Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1837/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5181/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 1991-ci ildə N saylı Müdafiə batalyonunda xidmətə başlamışdır. 1992-ci ilin may ayından etibarən N nömrəli batalyonda qulluq etmişdir. Daha sonra həmin hərbi hissənin adı 3-cü batalyon kimi dəyişdirilmişdir. İddiaçının döyüş əməliyyatlarında iştirakı və vuruşmasını batalyon komndiri təsdiq edir. Belə ki, iddiaçı daha əvvəldə eyni məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, müharibədə iştirakı nəzərə alınaraq ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin ona göndərilən cavab məktubunda qaldırdığı məsələ ilə bağlı müsbət qərarın qəbul olunmadığı bildirilmişdir. İddiaçı həmin cavabla razılaşmır və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya 6 dekabr 2021-ci il tarixli cavab məktubu göndərilərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin veilməsi üzrə komissiya”nın 28 avqust 2019-cu il tarixli iclasında baxıldığı və 623 nömrəli protokolla barəsındə müsbət qərar qəbul edilmədiyi və sənədlərinin geri qaytarıldığı bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 26 və 60-cı maddələrinə, İPM-nin 2.2.3, 33.1, 33.2, 68 və 69-cu maddələrinə əsaslanaraq, məhkəmədən İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir.Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd edilir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin 5 aprel 2023-cü il tarixli 4/2-1645 nömrəli arxiv məktubundan da göründüyü kimi iddiaçının 01 dekabr 1992- cil il tarixdən sonrakı müddətdə hərbi xidməti barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Həmçinin iddiaçı «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əks halda onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. İPM-nin 38, 47.2, 48.2-ci maddələrini rəhbər tutaraq, məhkəmədən iddianın təmin edilməməsi xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5181/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır, 1992-ci ilin 1 dekabrında N nömrəli əmrlə ordu sıralarından ştatda vəzifəsi ixtisar olduğu üçün tərxis olunmuşdur, hal-hazırda onun xidmətini təsdiq edən tabor komandirləri bugün həyatdadırlar. Xidmət etdiyi zaman adına silah olub, maaş almışdır. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991ci il oktyabrın 9dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərlərin “müharibə veteranı” adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. İş materiallarında olan: -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin 05 aprel 2023-cü il tarixli 4/2-1645 saylı məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan 2 dekabr 1991 – 9 iyun 1992-ci il, 13 sentyabr 1992 – 30 noyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin 5 aprel 2023-cü il tarixdə verdiyi arxiv çıxarışından görünür ki, N saylı hərbi hissə komandirinin N nömrəli 1 dekabr 1992-ci il tarixli əmrinə əsasən X7 ştatın dəyişməsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Qeyd: Əmr olduğu kimi köçürülmüşdür. Əmrdə adı Şəmil yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivi tərəfindən X4 ünvanlanmış 5 dekabr 2014-cü il tarixli 9/2-3810 saylı məktubda qeyd olunmuşdur ki, N saylı hərbi hissə komandirinin əmrlər kitabı Mərkəzi Arxivə daxil olmamışdır. -Kəlbəcər Rayon İcra Hakimiyyətinin 09 mart 2022-ci il tarixli, AQ-1/588 saylı arayışına əsasən Kəlbəcər rayon sakini X3 qardaşı X9 1992-ci il tarixində odlu silahın təsiri nəticəsində şəhid olmuşdur. X5 adı Kəlbəcər rayon İcra Hakimiyyətində “mülki şəhid”lər siyahısında qeydə alınmışdır. -Apellyasiya instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X8 izahatında qeyd etmişdir ki, qərargah rəisi kimi Kələbəcərdə xidmət edən zaman N və N saylı hərbi hissələr birləşmiş və N saylı hərbi hissə yaradılmışdır. İddiaçının da təyinatı 1992-ci ilin may ayında könüllü şəkildə döyüşmək üçün N saylı hərbi hissəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən 1992-ci ilin noyabr ayının axırı dekabr ayında könüllər ordu sıralarından tərxis edilməyə başlanıldı. Həmçinin İddiaçı də tərxis edildi. İddiaçı tərxis edilsə də, döyüşmək üçün yenidən hərbi hissəyə gəldi. Həmçinin onun yazdığı kitabda bütün onunla birgə döyüşən şəxslər barədə, o cümlədən İddiaçı barəsində də məlumat vardır. Apellyasiya şikayətinin dəlillərinə cavab olaraq Məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; -hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını (tərxis edilmə) ehtiva edir. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. Başqa sözlə, qanunvericilik şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsini tələb edir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı AR Müdafiə Nazirliyinə sorğu ünvanlanaraq, N və N nömrəli hərbi hissələrin 1991-ci ildən-1992-ci ilin dekabr ayınadək olan tarixlər arasında döyüşlərdə iştirak edən hərbi hissə olub-olmaması barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, N () №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 58 №-li əmrilə (əsas: səh-18, sıra-7 əmrdə adı “Şəmil” yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) X7 ştatın dəyişməsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Qeyd edirlər ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.1991-xx.xx.1992ci il, xx.xx.1992-xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Həmçinin AR Müdafiə Nazirliyinin 16 noyabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq arxiv materiallarında İddiaçı 1991 – 1993-cü illərdə döyüş əməliyyatları aparılan zonada xidmət keçməsinə dair xüsusatlar, o cümlədən xidmətini, xidmətdən qanuni əsaslarla tərxis olunmasını (N saylı hərbi hissə komandirinin N nömrəli 1 dekabr 1992-ci il tarixli əmri X3 ştatın dəyişməsinə əsasən tutduğu vəzifədən azad edilməsi ilə bağlıdır) və yaralanmasını təsdiqləyən hər hansı mötəbər sübut mövcud olmadığından, cavabdehin ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinası qanuna zidd sayıla və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilə bilməz Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasının qanuna zidd sayılmaması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5181/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-1837/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1837/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver