Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1838/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsi üzərində mülkiyyət hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11675/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsi üzərində mülkiyyət hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin yığıncağının 30 nömrəli 10 dekabr 1998-ci il tarixli protokuluna əsasən Xəzər rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində 16-cı Cənub küçəsində yerləşən, 500 kv.m sahəsi olan 311 nömrəli bağ sahəsi İddiaçı ayrılmış və sərhədləri yerində müəyyən edilərək ona təhvil verilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. Sonradan iddiaçının istifadəsində olan sözügedən bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı onun müraciətinə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********61 saylı 27 noyabr 2019-cu il tarixli məktubla imtina verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adım aşkar olunmamışdır. Həmçinin göstərilən bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil edir və yaxınlıqdan keçən qaz xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə sözügedən bağ sahəsinə digər fiziki şəxsin müraciəti olmuşdur. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, həmin torpaq sahəsi 1998-ci ildən onun daimi istifadəsindədir və bu günədək hər hansı bir şəxsin onun daimi istifadəsində olan torpaq sahəsinə dair hər hansı bir iddiası olmamışdır. Bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının aşkar olunmaması isə, onun təqdim etdiyi sənədlər əsasında torpaq sahələrinin adına qeydiyyata alınmasından cavabdeh tərəfindən imtinaya əsas vermir. Bağ sahələrinin bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil etməsi də mümkün deyil. Belə ki, torpaq sahəsi ona ayrılarkən yerində, mövcud sxemə uyğun olaraq təhvil verilmişdir və yaxınlıqdan da, heç bir qaz xətti keçmir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə, Torpaq Məcələsinin 84- cü maddəsinə, «Torpaq islahatı haqqında» Qanunun 9, 10-cu maddələrinə, «Vətəndaşların qanuni istifadəsin dəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə, «İnzibati icraat haqqında» Qanunun 23.1-ci maddəsinə, İPMin 2, 33, 35, 73-cü maddəsinə, «Dövlət rüsumu haqqında» Qanunun 9.1.12-ci maddəsinə əsaslanaraq, məhkəmədən “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyyətinin yığıncağının 30 nömrəli 10 dekabr 1998-ci il tarixli protokuluna əsasən iddiaçının ona ayrılmış Xəzər rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində, 16-cı Cənub küçəsində yerləşən, 500 kv.m sahəsi olan 311 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh iddiaya yazılı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının adı 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamışdır. Həmçinin bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə 307 saylı bağın ərazisidir. Bundan əlavə, sözügedən bağ sahəsinə digər fiziki şəxsin (H.N.Quliyev) müraciəti olmuşdur. Bağ sahəsi tamamilə yaxınlıqdan keçən mərkəzi qaz xəttinin (325 mm-lik) mühafizə zonasında yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 27 noyabr 2019-cu il tarixli **********61 saylı cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7, 11.1, 23-cü maddələrinə, «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə, AR Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları»nın 2.7, 2.11-ci bəndlərinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11675/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının adı 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamışdır. Həmçinin bağ sahəsi bağçılıqyoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə 307 saylı bağın ərazisidir. Bundan əlavə, sözügedən bağ sahəsinə digər fiziki şəxsin (H.N.Quliyev) müraciəti olmuşdur. Bağ sahəsi tamamilə yaxınlıqdan keçən mərkəzi qaz xəttinin (325 mm-lik) mühafizə zonasında yerləşir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslər: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs X4 iddiaçının iddia etdiyi bağ sahəsinə dair heç bir iddia və tələbinin olmadığını, gələcəkdə də heç bir tələbinin olmayacağını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -- 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (maddə 15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (maddə 15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (maddə 15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (maddə 15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (maddə 15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (maddə 15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. “Torpaq islahatı haqqında” Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «İnzibati icraat haqqında» Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, İddiaçı “Avtomobilçi” bağçılıqbostançılıq cəmiyyətinin idarə heyətinin yığıncağının 30 nömrəli 10 dekabr 1998-ci il tarixli protokuluna əsasən Pirallahı rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində 16cı Cənub küçəsində yerləşən, 500 kv.m sahəsi olan 311 nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdeh iddiaçının müraciətindən imtina məktubunda, iddia ərizəsinə yazılı etirazında və apellyasiya şikayətində aşağıda qeyd olunan hallara istinad etmişdir:
1. Bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə 307 saylı bağın ərazisidir.
2. İddiaçının adı 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamışdır.
3. Sözügedən bağ sahəsinə digər fiziki şəxsin (H.N.Quliyev) müraciəti olmuşdur.
4. Bağ sahəsi tamamilə yaxınlıqdan keçən mərkəzi qaz xəttinin (325 mm-lik) mühafizə zonasında yerləşir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək, iş materiallarına əlavə edilmiş sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya şikayətinin dəlili olan iddiaçı tərəfindən göstərilən bağ sahəsinin bağçılıqyoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil etməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Göründüyü kimi, bağ sahəsinin bölgü sxemi ilə uyğunsuzluq təşkil etməsi iddiaçının idarəsindən asılı olan hal deyil, iddiaçı buna görə məsuliyyət daşımır. Cavabdeh qeyd olunan uyğunsuzluqla əlaqədar sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məktub ünvanlanaraq Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində, 16-cı Cənub küçəsində yerləşən 307 və 311 №-li bağ sahələrinin faktiki vəziyyətinə tərəflərin iştirakı ilə baxış keçirilərək müayinə aktının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktından müəyyən edilir ki, 307 və 309 saylı bağ olduğu bildirilən sahələr bir hasar daxilindədir, ara sərhəddinə 1 daş hündürlüyündə mişar daşı düzülərək ayrılıb, darvazası yoxdur, 311 saylı bağ sahəsi isə hasar daxilindədir, darvazası yoxdur. İddiaçının nümayəndəsi tərəfindən 307, 309 və 311 kimi göstərilən sahənin koordinatları əlavə olundu. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş Avtomobilçi b/y-nın bölgü sxeminə əsasən 307 və 311 saylı bağ sahələrinin faktiki yerləri ilə b/y-nın sxemində göstərilən uyğun gəlmir, belə ki, faktiki yerləri dəyişik göstərilir. Apellyasiya şikayətinin ikinci dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin İddiaçı Dübəndi qəsəbəsi, 16-cı Cənub küçəsində yerləşən 500 kv.m sahəsi olan 311 nömrəli bağ sahəsinin ayrılması barədə 30 nömrəli 20 dekabr 1998-ci il tarixli qərar – protokoldan çıxarışı və üzvlük biletinə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən qərar (protokoldan çıxarış) geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından sözügedən protokoldan çıxarış və üzvlük bileti mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində, 16-cı Cənub küçəsində yerləşən 307 və 311 № li bağ sahələrinə dair bütün hüquqmüəyyənedici sənədlərin, iddiaçının iddia etdiyi bağ sahəsinə dair müayinə aktının, həmçinin “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin arxiv qovluğunun təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Sorğuya cavab olaraq qeyd edilmişdir ki, “Avtomobilçi” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 16-cı cənub küçəsində yerləşən 307 və 311 nömrəli bağ sahələrinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir. Sorğuya cavab məktubuna həmçinin “Avtomobilçi” bağçılıq cəmiyyətinin üzvlərinin siyahısı əks olunmuş xx.xx.1988-ci il tarixli, 02 №-li protokol əlavə edilmişdir. İş materiallarında olan “Avtomobilçi” bağçılıq cəmiyyətinin idarə heyətinin 30 saylı 10 dekabr 1998-ci il tarixli protokolundan çıxarışın əslindən görünür ki, Bağçılıq cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış bağ sahələrinin üzvlərinin bir neçəsi öz sahələrini başqa iş yoldaşlarına verilməsi haqqında müraciət etmişdir. Onlardan 16-cı cənub küçəsi 311 saylı bağ sahəsinin üzvü X6 öz bağ sahəsini qohumu X3 daimi istifadədən ötrü vermiş, o da eyni zamanda həmin bağ sahəsini İddiaçı Əzizağa qızına vermək istəyir. Nəticədə Əzizbəyov rayonu Dübəndi bağ massivində “Avtomobilçi” bağçılıq cəmiyyətində boş saxlanılmış 16-cı cənub küçəsi 311 saylı sahəsi 500 kv.m olan bağ sahəsi X5 daimi istifadəsinə verilmişdir. Göründüyü kimi cavabdehin, iddiaçının adının olmadığına istinad etdiyi siyahı 1988ci ildə tərtib edilmiş, iddiaçının çıxarışın verilməsini tələb etdiyi bağ sahəsi ilə 1998-ci il tarixli protokolla İddiaçı Əzizağa qızının daimi istifadəsinə verilmişdir, beləliklə, məntiqli olaraq bağ sahəsinin iddiaçının daimi istifadəsinə verilmə tarixindən öncə tərtib edilmiş siyahıda iddiaçının adı olmamışdır, odur ki, cavabdeh inzibati orqanın istinad etdiyi dəlil bağ sahəsinə hüququn qeydiyyatından imtina üçün əsas hesab edilə bilməz. Apellyasiya şikayətinin üçüncü dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qərardadından müəyyən edilir ki, iddiaçı X4 cavabdeh ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində “Avtomobilçi” bağçılıq cəmiyyətində 16-cı Cənub küçəsi, 311 saylı bağ sahəsi 500 kv.m olan bağ sahəsinin mövcud vəziyyətdə dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etməməklə üzrsüz səbəblərdən məhkəmə icraatından yayınmış, bu səbəbdən də iş üzrə yekun məhkəmə qərarının çıxarılması mümkün olmamışdır. Odur ki, qeyd edilən qərardadla iddia geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı üçüncü şəxs X4 izahatında qeyd etmişdir ki, iddiaçının iddia etdiyi bağ sahəsinə dair heç bir iddiası və tələbi yoxdur, gələcəkdə də heç bir tələbi olmayacaqdır. Göründüyü kimi cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi sözügedən bağ sahəsinə digər fiziki şəxsin (H.N.Quliyev) müraciəti olması halı hazırda mövcud deyil. Həmçinin, müraciətin olması halı belə imtinaya əsas ola bilməz. Nəhayət kollegiya apellyasiya şikayətinin sonuncu “Bağ sahəsinin tamamilə yaxınlıqdan keçən mərkəzi qaz xəttinin (325 mm-lik) mühafizə zonasında yerləşməsi” dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan ARDNŞ-nin (SOCAR) İddiaçı ünvanlanmış 18 avqust 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, müəyyən olunmuşdur ki, UTM WGS 84 koordinat sistemində X 440147 Y 4473553, X 440165 Y 4473542, X 440178 Y 4473563, X 440161 Y ******* koordinatlarda olan 532 kv.m torpaq sahəsi SOCAR-ın istismarında olan qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. Eləcə də qeyd olunmalıdır ki, İddiaçı “Avtomobilçi” bağçılıq cəmiyyəti tərəfindən Dünbəndi qəsəbəsi, 16-cı Cənub küçəsində ayrılmış 311 saylı bağ sahəsi ərazidəki 325 mm-lik qaz xəttinin mühafizə zonasında yerləşsə belə, mövcud qanunvericilik normalarının, daha dəqiq desək «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7 və 15-ci maddələrinin tələbləri torpaq sahəsinin “qaz xəttinin mühafizə zonasında yerləşməsi”ni ona hüququn qeydiyyata alınmasından imtina üçün əsas kimi müəyyən etmir. Yalnız həmin Qanunun 8.0.8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici (Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahıda sadalanan) sənədlər torpaq sahəsinin müvafiq mühafizə zonalarına düşdüyü hallarda qeydiyyata alınma üçün əsas kimi çıxış edə bilməz. Halbuki, iddiaçının təqdim etdiyi sənəd bağ sahəsinə dair “Avtomobilçi” bağçılıq yoldaşlığı tərəfindən verilmiş üzvlük bileti və protokoldan çıxarışdır. Göründüyü kimi, bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11675/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Məmməd Məmmədov