Məhkəmə qərarları › İş №2-1(103)-1839/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1839/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1839/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayədəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “məcburi iş buraxmaya görə əmək haqqının və sərəncamda olma müddəti üzrə aylıq pul təminatının ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9372/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 dekabr 2017-ci il tarixdən 16 avqust 2021-ci il tarixədək olan müddət üçün məcburi iş buraxmaya görə əmək haqqının (aylıq pul təminatının) və 16 avqust 2021-ci il tarixdən sonrakı (sərəncamda olduğu) dövr üzrə aylıq pul təminatının (ehtiyata buraxılarkən sonuncu tutduğu vəzifənin və hərbi rütbənin bu günə mövcud olan vəzifə və rütbə maaşları, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə pul kompensasiyası nəzərə alınmaqla) ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2015-ci ilin aprel ayından Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin “Hərbi bilik” jurnalında operator vəzifəsində mülki işçi kimi çalışmağa başlamış və 27 iyul 2015-ci il tarixdə hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təlim Baş İdarəsi rəisinin 017 nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi (əsgər hərbi rütbəsində) operator vəzifəsinə təyin olunmuşdur. 08 dekabr 2017-ci il tarixdə Baş Qərargah rəisinin müavininin 069 əç nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə əsasən (ştatların ixtisarına görə) ehtiyata buraxılmışdır. O, ehtiyata buraxılmasını qanunsuz hesab edərək, hərbi xidmətə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli 2-1(102)-662/2021 saylı qərarı ilə 8 dekabr 2017-ci il tarixli 069 əç nömrəli əmr ləğv edilmiş və onun hərbi xidməyə bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarına əsasən iddiaçı 16 iyun 2021-ci il tarixdə hərbi xidmətə bərpa olunmuşdur. Həmin tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Akademiyasının rəisinin sərəncamında olmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Universiteti yarandıqdan sonra həmin Universitetin sərəncamına keçirilmişdir. İddiaçının nümayəndəsi 30 dekabr 2021-ci il tarixdə Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, 08 dekabr 2017-ci il tarixdən 16 iyun 2021-ci il tarixədək olan müddət üçün məcburi iş buraxmaya görə aylıq pul təminatının ona ödənilməsini xahiş etmişdir. Lakin həmin müraciət cavablandırılmamış və hər hansı ödəniş aparılmamışdır. Həmçinin, iddiaçı məhkəmə qərarı ilə işə bərpa olunsa da, 16 iyun 2021-ci il tarixdən bu günədək heç bir vəzifəyə təyin edilməmiş, xidmətə bərpasından sonra ona yalnız iki aylıq əmək haqqı ödənilmişdir. Sonradan iddiaçı nümayəndəsi vasitəsilə 17 yanvar 2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yenidən müraciət edərək, 08 dekabr 2017-ci il tarixdən 16 avqust 2021-ci il tarixədək olan müddət üzrə məcburi iş buraxmaya görə əmək haqqının (aylıq pul təminatının) və 16 avqust 2021-ci il tarixdən sonrakı (sərəncamda olduğu) dövr üzrə aylıq pul təminatının (ehtiyata buraxılarkən sonuncu tutduğu vəzifənin və hərbi rütbənin bu günə mövcud olan vəzifə və rütbə maaşları, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə pul kompensasiyası nəzərə alınmaqla) ona ödənilməsini və onun müvafiq vəzifəyə təyin olunmasını xahiş etmişdir. Onun müraciəti müvafiq vəzifəyə təyin olunması hissəsində təmin olunsa da, qalan hissədə təmin edilməmiş və 08 aprel 2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün məcburi iş buraxmaya görə əmək haqqının (aylıq pul təminatının) və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün (sərəncamda olduğu müddət ərzində) aylıq pul təminatının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)-9372/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsinin qəbulundan imtina edilmiş, iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «məcburi iş buraxmaya görə əmək haqqının və sərəncamda olma müddəti üzrə aylıq pul təminatının ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: Əsgər İddiaçı, “Hərbi Bilik” jurnalı redaksiyasının operatoru, Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin 08 dekabr 2017-ci il tarixli 069 əç nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 noyabr 2017-ci il tarixli 388 nömrəli əmrinə əsasən Müdafiə Nazirinin “Hərbi bilik” jurnalı redaksiyasının ləğv edilməsi ilə əlaqədar, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.4-cü maddəsinə (ştat ixtisarına görə) əsasən ehtiyata buraxıldığına görə 08 dekabr 2017-ci il tarixdən “Hərbi bilik” jurnalı redaksiyasının şəxsi heyətinin siyahısından, bütöv növ təminatdan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə göndərilmişdir. Əsgər İddiaçı 2017-ci il üçün nəzərdə tutulmuş maddi yardım verilmiş, ştatların ixtisarı ilə əlaqədar ehtiyata buraxıldığı üçün 5(beş) aylıq vəzifə maaşı miqdarında pul təminatı ilə təmin olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-662/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin 069 “əç” nömrəli, xx.xx.2017-ci il tarixli əmri ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq iddiaçımı xeyrinə dair inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmuş, Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin 024 “əç” nömrəli, xx.xx.2021-ci il tarixli əmri ilə İddiaçı Silahlı Qüvvələrin Hərbi Akademiyası rəisinin sərəncamına çıxarılmışdır. İddia tələbi xarakterinə görə mübahisələndirmə haqqında iddia növünə aiddir və mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləriiddia qaldırmaq səlahiyyətinin olması (İPM-in 35.1- maddəsi) və iddia müddətinə riayət edilməsi (İPM-in 38.1-ci maddəsi) mövcüd olmalıdır. İddiaçı Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin 024 “əç” nömrəli, xx.xx.2021-ci il tarixli əmri ilə Silahlı Qüvvələrin Hərbi Akademiyası rəisinin sərəncamına çıxarılsa da, iddia müddətini ötürərək xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün məcburi iş buraxmağa görə əmək haqqının və xx.xx.2021-ci il tarixdən bu günədək olan müddət üçün aylıq pul təminatının ödənilməsi barədə iddia ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müracət etmiş, həmçinin xx.xx.2017-ci il tarixdən xx.xx.2023cü il tarixədək olan müddətdə faktiki mövcud olmayan ştat vəzifəsinə görə ona pul ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürmüşdür. İşin araşdırılması prinsipi həm mümkünlük, həm də əsaslılıq hallarına aiddir. Qeyd edilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiasının mümkünsüzlüyü barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayədəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Göründüyü kimi, qanunsuz əlverişsiz və qanunsuz əlverişli inzibati aktların ləğvi onların qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının vaxtilə digər inzibati məhkəmə icraatında mübahisələndiyi cavabdeh inzibati orqanın 069 “əç” nömrəli 8 dekabr 2017-ci il tarixli əmri əlverişsiz inzibati aktdır və onun ləğv edilməsi ləğv olunduğu vaxtdan deyil, qəbul olunduğu andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Cavabdehin 8 dekabr 2017-ci il tarixli 069 “əç” nömrəli əmrinin ləğv edilməsi onun hüquqi nəticələrini də aradan qaldırmış olur. Bu isə o deməkdir ki, cavabdehin həmin əmri iddiaçının işə bərpa olunması anınadək ona əmək haqqı qismində bütün vəsaitlərin ödənilməsini də ehtiva edir. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə 8 dekabr 2017-ci il tarixli 069 “əç” nömrəli əmr müvafiq məhkəmə qərarı əsasında ləğv olunduğundan və sonradan onun barəsində ayrıca əmr (əlverişsiz inzibati akt) qəbul olunmadığından, işə bərpasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı xüsusatların yoxlanılması ilə qiymət verilə bilər. Bu isə ayrıca inzibati məhkəmə icraatının predmeti kimi çıxış etmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisələndirilən qərardadla eyni zamanda iddianın dəyişdirilməsinin qəbulundan imtina edilmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, dəyişdirilmiş forma üzrə tələb ilkin tələbdən mahiyyəti üzrə fərqlənmir, yalnız ödənişlərin müddətinə münasibətdə qısa vaxtı əhatə edir, odur ki, məhkəmə iddianın dəyişdirilməsinin qəbulunu məqsədəuyğun saymır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və iddianın dəyişdirilməsinin qəbulundan imtina edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 15.4. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9372/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar