Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-184/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı (3-cü şəxs Bakı şəhər Nərimanov rayon İcra hakimiyyəti) “mənzillə təmin olunma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)-676/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ailəsinin mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ailəsi məlum hadisələrlə əlaqədar Ermənistanda olan evlərini tərk edərək, Azərbaycana köçməyə məcbur olmuşdur. Həmin vaxt istifadələrində olan evi Bakı şəhərində olan evlə dəyişərək Azərbaycana köçmüşdür. Bakı şəhəri, Nərimanov rayon İcra hakimiyyəti başçısının 27.04.1992-ci il tarixli 1563 saylı sərəncamına əsasən onun ailəsinə Bakı şəhəri, S.Vasilyev küçəsində olan 31 saylı mənzil verilmişdir. Sonradan onun başqa əraziyə köçürülməyi məqsədilə onlar bu mənzildən çıxarılmışlar. Lakin yenidən onları bu mənzilin əvəzinə Bakı şəhəri, Azadlıq prospekti, 116 saylı evin 96 saylı mənzilinə köçürülmələri barədə Nərimanov rayon İcra hakimiyyəti tərəfindən Bakı şəhəri 53 saylı MKİS-nin rəisinə 12.10.2001-ci il tarixli məktub verilmişdir. Lakin sonradan məlum olmuşdur ki, həmin mənzil başqa şəxslərə məxsusdur. Ona görə də bu mənzillə əlaqədar məhkəmə mübahisəsi yarandığı üçün onların həmin mənzildə yaşamaqları qeyri-mümkün olmuşdur. Bunun nəticəsində də onlar evsiz qalaraq kirayədə yaşamağa məcbur olmuşdur. Hazırki vaxtadək onlar kirayə mənzildə yaşayırlar. Maddi vəziyyətləri çətin olduğu üçün özlərinə mənzil ala bilmirlər. O, dəfələrlə ailəsinin mənzillə təmin olunması barədə cavabdeh orqana müraciət etsə də, ərizəsi təmin edilməmişdir. Bir halda ki, Azərbaycan Respublikası Prezidentinin “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” 22.08.2001-ci il tarixli 562 saylı Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi və müvafiq rayon, şəhər icra hakimiyyətləri müvəqqəti məslkunlaşmış qaçqınların həmin evlərdə daimi yaşamaqlarını təmin etməlidirlər. Amma cavabdeh orqan bu Fərmanın tələblərini yerinə yetirməmişdir. Eyni zamanda “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə də məcburi köçkünlərə bərabər tutulan şəxslər də mənzillə təmin edilməlidirlər. O, bununla əlaqədar dəfələrlə cavabdeh orqana müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Sonuncu dəfə isə 2019-cu ilin iyul ayında cavabdehə rəsmi ərizə ilə müraciət etsə də, artıq 6 aydan çox vaxt keçməsinə baxmayaraq, hazırki vaxta kimi ona cavab verilməmişdir. Bütün bu hərəkətlər cavabdeh tərəfindən onun üzərinə düşən vəzifələrin yerinə yetirilməsindən qəsdən yayınma deməkdir. Məhkəmənin 17 noyabr 2020-ci il tarixli 2-1(112)-3309/2020 saylı qərardadı ilə Bakı şəhər Nərimanov rayon İcra hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, iddiaçı tərəfindən “mənzil verilməsi” tələbi ilə bağlı Komitəyə müraciəti daxil olmuş və bununla bağlı Komitə tərəfindən 02 oktyabr 2018-ci il tarixli 01/8058 nömrəli məktubla cavab verilərək aidiyyəti üzrə müvafiq qaydada baxılması üçün Nərimanov rayon İcra hakimiyyətinə göndərilmişdir. Eyni zamanda bu barədə məktubun surəti iddiaçı şəxsə də göndərilmişdir. İddiaçının 2020-ci il ərzində Komitəyə heç bir müraciəti daxil olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 5 nömrəli Qərarının 2.1-ci bəndinin tələbinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin qərarın 2.3-cu bəndinin tələbinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu maddəsində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibatı orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Odur ki, Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 49.1.2.-ci maddəsinə əsasən hazırlıq icraatı zamanı hazırlıq sənədlərini (ərizələrini, vəsatətlərini, izahatlarını, etirazlarını) tamamlamağı və ya aydınlaşdırmağı, iş üzrə materiallarda saxlanılması mümkün olan sənədlərin və predmetlərin məhkəməyə təqdim olunmasını proses iştirakçılarına təklif etmək, dəqiqləşdirmə tələb edən müəyyən halların izah olunması üçün müddət təyin edir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin maddənin 54.2-ci bəndinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Həmin maddənin 54.4-cü bəndinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Əsasnaməsinə və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanına əsasən Ermənistan Respublikasından qaçqın düşmüş şəxslərə “qaçqın” statusunun verilməsi Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradıldıqdan sonra Azərbaycan Respublikası Prezidentinin 6 mart 2008-ci il tarixli 719 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Əsasnaməsində dəyişiklik edilmiş və Komitənin “qaçqın” statusunun verilməsi ilə bağlı səlahiyyətləri götürülmüşdür. X6 3.1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edilməsinə dair funksiyanı həyata keçirir. Yuxarıda qeyd edilən Fərman qəbul edildikdən sonra Komitə tərəfindən Ermənistan Respublikasından qaçqın düşmüş şəxslərə qaçqın vəsiqəsinin verilməsi dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” 2001-ci il 22 avqust tarixli 562 nömrəli Fərmanı ilə Ermənistan Respublikasından olan daimi yaşayış yeri ilə təmin olunmamış və yaşayış üçün yararsız olan binalarda məskunlamış qaçqınların daimi yerləşdirilməsi təmin edilmiş və başa çatdırılmışdır. Qeyd olunur ki, hazırda 1988-1992-ci illərdə Ermənistan Respublikasında aparılan etnik təmizləmə nəticəsində öz yurd-yuvasından qovulmuş qaçqın soydaşlarımızın məskunlaşdırılması üçün evlər inşa edilmiş və onların yerləşdirilməsi prosesi 2001-ci il 22 avqust tarixli 562 nömrəli Fərmanının tələblərinə uyğun olaraq həll edilmişdir. Həmçinin, həmin Fərmanın tələblərinə əsasən, müvafiq rayon, şəhər icra hakimiyyətləri qaçqın soydaşlarımızın müvəqqəti məskunlaşdıqları evlərdə daimi yerləşdirilməsini təmin etmişlər. İddiaçı öz ərizəsində qeyd etdiyi kimi Ermənistan Respublikasında aparılan etnik təmizləmə nəticəsində Azərbaycan Respublikasına köçdükdən sonra Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyətinin başçısının 27.04.1992ci il tarixli 1563 saylı Sərəncamına əsasən, Bakı şəhəri S.Vasilyev küçəsində yerləşən 31 nömrəli mənzillə təmin edilmiş və onun məskunlaşdırılması məsələsi həll edilmişdir. Hazırda Komitə tərəfindən Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən yalnız məcburi köçkünlərin mənzillə təmin edilməsini həyata keçirilir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 06 mart 2008ci il tarixli 719 nömrəli Fərmanı ilə Komitənin Əsasnaməsində edilmiş dəyişikliklərə əsasən Komitənin “qaçqın" statusu vermə və məhrum etmə funksiyası ləğv edilmişdir. Həmçinin yuxarıda qeyd olunan Fərmanların tələblərinə uyğun olaraq Ermənistan Respublikasıdan olan qaçqınların məskunlaşdırılması həyata keçirilməsi həll edildiyindən, onlara dövlət tərəfindən heç bir güzəşt tətbiq olunmur. Beləliklə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “mənzillə təmin edilmə” tələbi mümkünsüz hesab edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)-676/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə iddiaçı və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)-676/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Х-СЛ 655927 №-li SSSR pasportunun surətindən müəyyən olunur ki, İddiaçı 09 avqust 1970-ci ildə Ermənistan SSR, Ararat rayonu, Şidlu kəndində doğulmuşdur. Bakı şəhər Nərimanov rayon İcra hakimiyyəti başçısının 30.03.1992-ci il tarixli 971 saylı sərəncamının surətindən müəyyən olunur ki; 1) Azərbaycan Respublikası Ali Soveti Qaçqınların işləri və başqa respublikalarda yaşayan azərbaycanlılarla əlaqədar daimi komissiyasının 07-5-77 nömrəli məktubuna və 16 mart 1992-ci il tarixli komissiyanın iclasının qərarına əsasən Ermənistandakı yaşayış yerini tərk etmiş və hal-hazırda rayon ərazisində məskunlaşdığı evdə uzun müddət yaşayan bütöv aillərin və tənha qadınların ev dəyişmə sənədlərinin tamlığından və qüsurluluğundan asılı olmayaraq onların həmin mənzillərdə yaşamalarının rəsmiləşdirilməsi; 2) Sərəncamın icrasının sosial hüquq şöbəsinin müdiri E.Dadaşova, Mənzil təsərrüfatı idarəsinin rəsisi C.Şərifova, Mənzil sahəsinin uçotu və bölüşdürülməsi şöbəsinin müdiri H.Əzizova və RDİŞ-nin pasport bölməsinin rəisi C.Axundova tapşırılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyəti başçısının 27 aprel 1992-ci il tarixli 1563 saylı sərəncamının surətindən müəyyən olunur ki, Nərimanov rayon icra hakimiyyəti başçısının 30.03.1992-ci il tarixli 971 saylı sərəncamına əsasən X2 4 (dörd) nəfər ailə tərkibi-X3, X7, İddiaçı və X4 ilə S.Vasilyev küçəsində 65 saylı evə pasport qeydiyyatına alınmaları qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 01.02.2019-cu il tarixli 2-1(112)-504/2019 saylı qərardadının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, onun ailəsinin mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2649/2019 saylı 07.06.2018-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01.02.2019-cu il tarixli 2-1(112)-504/2019 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-2649/2018 saylı, 07.06.2018-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Qeyd olunan qərardadda qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mənzil ilə təmin olunması ilə bağlı düzgün hüquqi müdafiə vasitələrindən istifadə etməmişdir. Belə ki, iddiaçı öz məqsədlərinə başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez daha münasib və daha sadə yolla nail ola bilər. Lakin iddiaçı hazırki iddiaya cavab verməli olan orqana, yəni Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə müraciət etməmiş, qeyd olunan tələblə bağlı Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinə müraciət ünvanlamışdır”. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Nərimanov rayon üzrə sektorunun İddiaçı ünvanladığı 31.01.2017-ci il tarixli C-08/1 saylı məktubda bildirilmişdir ki, ərizəyə Nərimanov rayon İcra hakimiyyətinin 11.01.2017-ci il tarixli C-29/2- 073/2-t/1 nömrəli məktubuna əsasən baxılmışdır. Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Nərimanov rayonu üzrə sektorunda onunla 25.01.2017-ci il tarixdə aparılan söhbət zamanı əvvəllər Nərimanov rayonunda yaşadığı, daha sonra həmin mənzildən köçürülməsini səbəb gətirərək, yenidən həmin mənzillə köçürülmə istəyi bildirilmişdir. Məsələ ilə əlaqədar əvvəllər Azərbaycan Respublikasının Prezidentinin rəsmi İnternet saytına ünvanlanmış, həmçinin Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin "Qaynar xətt” bölməsinə daxil olmuş elektron müraciətlərinə Nərimanov rayon İcra hakimiyyətinin 19.11.2015-ci il tarixli C-7/2-068 və 25.11.2015-ci il tarixli C-7/3-093/2- 711 nömrəli məktublarına əsasən müvafiq qaydada baxılmışdır. Əvvəlki müraciətləri zamanı qeyd olunan mənzili müvafiq məhkəmə qətnaməsinə əsasən tərk etdiyi bildirilmişdir. Müraciətçiyə bildirilmişdir bu və ya digər hallarda məhkəmələrin qəbul etdikləri qərarları müzakirə etmək, onlara münasibət bildirmək səlahiyyətləri xaricindədir. Məsələnin mübahisə predmeti olmasını nəzər alaraq ona, təkrarən aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin 3.1-ci bəndində əsasən Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edilməsinə dair funksiyanı həyata keçirir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər. “Məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən bəzi qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş; “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması” Qaydasının 2-ci bəndində göstərilmişdir ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir. “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydasının 1-ci bəndində göstərilmişdir ki, bu Qayda "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsini tənzimləyən sənəddir. Həmin Qaydanın 2-ci bəndinə əsasən məcburi köçkünlərin köçürülməsi onların məskunlaşdıqları şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiya tərəfindən həyata keçirilir. Həmin Qaydanın 5-ci bəndinə əsasən Məcburi köçkün ailələrinin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və Məcburi Köçkünlərin işlər üzrə Dövlət Komitəsi ilə razılaşdırılır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Kollegiya qeyd edir ki, qaçqınların yaşayış sahəsi ilə təmin olunması “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 17-ci maddəsində qaçqınların yaşayış sahəsi ilə təmin edilməsinin qaydaları qeyd olunsa da, həmin maddədə “qaçqın” statusu almış şəxsə ikinci dəfə yaşayış sahəsi verilməsi ilə bağlı hər hansı bir norma qeyd olunmamışdır. Beləliklə, qanunvericilik “qaçqın” statusu almış şəxsə yalnız bir dəfə yaşayış sahəsi ilə təmin olunmaq hüququ verir. İddiaçı 1992-ci ildə ailə üzvləri ilə birlikdə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 30.03.1992-ci il tarixli 971 və 37 aprel 1992-ci il tarixli 1563 saylı sərəncamlara əsasın mənzillə təmin olunmuşdur (məskunlaşdırılmışdır). Göründüyü kimi İddiaçı Ermənistandakı yaşayış yerini tərk etmiş şəxs kimi Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyəti tərəfindən yaşayış sahəsi ilə təmin edilməsinə baxmayaraq, hazırda yenidən cavabdeh inzibati orqan tərəfindən mənzillə təmin edilməsini tələb edir ki, bu da qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə ziddir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)-676/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-184/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-184/2022
03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver