Məhkəmə qərarları › İş №2-1(103)-1838/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1838/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1838/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7392/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı barəsində qəbul edilmiş 5 dekabr 2023-cü il tarixli **********627300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi sahibkar olaraq xx.xx.2017-ci il tarixdən vergi orqanlarında uçota alınmış, əsas fəaliyyəti “ixtisaslaşdırılmış mağazalarda dəmir məmulatlarının, lak-boya maddələrinin və şüşənin pərakəndə satışı”ndan ibarət olmuş və vergi orqanında qeydiyyatda olan təsərrüfat subyekti (obyekti) olmamışdır. Vergi orqanında qeydiyyata alınsa da, sahibkarlıq fəaliyyəti ilə normal olaraq məşğul ola bilməmişdir. Şəxsi hesab vərəqəsindən də görünür ki, vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyəsi mövcud olmamış və boş təqdim edilmişdir. Həmçinin vergi orqanlarında olan baza məlumatlarından görünür ki, onun vergi mükəlləfiyyəti sadələşdirilmiş vergi olmuşdur. Aktiv sahibarkıq fəaliyyəti həyata keçirə bilmədiyi üçün 20 aprel 2022-ci il tarixdən fəaliyyətini 5 illik müddətinə dayandırmışdır. Uçot baza məlumatlarda olan arayışdan da görünür ki, onun sahibkarlıq fəaliyyəti 20 aprel 2022-ci il tarixdən 20 aprel 2027-ci il tarixədək 5 illik müddətə dayandırılmışdır. Fəaliyyətini dayandırdığı dövrdə onlayn kargüzarlığına gələn məktublardan görünür ki, ona 15 noyabr 2023-cü il tarixində kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub ünvanlanmış və bildirilmişdir ki, “araşdırma zamanı 2021ci il ərzində istifadənizdə olan yük maşınının "xxxx" MMC-yə 135000,00 manat dəyərində təqdim edilməsinə (xx.xx.2021-ci il tarixli notarial müqaviləyə əsasən) baxmayaraq, tərəfinizdən müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur”. Daha sonra, onlayn kargüzarlığa gələn məktublardan görünür ki, onun barəsində analoji qaydada qəbul edilmiş 5 dekabr 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla ona 4500,00 manat məbləğində gəlir vergisi hesablanmışdır. Həmin qərarın əsaslandırma hissəsində isə gəlir vergisi bəyannaməsini təqdim etmədiyinə görə ona əlaqəli məlumatlar əsasında gəlir vergisinin hesablanması göstərilmişdir. O, həm uyğunsuzluq məktubundan, həm də barəsində qəbul edilmiş qərardan vergi borcu ilə bağlı ona məlumat gələrkən xəbər tutmuşdur. Sahibkarlıq fəaliyyəti olmadığı bir müddət əzrində ona elektron qaydada onlayn kargüzarlıqla uyğunsuzluq məktubu və qərar təqdim edilmişdir. Lakin qeyd edilən sənədlər ona rəsmi qaydada təqdim edilməmişdir. Onun barəsində vergilərin hesablanması barədə qərar qəbul edilərkən onun iştirakı ümumiyyətlə təmin edilməmiş və ona məlumat verilməmişdir. İnzbati icraat haqqında qanunvericiliyin normaları birbaşa olaraq tələb edir ki, inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməklə, inzibati işdə maraqlı şəxsin və yaxud onun nümayəndəsinin iştirakını təmin etməlidir. İşin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli, tam və obyektiv şəkildə araşdırmalıdır. Onun həmin qərardan şikayətinə yuxarı şikayət instansiyası tərəfindən baxılaraq 8 fevral 2024-cü il tarixdə **********781700 nömrli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərar qəbul edilmişdir. Onun barəsində qəbul edilmiş 4500 manat gəlir vergisinin hesablanmasına əsas olan 5 dekabr 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Cavabdeh vergi orqanın hesablamasından görünür ki, o, özünə məxsus olan ekskavatoru "xxxx" MMC-yə satdığı üçün ona əlavə vergilər hesablamışdır. Qeyd edir ki, həmin ekskavatoru o, 2014-cü ildə almışdır. Lakin vergi orqanında qeydiyyata 14 mart 2017-ci ildə düşmüşdür. Yəni VÖEN adına 2017-ci ildə qeydiyyata alınmşdır. O isə ekskavatoru alanda heç adına VÖEN belə yox idi. Həmin ekskavatoru iddiaçı vergi ödəyicisi olmadan almışdır. İddiaçı ekskavator alsa da, gələcəkdə karyerlərdə müəyyən xidmət göstərib sahibarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti var idi. Lakin müəyyən səbəblərdən və bir çox karyerlərin bağlanması ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq mümkün olmadı. O, aldığı ekskavatoru saxlamaq qərarına gəlmişdir. Həmin ekskavatoru "xxxx" MMC-yə notarius vasitəsi ilə satarkən adi fiziki şəxs kimi satmışdır. Yəni alqı-satqı onun tərəfindən fərdi sahibkar kimi yox, vətəndaş kimi baş vermişdir. Alqı-satqı baş verən 2021-ci ildə onun fərdi sahibkar kimi fəaliyyəti dayandırılmışdır və o, ümumiyyətlə sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Həmçinin, həmin VÖEN onun adına açılsa da, fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmişdir. İddiaçının satdığı ekskavator sahibkarlıq fəaliyyətində istifadə edilməmiş, buna dair cavabdeh vergi orqanı hər hansı sübut təqdim etməmiş və ümumiyyətlə bu halı sübut edə bilməmişdir. Sahibkarlıq fəaliyyəti bu fəaliyyətin məqsədləri üçün istifadə edilən aktivlərin və əsas vəsaitlərin təqdim edilməsi deməkdir. Lakin onun satdığı ekskavator nə sahibkarlıq fəaliyyətində istifadə edilib, nə də əsas vəsait kimi bir vergi ödəyicisi kimi balansına salınmamışdır. Əgər iddiaçı ekskavatorla sahibkarlıq fəaliyyəti ilə məşğul olsaydı, həmin texnikanı balansa salaraq ona illər üzrə hesablanmış amortizasiya xərcləni də gəlirlərinin əldə edilməsi ilə bağlı xərclərinə daxil edərdi. Lakin sahibkarlıq məqsədləri üçün istifadə edilmədiyi üçün o, bunu etməmişdir. Ümumiyyətlə, iddiaçı həmin ekskavatorla vergi ödəyicilərinə hər hansı xidmət göstərməmişdir. Vergi Məcəlləsinin 198.2-ci maddəsinə görə müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olarag müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər. Qeyd edilən normaya görə də iddiaçı həmin ekskavator əsas vəsait kimi balansında uçota almadığı üçün (sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı üçün) həmin əmlaka görə əmlak vergisi hesablayıb dövlət büdcəsinə hesablamamışdır. Əks halda həmin texnikanı fərdi sahibkar kimi balansına salaraq həm əmlak vergisi ödəyərdi və həmin əmlak vergisini də və amortizasiya xərclərini də xərclərindən çıxardı. Uçot baza məlumatların mükəlləfiyyət bölməsindən görünür ki, iddiaçı bu günə qədər sadələşdirilmiş vergi ödəyicisidir. Lakin cavabdeh vergi orqanı ona kameral vergi yoxlaması nəticəsində analoji qaydada gəlir vergisi hesablamışdır. Halbuki, onun vergi mükəlləfiyyəti gəlir vergisinə dəyişdirilməmişdir. İddiaçı vergi orqanlarına belə müraciət etməmişdir. Cavabdeh vergi orqanının isə Vergi Məcəlləsində vergi ödəyicisinin vergi mükəlləfiyyətinin özbaşına dəyişdirilməsi nəzərdə tutulmamışdır. Cavabdeh orqan onun həmin ekskavatoru sahibkarlıq fəaliyyətində istifadə etdiyini sübut etsə, onda həmin texnikanın satılması zamanı əldə edilmiş 135.000 manat məbləğə yalnız 2% sadələşdirilmiş vergi hesablaya bilərdi. Lakin cavabdeh orqan birbaşa gəlir vergisi hesablamışdır. Halbuki, onun gəlir vergisi mükəlləfiyyəti olmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-7392/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin olunmamışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı barəsində qəbul edilmiş 5 dekabr 2023- cü il tarixli **********627300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə qərar qəbul edərkən vergi qanunvericiliyinin normalarının mahiyyətinə varmadan maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatlar nəzərdən qaçırılmış, hüququn tətbiq edilməsində səhv buraxılaraq, tətbiq edilməli olan qanun düzgün tədbiq edilməmiş və sonda həmin hissədə düzgün olmayan nəticəyə gəlinmişdir. Məhkəmə qərarında qeyd etmişdir: “Xüsusilə qeyd olunmalıdır ki, hər nə qədər iddiaçı nəqliyyat vasitəsinin satışının onun sahibkarlıq fəaliyyəti ilə olmadığını əlaqələndirsə də, məhkəmə hesab edir ki, bu fəaliyyət onun sahibkarlığından irəli gələn və bu fəaliyyətdən əldə olunan gəlirdir. Belə ki, iş materiallarından da göründüyü kimi, xx.xx.2015-ci il tarixli, 01 №-li borc müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçisi İddiaçı 249783.00 manat pul vəsaitini "xxxx" MMC qaytarılmaq şərli ilə qısamüddətli maliyyə yardımı kimi Cəmiyyətin işlərinin rifahı üçün əsas vəsaitlərinin alınması üçün müəssisəyə borca vermiş, "xxxx" MMC isə "xxxx" MMC-nin təsisçisi İddiaçı bu Müqavilənin şərtləri əsasında və 25 fevral 2022-ci il tarixdən gec olmayaraq geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin borcun qaytarılması təmin olunmadığından, borc məbləği əvəzinə avadanlıqların verilməsi qərara alınmış və bu müvafiq təhvil-təslim aktı ilə rəsmiləşdirilmişdir. Daha sonra "xxxx" MMC-nin 01 noyabr 2021-ci il tarixində keçirilən ümumi iclasının protokoluna görə əsas vəsaitlər (nəqliyyat vasitələri) olan Tırtıllı Ekskavator JCB JS-220 markalı xx.xx.2021-ci il tarixinə qalıq dəyəri 27.209,67 manat və Frontal yükləyici JCB-426 HT (Kon) xx.xx.2021-ci il tarixinə qalıq dəyəri 11.757,52 manat ümumilikdə cəmi 38.967,19 manat dəyərində nəqliyyat vasitələrinin "xxxx" MMC-nin balansından çıxarılması və təsisçi İddiaçı qaytarılması qərara alınmışdır. Sonradan həmin nəqliyyat vasitələrinin özəninkiləşdirilməsi həyata keçirilmişdir. Göründüyü kimi, iddiaçı nəqliyyat vasitəsini sahibkarlıq fəaliyyəti çərçivəsində əldə etmişdir ki, bu da onun kommersiya məqsədli fəaliyyətindən irəli gələn zəruri addımlardan biridir. Nəqliyyat vasitəsinin əldə edilməsi və sonradan satış əməliyyatları bilavasitə iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur. İddiaçının həyata keçirdiyi əməliyyatın hüquqi təhlili göstərir ki, əldə edilən nəqliyyat vasitəsinin satışı ilə bağlı gəlir yalnız sahibkarlıq fəaliyyətindən yaranan gəlir kimi təsnif edilməlidir. Bu halda, müvafiq gəlir üzrə vergi tutulması məsələsi meydana çıxır. Məhkəmə hesab edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə əlaqədar nəqliyyat vasitəsinin satışından gəlir əldə etdiyindən həmin vəsait üzrə gəlir vergisi ödənilməlidir. Odur ki, cavabdehin qərarı əsaslı olmuşdur.” Məhkəmə qərarının sözügedən qənaətindən aydın olur ki, məhkəmə vergi qanunvericiliyinin maddi hüquq normasını düzgün başa düşməmiş və özünəməxsus tərzdə şərh verərək hüquqi qiymət vermiş, eyni zamanda iddia tələbinin digər dəlillərinə ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, guya iddiaçı nəqliyyat vasitələrini təsisçisi olduğu "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətində istifadə etmiş və buna görə də onlara vergi hesablanmalıdır. Qeyd edir ki, məhkəmə nəzərə almır ki, "xxxx" MMC və iddiaçı ayrı-ayrı prosessual şəxslərdir və ayrı-ayrı vergi ödəyiciləridir. İddiaçı "xxxx" MMC-nin təsisçisi olsa da, hüquqi cəhətdən ayrı-ayrı şəxslərdir. Cavabdeh orqan o vaxt haqlı olar ki, nəqliyyat vasitələri "xxxx" MMC tərəfindən digər vergi ödəyicisinə satılardı. Bu halda "xxxx" MMC həmin nəqliyyat vasitələrini öz sahibkarlıq fəaliyyətində istifadə etmiş, onlara görə əmlak vergisi ödəmiş və hətta amortizasiya hesablayaraq xərci azaltmışdır. Sonra "xxxx" MMC onu borc əvəzi öz təsisçisinə vermiş, həmin nəqliyyat vasitələrindən sahibkarlıq fəaliyyətində istifadə edilməsi başa çatmışdır. "xxxx" MMC ona isə fərdi sahibkar kimi deyil, adi vətəndaş kimi təhvil vermişdir. Artıq bu mərhələdə nəqliyyat vasitələri vətəndaşın, yəni onun mülkiyyətində olur. O isə həmin nəqliyyat vasitələrini öz sahibkarlıq fəaliyyətində istifadə etməmiş və bir müddət sonra onları vətəndaş kimi digər MMC-yə satmışdır. Qeyd edilən nəqliyyat vasitələri daşınar əmlaka hesab edilirlər və vergi qanunvericiliyinə görə daşınar əmlakın (sahibkarlıq fəaliyyətində istifadə edilməyən) satışı vergilərdən azaddır. Məhkəmənin mövqeyindən görünür ki, məhkəmə Vergi Məcəlləsinin 102.1.7-ci maddəsində “vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində” sözünü “vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətində” kimi başa düşmüşdür. Halbuki, Vergi Məcəlləsinin 102.1.7-ci maddəsində qanunvericiliyinin məntiqi odur ki, vergi ödəyicisi öz mülkiyyətində olan daşınar əmlakı öz sahibkarlıq fəaliyyətində (başqasının deyil məhz öz fəaliyyətində) istifadə etmişdirsə, həmin daşınar əmlakın satışı gəlir vergisindən azad deyil və istisna kimi təsbit edilmişdir. Qanunvericilik onu deyir ki, daşınar əmlakın satışı yalnız o halda gəlir vergisinə cəlb edilir ki, o daşınar əmlak sonuncu mülkiyyətində olduğu vergi ödəyisinin sahibakrlıq fəaliyyətində istifadə edilmiş olsun. Məhkəmənin əsassız mövqeyindən çıxış edilsə onda elə çıxır ki, əgər adi vətəndaş hər hansı MMC-dən nəqliyyat vasistəsi alır və bir müddət sonra satırsa onda həmin nəqliyyat vasitəsinə görə vergi ödəməlidir ona görə ki, o daşınar əmlak əvvəllər hər hansı MMC-nin və yaxud sahibkarın sahibkarlıq fəaliyyətində istifadə edilmişdir. Bu absurd mövqedir və Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin ruhuna ziddir. Sahibkarlıq fəaliyyəti bu fəaliyyətin məqsədləri üçün istifadə edilən aktivlərin və əsas vəsaitlərin təqdim edilməsi deməkdir. Lakin onun satdığı nəqliyyat vasitələri nə sahibkarlıq fəaliyyətində istifadə edilib, nə də əsas vəsaitlər kimi bir vergi ödəyicisi kimi balansına salınmamışdır. Əgər iddiaçı nəqliyyat vasitələr ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olsa idi, həmin texnikaları balansa salaraq ona hesablanmış amortizasiya xərcləni də gəlirlərinin əldə edilməsi ilə bağlı xərclərinə daxil edərdi. Lakin sahibkarlıq məqsədləri üçün istifadə edilmədiyi üçün o, bunu etməmişdir. Ümumiyyətlə iddiaçı həmin nəqliyyat vasitələri ilə vergi ödəyicilərinə hər hansı xidmət göstərməmişdir. İddiaçı həmin nəqliyyat vasitələrini əsas vəsait kimi balansında uçota almadığı üçün (sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı üçün) həmin daşınar əmlaklara görə əmlak vergisi dövlət büdcəsinə hesablanmamışdır. Əks halda həmin texnikaları fərdi sahibkar kimi balansıma salaraq həm əmlak vergisi ödəyərdi və həmin əmlak vergisini də və amortizasiya xərclərini də xərclərindən çıxardı. Uçot baza məlumatların mükəlləfiyyət bölməsindən görünür ki, iddiaçı bu günə qədər sadələşdirilmiş vergi ödəyicisidir. Lakin cavabdeh vergi orqanı ona kameral vergi yoxlaması nəticəsində analoji qaydada gəlir vergisi hesablamışdır. Halbuki, onun vergi mükəlləfiyyəti gəlir vergisinə dəyişdirilməmişdir. İddiaçı belə müraciəti vergi orqanlarına etməmişdir. Həmçinin, satdığı nəqliyyat vasitələrinin dəyəri 135.000, 00 manat olduğu, yəni 200.000,00 manatı keçmədiyi üçün mükəlləfiyyətinin sadələşdirilmiş vergidən gəlir vergisinə dəyişdirilməsinə heç bir hüquqi əsas olmamışdır. Eyni zamanda, qeyd edir ki, cavabdeh vergi orqanın isə Vergi Məcəlləsində vergi ödəyicisinin vergi mükəlləfiyyətinin özbaşına dəyişdirilməsi nəzərdə tutulmamışdır. Cavabdeh vergi orqanı hətta sübut edə bilsə idi ki, o, həmin nəqliyyat vasitələri sahibkarlıq fəaliyyətində istifadə etmiş, onda həmin texnikaların satılması zamanı əldə edilmiş 135.000 manat məbləğə yalnız 2% sadələşdirilmiş vergi hesablaya bilərdi. Belə ki, Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsaəsn hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər. Sadalanan qanun normalarından da görünür ki, iddiaçı nəqliyyat vasitələrini satarkən (135.000,00 manat) vergi tutulan əməliyyatın həcmi 200.000,00 manatı keçməmiş və bu səbəbdən də onun satdığı daşınar əmlaka görə mükəlləfiyyətdə olduğu sadələşdirilmiş vergi, yəni 2% tətbiq edilməli idi. Lakin cavabdeh orqan birbaşa gəlir vergisi hesablamışdır. Halbuki, onun gəlir vergisi mükəlləfiyyəti olmamışdır. Məhkəmə bu dəlilə ümumiyyətlə münasibət bildirməmiş və bu hal üzrə tərəfindən şəxsi hesab vərəqəsindən və mükələfiyyəti bölməsindən çıxarışlar təqdim edilsə də, məhkəmə bu halı heç araşdırmamışdır. Cavabdeh vergi orqanın qərarında görünür ki, 135.000 manat əldə edilmiş vəsaitə görə 4500 manat gəlir vergisi hesablanmışdır. Burdan görünür ki, cavabdeh orqan ona Nazirlər Kabinetinin 55 saylı qərarını tətbiq edərək, vergilərin hesablanmasını həyata keçirmişdir. Belə ki, Vergi Məcəlləsinin həmin anda mövcud olan 102.1.30-cu maddəsinin redaksiyasına görə mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. İddiaçı sahibkarlıq fəaliyyətində istifadə edilən nəqliyyat vasitələrini 2021-ci ildə satmış və 135.000 manat gəlir əldə etmişdir. Onun gəliri 200.000 manatı keçmədiyi üçün iddiaçı mikro sahibkar olmuş və belə olduğu təqdirdə ona Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq edilərkən nəyə görə mikro sahibkar kimi güzəşt nəzərə alınmamış və onun müəyyən edilmiş gəlirinə birbaşa 20% mənfəət vergisi tətbiq edilmişdir. Vergi orqanı qanunun tələblərinə düzgün əməl etsə idi, ən azından 1125 manat gəlir vergisi hesablamasını aparmalı idi. Lakin burda da cavabdeh vergi orqanı yenə qanun normasını kobud qaydada pozmuş və özünə uyğun şəkildə maddi normalarını tətbiq etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, məhkəmənin istinad etdiyi dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar ləğv olunmalı və iddia təmin edilməlidir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 dekabr 2023-cü il tarixli **********627300 nömrəli qərarından görünür ki, İddiaçı kameral yoxlama nəticəsində 2021-ci il üçün gəlir vergisi üzrə 4.500 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X4ni keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı cavabdeh tərəfindən 05 dekabr 2023-cü il tarixli **********627300 nömrəli qərarla kameral yoxlama nəticəsində 2021-ci il üçün gəlir vergisi üzrə 4.500 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. Cavabdeh mövqeyinə görə nəqliyyat vasitəsinin satış əməliyyatları bilavasitə iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur. Bununla da nəqliyyat vasitəsinin satışı ilə bağlı gəlir sahibkarlıq fəaliyyətindən yaranan gəlir kimi nəzərə alınaraq iddiaçıya gəlir vergisi hesablanmışdır. İş materiallarından göründüyü kimi, xx.xx.2015-ci il tarixli, 01 nömrəli borc müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçisi İddiaçı 249783.00 manat pul vəsaitini borcalan "xxxx" MMC-yə qaytarılmaq şərli ilə qısamüddətli maliyyə yardımı kimi Cəmiyyətin işlərinin rifahı üçün əsas vəsaitlərinin alınması üçün müəssisəyə borc vermiş, "xxxx" MMC isə "xxxx" MMC-nin təsisçisi olan iddiaçıya 25 fevral 2022-ci il tarixindən gec olmayaraq borcu geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin borc qaytarılmadığından, borcun əvəzi olaraq nəqliyyat vasitəsinin verilməsi qərara alınmışdır. Daha sonra "xxxx" MMC-nin 01 noyabr 2021-ci il tarixində keçirilən ümumi iclasının 02 saylı protokolundan görünür ki, əsas vəsaitlər (nəqliyyat vasitələri) olan Tırtıllı Ekskavator JCB JS-220 markalı xx.xx.2021-ci il tarixinə qalıq dəyəri 27.209,67 manat və Frontal yükləyici JCB-426HT (Kon) xx.xx.2021-ci il tarixinə qalıq dəyəri 11.757,52 manat ümumilikdə cəmi 38.967,19 manat dəyərində nəqliyyat vasitələrinin "xxxx" MMC-nin balansından çıxarılması və təsisçi İddiaçı qaytarılması qərara alınmışdır. Daha sonra həmin nəqliyyat vasitəsi iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-yə özgəninkiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliynin xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, Agentliyin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində 2 ədəd texnika - JCB-426HT markalı frontal yükləyici, JCB JS220SC markalı ekskavator yükləyici fiziki şəxs İddiaçı mülkiyyətində olmuş və özgəninkiləşdirilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilən həmin nəqliyyat vasitələri sahibkarlıq fəaliyyəti məqsədilə deyil, şəxsi satılan mallar olmuşdur. İddiaçının fərdi sahikar olaraq əsas fəaliyyət istiqaməti isə “ixtisaslaşdırılmış mağazalarda dəmir məmulatlarının, lak-boya maddələrinin və şüşənin pərakəndə satışı” olmuş, həmin nəqliyyat vasitələrinin isə qeyd olunan fəaliyyət istiqaməti ilə bağlılığı olmamış, qeyd olunan sahədə sahikarlıq fəaliyyəti məqsədi ilə istifadəsi mümkün deyildir. Cavabdeh orqan təqdim edilmiş nəqliyyat vasitəsinin sahibkarlıq fəaliyyəti çərçivəsində əldə edildiyini, satıldığını bildirsə də, bu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7392/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 dekabr 2023-cü il tarixli **********627300 nömrəli qərarı ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar