Məhkəmə qərarları › İş №2-1(103)-1839/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1839/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1839/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi və şikayət ərizəsi üzrə araşdırma aparılması barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5801/2021 saylı 17 may 2021-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X3 Xidməti Bakı şəhər İdarəsinin rəisi Həmid Əhmədovun hərəkətlərinin qanunsuz hesab edilməsi və şikayət ərizələri üzrə “xxxx” MTK barəsində araşdırma aparılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir . İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçılar fəhlə kimi “xxxx” MTK-da (bundan sonra mətndə - MTK) işləmişlər. İşlədikləri müddətdə MTK tərəfindən onların əmək haqqı tam olaraq ödənilməmişdir. Çox müraciətlərdən sonra əmək haqlarının alınması üçün X3 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişlər. Araşdırma zamanı izahatları alınmış və X3 Xidməti Bakı şəhər İdarəsinin rəisi Həmid Əhmədov tərəfindən məktub verilərək, onların MTK-nın deyil, X1 işçiləri olduqları bildirilmiş və MTK-nı məsuliyyətdən kənar qoyaraq, onların əmək haqqının MTK tərəfindən ödənilməməsinə şərait yaradılmışdır. X2 da onlar kimi həmin MTK-da işçi olmuş, onlarla birlikdə işləyərək ilk aylarda əmək haqqı almışdır. Lakin sonradan o MTK-nı böyük məbləğdə cərimədən azad etmək üçün MTK-nın mənafeyindən çıxış edərək iddiaçıları işə onun cəlb etdiyini bildirməklə özünün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə razılığını bildirmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. MTK tərəfindən hüquqları pozulmuş şəxslər X1 işçiləri olmamış, onun tərəfindən işlərə cəlb edilməmiş və ondan hər hansı məbləğdə əmək haqqı almamışlar. Onların iş yeri də, əməklərinə görə ödənilən haqq da MTK tərəfindən verilmişdir. Sonda iddiaçılar iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5801/2021 saylı 17 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışıdır (hakim: H.Ağalarov) Həmin qərardaddan İddiaçı1 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaqla mahiyyəti üzrə araşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərardadında qeyd edildiyi kimi, inzibati orqanın inzibati xəta haqqında qərarını deyil, onların müraciəti əsasında araşdırmanın düzgün aparılmaması ilə bağlı olmuş, məhkəmədən X3 Xidməti Bakı şəhər İdarəsinin rəisi Həmid Əhmədovun ərizələri əsasında aparılmış araşdırma zamanı hərəkətlərinin qanunsuz hesab edilməsi və şikayət ərizələri üzrə “xxxx” MTK barəsində araşdırma aparılmasının X3 Xidməti Bakı şəhər İdarəsinin üzərinə qoyulması xahiş edilmişdir. Aparılacaq araşdırma zamanı müəyyən ediləcək ki, X1 “xxxx” MTK ilə hər hansı müqaviləsi olmamış, verilmiş ilk əmək haqları araşdırılarkən müəyyən olunacaq ki, onlara X2 deyil, “xxxx” MTK tərəfindən əmək haqqı verilmişdir. Bir sözlə onların iddiaları əmək müfəttişliyi xidmətinin müraciətləri əsasında apardığı araşdırmada qanunsuz hərəkətləri ilə əlaqədar olmuşdur. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 X3 Xidməti Bakı şəhər İdarəsinin rəisi Həmid Əhmədovun hərəkətlərinin qanunsuz hesab edilməsi və şikayət ərizələri üzrə “xxxx” MTK barəsində araşdırma aparılmasının cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan, o cümlədən iddiaçının məhkəmə araşdırması zamanı şifahi izahatından müəyyən olunur ki, iddiaçıların etirazı, narazılığı və şikayəti məhz iddia ərizəsində adıçəkilən MTK-da əmək müqaviləsi olmadan işlərə cəlb edilmələri, əmək haqlarının tam olaraq ödənilməməsi və qeyd edilən halların cavabdeh orqan tərəfindən kifayət qədər araşdırılma aparılmaması və nəticədə başqa şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi ilə bağlıdır. Hüquq münasibətinin xarakteri ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçılar yuxarıda qeyd olunan tələbi cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə qarşı irəli sürsə də, cavabdeh orqan ilə hazırkı iddiaçılar arasında hər hansı inzibati münasibət yaranmamışdır ki, ondan da inzibati mübahisə törəmiş olsun. Çünki, iddia ərizəsində göstərilən hallar (iddiaçıların əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi, əmək haqlarının tam olaraq ödənilməməsi) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində (əmək qanunvericiliyinin pozulması) inzibati məsuliyyətə səbəb olan əməl kimi nəzərdə tutulmuşdur. Qeyd edilən halların araşdırılması, inzibati xəta törətmiş şəxsin aşkar edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsi inzibati icraatda səlahiyyətli orqanın (hazırkı iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) inzibati xətalara dair işlər üzrə inzibati icraat sahəsindəki fəaliyyət sferasına daxildir. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində irəli sürülən tələb (əmək qanunvericiliyinin pozulmasına görə araşdırmanın aparılması) inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid olduğundan, həmin öhdəliyin orqana həvalə edilməsi barədə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası "İnzibati icraat haqqında" Qanunun 3.2.2-ci maddəsinə əsasən, bu Qanununun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Məhkəmə izah etmişdir ki, iddiaçılar ehtimal etdiyi hüquqlarının müdafiəsi ilə bağlı inzibati icraatda səlahiyyətli orqana müraciət etmək hüquqları vardır. Həmin müraciətlərinin nəticəsi olaraq inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardad qəbul edildiyi təqdirdə isə, həmin qərardadın rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə), prokurora və ya məhkəməyə şikayət vermək hüquqları vardır. Məhkəmə həmçinin iddia ərizəsində göstərilən, onların müraciətləri ilə əlaqədar başqa şəxsin (X2) inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı dəlilərə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçılar (inzibati xəta haqqında işdə zərər çəkmiş şəxslər) iddia ərizəsində toxunulan inzibati tənbeh vermə haqqında qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə (rayon (şəhər) məhkəməsinə) şikayət verə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3-cü maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bununla yanaşı, bu Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığı göstərilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İddiaçıların iddia ərizəsinin və apelyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, onların etirazı, narazılığı və şikayəti məhz iddia ərizəsində adıçəkilən MTK-da əmək müqaviləsi olmadan işlərə cəlb edilmələri, əmək haqlarının tam olaraq ödənilməməsi və qeyd edilən halların cavabdeh orqan tərəfindən kifayət qədər araşdırılma aparılmaması və nəticədə başqa şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi ilə bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 192.1-ci maddəsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 192.4-cü maddəsində isə, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın 5.4-cü bəndinə əsasən, İXM-in ... 192.1 – 192.11-ci ... maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin ikinci hissənə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən, əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Qeyd olunan normaların məzmunundan da görünür ki, əmək qanunvericiliyinin pozulmasına görə araşdırmanın aparılması inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aiddir. İnzibati hüquqi mübahisələr dedikdə, inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə yaranan mübahisələr başa düşülür. Hazırki iş üzrə iddiaçıların tələbi (əmək qanunvericiliyinin pozulmasına görə araşdırmanın aparılması) inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid olduğundan, inzibati məhkəmə icraatı qaydasında baxılan məsələlər sırasına aid deyildir. Buna görə də belə mübahisəyə yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddiaçıların iddiasının qeyri-mümkün hesab olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5801/2021 saylı 17 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar