Məhkəmə qərarları › İş №2-1(103)-1839/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1839/2022

11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1839/2022 11.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2-1(112)-2054/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 556/57 məhəlləsi, ev B, 46 saylı mənzil üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilə kimi, xx.xx.2001-ci ildən xx.xx.2011-ci ilə kimi “X14 Təmiri” İstehsalat Birliyi “Paris Kommunası” adına Baş İstehsalat Vahidində işləmiş, xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilədək Mexaniki sexdə gəmi təmirçi çilingəri peşəsində və daha sonra keçirilmə yolu ilə “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Zaqfederasiya” adına Baş İstehsalat Vahidində çilingərlər sexində gəmi təmirçi çilingəri kimi işləmişdir. “X14 Təmiri” İB-nin “Paris Kommunası” adına BİV-nin Müdriyyəti və Həmkarlar İttifaqı Komitəsinin birgə keçirdiyi 4 saylı xx.xx.2003-cü il tarixli iclas protokolu əsasında iddiaçıya 4 nəfərlik ailə tərkibi ilə H.Cavid prospekti məhəllə 556/557 ev “B” ünvanında “X14 Təmiri” İB-nin yataqxanasında bir otaq verilməsi qərara alınmışdır. “X14 Təmiri” İB-nin 1 nömrəli orderi ilə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 556/557, ev “B”, 47 nömrəli mənzil iddiaçıya ayrılmışdır. İddiaçı bütün sənədləri Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə təqdim etmiş və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli 31 nömrəli sərəncamı ilə ünvan 2 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin bağlanılması haqqında sərəncam verilmişdir. Həmin sərəncam əsasında xx.xx.2021-ci il tarixdə ikitərəfli müqavilə imzalanmışdır. Hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 556/557, Hüseyn Cavid prospekti, B nömrəli evin 47 saylı mənzilinə dair (yataqxana) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir. Bundan əlavə qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 31/1 saylı sərəncamı xx.xx.2021-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 05 noyabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsindəki mənzilin nömrəsinin texniki səhv olaraq “46” yazılmış mənzilin nömrəsinin “47” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 10 noyabr 2021-ci il tarixli qərardadı ilə, 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2-1(112)-2054/2022 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 556/57-ci məhəllə, ev “B”, 47 saylı mənzilinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müvafiq mənzilə dair (yataqxana) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan əlavə, qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 31/1 saylı sərəncamı xx.xx.2021-ci il tarixdə verilmişdir. Həmçinin, İdarənin mütəxəssislərinə mənzilə texniki baxış keçirilməsi üçün şərait yaradılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, order və protokoldan çıxarış əsasında da ev verilə bilərdi. İddia tələbinə dəqiqləşmə verilib və 47 nömrəli olduğu qeyd edilib. Analoji 3 işlə bağlı qanuni qüvvəsini almış qərarlar var. Qonşular çıxarış alıb. Qurbanov Söhrab iddiaçının qonşusudur və 46 nömrəli mənzilə çıxarış alıb. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə 3-cü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 31/1 saylı xx.xx.2021-ci il tarixli sərəncamı ilə, Bakı şəhəri, Yasamal rayonu, 556/57-ci məhəllə, Hüseyn Cavid prospekti, “B” ünvanında yerləşən evin, yaşayış sahəsi 18,0 kv.m. olan 1 otaqlı 47 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı və oğlu) İddiaçı adına kirayə müqaviləsinin bağlanması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. “X14 Təmiri” İB-nin 1 nömrəli orderinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 556/557, ev “B”, 47 nömrəli mənzil xx.xx.2003cü il tarixdə iddiaçıya ayrılmışdır. X3, X5 və X4 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 556/557, ev “B”, 47 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. Azərbaycan Dövlət Dəniz X10 Təmiri İstehsalat Birliyi tərəfindən Yasamal rayon pasport stoluna ünvanlanmış xx.xx.2003-cü il tarixli MMK-1 saylı məktubun surətindən görünür ki, Müdiriyyət və Həmkarlar İttifaqı Komitəsi zavodun Mexaniki sexinin çilingəri İddiaçı 4 nəfərdən ibarət (özü, həyat yoldaşı, 2 uşağı) ailə tərkibi ilə H.Cavid prospekti, məhəllə 556/557, ev “B”-də yerləşən zavodun ailə yataqxanasında qeydiyyata alınmasına vəsatət qaldırılmışdır. “Paris Kommunası” adına BİV-nın müdiriyyəti və həmkarlar ittifaqı komitəsinin birgə keçirtdiyi 4 saylı xx.xx.2003-cü il tarixli iclasının protokolunun təsdiq edilmiş surətindən görünür ki, zavodun işçisi İddiaçı H.Cavid prospektində yerləşən ailəvi yataqxanada otaq verilməsi qərara alınmışdır. “Azərbaycan X14çiliyi” QSC "xxxx" Gəmi Təmiri və Tikintisi Zavodunun xx.xx.2020-ci il tarixli arxiv arayışının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı həqiqətən keçmiş “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyi “Paris Kommunası” adına Baş İstehsalat Vahidində xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilə kimi, xx.xx.2001-ci ildən xx.xx.2011-ci ilə kimi Mexaniki sexdə gəmi təmirçi çilingəri peşəsində və daha sonra keçirilmə yolu ilə “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Zaqfederasiya” adına Baş İstehsalat Vahidində xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilədək çilingərlər sexində gəmi təmirçi çilingəri kimi işləmişdir. xx.xx.2011-ci il tarixli əmrə əsasən zavodun adı xx.xx.2011ci il tarixdən ADXDG “Gəmi təmiri və Gəmiqayırma” İB-nin Gəmi Təmiri İstehsalat Bazası adlandırılıb. Nazirlər Kabinetinin 24 yanvar 2014-cü il tarixli 18 nömrəli qərarı ilə Cəmiyyətin Strukturunun qurumlarının siyahısı təsdiq edilmişdir. AXDG QSC xx.xx.2014cü il tarixli 08 saylı əmri ilə ADXDG-nın “Zaqfederasiya” adına Gəmi Təmiri zavodu və “Gəmi Təmiri İstehsalat Bazası” yenidən təşkil olunaraq əmlakı ötürülməklə "xxxx" Gəmi Təmiri Zavoduna birləşmişdir. AXDG QSC-in xx.xx.2017-ci il tarixli 151 nömrəli "xxxx" Gəmi Təmiri və Tikintisi Zavodu adlandırılmışdır. Daşınmaz Əmlakın Dövlət Reysetri Xidmətinin xx.xx.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubu ilə müraciət edənə bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 556/557, Hüseyn Cavid prospekti, B nömrəli evin 47 saylı mənzilinə dair (yataqxana) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir. Bundan əlavə qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 31/1 saylı sərəncamı xx.xx.2021-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğulara cavab olaraq, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 556/57-ci məhəllə, ev “B”, 47 saylı mənzilinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnununun 2-ci maddəsinə əsasən, bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 9-cu maddəsinin birinci abzasına əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “X14 Təmiri” İB-nin 1 nömrəli orderinə əsasən mübahisə predmeti mənzil xx.xx.2003-cü il tarixdə iddiaçıya ayrılmış, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti isə həmin orderə, yəni iddiaçının 01 oktyabr 2009-cu ilədək mövcud olan hüququna əsaslanaraq onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam vermişdir. Belə olan halda, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Həmçinin, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına “fərq qoyulması” eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri imtinanın və iddia ərizəsinə etirazın dəlilləri ilə üst-üstə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, birinci insansiya məhkəməsi işin həmin halları ilə bağlı doğru olaraq maddi hüquq normaları tətbiq etmişdir. Belə ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Bu baxımdan birinci insansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir, belə olan halda cavabdeh orqanın imtinası əsassız olmuşdur. Qeyd olunan sərəncam xx.xx.2021-ci il tarixdə imzalansa da, iddiaçının mübahisəli mənzilə hüquqları həmin tarixdən deyil, daha əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək - xx.xx.2009-cu ilədək yaranmışdır. Belə ki, iddiaçı qeyd olunan mənzildə yaşamasına dair 2003-cü ildən order verilmişdir. Bununla yanaşı, apellyasiya baxışı zamanı təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçının mənzilinə qonşu olan ünvan 5 ünvanına dair X1 adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 556/57 məhəlləsi, ev B, 47 saylı mənzilə çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2-1(112)-2054/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar