Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1838/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi və vəkili X6 iştirakları ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4303/2021 saylı, 30 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Əmirova (Eyvazova) Həlimə Güloğlan qızı (bundan sonra – iddiaçı) 02.04.2020-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 12/177 nömrəli, 10.04.2020-ci il tarixli imtina məktubunda iddiaçının işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda (bundan sonra 1 nömrəli Siyahı) qeyd olunan sahəyə uyğun olmadığını, bu səbəbdən iddiaçının güzəştli iş stajının 01.01.2006-cı il tarixinədək 7 il 6 aydan az təşkil etdiyini bildirmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu 09.07.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək kitabçasından və işəgötürən müəssisə tərəfindən verilmiş müvafiq arayışlardan da görünür ki, müxtəlif vəzifələrdə çalışmaqla 01.01.2006-cı il tarixədək olan müddət üçün ümumilikdə 20 ildən artıq sosial sığorta stajı mövcuddur və bu müddətin 12 il 08 ay 24 günü güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir. Cavabdeh təşkilat imtina məktubunda yalnız 01.01.2006- cı ilədək qüvvədə olan 1 nömrəli Siyahıya istinad etmiş və onun güzəştli iş stajının 7 il 6 aydan az təşkil etməsini qeyd etmişdir. Halbuki onun əmək fəaliyyətinin bir hissəsi 1 nömrəli Siyahının, bir hissəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (bundan sonra - 2 nömrəli Siyahı) təsiri altına düşür. Müddət baxımından əmək fəaliyyətinin daha çox hissəsi 2 nömrəli Siyahının təsiri altına düşdüyündən və 2 nömrəli Siyahı 1 nömrəli Siyahıda qeyd olunan sahələri də əhatə etdiyindən, onun pensiya təyinatı “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına istinad edilməklə aparılmalıdır. Cavabdeh iddia ərizəsinə etirazını məhkəməyə təqdim etmiş və etirazında göstərmişdir ki, iddiaçının işləmiş olduğu peşələrin güzəştli (zərərli) olub-olmaması, onun hansı sexdə işləməsi və hansı kimya məhsullarını hazırlayıb-qablaşdırmasından asılıdır. İşəgötürən tərəfindən təqdim edilmiş arayışlarda qeyd olunan sexlər və kimya məhsulları Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahılarda mövcud deyildir. Belə olan halda, İddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4303/2021 saylı, 30 aprel 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçı X3 52 yaşdan, yəni hüququnun yarandığı 09.07.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətini etirazına uyğun əsaslandırıb məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı 09.07.1967-ci il tarixdə anadan olmuş, 15.11.1984-cü il tarixdən etibarən əmək fəaliyyətinə başlamış, 15.11.1984-ci ildən 05.10.1985-ci il tarixədək "Artyom" tikiş fabrikində tikişçi şagirdi işləmişdir. O, 24.01.1986cı il tarixdə M.Əzizbəyov adına Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyində kükürd anhidridi istehsalı üzrə sexə anbardar vəzifəsinə qəbul edilmiş, 02.11.1987-ci il tarixdə keçmiş X10 zavodunun kükürd anhidridi sexində aparatçı vəzifəsinə keçirilmiş, 15.09.1991-ci il tarixədək bu vəzifədə, 16.09.1991-01.06.1993-cü il tarixləri arasında həmin zavodun sulfanolun qurudulması və yarımkompozisiya sexində aparatçı vəzifəsində, 02.06.1993-cü il tarixdən 08.01.1995-ci il tarixədək həmin sexdə iqtisadçı vəzifəsində, 09.01.1995-ci ildən 14.11.1995-ci ilədək sulfanolun qurudulması və yarımkompozisiya sexində aparatçı vəzifəsində, 15.11.1995 – 30.09.1998-ci il tarixləri arasında həmin sexdə iqtisadçı vəzifəsində, 01.10.1998-31.05.2002-ci il tarixlərində həmin zavodun sulfanolun qurudulması və yarımkompozisiya sexində aparatçı vəzfəsində, 01.06.2002-ci ildən 25.11.2004-cü ilə kimi həmin zavodun xlorparafin və natrium-karbonat istehsalı sexinin natrium-karbonatın qurudulması şöbəsində aparatçı vəzifəsində, 26.11.2004-20.06.2010-cu il tarixləri arasında “Azərkimya” İstehsalat Birliyində kadr və kadr hazırlığı şöbəsinə kadr üzrə mütəxəssis vəzifəsində işləmişdir. İddiaçı 21.06.2010-cu il tarixdən hazırkı tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərkimya” İB “Nəqliyyat və xüsusi texnika İdarəsi”ndə kadrlar üzrə mütəxəssis vəzifəsində işləyir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddiaçının 01.01.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğunu və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə işlədiyini, həmçinin 09.07.2019-cu il tarixdə 52 yaşı tamam olduğunu əsas götürüb “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olduğu qənaətinə gəlib iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan hüquq normalarından da göründüyü kimi 2 nömrəli siyahı üzrə qadınlara 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 20 ildən çox, yəni 20 il 09 ay 29 gün ümumi iş stajının olması mübahisələndirilməmiş, yalnız 10 ildən çox zərərli iş stajının olması mübahisələndirilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017- ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1-ci yarımbəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” X5 güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlarından (05.03.2021-ci il tarixli, 82, 83, 84, 85 və 86 nömrəli) görünür ki, iddiaçı: 02 noyabr 1987-ci il tarixdən 15 sentyabr 1991-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X10” zavodunun kükürd anhidridi sexində aparatçı vəzifəsində (kod- 1080A010; iş stajı 3 il 10 ay, 14 gün). 16 sentyabr 1991-ci il tarixdən 01 iyun 1993-cü il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X10” zavodunun sulfanolun qurudulması və yarımkompozisiya sexində aparatçı vəzifəsində (kod – 2110A020; iş atajı 1 il 8 ay 16 gün); 09 yanvar 1995-ci il tarixdən 14 noyabr 1995-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X10” zavodunun sulfanolun qurudulması və yarımkompozisiya sexində aparatçı vəzifəsində (kod – 2110A020; iş stajı 10 ay 6 gün); 01 oktyabr 1998-ci il tarixdən 31 may 2002-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X10” zavodunun sulfanolun qurudulması və yarımkompozisiya sexində aparatçı vəzifəsində (kod – 2110A020; işləməklə iş stajı 3 il 8 ay 1 gün); 01 iyun 2002-ci il tarixdən 25 noyabr 2004-cü il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X10” zavodunun xlorparafin və natriumkarbonat istehsalı sexinin natrium-karbonatın qurudulması şöbəsində aparatçı vəzifəsində (kod – 2110A020; iş stajı 2 il 5 ay 25 gün) işləmişdir. Göründüyü kimi, iddiaçının zərərli işdə işlədiyi müddətin qısa bir hissəsi 1 nömrəli Siyahının, qalan hissəsi isə 2 nömrəli Siyahının təsir dairəsinə düşdüyündən, 1 nömrəli Siyahı əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan sahələri əhatə etdiyindən, iddiaçının xüsusi stajı müəyyən olunarkən 2 nömrəli Siyahıya istinad olunmalı və onun kükürd anhidridi sexində aparatçı vəzifəsində işlədiyi müddət də həmin staja daxil edilməlidir. Belə olan halda müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı il tarixədək 15 il 26 gün xüsusi iş stajı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, 2 nömrəli siyahının 2110A020 kodu üzrə ... 1 №-li siyahıda sadalanmış kağız (polietilen) kisələrdə qablanmış kimya məhsullarının üyüdülməsində, qurudulmasında, qarışdırılmasında, əridilməsində, hazırlanmasında, çəkib qablaşdırılmasında, yüklənməsində, qablaşdırılmasında, tökülməsində; qapalı tutumların və boru kəmərlərin yapışqanlaşdırılmasında; benzinin rekuprasiya olunmasında..tam iş günü məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələrinin, rəhbərlərinin və mütəxəssislərinin əmək şəraiti zərərli hesab edilmişdir. İşdə olan “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodu tərəfindən verilən arayışlardan görünür ki, keçmiş "X10" zavodunun kükürd anhidridi sexində, sulfonolun qurudulması və yarımkompozisiya sexində, xlorparafin və natriumkarbonat istehsalı sexinin natrium karbonatın qurudulması şöbəsində absorbsiya, kimya məhsullarının hazırlanması, çəkib qablaşdırılması aparatçısı (fəhlə) peşəsində işləmiş İddiaçının iş funksiyaları bilavasitə kükürd anhidridi (kükürdün sobada yandırılması nəticəsində alınan qeyri-üzvi reaktiv), sulfanol (benzol, toluol və kükürd anhidridindən istifadə etməklə alınan maddə), xlorparafin (parafinə xlor qazı verməklə istehsal olunan maddə), natrium-karbonat (46%-li natrium hidroksid məhlulundan 99%-li quru natrium hidroksid istehsal olunan zaman alınan aralıq məhsul) və onların komponentləri ilə təmasda olması, texnoloji prosesləri idarə etməsi və onun qablaşdırılması işinə xidmət etmişdir. Habelə işlədiyi müddətdə iş şəraiti ağır və zərərli olduğu üçün İddiaçıya əlavə məzuniyyət, aylıq tarif maaşının 12%-i miqdarında əlavə, gündə bir dəfə olmaqla isti yemək və hər gün 0,5 litr süd ilə təmin edilmişdir. Göründüyü kimi, iddiaçının 10 ildən artıq təmasda olduğu, texnoloji proseslərin idarə edilməsi və qablaşdırılması işini həyata keçirdiyi kükürd maddəsi 1 nömrəli Siyahıda nəzərdə tutulsa da, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun tələblərini yerinə yetirməmiş, heç bir araşdırma aparmadan iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı 09.07.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4303/2021 saylı, 30 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1838/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1838/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver