasının verilməsini tələb edir. Məhkəmə kollegiyası iddiaçının 1989-cu ildən 2002-ci ilə qədərki stajını müəyyən etmək üçün aidiyyəti orqanlara sorğular ünvanlamışdır. AR Şəki şəhər İH başçısının Turan qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 24.09.2021-ci il tarixli məktubunda göstərilir ki, “Şəki rayonu Turan qəsəbəsinin adı 1993cü il tarixə qədər C.Orconokidze adına Taxılçılıq Sovxozu adlanmışdır. 1993-cü ildə adı dəyişirilərək M.Əsədov adına Taxılçılıq Sovxozu adlanmışdır. 1996-1999-ci illərdə X7 Komissiyası tərəfindən aparılan İslahatlar zamanı qəsəbənin adını daşıyan M.Əsədov adına Taxılçılıq Sovxozuna məxsus torpaq sahələri, əsas vəsaitləri eləcədə Sovxoza aid bütün vəsaitlər qəsəbə sakinləri arasında pay bölgüsü kimi bölüşdürülmüşdür və M.Əsədov adına Taxılçılıq Sovxozu ləğv olunmuşdur. 01 iyun 2000-ci il tarixdən qəsəbənin adı dəyişirilərək Şəki rayonu Turan qəsəbəsi adlandırılmışdır.” AR Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının 01.10.2021-ci il tarixli məktubunda qeyd olunur ki, “Şəki rayonu Orconikidze adına taxılçılıq sovxozunun işçi və qulluqçularının əmr kitabları və zəhmət haqqı cədvəlləri 1991-ci ilin dekabr ayına kimi Azərbaycan Respublikası Dövlət Arxivi Şəki filailına təhvil verilməmişdir.Şəki rayonu Turan Taxılçılıq sovxozunun işçi və qulluqçularının əmr kitabları 1992-1999-cu ilin avqust ayına kimi,işçi və qulluqçuların zəhmət haqqı cədvəlləri isə 1992-1999-cu ilin iyun ayına kimi filiala təhvil verilmişdir.Odur ki,Şəki rayonu Turan Taxılçılıq sovxozunun 1992-1999- cu ilə kimi olan işçi və qulluqçularının əmr kitablarına və zəhmət haqqı cədvəllərinə əsasən İddiaçı həmin illərdə sovxozda işləməyinə dair qeydiyyatı tapılmadı.” Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında onun 25.10.1978-ci ildən 03.05.1989-cu ilədək Əhaliyə Məişət Xidməti İdarəsində dərzi, 05.05.1989-cu ildən 22.12.2002-ci ilədək isə Taxılçılıq sovxozunun kommunal təsərrüfatı briqadasında xadimə işləməsi göstərilsə də, işin faktiki hallarına əsasən Şəki rayonu Turan taxılçılıq sovxozunun 1992-1999-cu ilin iyun ayına kimi olan işçi və qulluqçularının nə əmr kitablarında, nə də zəhmət haqqı cədvəllərində İddiaçı Arif qızının işləməyinə dair heç bir qeydiyyat aparılmamışdır. Bu fakt isə İddiaçı iddia etdiyi müddətdə Taxılçılıq sovxozunda işləməsi halının əsassızlığını sübut edir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, ikinci qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtə uyğunluq gözlənilməlidir: 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. İddiaçının 1962-ci ildə doğulduğu və ona 2012-ci ildə əlilliyin təyin olunduğu nəzərə alındıqda, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 11 il 8 ay sığorta stajı tələb olunur (2012-1962=50; 50-15=35; 35x4=140/12=11 il 8 ay). Lakin işin faktiki hallarına əsasən, İddiaçı 1978-1989-cu illər üzrə 10 il 06 ay 08 gün (03.05.1989-25.10.1978) əmək stajı öz təsdiqini tapsa da, əmək kitabçasında qeyd edilən sonrakı dövrlər üçün (1989-2002-ci illər) əmək stajı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün zəruri ilkin şərt, yəni ümumi sığorta stajı tələbi ödənilmədiyindən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin imtinası əsaslı və qanuni olmuşdur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri işin faktiki halları ilə sübut olunmadığından təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 11 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(103)-2341/2020 saylı iş üzrə qəbul etdiyi 11 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Həmid Həmidov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1837/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1837/2021
01.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver