Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1840/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4564/2021 saylı 31 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “xxxx” MMC-nin direktoru kimi onu işçi X2 əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə 1.400 (bir min dörd yüz) manat cərimə edilməsi barədə 29.01.2021-ci il tarixli İnzibati tənbeh etmə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin 29.01.2021-ci il tarixli İnzibati tənbeh etmə haqqında qərarı ilə (M1065038 saylı) "xxxx" MMC-nin direktoru kimi onu işçi X2 əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə 1.400 (bir min dörd yüz) manat cərimə etmişdir. "xxxx" MMC-nin Azərbaycan Respublikasında 2020-ci ilin mart ayından sonra tətbiq edilən sərt karantin və fövqəladə vəziyyət rejimlərin qüvvədə olduğu dövrlərdə işləmədiyi üçün, işlədiyi az müddətlərdə isə səmərəli fəaliyyət göstərmək mümkün olmadığına görə Ş.C.Həsənovanın əmək haqqını qeyd edilən obyektiv səbəblərdən vaxtında ödəmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsi isə cəmiyyətin belə bir vəziyyətdə normal fəaliyyət göstərə bilmədiyi üçün Ş.C.Həsənovanın əmək haqqını obyektiv səbəblərdən vaxtında ödəyə bilmədiyini nəzərə almamışdır. MMC onun əmək haqqını verməkdən imtina etməmişdir. Cəmiyyətin hesabında kifayət qədər pul vəsaiti olmadığı üçün onun əmək haqqını vaxtında ödəyə bilməmişdir. MMC normal fəaliyyət göstərən kimi onun əmək haqqı tam ödəniləcəkdir. İddiaçı hesab edir ki, Əmək Müfəttişliyi göstərilənləri nəzərə almayıb onu 1400 manat cərimə etməsi əsassız və qanunsuzdur, qanunu formal surətdə tətbiq etməkdir. Sonda iddiaçılar iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4564/2021 saylı 31 mart 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışıdır (hakim: N.Abıyev) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsi məhkəmə iclasında onun iştirakını təmin etmək üçün vaxtında ona məhkəmə bildirişi göndərmədiyi halda, 31 mart 2021-ci ildə məhkəmə iclası saat 12:00-da başlandığı halda, göndərdiyi məhkəmə bildirişi isə ondan iki saat sonra 31 mart 2021-ci ildə saat 14:00-da ona təqdim edilmişdir. Belə bir halda o, məhkəmə iclasında üzrsüz səbəbdən deyil, məhkəmənin təqsiri üzündən, yəni məhkəmə bildirişi ona vaxtında göndərilmədiyi və bu səbəbdən də ona vaxtında çatdırılmadığına görə məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməmiş, iddiasını əsalandırmaq imkanından məhrum edilmişdir. Məhkəmənin qərardadında isə məhkəmə iclasının yeri və vaxtı barədə ona lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinin üzrlü səbəbdən olması barədə məlumat vermədiyi göstərilməklə, bu əsasla məhkəmə iclasının iştirakı olmadan qanunsuz keçirilmişdir. Belə ki, məhkəmə bildirişi 31 mart 2021-ci ildə saat 14:00-da mənə təqdim edildiyi halda, mən ondan iki saat əvvələ, saat 12:00-a təyin edilmiş məhkəmə iclasının olması barədə xəbərdar deyildir. Həm də mənə məhkəmə bildirişi xəbərnamə məktubu ilə deyil, reyestrə imza etdirilməklə təqdim edilmişdir. O, həmin reyestrin rabitə şöbəsindən foto surətini məhkəməyə təqdim etmişdir. Həmin sənəddən də görünür ki, məhkəmənin həmin tarixli iclası üçün məhkəmə bildirişi məhkəmə iclasından iki saat sonra, saat 14:00-da təqdim edilmişdir. Bu faktı məhkəmə bildirişini ona təqdim edən 1027 saylı rabitə şöbəsinin poçtalyonu da təsdiq edə bilər. Onun şahid qismində dindirilməklə bu faktı bir daha tam aydınlaşdırmaq mümkündür. Məhkəmə həmin reyestrə əsasən məhkəmə bildirişini aldığımı təsdiq edəndən sonra sənədi alıb işə əlavə edildiyi təqdirdə onun həmin bildirişi aldığı üçün məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməyi qənaətinə gələ bilərdi. Lakin məhkəmə bildirişini almağı barədə işdə heç bir sənəd, sübut olmadığı halda, üzrlü səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün onun iştirakı olmadan iddia ərizəsinə baxılmışdır. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı “xxxx” MMC-nin direktoru kimi onu işçi X2 əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə 1.400 (bir min dörd yüz) manat cərimə edilməsi barədə 29.01.2021-ci il tarixli İnzibati tənbeh etmə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və iddiaçının tələbinin inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3-cü maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bununla yanaşı, bu Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığı göstərilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İş materiallarından müəyyən olunur ki, inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli qərarla “xxxx” MMCnin direktoru X1, vətəndaş X2 əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verdiyindən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1.400 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İddiaçı isə həmin inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın 5.4-cü bəndinə əsasən, İXM-in ... 192.1 – 192.11-ci ... maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin ikinci hissənə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən, əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Qeyd olunan normaların məzmunundan da görünür ki, əmək qanunvericiliyinin pozulmasına görə araşdırmanın aparılması inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aiddir. İnzibati hüquqi mübahisələr dedikdə, inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə yaranan mübahisələr başa düşülür. Hazırki iş üzrə iddiaçıların tələbi (əmək qanunvericiliyinin pozulmasına görə) inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid olduğundan, inzibati məhkəmə icraatı qaydasında baxılan məsələlər sırasına aid deyildir. Buna görə də belə mübahisəyə yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddiaçının iddiasının qeyri-mümkün hesab olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur və apelyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla yanaşı, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4564/2021 saylı 31 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1840/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1840/2021
06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver