Məhkəmə qərarları › İş №2-1(103)-1837/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1837/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1837/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının sığorta stajı nəzərə alınmaqla yenidən hesablanması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1077/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əmək kitabçasında əksini tapmış xx.xx.1992xx.xx.1994-cü il və xx.xx.1994-xx.xx.1997-ci il, həmçinin xx.xx.2006-xx.xx.2007-ci il dövrlərindəki əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasın vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçıya pensiya stajı hesablanarkən xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinə kimi "Sparklinq Star" Səhmdar Cəmiyyətində baş direktor, xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixinə kimi isə həmin səhmdar səmiyytin strukturunda fəaliyyət göstərən “Şüşə məmulatları Sənaye İstehsalat müəssisəsi”ndə ("AzərSlov Steklo" B.M) direktor, həmçinin, xx.xx.2006-xx.xx.2007-ci il dövründə "X4" şirkətində Sumqayıt şəhəri üzrə sahə rəisi vəzifəsində işlədiyi illərin də əmək stajına daxil edilmədiyi ona məlum olmuşdur. Bununla əlaqədar DSMF-y ünvanladığı xx.xx.2020-ci il tarixili müraciətinə **********01 №-li, 02 dekabr 2020-ci il tarixli məktubları ilə cavab da verilmişdir ki, Fondun Sosial Ödənişlərinin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən guya xx.xx.2020-ci il tarixli, **********1 №-li məktubları ilə ona məlumat verilmişdir. xx.xx.2021-ci il tarixində cavabdehin (+994)502357103 mobil nömrəyə SMS ilə aşağıdakı mövzuda məlumat daxil olmuşdur: "xx.xx.2021-ci il tarixli etirazınıza baxılmışdır və bildiririk ki, əmək kitabçanızda xx.xx.1992-xx.xx.1997-ci illərdə qeyd olunmuş müəssisələrin arxiv sənədləri saxlanılmadığından, həmin illərin sığorta stajına daxil edilməsi mümkünsüz hesab edilir". Halbuki, onun əmək kitabçasında 1975-ci ildən əmək fəalyyətinə başlaması qeyd olunmuşdur və öz ərizəsi ilə işdən çıxarkən, "Bakkondisioner" EİB-nin xx.xx.1992-ci il tarixli, 120 № li əmrində də qeyd olunmuşdur ki: "Уволен переводом в Акционерное Общество «Спаркинг Стар, по ст 36п 5КЗОТ Азерб.Республики с xx.xx.1992-года". Əmək fəaliyyətinin fasiləsiz davamı olaraq xx.xx.1992-xx.xx.1994-cü il dövründə “Sparklinq Star” SC-nin baş direktoru, xx.xx.1994xx.xx.1997-ci il dövründə həmin S.C-nin strukturunda fəaliyyət göstərən Şüşə məmulatları Sənaye İstehsalat müəssisəsinin ("AzerSlov Stekio" B.M-nin) baş direktoru vəzifəsində işləməsi də əmək kitabçasında öz əksini tapmışdır. Sonradan da əmək fəaliyyəti fasiləsiz davam etmişdir. “X4" şirkəti ilə bağlanmış xx.xx.2005-cı il tarixli əmək müqaviləsi şərtlərinə əsasən aylıq əmək haqqı məbləği 690,91 AZN (altı yüz doxsan manat doxsan bir qəpik) olmaqla, xx.xx.2006-cı il tarixindən şirkətin Sumqayıt şəhəri üzrə metal (polad) yığımı ilə əlaqədar sahə rəisi vəzifəsində fəaliyyət göstərmişdir.xx.xx.2007-ci il tarixində öz ərizəsi ilə könüllü olaraq işdən ayrılmışdır. xx.xx.2006-xx.xx.2007-cü il üzrə əmək fəaliyyəti əmək kitabçasında (aldadıldığı ona sonradan məlum olmuşdur) öz əksini tapmamışdır. Lakin 04 saylı, 31 iyul 2006-cı il tarixli, 12 saylı, 12 sentyabr 2006-cı il tarixli, 14 saylı, 21 noyabr 2006-cı il tarixli müqavilələrə əsasən onun təmsilçiliyi ilə İQLİM BAİB-i arasında malmaterialların (qara metal yonqarı və qırıntısı) alınması və daşınması da onun tərəfindən təşkil olunmuşdur. Sahə rəisi vəzifəsində işlədiyi xx.xx.2006-xx.xx.2007-ci illərdə həm Bakı şəhəri, şəhər ətrafı ərazilərindən və həm də Sumqayıt şəhəri üzrə qara metal yonqarı və qırıntılarının yığılmsı, alınması, həmçinin də daşınması işləri ilə məşğul olmuşdur. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Onun bu mövqeyi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanmasına tələbinə dair müraciətinin müsbət həllinin mümkün olmamasınının səbəbi iddiaçının xx.xx.1992-xx.xx.1994-cü illlərdə işlədyi "Sparklinq Star" Səhmdar Cəmiyyətinin, xx.xx.1994-xx.xx.1997-ci illərdə Səhmdar Cəmiyytin strukturunda fəaliyyət göstərən “Şüşə məmulatları Sənaye İstehsalat müəssisəsi”nin ("AzərSlov Steklo" B.M) arxiv sənədlərinin saxlanılmaması ilə əlaqədar olmuşdur. Belə ki, həmin müəssisələrdə direktor vəzifəsində işlədyi əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənəd (əmək haqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri) tapılmadığına xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək “X4” şirkətində işlədiyi dövrlər üzrə heç bir sosial sığorta ödənişləri edilməmiş və məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat aşkar olunmamışdır. Buna görə də həmin dövrlərin onun sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1077/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandrılmışdır ki, iş üzrə toplanmış dəlil və sübutlar obyektiv və hərtərəfli araşdırılmamış, hakim tərəfindən danışmasına imkan verilməmişdir. Yaşa görə pensiya hüququ yarandığı xx.xx.2014-cü il tarixdə əmək pensiyası təyin edilən zaman ona penssiya stajının 37 il 4 ay 10 gün hesablandığı bildirilmiş, sonradan isə ona məlum olmuşdur ki, hesabatlarında dəyişikliklər etməklə, xx.xx.2006-cı ildək ümumi sığorta stajı 29 il 7 ay 25 gün saxlanılmışdır.Əyani təhsil ilə pensiya stajına sonradan daxil edilmişdir. xx.xx.1992-xx.xx.1994-cü illələrdə "Sparklinq Star" Səhmdar Cəmiyyətində, xx.xx.1994-xx.xx.1997-ci illərdə Səhmdar Cəmiyytin strukturunda fəaliyyət göstərən “Şüşə məmulatları Sənaye İstehsalat müəssisəsi”ndə ("AzərSlov Steklo" B.M) işlədiyi illər əsassız olaraq sığorta stajından çıxarılmışdır. Cavabdeh imtinsını əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi G.Həzizadə isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahih etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. «Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının xx.xx.1992-xx.xx.1994-cü illlərdə işlədyi "Sparklinq Star" Səhmdar Cəmiyyətində baş direktor, xx.xx.1994xx.xx.1997-ci illərdə Səhmdar Cəmiyytin strukturunda fəaliyyət göstərən “Şüşə məmulatları Sənaye İstehsalat müəssisəsi”ndə direktor vəzifələrində işlədiyi dövrə dair arxiv sənədlər (əmək haqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri) aşkar edilmədiyini əsas tutraq onun sığorta stajına daxil edilməməsi tamamilə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya ilkin pensiya təyinatı DSMF-nin Yasamal rayon şöbəsinin 17 iyun 2014-cü il tarixli qərarına əsas aparılmışdır. Həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndi isə nəzərdə tuturdu ki, bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinin 1-ci yarımbəndi isə aşağıdakıları nəzərdə tutur: - əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir: Hər iki “Qayda”nın qeyd olunan tələblərindən göründüyü kimi, 2006-cı il yanvarın 1dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı sığorta olunanların iş stajı əmək onların əmək kitabçasına əsasən hesablanır. İddiaçının iş materiallarında olan xx.xx.1976-cı il tarixli ИТ-İ ******* №-li əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki: “-10-cu sıra qeydinə əsasən: xx.xx.1992-ci ildə “Sparking Star” Səhmdar Cəmiyyətinədirektoru vəzifəsinə təyin edilmiş (əmr №2, 07.07.92.); - 11-ci sıra qeydinə əsasən; xx.xx.1994-cü il tarixində isə Azərbaycan-X1 baş direktoru vəzifəsinə keçirilmiş (əmr №4, xx.xx.1994); - 12-ci sıra qeydinə əsasən: xx.xx.1997-ci il tarixində isə həmin vəzifəsindən “MP “Erkin” müəssisəsinə köçürülməklə azad edilmişdir (əmr № 34, xx.xx.1997). İşdan çıxma və köçürülmə barədə qeydlər müəssisə rəhbəri R.R.Rəhmovun imzası və müəssisənin dairəvi möhürü ilə təsdiq olunmuşdur (Bundan sonra da onun əmək fəaliyyəti üzrə qeydlər sıra ardıcıllığı ilə davam edir).” İddiaçının əmək kitabçasının tədqiq olunan qeydlərindən göründüyü kimi, müəssisələrin tam adı, işə daxil olma , işdən azad edilmə, başqa müəssisəyə köçürülmə tarixləri, habelə, müvafiq əmrlər nömrəsi və tarixləri ilə göstərilmiş, məsul şəxsin (özü) imzası və müəssisənin möhürü ilə təsdiq olunmuqşdur. Qeydlərdə qaralama və pozuntular yoxdur, səlist və və aydın oxunan xətlə yazılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə də qanunun qeyd olunan tələbləri də nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, düzgünlük prezumpsiyası baxımından baxımından, iddiaçının əmək kitabçasının tədqiq olunan “10, 11 və 12-ci qeydləri” mötəbər məlumatlar kimi qiymətləndirilməlidir. İkinci bir tərəfdən, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********199300 №-li məktubda bildirilmişdir ki, “dövlət reyestrində "SPARKLİN STAR" Cəmiyyəti xx.xx.1993-ci il tarixdə 267 nömrə ilə (qeydiyyat şəhadətnaməsi və niizamnaməsi işə əlavə olunmuşdur) və "xxxx" Birgə Müəssisəsinin xx.xx.1993-cü il tarixdə 569 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur.” (İş vərəqi 74-87). Ən azından, sözügedən məlumatların mövcudlğu isə onu deməyə əsas verir ki, iddiaçının rəhbəri olduğu adıçəkilən müəssisələr mövcud olmuş, fəaliyyət göstərmişdir. Cavabdeh tərəfindən isə bütün bunlar nəzərə alınmamış, iddiaçının xeyrinə olan hərtərəfli araşdırmadan yayınmışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinin tələbinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından imtina edə bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin iddiaçının xx.xx.1992-xx.xx.1997-ci əmək fəaliyyətini onun sığorta stajına daxil edilməsindən imtinasını əsassız sayır, Odur ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbinin rədd olunması işin hallarına və qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində həmin hissədə qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2006-xx.xx.2007 dövründə “X4” şirkətində işlədiyi müddətin onun sığorta stajına daxil edilməsini tələb etməkdə haqlı hesab oluna bilməz. Belə ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Həmin Qanunun 27.1-ci maddəsinin 2-ci cümləsindən də aydın görünür ki, dən də görünür ki, də sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Eyni zamanda, iddiaçıya pensiya təyin edilərkən qüvvədə olan “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci və hazırda qüvvədə olan Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi “Qayda”sının 4.1.2-ci bəndlərinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı sosial sığorta stajı 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən nəzərə alınır. Göründüyü kimi, iddiaçının xx.xx.2006-xx.xx.2007-ci illərdə "X4" şirkətinin Sumqayıt şəhəri üzrə qara metal tədarükü zonasının idarə edilməsi, sahə rəisi vəzifəsinin icraçısı kimi işlədiyi dövr - xx.xx.2006-cı iltarixdən sonrakı dövrə düşdüyünə görə ona pensiyaı hesablanarkən, həmin müddət ərzində onun fərdi hesabında qeydə alınan məcburi dövlət sosial sığorta haqları nəzərə alınır. İş materiallarına əsasən də məhz, müəyyən olunur ki, xx.xx.2006-ci iltarixdən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 42,89 manat təşkil etmişdir. Həmin məbləğ də cavabdeh tərəfindən onun əmək pensiyasının hesablanmasında nəzərə alınmışdır ki, bu da işin mübahisələndirilməyən halıdır. Beləliklə də cavabdeh tərəfindən iddiaçının xx.xx.2006-xx.xx.2007-ci illərdə "X4" şirkətindəki əmək fəaliyyəti dövrünün onun sığorta stajı kimi nəzərə alınmasından imtinasının qanuni və əsaslı olduğu sübuta yetirilir. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə toplanmış dəlil və sübutların hərtərəfli araşdırılmadığını, onlara düzgün hüquqi qiymət verilmədiyini, əsassız olaraq onun iddia tələbinin rədd edildiyini mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1077/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilməli və onun əmək kitabçası üzrə xx.xx.1992-xx.xx.1994 və xx.xx.1994xx.xx.1997-ci illər üzrə dövrlərin onun sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilməli, qalan hissədə iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1077/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı əmək kitabçası üzrə xx.xx.1992-xx.xx.1994 və xx.xx.1994 - xx.xx.1997 dövrlərində əmək fəaliyyətinin onun sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar